Məhkəmə qərarları › İş №1(004)-144/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-144/2024

22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-144/2024 22.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri Kredo vəkil bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 267.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 dekabr 2022-ci il tarixdə saat 17:45 radələrində idarə etdiyi mühərrikinin iş həcmi 50 kub santimetrdən çox olmayan mühərrik ilə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki təkərli nəqliyyat vasitəsi hesab olunan “moped Moon af50fro” markalı moped ilə yol hərəkətinin digər iştirakçısı kimi Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə üzü “İnşaatçılar” metrostansiyası istiqamətdə 30 km/saat sürətlə hərəkətdə olarkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni piyada keçidinəə yaxınlaşarkən sürəti lazımınca azaltmalı olduğu və yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymadan, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa nəqliyyat vasitəsini dayandırmaqla piyadaya yol verməli, eləcə də bu bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək A.M.Şərifzadə küçəsi 18A ünvanında «Sharifzade Center»-in binasının qarşısında onun hərəkət istiqamətinə görə yolu sağdan sola tərəf piyada keçidindən keçən piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyyatsızlıqdan sonuncuya sağ qasıq, sol olaraq sümüyünün yerdəyişməsiz sınığı, üst çənənin travmatik sınması, sağ budun qançırı, hər iki dız oynağının sıyrıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə, yol nəqliyyat hadisəsi törətmiş, onun qeyd edilən hərəkətləri nəticəsində xəsarət alaraq həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olmuş Zərərçəkmiş şəxs qızma kömək göstərmək imkanı olduğu halda sonuncunu bilə-bilə köməksiz qoyub hadisə yerindən uzaqlaşıb gedərək Zərərçəkmiş şəxs təhlükədə qoymuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci il tarixdə özünə idarə etmək üçün moped almış və həmin mopedi idarə edir. Lakin mopedi idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunmadığından sürücülük vəsiqəsi yoxdur. Belə ki, 28 dekabr 2022-ci il tarixdə saat təxminən 17:45 radələrində yaşadığı ünvandan çıxıb mağazaya getmək üçün idarə etdiyi mopedə əyləşmişdir. O, idarə etdiyi mopedlə Yasamal rayonu, Şərifzadə küçəsi ilə hərəkətdə olan zaman Bravo marketin qarşısına çatdıqda təxminən 30 km/saat sürətlə yolun sağdan birinci zolağla hərəkətdə olmuş, həmin vaxt hava artıq qaralmağa doğru getmişdir. O, idarə etdiyi mopedlə Şərifzadə küçəsində yerləşən Bravo marketin qarşısına çatdıqda piyada keçidində əyləci sıxmış, daha sonra avtomobillər hərəkətə başladığına fikir verməmiş və hərəkətini davam etdirən zanam soldan sağa doğru keçən, yəni Bravo marketin qarşısına keçmək istəyən piyadaya yol verməmiş və idarə etdiyi mopedlə piyadanı vurmuşdur. Bundan sonra piyada yerə yıxılmış və mopedi saxlayıb piyadanın yanına gəlmişdir, piyada xanım olmuşdur. Lakin, o, mopedlə vurduğu piyada xanımın adını bilməmiş, onunla söhbət etmiş, daha sonra hadisə yerinə çoxlu insanlar toplaşmışlar. Həmin xanım mobil telefonu ilə hadisə barəsində ərinə məlumat vermiş, daha sonra xanım mobil telefonunu ona əri ilə danışması üçün vermişdir. Əri telefonda onunla söz mübahisəsi etdiyindən o, qorxub oradan idarə etdiyi mopedi götürüb uzaqlaşıb getmişdir. Lakin o nə vurduğu xanıma, nə ərinə ümümiyyətlə heç kimə özü barədə məlumat verməmişdir. Daha sonra isə həmin xanım barəsində heç bir məlumatı olmadığı üçün maraqlanmamışdır. 24 aprel 2023-cü il tarixdə yaşadığı evdə olan zaman Yasamal Rayon Polis İdarəsinin 28-ci PB-nin əməkdaşları yaşadığı evə gəlib onu Polis Bölməsinə dəvət etmişlər, PB-də ona 28 dekabr 2022-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar axtarılması məlum olmuşdur. Hadisə zamanı o, heç bir spirtli içki və ya narkotik vasitə qəbul etməmiş, mopedi idarə edərkən tam ayıq vəziyyətdə olmuşdur. Özü YNH-i zamanı piyadanı vurduqdan sonra idarə etdiyi mopedin idarə etməsini itirmiş və moped aşmışdır. Lakin hadisə zamanı özü heç bir bədən xəsarəti almamışdır. O, piyada keçidinə çatdıqda sürətini azaldıb, əyləci sıxmış, lakin sonra onda solda dayanmış avtomobillərin hərəkətə başlamasına fikir vermiş və yenidən hərəkətə başlamış və bir də piyada keçidinin üstündə yəni artıq qarşısında bir xanım piyada olduğunu görmüş və əyləci bir daha sıxa bilməmiş və həmin piyadanı vurmuşdur. Hadisədən əvvəl mopeddə hər hansı bir nasazlıq olmamışdır. Cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 28 dekabr 2022-ci il tarixdə saat təxminən saat 20 radələrində işdən çıxıb piyada olaraq evə gedərkən, ünvan 2 ünvanda «Azza» şirniyyat mağazasının qarşısından yolu piyada zolağı ilə sağdan sola keçməyə başlamışdır. Həmin vaxt o, yolun sağ hərəkət hissəsini iti addımlarla keçib, daha sonra hərəkət hissəsini ayıran barduru keçdikdən sonra, iti addımlarla yolu keçməyə davam etmiş və yolu keçib «Bravo» marketə çatmağa az qalmış ona hansısa nəqliyyat vasitəsinin dəydiyini hiss etməmişdir. O, zərbədən yerə yıxılmış və bu zaman ətrafda olan tanımadığı şəxslər ona köməklik etməyə başlamışlar. Həmin vaxt bir nəfər 20-25 yaşlarında olan kişi cinsli şəxs yaxınlaşaraq, «yaxşısız» deyə soruşmuş, bu zaman o, yerdə yıxılmış vəziyyətdə olan motosiklet olduğunu görmüş, həmçinin həmin vaxt ətrafda olan tanımadığı şəxslər ona yaxınlaşan və motoskletin sürücüsü olan şəxsə öz iradlarını bildirmişlər. O, orada birtəhər özünə gəldikdən sonra hadisə barədə qardaşı Turala və əri Elvirə zəng vuraraq məlumat vermişdir. Daha sonra isə hadisə yerinə çağrılmış təcili tibbi yardım avtomobili ilə onu oradan xəstəxanaya aparmışlar. Lakin, nə hadisə yerində, nə də sonradan xəstəxanada o artıq həmin motosklet sürücüsünü görməmişdir. Həmin sürücü barədə heç bir məlumatı yoxdur. Həmin sürücü tərəfindən ona özü haqqında heç bir məlumat verilməmiş və sürücü onunla nə hadisə vaxtı nə də sonradan hazıra kimi maraqlanmamışdır. Hazırda təqsirləndirilən şəxsi bağışlamamış və ona ağır cəza verilməsini xahiş edir. İş üzrə təyin edilmiş 8 sentyabr 2023-cü il tarixli, 8/2457 saylı ekspert rəyi müəyyən edilmişdir ki, Moon 50 markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin S.A.Z.Rəcəbzadə tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 143 və 267.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə təqsirli bilinib, ona 04 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixində tutulmuş, Yasamal RPİ-nin müstəntiqi Hənifə Bayramzadənin 26 aprel 2023-cü il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bununla da o, 2 gün həbsdə olmuşdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınan Yasamal RPİ-nin duracağında saxlanılan “moped Moon af50fro” markalı moped mülkiyyətçisinə qaytarılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla 03 (üç) ay azadlıqdan məhrumetmə cəzası hesablansın. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutularkən “həbsdə” saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 3 ay 28 gün (üç ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Yasamal RPİ-nin duracağında saxlanılan “moped Moon af50fro” markalı moped mülkiyyətçisinə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Kredo vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Kredo vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar