Məhkəmə qərarları › İş №1(004)-146/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-146/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-146/2025 31.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X13 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olmayan, lift bələdçisi işləyən və Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev № 3/8, 3 saylı mənzildə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində tərəfimdən «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonunun ərazisində yerləşən «Ağ Çiçəyim» adlanan restoranın arxasında şəxsiyyəti istintaqa məlum olmayan kişi cinsli şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 6,59 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik maddə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 12:00 dəqiqədə isə Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi. 3/8 nömrəli evin qarşısında piyada hərəkət edən zäman şübhəli göründüyü üçün saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən şəffaf selofana bükülmüş bir ədəd bükümün içərisində təmiz çəkisi 6,59 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, artıq iki ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Bu onda asıllıq yaratmasa da, müəyyən yerlərində ağrılar yarandıqda, məcbur olub hardansa narkotik vasitə olan qurudulmuş marixuana tapıb qəbul edir. O, 17 may 2024-cü il tarixdə səhər saatlarında narkotik vasitə almaq üçün Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Ağ Çiçəyim” adlanan restoranın arxa tərəfinə keçmiş və orada üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün bir ədəd şəffaf selofana bükülmüş vəziyyətdə olan qurudulmuş marixuananı alıb əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. O, həmin narkotik vasitə olan qurudulmuş marixuananı şalvarının sağ yan cibində gizlədib piyada hərəkət etməyə başlamışdır. Həmin gün saat 12:00 radələrində o, yaşadığı ünvan 1 ünvanın qarşısında piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərdən hansı səbəbə saxlandığını soruşduqda polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğumu bildirib polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib birlikdə Yasamal Rayon Polis İdarəsinin inzibati binasına getmişdir. Orada onu xidməti iş otaqlarının birinə apararaq hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 22 saylı Vəkil Bürosundan vəkil kimi X1 dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda X10 tərəfindən müdafiəçisinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra isə tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri qanuni əşya varsa təqdim etsin. O, həmin vaxt üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan boz rəngli cins şalvarımın sağ yan cibində gizlətdiyi və bir ədəd şəffaf selofana bükülmüş vəziyyətdə olan qurudulmuş marixuananı çıxardıb masanın üstünə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. X3 həmin bükümün içərisindəki maddənin nə olduğunu və maddəni haradan əldə etdiyini soruşduqda o, bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin narkotik maddəni o, 17 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Ağ Çiçəyim” adlanan restoranın arxa tərəfindəki ərazidə üzdən tanıdığı lakin adı, soyadı, atasının adını bilmədiyi kişi cinsli şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə polis əməkdaşları ilə onun gözü qarşısında X10 tərəfindən içərisi boş olan zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzərinə iştirakçılarla yanaşı müdafiəçisi ilə özü imza atmışdır. Bu barədə həmin vaxt protokol tərtib edilmiş və iştirakçılarla bərabər o, protokolu imzası ilə təsdiq etmişdir. Üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı digər qeyri-qanuni əşya aşkar olunmasada, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən Çin istehsalı olmaqla üzərində ***-***-**-** saylı mobil telefon nömrəsi yerləşdirilmiş bir ədəd qara rəngli «Huawei Nova» markalı mobil telefon aşkar edilmiş və mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, hal-hazırda Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs o, əvvəllər tanımamış, həmçinin onunla heç bir düşmənçiliyi, ədavəti və yaxud qohumluğu olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonunun ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, kiçik əməliyyat müvəkkili, polis baş serjantı X11 və onun iştirakı ilə 17 may 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. O, 17 may 2024-cü il tarixdə saat 12:00 dəqiqədə əməliyyat qrupunun digər iştirakçıları Şahid2 və X11 ilə birlikdə ünvan 2 ünvanın qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq, özlərini ona təqdim edib sonuncunun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanmasında və daşınması şübhəli olduğunu bildirib Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinin inzibati binasına getmişdir. Oradakı xidməti iş otaqların birində baş təhqiqatçı, polis mayoru X9 tərəfindən həmin şəxsə hüquqları izah olunmuş və vəkil kimi Bakı şəhəri, 22 saylı Vəkil Bürosundan X1 dəvət etmişlər. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən şəffaf selofana bükülmüş bir ədəd bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm Təqsirləndirilən şəxsla digər iştirakçıların gözü qarşısında açılan zaman içərisində bitki mənşəli, ot şəkilli spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxsla digər iştirakçıların gözü qarşısında təqdim edilən qurudulmuş marixuanaya bənzər kütlə X10 tərəfindən içi boş olan zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş şəffaf selofana bükülmüş bükümün içərisində olan narkotik maddənin konkret nə olması və onu haradan əldə etməsi soruşulmuş və həmin şəxs bildirmişdir ki, üzərindən aşkar edilən şəffaf selofana bükülmüş bükümün içərisindəki olan narkotik maddə qurudulmuş marixuanadır və aşkar olunmuş narkotik maddəni 17 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonunun ərazisində yerləşən «Ağ Çiçəyim» adlanan restoranın arxasında tanımadığı kişi cinsli şəxsdən 10 manat pul müqabilində almış və yalnız özü üçün istifadə etmək məqsədi ilə üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı digər qeyri-qanuni əşya aşkar olunmasada, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən Çin Xalq Respublikasının istehsalı olmaqla üzərində ***-***-**-** saylı mobil telefon nömrəsi yerləşdirilmiş bir ədəd qara rəngli «Huawei Nova» markalı mobil telefon aşkar edilmiş və həmin mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün X10 tərəfindən götürülmüşdür. O, əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman sonuncuya qarşı heç bir təyziq və zorakılıq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ilə X11, iş yoldaşları Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 19 may 2024-çü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməsinə dair Yasamal rayon məhkəməsinə təqdimat verilməsi üçün 19 may 2024-cü il tarixdə vəsatət verilsə də, Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri X4 tərəfindən həmin tarixdə “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs 19 may 2024-cü il tarixdə saxlanıldığı Yasamal Rayon Polis İdarəsinin X7 azad edilmiş və həmin tarixdə onun barəsində tərəfimdən «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə bir sıra prossesual hərəkətlərin aparılmasından ötrü, Təqsirləndirilən şəxs dəfələrlə ibtidai istintaqa dəvət olunmasına baxmayaraq, o, qətimkan tədbirinin şərtlərini qəsdən pozaraq ibtidai istintaqdan gizlənmiş və bu səbəbdən iş üzrə zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi artıq mümkün olmadığı üçün onun barəsində 01 avqust 2024cü il tarixdə axtarış elan olunmuş və iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və o, tutularaq 14 noyabr 2024-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təqdim edilmiş, eyni zamanda həmin tarixdə qeyd olunan cinayət işi üzrə icraat tərəfimdən təzələnməklə icraatıma qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. Lakin Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan bir daha gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə təsir göstərməklə ibtidai istintaqın və yaxud məhkəmə baxışının normal gedişinə mane olmaq, cəmiyyət üçün təhlükə yaratmaq, üzrlü səbəblər olmadan cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gəlməmək və yaxud digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və yaxud cəza çəkməkdən boyun qaçırmaq, məhkəmə hökmünün icra edilməsinə maneə törətmək ehtimallarının olmaması nəzərə alınmaqla, haqqında Azərbaycan Respublikası CPM-nin 169-cu maddəsinin tələblərinə uyğun olaraq, həmin şəxs 16 noyabr 2024-cü il tarixdə saxlanıldığı Yasamal RPİnin X7 azad edilmiş və eyni zamanda onun barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 18 may 2024-cü il tarixli, 7/772 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi - 6,59 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 20 noyabr 2024-cü il tarixli, 7372 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, ıntoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə olunmuş 17 may 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolundan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən şəffaf selofana bükülmüş bir ədəd bükümün içərisində bitki mənşəli, ot şəkilli spesifik qoxuya malik qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman keçirilmiş istintaq hərəkəti videoçəkiliş vasitəsi ilə həyata keçirilmiş və həmin videogörüntünü özündə tam əks etdirən bir ədəd CD-R diski protokola əlavə edilməklə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün qeyd olunan cinayət işi üzrə maddi sübut hesab edilmiş, eyni zamanda cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 6,59 qram narkotik maddə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra bir ədəd zərfdə qalıq qalmış 6,54 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin məsul saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi üzrə 18 noyabr 2024-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinin inzibati binasındakı xidməti iş otaqların birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu bir ədəd CD-R diskə məhkəmədə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin CD-R diskdə əks edilmiş görüntülər 17 may 2024-cü il tarixdə saat 13:35 dəqiqədə qeydə alınır. Təbii işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X5 əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən aydın görünür ki, baş təhqiqatçı X5 qarşısındakı masa arxasında sol tərəfdən əyləşmiş şəxs, Bakı şəhəri, 22 nömrəli Vəkil Bürosunun müdafiəçisi X2r. Xidməti otaqda olan masanın sağ tərəfində isə əynində göy rəngli gödəkçə, boz rəngli cins şalvarı, ağ rəngli köynəyi və qara rəngli ayaqqabıları olan ayaq üstə dayanmış şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs yanında dayanmış şəxslər adları videoçəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2, polis kapitanı Şahid1 və polis baş serjantı X8r. Videoçəkilişin davamında baş təhqiqatçı X9, şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, həmçinin ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən şəffaf selofana bükülmüş bir ədəd bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim edir. Həmin büküm Təqsirləndirilən şəxsla digər iştirakçıların gözü qarşısında açılan zaman içərisində bitki mənşəli, ot şəkilli spesifik qoxuya malik narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra digər iştirakçılarla bərabər Təqsirləndirilən şəxs gözü qarşısında sonuncunun təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə baş X10 tərəfindən içi boş olan zərfə qoyulmuş və zərfin üzəri Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 42 saylı möhürü ilə möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş narkotik maddənin konkret nə olması və onu haradan əldə etməsi soruşulduqda həmin şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükümün içərisindəki olan narkotik maddə qurudulmuş marixuanadır və həmin narkotik maddəni 17 may 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Ağ Çiçəyim» adlanan restoranın arxasında tanımadığı kişi cinsli şəxsdən 10 manata almış və özü üçün istifadə etmək məqsədi ilə üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı digər qeyri-qanuni əşya aşkar olunmasada, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən Çin Xalq Respublikası istehsalı olmaqla üzərində ***-***-**-** saylı mobil telefon nömrəsi yerləşdirilmiş bir ədəd qara rəngli «HUAWEİ NOVA» markalı mobil telefon aşkar edilmişdir. Mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün baş təhqiqatçı, polis mayoru X9 tərəfindən götürülmüşdür. Azərbaycan Respublikasının DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədəki 22 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 1992-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Xalq Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 145-ci maddəsinin 02-ci hissəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 mart 1995-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 83-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər təyin edilmiş cəzanı çəkib qurtardıqları gündən yalnız 02 (iki) il keçdikdə məhkumluğu olmayan şəxs hesab edilirlər. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Sübutların qiymətləndirilməsi barədə” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən mobil telefonun videon kamerasından istifadə edilərək videoçəkiliş aparılaraq köçürülmüş “CD” disk məlumat daşıyıcısı olduğunda maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. 17 may 2024-cü il tarixdə tərtib olunmuş şəxsi axtarış və götürmə haqqında protokol, məlumat daşıyıcısı olan “CD” disk, maddi sübut, Təqsirləndirilən şəxs ifadələri, iş üzrə şahid ifadələri, eləcə də iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2024-cü il tarixli rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburinarkoloji tibbi yoxlama haqqında 20 noyabr 2024-cü il tarixli, 7372 nömrəli rəyi və əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlər cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edlmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı övladının olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən olunmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut – aparılmış tədqiqatlardan sonra qalan və Yasamal RPİ-nin saxlancına təhvil verilmiş 6,54 qram marixuana məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 qızına dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi3 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 25 iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 4 (dörd) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 22(iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 6,54 qram olan marixuana məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatı üçün cəmi 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar