Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-146/2024 31.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində “Sovetski” adlanan ərazidən istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısına daxil edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,693 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manata alıb, əldə edib, üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 18:00 dəqiqədə ünvan 2 ünvanda Yasamal RPİ-nin 28-ci PŞnin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, 29-cu PŞ-ə gətirilmiş və Polis Şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman, əynindəki boz qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,693 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, 2008-ci ildən narkotik maddələrin aludəçisidir, əvvəllər müxtəlif vaxtlarda 4 dəfə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Sonuncu dəfə 2022-ci ilin yanvar ayında Yasamal rayon məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2022-ci ilin oktyabr ayında azadlığa çıxmışdır. Azadlığa çıxandan sonra da narkotik vasitələrin, psixotrop maddələrin qəbulunu davam etdirir. Əlavə olaraq 24 oktyabr 2023-cü il tarixdə, günorta saatlarında 12 radələrində Bakı şəhəri “Sovetski” deyilən ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədi ilə 01 ədəd şəffaf sallafana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə olan “şüşə-patı” olan maddəni 10 AZN-ə alaraq əynində olan boz qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, istifadə edər, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində yaşadığı ünvan 4 ünvanının qarşısı ilə tək olaraq piyada gedərkən iki nəfər, mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, eyni zamanda polis olmalarına dair vəsiqə təqdim etdilər və ondan üzərində şəxsiyyət vəsiqəsinin olub-olmamasını istədilər, o isə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirdi, həmin polis əməkdaşları narkotik vasitə istifadə edib-etməməyini soruşdular, o da deyib ki, istifadə edir və daha sonra üzərində narkotik vasitə olub-olmamağını soruşdular, o da üzərində narkotik vasitə olduğunu bildirdi və bundan sonra polis əməkdaşları onu Yasamal RPİ-nin 28-ci PŞ-nin inzibati binasına dəvət etdilər. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olundu. Bu təklifdən sonra o, əynində olan boz qara rəngli cins şalvarın sağ yan cibindən içərisində 1 (bir) ədəd şəffaf sallafana bükülmüş bükümdəki “şüşə-patı” deyilən maddəni təqdim edərək masanın üzərinə qoydu. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o hal-hazırda Yasamal RPİ 28-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir, 24 oktyabr 2023-cü il tarixdə ünvan 5 ünvanda yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ 28-ci PŞ-ə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Onun narkotik vasitəni, psixotrop maddəni əldə edib üzərində saxlaması, gəzdirməsi və onun digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli idi. Bu məqsədlə o və Yasamal RPİ 28-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradıldı və 24 oktyabr 2023-cü il tarixdə saat 16:30-dan saat 18:00-dək olan müddətdə Təqsirləndirilən şəxs ətrafında soraqlaşma əməliyyataxtarış tədbiri həyata keçirilmişdir. Həmin günü saat 18:00-da ünvan 2 ünvanda Təqsirləndirilən şəxs saxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərərək, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək və üzərinə baxış keçirilməsi üçün Yasamal RPİ-nin 28-ci PŞ-ə dəvət etmişlər. Orada xidməti otaqda Səbuhi Məluikovun hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edildi, videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirildi. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmadı. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki boz qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd selofana bükülmüş maddəni çıxarıb təqdim edərək həmin bükülünün içərisində şüşə-patı adlandırdığı metamfetamin olduğunu, həmin maddəni bu gün səhər saatlarında “Sovetski” adlanan ərazidə üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə zərfə qoyuldu, möhürləndi, bu barədə protokol tərtib edildi, protokolun doğruluğu imzalarla təsdiq edildi. Aşkar olunmuş maddə qablaşdırılaraq Ədliyyə Nazirliyi MEM-ə göndərildi. Ekspert rəyinə əsasən müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 0,693 qram çəkidə psixotrop maddə olan metamfetamindir. Əlavə olaraq qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatında konkret olaraq hər hansısa bir fakt olmasa da, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanması ilə bağlı məlumatlar tez-tez daxil olurdu. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 3-16-16/2-6/5724 saylı, 25 oktyabr 2023-cü il tarixli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №167“ dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs aşkar olunmuş maddə; Saxlanılan şəxs: “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,693 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 7766 saylı, 27 noyabr 2023-cü il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə təqsirli bilinib qəti olaraq 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə təqsirli bilinib qəti olaraq 2 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə təqsirli bilinib qəti olaraq 2 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilib. Sonuncu dəfə o, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinib qəti olaraq 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 14 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Bununla da o, məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 24 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 89 manat (səksən doqquz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,693 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-146/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-146/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver