Məhkəmə qərarları › İş №1(004)-147/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-147/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-147/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin inzibati binasında qeydiyyatda olan və Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədilə 03 oktyabr 2020-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ev 75A-nın arxa hissəsində yerləşən avtobus dayanacağında Zərərçəkmiş şəxs ona yaxınlaşaraq ondan siqaret istəməsi səbəbindən ona “Qarabağda müharibədir, sən niyə burdasan, sənin başına oyun açaram” deməklə hədə qorxu gələrək onu həmin binanın həyətində yerləşən avtomobillərin saxlanılması üçün nəzərdə tutulan qarajların arasına aparıb orada ondan mobil telefonu olubolmadığını soruşmuş və Zərərçəkmiş şəxs “Samsung” markalı, SM-AO15/DS (GalaxyA01) modelli mobil telefonunu əynində olan qara rəngli jiletin sol iç döş cibindən çıxarmaq istəyən zaman əlini Zərərçəkmiş şəxs jiletinin iç cibinə salaraq daxilində 3 manat dəyərində 050- ***-**-** Sim Kart və 06 manat dəyərində ***-***-**-** Cin Kart nömrələr olan **********44614 və **********44612 İMEİ kodlu 01 ədəd 150 manat dəyərində “Samsung” markalı, SM-AO15/DS (GalaxyAOİ) modelli mobil telefonunu onun gözü qarşısında götürüb qaçaraq oradan uzaqlaşmaqla zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 159 manat dəyərində əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanda yerləşən Binəqədi RPİ-nin inzibati binasında qeydiyyatda olsa da, hazırda arvadı X1, qızı X2 və qardaşı X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May massivi, 1 May küçəsi ev 26-da yaşayır, 2-ci qrup əlildir, qıc olma xəstəliyindən əziyyət çəkmiş, hətta əlilliyə ilə bağlı dövlət tərəfindən təqaüd almış, əvvəllər dəfələrlə məhkum olunmuş, belə ki, 2013-cü ildə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmiş və 2016-cı ildə cəzasının sonu ilə azad edilmiş, sonuncu dəfə isə 2016-cı il tarixdə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası 178.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2018-ci ildə Nizami rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Qanunvericiliyində olan dəyişikliklərlə bağlı cəzasından 06 ay çıxılmış və cəzasının bitməsinə bir ay qalmış şərti olaraq azadlığa buraxılmış, həmin vaxtdan cinayət hadisəsi törətməmişdir. Bundan başqa o, göstərmişdir ki, 03 oktyabr 2020-ci il tarixdə təxminən saat 16:30-da ünvan 4 ünvanda yerləşən binanın arxa tərəfində olan avtobus dayanacağında oturmuş, bu zaman ona tanımadığı bir şəxs yaxınlaşmış və ondan 2-3 manat pul istəmiş, cavabında həmin şəxsə “sən dağ kimi oğlansan, sənin kimilər hazırda Qarabağda döyüşür, mənim 2 oğlum hazırda cəhbə bölgəsində döyüşürlər, sən gəlib məndən pul istəyirsən” demiş, bu zaman həmin şəxs “mən ruhi xəstəyəm, ona görə məni döyüşə aparmırlar” deyə cavab vermiş, sonra ondan çıxıb getməsini xahiş etmiş, sonra isə ürəyi sakitləşmədiyi üçün həmin şəxsin arxasınca getmiş və ona çataraq yenə də “utanmırsan, bu boyda oğlansan, pul dilənirsən, sənin tayların Qarabağda döyüşürlər” demiş, bu sözdən sonra isə geri qayıtmış, bu zaman həmin oğlan da arxasınca gələrək ona “sən yaxşı kişisən, sən düz deyirsən, vuruşmaq lazımdır” deyə bildirmiş, onlar bu barədə söhbət edə-edə birlikdə həmin binanın həyətinə girmiş, orada “sən mənim ürəyimə yatdın, səninlə dostluq etmək istəyirəm” demiş, onunla binanın həyətində yerləşən qarajların yanında söhbət dən zaman əlində olan “Nokia” markalı telefonunu görərək ona “bu nə telefondur işlədirsən, mənim iki telefonum var, gəl birini sənə bağışlayım” deyərək “Samsung” markalı mobil telefonunu cibindən çıxarıb vermiş, ilk olaraq götürmək istəməmiş, lakin sonradan «verir qoy götürüm»deyə fikirləşmiş, bundan sonra onunla sağollaşıb getmiş, həmin vaxt telefonu verən şəxs adının Orxan olmasını bildirmişdir. Eləcə də o, göstərmişdir ki, səhəri günü Orxanın ona verdiyi “Samsung” markalı mobil telefonu Nəsimi rayonu, 3-cü mk/rn dairəsində telefon mağazasına 90 manata satmış, pulu isə öz ehtiyacı üçün xərcləmiş, telefonun üstündə olan nömrələri isə qırıb xatırlamadığı ərazidə atmış, telefon mağazasına Orxanın telefonunu satdıqda isə özünə məxsus olmasını və pula ehtiyacı olduğuna görə satmasını bildirmiş, sonradan isə Orxanı görməmiş, ümumiyyətlə həmin hadisəyə qədər Orxanı tanımamış və onunla heç bir münasibəti olmamışdır. Daha sonra o, göstərmişdir ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi kimi 03 oktyabr 2020-ci il tarixdə saat 16:30-da onun mobil telefonunu cibindən götürüb qaçamamış, sonradan kimsə Orxanı öyrətmişdir ki, telefonunu geri alsın, əgər ona qarşı cinayət törətsəydi qolunda olan bahalı saatı və digər telefonunu da əlindən alardı, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş və onu hədələməmiş, Orxan özü telefonunu çıxarıb ona vermişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını, ailəli olmasını, uşaqlarının olmasını, bir oğlunun hərbi xidmət zamanı vəfat etməsini, bir oğlunun hazırda hərbi xidmətdə olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57, mənzil 92də qeydiyyatda olsa da anası Şahid1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, M.Şərifzadə küçəsi, ev 128, mənzili 7-də yaşayır, heç bir yerdə işləmir, İİİ qrup əlildir, belə ki, beyin daxili təzyiq və qıc olma xəstəliyindən əziyyət çəkir, əlilliyi ilə bağlı dövlət tərəfindən ona təqaüd verilmişdir. Bundan başqa o, göstərmişdir ki, 03 oktyabr 2020-ci il tarixdə saat 16:30-da özünə məxsus plastik bank kartından təqaüd pulunun gəlib-gəlməməsini yoxlamaq üçün yaşadığı evdən çıxıb yaxınlıqda yerləşən “xxxx” ASC-yə məxsus bankomata tərəf getmiş, həmin gün təxminən saat 16:35-də ünvan 5 ünvanında yerləşən binanın qarşısındakı bankomatda kartın balansını yığıb pul olmadığını dəqiqləşdirdikdən sonra yaşadığı evə qayıtmaq qərarına gəlmiş, orada yerləşən avtobus dayanacağının yanında olarkən bir nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşaraq ”sən bir dəqiqə bura gəl, səninlə işim var” demiş, bundan sonra həmin şəxs onu Yasamal rayonu, Şərifzadə küçəsi ev 75A-nın həyətində olan avtomobillər üçün nəzərdə tutulan qarajların arasına apararaq orada ona hədə qorxu gəlib “sən niyə Qarabağa müharibəyə getmirsən, səni ora aparıb başına oyun açaram” demiş, həmin şəxs ona bu sözləri dedikdən sonra ondan qorxmuş, sonra isə həmin şəxs ondan “sənin mobil telefonun var” deyə soruşmuş, bu zaman ona cavab verərək “varımdır” demiş, sonra həmin şəxs “ telefonunu ver bir dəqiqə danışıb verirəm” deyə bildirmiş, qorxudan əlini telefonunun yerləşdiyi, əynində olan qara rəngli jiletin sol içəri döş cibində olan özünə məxsus olan “Samsung Galaxy A1” markalı mobil telefonunu götürüb həmin şəxsə vermək istəyən zaman həmin şəxs özü əlini gödəkçəsinin iç cibinə salaraq orada olan bir ədəd 230 manat dəyərində “Samsung Galaxy A1” markalı mobil telefonunu götürmüş, bundan sonra həmin şəxs onu nalayiq ifadələrlə təhqir edərək «əgər hadisə barədə kiməsə, həmçinin polisə məlumat versəsən səni Qarabağ döyüşlərinə göndərəcəyəm, orada başına oyun açacaq» demiş, hətta məhəllədəki dostlarına onu döydürəcəyini bildirmiş, sonra isə həmin şəxs oradan uzaqlaşıb getmişdir. Daha sonra o, göstərmişdir ki, baş vermiş hadisədən sonra yaşadığı evin qarşısına tərəf gedib oradan digər telefonu ilə qohumu Vüsala zəng etmiş və hadisə barədə ona məlumat vermiş, təxminən 1-2 dəqiqə sonra anası Aygül binanın həyətinə düşmüş və həmin vaxt ona da hadisə barədə danışmış, bundan sonra onlar birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə getmiş və hadisə barədə ərizə yazmış, qohumu Şahid3 da hadisə barədə DİN-in 102 xidmətinə zəng vurub məlumat vermiş, «Samsung Galaxy A1» markalı mobil telefonunu ələ keçirib qaçmış şəxsi əvvəllər tanımamış, onunla ilk dəfə rastlaşmış, həmin şəxs ortaboylu, 25-30 yaşlarında qarayanız cavan oğlan olmuş və əynində ağ rəngli köynək olmuş, həmin şəxsi bir daha görə tanıya biləcək, Samsung Galaxy A1” markalı mobil telefonu anası Şahid1 onun üçün 230 manata almış, telefonun üstünə olan ***-***-**-** Sim Kartı 3 manata, ***-***-**-** Cin Kart isə 6 manata almış, telefonu **********44614 və **********44612 İMEİ kodlu olmuş, baş vermiş hadisə zamanı ona cəmi 239 manat məbləğində maddi ziyan dəymiş, hadisə zamanı ona heç bir bədən xəsarəti yetirilməmişdir. Sonradan bu barədə polisə şikayət etmişlər. Ona vurulmuş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur, yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxslə birlikdə Bakı şəhəri, Yasamal rayonu, M.Şərifzadə küçəsi, ev 128, mənzili 7-də yaşayır, hazırda 53 nömrəli orta məktəbdə texnologiya müəlliməsi vəzifəsində işləyir, oğlu Orxan beyin daxili təzyiq və qıcolma xəstəliyindən əziyyət çəkmiş və buna görə İİİ qrup əlil olmuşdur. Bundan başqa o, göstərmişdir ki, 03 oktyabr 2020-ci il tarixdə təxminən saat 16:30-da oğlu Orxan bank kartından pul çıxarmaq üçün yaşadıqları evdən çıxıb yaxınlıqda yerləşən “xxxx” ASC-yə məxsus bankomata getmiş, həmin günü təxminən saat 16:39-da qohumu Şahid3 ona zəng edərək, Orxanın ona zəng etməsini və naməlum şəxsin mobil telefonunu götürüb qaçmasını bildirməsini demiş, sonra Vüsal ondan tez həyətə düşməsini xahiş etmiş, bu zəngdən sonra dərhal yaşadığı evin həyətinə düşmüş və Orxanı yaşadığı binanın qarşısında görüb ondan hadisə barədə maraqlanmış, bu zaman Orxan baş vermiş hadisəni ona danışaraq ünvan 6 ünvanında yerləşən binanın qarşısındakı bankomatda kartın balansını yoxlayıb aralandıqdan sonra orada yerləşən avtobus dayanacağının yanında bir nəfər əvvəllər tanımadığı şəxsin ona yaxınlaşaraq”sən bir dəqiqə bura gəl, səninlə işim var” deməsini və onu Şərifzadə küçəsi ev 75A-nın həyətində olan avtomobillər üçün olan qarajların arasına apararaq orada ona hədə qorxu gəlib “sən niyə Qarabağa müharibəyə getmirsən, səni ora aparıb başına oyun açaram” deməsini bildirmiş, həmin vaxt Orxan bu sözlərdən qorxmuş, sonra həmin şəxs Orxana “sənin mobil telefonun var, ver bir dəqiqə danışım qaytarıram” demiş, bu zaman Orxan qorxudan əlini telefonunun yerləşdiyi əynində olan qara rəngli jiletin sol içəri döş cibinə salıb özünə məxsus “Samsung Galaxy A1” markalı mobil telefonunu çıxarmaq istəyərkən həmin şəxs özü əlini onun gödəkçəsinin iç cibinə salıb oradan Orxananın bir ədəd 230 manat dəyərində “Samsung Galaxy A1” markalı mobil telefonunu götürmüş və Orxanı nalayiq ifadələrlə təhqir edib «əgər hadisə barədə kiməsə, həmçinin polisə məlumat verərsə onu Qarabağ döyüşlərinə göndərəcəyini, orada başına oyun açacaqlarını, həmçinin məhəllədəki dostlarına onu döymələrini» deyəcəyini bildirmiş və qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Daha sonra o, göstərmişdir ki, Orxan hadisə barədə qohumu Vüsala bildirdikdən sonra Vüsal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, sonra isə onlar birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə getmiş və Orxan orada hadisə barədə ərizə yazmış, baş vermiş hadisə zamanı oğlu Orxana 230 manat maddi ziyan dəymiş, həmin vaxt cinayəti törətmiş şəxs Orxana hər hansı bir bədən xəsarəti yetirməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə - Binəqədi Rayon Məhkəməsinin 16.05.1997-ci il tarixli hökmü ilə ilk dəfə məhkm edilib, məheumluğu ödənilib. Sonradan Nəsimi Rayon Məhkəməsinin 24.09.2002-ci il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay azadlıqdan məhrumetmə cəzasına məhküm edilib. Sonradan Nərimanov Rayon Məhkəməsinin 25.01.2007-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrumetmə cəzasına məhküm edilib. Sonradan Yasamal Rayon Məhkəməsinin 23.09.2008-ci il tarixli hökmü ilə CM-nin 178.1-ci hökmü ilə CM-nin 67, 68-ci maddələri nəzərə alınmaqla 1 il 7 ay azadlıqdan məhrumetmə cəzasına məhküm edilib. Sonradan ACDİÜ AR Məhkəməsinin 14.04.2010-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 67.1-ci maddə nəzərə alınmaqla 03 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhküm edilib. Həmin hökmlər üzrə məhkumluğu ödənilmişdir. Lakin sonuncu dəfə isə hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 16.11.2016-cı il tarixli hökmü ilə CM-nin 178.1, 234.1-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 05.03.2018-ci il tarixli qərarı ilə 20.10.2017-ci il qanunun tətbiqi ilə əlaqədar CM-nin 178.1, 234.1-ci maddələri ilə 02 il 06 ay cəzası saxlanılıb. Sonradan Xətai Rayon Məhkəməsinin 20.12.2018-ci il tarixli qərarı ilə 16 gün vaxtından əvvəl şərti azad olunub. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bununla da residivə görə cəzanın aşağı həddi nəzərdə tutulmuşdur, yuxarı həddi nəzərdə tutulmamışdır. CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayətinin olmamasını, təqsirləndirilən şəxsin ailəli olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs 13.10.2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Yasamal rayon prokurorunun 15.10.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İŞ-nin müstəntiqi M.Cümşüdovun 15.10.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da 2 gün həbsdə olmuşdur. Bundan sonra onun barəsində 14.12.2020-ci il tarixdə axtarış elan edilmiş və Təqsirləndirilən şəxs 05.02.2021-ci il tarixdə saat 20:20-də tutulmuşdur. Bakı şəhəri Yasamal rayon prokurorunun 06.02.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İŞ-nin müstəntiqi M.Cümşüdovun 06.02.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bununla da 1 gün həbsdə olmuşdur. Beləliklə o, ibtidai istintaq dövründə 03 gün həbsdə qalmışdır. Sonradan Yasamal Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 12.04.2021-ci il tarixdə tutulmuş və hazırkı vaxtadək həbsdədir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı, SM-AO15/DS (GalaxyA01) modelli mobil telefon aparatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 05 ay 27 gün (bir il beş ay iyirmi yeddi gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 12 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı, SM-AO15/DS (GalaxyA01) modelli mobil telefon aparatının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X6 ödənilmək üçün 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar