Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-145/2022 09.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X7, nümayəndəsi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X2 X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 rəhbərlik etdiyi və qanuni təmsilçisi, redaktoru olduğu "xxxx" MMC-nin “Gündəlik-Bakı.com” internet səhifəsində 23.06.2021-ci il, 10.07.2021-ci il, 03.08.2021-ci il, 24.08.2021-ci il, 15.09.2021-ci il, 29.09.2021-ci il, 21.10.2021-ci il, 25.11.2021-ci il, 10.12.2021-ci il, 15.12.2021-ci il, 16.12.2021-ci il, 20.12.2021-ci il, 28.12.2021-ci il, 04.01.2022-ci il, 05.01.2022-ci il, 16.02.2022-ci il tarixlərində onun və təsisçisi olduğu "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin digər vəzifəli şəxsləri barəsində böhtan və təhqir xarakterli məlumatlar yayaraq şərəf və ləyaqətini ləkələmiş və onu nüfuzdan salmışdır. Əlavə olaraq qeyd etmişdir ki, şirkətlərinin işgüzar nüfuzuna xələl gətirdiyi üçün Yasamal Rayon Məhkəməsinin 25.08.2021-ci il tarixli qərarı ilə barəsində mülki icraat qaydasında tədbir görülməsinə və eləcə də, əvvəllər məhkum olmasına baxmayaraq bu qeyri-qanuni əməllərini yenidən davam etdirmişdir. 1994-cü ildən satış və distribyutorluq fəaliyyəti ilə məşğul olan X3 daxil olan şirkətlər ("xxxx" MMC, “Araz Supermarket" MMC, "xxxx" MMC və s.) mövcud qanunlara tabe olaraq, dövlətimizin siyasətini dəstəkləyərək zamanla inkişaf etmiş, nüfuz qazanmış və bazarda müəyyən yer tutmuşdur. Ölkə iqtisadiyyatına verdiyimiz dəyərə, əhalinin ərzaq təminatı ilə bağlı missiyamıza, etdiyimiz ianələrə, sosial sahədə gördüyümüz işlərə və məşğulluğun artmasına, töhfələrimizə kölgə düşürmək və Şirkətlər Qrupumuzun və mənim nüfuzuma zərər gətirmək məqsədi ilə aşağıda göstərilən müxtəlif tarixlərdə “Gündəlik- Bakı.com” internet səhifəsində çap olunan məqalələrdə böhtan və təhqir xarakterli məlumatlar yerləşdirilmişdir:
1. 23.06.2021-ci il tarixli "xxxx"da “Heyvagülü” havası: Şirkətlər Qrupu dövlət və istehlakçı marağını “unudub”-ARAŞDİRMA” başlıqlı məqalə (əlavə olunur);
2. “10.07.2021-ci il tarixli "Veysəloğlu”nun toz basmış vitrinləri...- Şirkətin sahibi Aydın Talıbov kimdir ?” başlıqlı məqalə (əlavə olunur);
3. 03.08.2021-ci il tarixli “"xxxx"nun sahibi Aydın Talıbov vergidən yayınır ?- QURUMLAR NİYƏ SUSUR ?” başlıqlı məqalə (əlavə olunur);
4. 24.08.2021-ci il tarixli “Vergi Xidməti "xxxx" şirkətinə niyə 2 milyon manat maliyyə sanksiyası tətbiq edib? - Veysəloğlunun maliyyə müdiri Nüsrət müəllim hansı ölkəyə qaçmaq istəyir?” başlıqlı məqalə (əlavə olunur);
5. 15.09.2021-ci il tarixli “ALVERÇİ AYDİN TALİBOVUN "xxxx"SU- DÖVLƏT QURUMLARİ "xxxx"DAN NİYƏ QORXUR?” başlıqlı məqalə (əlavə olunur);
6. 29.09.2021-ci il tarixli "xxxx"nun OBA-sından bitib tükənməyən ŞİKAYƏTLƏR- AQTA, Vergi Xidməti niyə OBANİ yoxlamır?” başlıqlı məqalə (əlavə olunur);
7. 21.10.2021-ci il tarixli "xxxx" firmasının HOQQABAZLİĞİ - OBA MARKETDƏ BAŞ VERƏN ÖZBAŞİNALİQLAR... başlıqlı məqalə (əlavə olunur);
8. 25.11.2021-ci il tarixli "xxxx"nun sahibi AYDİN-ın QARA ƏMƏLLƏRİ..- VEYSƏLOĞLU səhər, günorta, axşam qiymətləri qaldırır., başlıqlı məqalə (əlavə olunur.
9. 10.12.2021-ci il tarixli "xxxx"nun 35 min avro maaş alan əcnəbi “revizor”u... - Direktor və xanımı hər ay 30 min manat əmək haqqı alır... başlıqlı məqalə (əlavə olunur);
10. 15.12.2021-ci il tarixli “Veysəloğlu, köhnə məhsulları təzə yerinə, kasıb camaata, satma... - "xxxx" şirkətini böyük vergi bəlası gözləyir... başlıqlı məqalə (əlavə olunur).
11. 16.12.2021-ci il tarixli "xxxx" müstəqil mediaya SENZURA tətbiq etmək istəyir ? - İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin çox vacib komponentidir, cənab Aydın Talıbov...” başlıqlı məqalə (əlavə olunur);
12. 20.12.2021-ci il tarixli "xxxx"nun ağıldan dayaz hüquq məsləhətçiləri MMC ilə DOMEN məsələsini səhv salır... - "xxxx"nun sahibi Tibetdən şamanları dəvət edib ki, müstəqil medianı susdursun...” başlıqlı məqalə (əlavə olunur).
13. 28.12.2022-ci il tarixli “Sən bizim suallarımıza cavab ver, cənab X6... - Biz də deyək, bərəkallah, “ Veysəloğlu ”... başlıqlı məqalə (əlavə olunur).
14. 04.01.2022-ci il tarixli “Veysəloğlunun vergi xidməti ilə şübhəli işbirliyi... - İDDİA” başlıqlı məqalə (əlavə olunur).
15. 05.01.2022-ci il tarixli “Aydın Talıbovun “krışa”sı uçdu... - "xxxx"nun “Araz” marketində nə baş verib ?” başlıqlı məqalə (əlavə olunur). Habil Vəliyev məqalələrində bir sıra faktları təhrif edərək, müəyyən söz oyunlarından istifadə etmiş və bununla da bir çox faktı kontekstdən çıxardaraq oxuculara fərqli mənada təqdim etmişdir. Oxucular qarşısında 23.06.2021-ci il tarixli məqaləsində Habil Vəliyev bildirir ki: "xxxx"nun "Araz” supermarketlər şəbəkəsindən istehlakçı narazılıqları ən son AQTA-nın bu ilin yanvar-may ayları üzrə statistikasında əksini tapıb. Belə ki, quruma beş ayda daxil olan 563 istehlakçı şikayəti arasında ən çoxu "Araz” supermarket şəbəkəsindəndir. Ümumi şikayətlərin 146-sı satılan məhsulun keyfiyyətindən, 59-u son istifadə tarixi bitmiş məhsulun satılmasından və sair olub.” Habil Vəliyev böhtan xarakterli yazısına davam edərək 23.06.2021-ci il tarixli məqaləsində və həmçinin daha sonralar yayımlanan və hazırkı ərizəyə əlavə edilən digər məqalələrində aşağıdakı fikiri bir neçə dəfə bildirir ki: “2019-cu ilin əvvəlində İsə məlum oldu ki, Dövlət Vergi Xidməti X3 nə az, nə çox - 2 milyon manat maliyyə sanksiyası tətbiq edib. Buna səbəb olaraq şirkətin külli miqdarda vəsaiti vergidən yayındırdığı göstərilirdi.” Qeyd etmişdir ki, X3 daxil olan hər hansı şirkətin Vergilər Nazirliyi tərəfindən 2 milyon AZN miqdarında cərimə edilməsi ilə bağlı məlumatlar mövcud olsa da, lakin bu fakt heç bir hüquqi sənədləşmələrdə, məhkəmə və aidiyyəti inzibati orqanların qərarlarında öz əksini tapmayıb. Qeyd edilən bu məlumat sırf böhtan xarakteri daşıyır. 10.07.2021-ci il tarixli məqaləsində Habil Vəliyev daha da jarqon ifadələrdən istifadə edərək yazır ki: “Bu şirkətin marketlərində bağlı ərzaq məhsullarını, mineral suların butulkalarını toz basır. Dəfələrlə demişik ki, bu məhsulların barı tozunu alın, axı bu antisanitariyadır. Nə desələr yaxşıdır? İşçilərimiz çatışmır. Bəli, "xxxx" şirkəti norma üzrə 2-3 nəfərin yerinə 1 nəfəri işlədir. Özü də necə işlədir? Deməli, işçilərin həftəlik iş saatı 72 saatdır. Bu gündə 10 saatdan çox eləyir. Ey Veysəlin oğlu, başa düşmürsən ki, dünyada 8 saatdan artıq iş günü 100 il əvvəl ləğv olunub. İndi isə müasir, sivil dünya 5, hətta 4 günlük iş həftəsinə keçməyə, gündəlik 5-6 saat iş normasına hazırlaşır. Sən fil qulağında yatmısan, ay Veysəloğlu. təəssüf ki, bu boyda şirkətin xidməti və məhsulları nəinki müasir tələblərə, heç orta səviyyəyə də uyğun deyil.” 24.08.2021-ci il tarixli məqaləsində Habil Vəliyev yazır ki: “Niyə demirsiniz ki, “qara mühasib”liyə görə, təkcə əmək haqlarından nə qədər gizlədib vergidən yayınırsınız ? Niyə demirsiniz ki, Veysəloğluna məxsus “Ulduz” fabrikində istehsal olunan şokoladın içindən qurd çıxıb ? Niyə prezidenti olduğunuz şirkətə məxsus marketlərdə satılan məhsulların iki qiyməti olur: Biri vitrindəki qiymət, biri də kassada hesablanan qiymət. Bunların arasındakı fərqi bilirsən? Niyə marketlərinizdə satılan dəniz məhsullarının, balıqların istifadə müddəti keçsə də müştəriləri zəhərləyirsiniz. ” 15.09.2021-ci il tarixli məqaləsində Habil Vəliyev yazır ki: “Kapitalizmi bəh-bəhlə tərifləyən Talıbov başa düşmür ki, 1-ə alıb 5-ə satmaq kapitalizmin günahı deyil, Talıbov qardaşlarının əməlləridr. Kapitalizm sənə deyir ki, vətəndaşların cibinə gir? Kapitalizm sənə deyir ki, şokoladın içindən QURD çıxar? Deyirsən ki, Azərbaycanda İLK EMAL MUƏSSlSƏSlNl-“Ulduz” şokolad fabrikini biz açmışıq. Cənab Talıbov, təriflədiyin kapitalizmdə şokoladın içindən qurd çıxsa, səni ölkədən qovarlar ee..” 16.12.2021-ci il tarixli məqaləsində Habil Vəliyev yazır ki: “Əgər "xxxx"nun belə texniki imkanları varsa, icazə verin şübhələnək ki, sosial şəbəkədə hökümətə qarşı kiber hücumları da siz təşkil edirsiniz...” 20.12.2021-ci il tarixli məqaləsində Habil Vəliyev yazır ki: “Həm də burada çıxdığın oyunları, hoqqaları bəlkə ABŞ-da təkrar etmək istəyirsən ? Bəlkə, Fətulla Gülənə arxayınsan ? Ehtimal edirdilər ki, xarici ölkələrdə dövlətimizə qarşı cəbhə açanlarla əlaqələrin var. Amma FETO-ya bu qədər güvənməyini bilmirdik.”, “müəllimin ağılında nəsə problem yaranıb.” 04.01.2022-ci il tarixli məqaləsində Habil Vəliyev yazır ki: “Məhsullarını vergi ödəyiciləri vasitəsilə satışa çıxaran "xxxx" şirkətinin məhz bu yolla vergidən yayındığı və dövlətə külli miqdarda ziyan vurduğu bildirilir. Mənbə iddia edir ki, "xxxx" şirkətinin rəhbərliyi Vergilər Nazirliyində müəyyən şəxslərlə işbirliyi qurub.” 05.01.2022-ci il tarixli məqləsində Habil Vəliyev “krışası uçdu”, “dimdiyin ilişdi” kimi ifadələrdən istifadə etməklə təqdim etmə üslubu kobud və təhqir xaraketlidir. Bildirmişdir ki, bütün məqalələrdə bildirilən ifadələr gərçəkliyi əks etdirmir və sırf böhtan xarakteri daşıyır. Habil Vəliyev məqalədə yazdığı fikirləri hər hansı fakt ilə təsdiq elətdirmir və bir çox hallarda öz şəxsi fikirlərini fakt kimi təqdim edir. Məlumatların olduqca təhqir və böhtan xarakterli olması onunla bağlıdır ki, göstərilən faktlarda heç bir ehtimal və şərtilik yer almır. Bütün yazılanlar tam doğru məlumatlar kimi adresata çatdırılır. “Qanunsuz əməllərini”, “keyfiyyətsiz”, “dəyərsiz”, “alıcılara sırımağ”, “qanunsuz ərzaq satışı”, “insan orqanizmi üçün təhlükəli məhsulları satışı”, “təhlükəli virusa yoluxmağınızda "xxxx" şirkətinin də rolu”, “minlərlə insanın həyatını təhlükə altına atmaq”, “özbaşınalıq”, “keyfiyyətsiz məhsulların sayı artırması”, “müştərilərin və əməkdaş şirkətlərin aldadılması”, “məhsullarının satışa çıxarılması üçün pul alınır”, “böyük inhisarçı şirkət”, “qiymət artımı” “cəzasızlıq mühitində”, istədiyi vaxt qiyməti qaldıra bilir “millətini zəhərləmək”, “aldatmaq hesabına pul qazanmaqdan”, “yalan və dələduzluğun kimi hallar”, “hökümətə qarşı kiber hücumlar”, “xarici ölkələrdə dövlətimizə qarşı cəbhə açanlarla əlaqələrin var”, “müəllimin ağılında nəsə problem yaranıb”, “Vergilər Nazirliyi ilə iş birliyi”, “dimdiyin ilişdi” ciddi məsuliyyətli məsələlər olmasına baxmayaraq müəllif həmin faktları tam dəqiq, sübut olunmuş faktlar kimi təqdim edir. Bunlardan əlavə şirkət və market şəbəkəsinin məhsullarının keyfiyyətsiz olması ilə bağlı müştəri iradlarının dinlənilməməsi, satılan malların müddət və təmizlik şərtlərinə riayət olunmaması kimi fikirlər də yazılarda yer alan əsas nüanslardır. Həmin məlumatlarda şirkətin və marketlərin hər istiqamətdə ölkəyə zərərli fəaliyyəti ilə bağlı məlumatlar çatdırılır. MMC-nin ölkə əhalisinin mənəvi durumu ilə bir araya sığmayan davranış göstərdiklərini, əhaliyə xidmət əvəzinə zərərli satış apardıqlarını, ölkəsinə xidmət etməyən, dövlətinə və dövlət rəhbərinin tövsiyələrinə uymayan qurum təsviri yaradılır. Məlumatda istifadə olunan sözlər istifadəçinin ümumi məzmunu və yazılı nitq məqsədini ortaya çıxarır. Analoji məlumatın hər hansı bir yol ilə yayılması əhali arasında kəskin fikirlər yarada, aid olunduğu qurumun nüfuzuna ciddi zərbə vuraraq mənfi fikir yarada bilər. Əlavə olaraq bildirmişdir ki, böhtan xarakterli məlumatların məzumununda “mərdimazar”, “ağılsız” kimi sözlər işlədərək məni təhqir etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax: yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax: Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub- olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax: Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Böhtan hər hansı digər diffamasiya halları kimi (ləkələyici, böhtan və ya təhqiredici xarakterli məlumatların yayılması) həmişə şəxsi, mənəvi hüquqların toxunulduğu hallardır. Diffamasiya ümumi mənada böhtan xarakterli məlumatların yayılması deməkdir. Sonra isə onun müxtəlif konfiqurasiyaları olur: qeyri-dəqiq ləkələyici məlumatların yayılması, sadəcə olaraq qeyri-dəqiq və bilərəkdən yalan ləkələyici məlumatların yayılması - məhz bu, böhtandır. Mülki-hüquqi diffamasiyanın klassik tərkibi böhtan xarakterli qeyri-dəqiq məlumatdır, lakin onu yayan şəxs bu məlumatın yalan olduğunu bilməyə də, vicdanlı olaraq aldanmış və ya xətaya düşmüş ola bilər. Böhtan, diffamasiyaya dair mülki iddiadan fərqli olaraq cinayət əməlidir. Və bu iki hüquq pozuntusu arasındakı fərq ondan ibarətdir ki, böhtan həmişə bilərəkdən yalan olan faktoloji məlumatların yayılmasıdır. Bu o deməkdir ki, həmin şəxs yalan yaydığını əvvəlcədən bilmiş və kiminsə nüfuzuna xələl gətirmək məqsədi ilə bilərəkdən bunu etmişdir. Ləyaqət və şərəf bir çox hüquq sahələrinin normaları ilə qorunur. Lakin ictimai münasibətləri daha kobud və yolverilməz formada pozan hər hansı əməl, bir qayda olaraq, cinayət qanununda cinayət kimi nəzərdə tutulur. Şəxsin konstitusion dəyərləri olan ləyaqəti, şərəfi, nüfuzu, cinayət hüququnun müdafiə obyekti xassəsini itirməməlidir. Bununla yanaşı, məhkəmə, həmçinin hesab edir ki, öz fikirlərini açıq şəkildə ifadə etmək o halda cinayət məsuliyyətinə səbəb ola bilər ki, bu fikirləri qəbul edən insanları qanunsuz hərəkətlərə və ya zorakılığa sövq edə bilsin və yalnız bu şərtlə ki, əməl qəsdən, yüksək ehtimalla, bu kimi hərəkətlərə təhrik etmək niyyətilə edilsin. Şəxsin ictimai qiymətinin ədalətliliyinin hüquqi müdafiəsini yüksək sosial təhlükə törətməyən, əksər hallarda məişət və ya xidməti münaqişələr zəminində inzibati və ya mülki hüquq normaları ilə həyata keçirmək daha humanistcəsinədir. Bu cür hərəkətləri edən şəxs, bir qayda olaraq, məlumdur, bir şəxs haqqında ədalətsiz qiymətləndirmə nisbətən kiçik bir qrupda (kollektiv üzvləri, evin sakinləri arasında) yayılır, zərər isə yalnız müəyyən bir şəxsin mənafeyinə vurulur. Çətin ki, ibtidai istintaqa xas olan mürəkkəb və uzun prosedurlar burada özünü doğrultsun. Böhtan işlərinin ən çətin tərəfi böhtan atan şəxsin yalan yaydığını bildiyini sübut etməkdir. Əgər bu sübuta yetirilməzsə, inzibati məsuliyyət, mənəvi zərərin ödənilməsi mümkündür, lakin cinayət təqibi mümkün deyil. Böhtan əlamətlərini müəyyən etmək üçün zərərçəkmiş haqqında yayılan yalan məlumatın onun şərəf, ləyaqət və nüfuzunu ləkələməsi lazımdır. Yayılan məlumat yalan da olsa, qurbanı rüsvay etmirsə, böhtan yoxdur. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 saylı Qərarının 5-ci bəndinin 3-cü abzasına əsasən Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Həmin Qərarın 5-ci bəndinin 5-ci abzasının Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikasının Konstitusiyasının 46- cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətin alçaldılmasına əsas verə bilməz. Böhtan və təhqir maddələri üzrə cinayət məsuliyyətinin yaranması üçün mühüm odur ki, şərəf və ləyaqəti ləkələyən və ya onu nüfuzdan salan məlumatları, həmçinin nalayiq formada qəsdən alçaldılması kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında baş versin. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 10cu maddəsinə görə yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir Həmin qanunun 44-cü maddəsinə əsasən kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. X2 mənə qarşı işlətdiyi ifadələrin tamamilə yalnış və qərəzli olduğunu bildiyi halda mənim şərəf və ləyaqətimi, cəmiyyətdə olan nüfuzumu alçaltmış, bunu dəfələrlə öz xəbər saytında yaymışdır. Həmin xəbər saytında yayılan böhtan və təhqir xarakterli məlumatlara baxan oxucu kütləsinə nəzər salsaq, görərik ki, minlələrlə şəxs bu yalan məlumatları oxumuşdur. Xüsusi ilə vurğulamışdır ki, Gündəlik Bakı qəzeti-nin facebook səhifəsinin informasiya bölməsində vebsayt olaraq https://gundelik-baku.com və əlaqə nömrəsi yerində isə (050) *** ** ** mobil nömrəsi qeyd edilmişdir. Saytın contact - əlaqə bölməsində də əlaqə nömrəsi (050) *** ** ** mobil nömrəsi göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin «e-taxes.go.az» saytında kommerisya qurumlarının dövlət reyestri məlumatları haqqında ada görə axtarış edəndə yalnız kommersiya qurumumun adı olaraq "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, VÖEN isə ********** göstərilir, “Gündəlik Bakı” adı altında axtarış verəndə başqa heç bir kommersiya qurumunun adı çıxmır. Həmçinin bildiririk ki, https://qundelik-baku.com saytında “com” domen adı qlobal domen olduğu üçün ingilis şriftləri ilə yazıla bilər. Belə olan halda tam əminliklə demək olar ki, https://gundelik-baku.com veb-saytı "xxxx" MMCyə məxsusdur. Beləliklə, X2 tərəfindən törədilən hərəkətlər, yəni 2 milyon vergi tərəfindən cərimə yazılması, 2-3 nəfərin yerinə 1 nəfərin işləməsi, həftəlik iş saatının 72 saat olması, dollar xırdalaması, müştərilərijn aldadılması, vergidən yayınma, inhisarçılıq, süni qiymət artımının yaradılması, maliyyə müdirinin ölkədən qaçması, dəniz məhsullarının vaxtının keçməsi, şokoladdan qurd çıxma, müştəriləni zəhərləmək, Külli miqdarda vergidən yayınma, şokoladdan qurd çıxma, vitrindən kassaya gələnə kimi qiymətlərin 30-40 faiz artması kimi, vətəndaşların cibinə girmə, marketlərdə dollar alveri, vazvrat malların tarixini dəyişib yenidən vitrinlərə düzülməsi, vaxtı keçmiş məhsulların satışı, vətəndaşalara mineral su əvəzinə hamam suyunun satılması, kasıb təbəqəyə vaxtı keçmiş məhsulları ucuz adı altında sırımaq, vaxtı keçmiş məhsul satışı, şokoladlardan qurd çıxması, vergidən yayınma, millətin aldadılması, Araz marketlərdə vaxtı keçmiş köhnəlmiş məhsulları, Oba marketlərdə satılması, hökümətə qarşı social şəbəkədə kiber hücumların təşkili, FETO-ya güvənmə, xarici ölkələrdə dövlətimizə qarşı cəbhə açanlarla əlaqələrin olması, Vergilər Nazirliyi ilə iş birliyi, külli miqdarda vergidən yayınma kimi qeyd etidiyi ifadələr böhtan xarakterlidir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində göstərilən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayətinə uyğur gəlir. Eləcə də, fil qulağında yatması, qulağından pambığı çıxart, savadsız adamsan, mərdimazarçılıq, ağılda problemin olması, dimdiyin ilişdi, Aydın Talıbovun krışası uçdu (heyvan və əşyaya bənzədərək) kimi ələsalma ifadələr isə təhqir xarakterlidir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddələrində göstərilən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayətinə uyğun gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət və Cinayət Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 və onun nümayəndəsi, vəkil Nümayəndə şikayətin icraata qəbul edilməsini və X1 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən X2 şikayətin əsassız olmasını bildirdi. Göstərdi ki, "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ bir neçə ildir ki fəaliyyət göstərmir. Həmçinin https://gundelik-baku.com internet saytı "xxxx" MMC-nin balansında deyil, ona məxsus deyildir. Özü Zəngilan rayonunda anadan olub, həmişə də həmin rayonda qeydiyyatda olub, hazırda da Zəngilan rayonunda qeydiyyatdadır. Buna görə də əgər şikayətçi onun barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edirsə, birinci şikayətin məhkəmə aidiyyətini müəyyən etməlidir. Lakin şikayətdən görünür ki, əsassız olaraq hesab etmişlər ki, həmin internet səhifəsi qeyd edilən Qəzetə məxsusdur. Lakin bununla bağlı hər hansı bir sübut yoxdur. Bu səbəbdən də şikayətin ərazi aidiyyəti ilə bağlı şikayətdə göstərilən məsələlər tam əsassızdır. Ona görə də şikayətin icraata qəbul edilməsində imtina edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununda həmin şikayətin Yasamal Rayon Məhkəməsinə verilməsi və aidiyyət məsələsi onunla əsaslandırılmışdır ki, şikayətçi hesab etmişdir ki, https://gundelik-baku.com internet saytı "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə məxsusdur və həmin MMC-nin hüquqi ünvanı Yasamal Rayon ərazisi olduğu üçün, hesab etmişlər ki, həmin internet səhifəsində yayılmış məlumatlarla bağlı xüsusi ittiham qaydasında şikayət məhz Yasamal Rayon Məhkəməsinə verilməlidir. İlk növbədə qeyd edilməlidir ki, nə şikayətdə, nə də şikayətə əlavə edilmiş sənədlərdə https://gundelik-baku.com internet saytının "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə məxsusluğu barədə mötəbər, işə aid olan sübutlar mövcud deyildir, şikayətdə bu hal qanunla nəzərdə tutulmuş sübutlarla əsaslandırılmamışdır. Belə ki, halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair qeyd edilmişdir ki: - Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. - Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göründüyü kimi Plenum qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. Beləliklə həmin qərarda aydın şəkildə yazılmışdır ki, hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Lakin şikayətçi hazırkı şikayətində məlumtanı yayıldığı məhz https://gundelikbaku.com internet saytının hüquqi ünvanının, yəni internet informasiya ehtiyatlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı barədə sübut təqdim etməmiş, şikayətdə bu barədə əsaslandırma aparılmamışdır. Şikayətdə yalnız Yasamal "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin hüquqi ünvanının Yasamal Rayonu ərazisi olduğu əsaslandırılmışdır. Halbuki şikayətdən də görünür ki, şikayətçinin böhtan və təhqir hesab etdiyi məlumatlar məhz “Gündəlik Bakı Qəzetində” nəşr etdirilməmiş, belə bir kağız formada qəzet mövcud deyildir. Buna görə də hazırkı iş üzrə də məhkəmə əlavə olaraq qeyd edir ki, hüquqi anlamda, həmçinin ərazi aidiyyətinin müəyyən ediməsi məsələsində təşkilatın (hazırkı halda internet saytının, qəzetin, kütləvi informasiya vasitəsinin) “hüquqi ünvan”ı ilə, “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” fərqli anlayışlardır. Bu anlayışlardan yalnız “hüquqi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyətə malikdir. Təşkilatın “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində hüquqi əhəmiyyət kəsb etmir. Lakin Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. Bu səbəbdən də həmin kütləvi informasiya vasitələrinin “faktiki yerləşdiyi ünvan” hazırkı iş üzrə hüquqi əhəmiyyət kəsb etmir və şikayətin ərazi aidiyyətini müəyyən etmir. Hazırkı şikayətdə şikayətçinin təhqir və böhtan hesab etdiyi məlumatın yayıldığı https://gundelik-baku.com internet saytının hüquqi ünvanı barədə şikayətdə əsaslandırma aparılmamışdır, həmin internet informasiya ehtiyatının hüquqi ünvanı barədə sübut təqdim etməmişdir, yaxud da onun Azərbaycanda və ya xaricdə qeydiyyata alınması barədə əsaslandırma aparmamış, sübut təqdim etməmişdir. İşin ərazi aidiyyəti barədə sübut təqdim etmə, işin ərazi aidiyyətinin bu və ya digər məhkəməyə aid oması, Yasamal Rayon Məhkəməsinə aid oması barədə əsaslandırmanı şikayət vermiş tərəf şikayətində əsaslandırmalıdır. Şikayətçi belə bir sübut toplamadığı və təqdim etmədiyi təqdirdə həmin sübutu məhkəmə öz təşəbbüsü ilə barəsində şikayət verilmiş şəxsin əlehinə toplaya bilməz. Həmçinin şikayətçi belə bir sübutlara istinad edib, şikayətinin ərazi aidiyyətinin məhz Yasamal Rayon Məhkəməsinə aid olması barədə şikayətində əsaslandırma aparmamışdırsa, bu əsaslandırmanı məhkəmə şikayətçinin əvəzinə etməməlidir. Çünki hazırkı şikayətlə faktiki olaraq barəsində şikayət verilmiş şəxs təhqir və böhtan əməlinin törədilməsində təqsirləndirilmişdir. Hazırkı şikayət prosessual sənəddir, hüquq və vəzifələr yaradır. Həmin sənədin düzgün və əsaslı tərtib edilməsinə, bununla bağlı sübutların toplanılmasına şikayət vermiş şəxs məsuliyyət daşıyır və sənədin CPMnin tələblərinə uyğun əsaslandırılmasına şikayət vermiş şəxs tərəfindən əməl etməlidir. Məhkəmə şikayət vermiş şəxsin əvəzinə, şikayətin ərazi aidiyyəti barədə sübut toplamamlıdır, şikayətdə bu barədə əsaslandırma aparılmamışdırsa və ya şikayətin bu hissəsi əsassızdırsa, məhkəmə öz təşəbbüsü ilə şikayətin məhz həmin məhkəməyə və ya digər məhkəməyə aid olması barədə əsaslandırma aparmamalıdır. Yəni məhkəmənin öz təşəbbüsü ilə sübut toplayıb, topladığı sübutlar əsasında şikayətin aidiyyətini müəyyən edib, aidiyyəti məhkəməyə göndərməsinə yol verilmir. Bü işi görmək şikayət verilənədək şikayətçi tərəfindən həll edilməli, sübutları p=toplamalı və topladığı sübutlar əsasında məhkəmə aidiyyətini müəyyən etməli, bunu şikayətində əsaslandırmalıdır. Xüsusi ittiham qaydasında şikayətdə belə bir əsaslandırma aparılmışdır ki, şikayətin ərazi aidiyyəti məhz Yasamal Rayon Məhkəməsinə aiddir. Lakin göründüyü kimi bu əsaslandırmanın məhkəmədə əsassız olması müəyyən edildi. Bir halda ki, şikayətin əsassız olması, həmin şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar çıxarılması üçün əsas kimi CPM-də müəyyən edilmişdirsə, onda məhkəmə belə halda məhz bu cür qərarı qəbul etməlidir. Əks yanaşma barəsində şikayət verilmiş şəxsin vəziyyətini pisləşdirər. Buna isə cinayət prosessual qanunvericiliklə yol verilmir. Belə ki, Cinayət-Prosessual Məcəllənin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, belə formada əsaslandırılmış şikayət əsassızdır. CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Göstərilən halların məcmusu hazırkı halda artıq xüsusi ittiham qaydasında verilmiş hazırkı şikayəti əsassız edir və həmin şikayət üzrə cinayət təqibinin həyata keçirilməsinə imkan vermir. Ona görə də xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən, Hüseyn Səfərov