Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-15/2022 17.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkil X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Xanbabayev küçəsi, ev 1 “A”-da qeydiyyat olan və yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı hesab etdiyinə görə Təqsirləndirilən şəxs X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayıb zərərçəkmiş şəxsə 4500 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Cinayət işinin ittiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə tanışı A.A.Bəhmalov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, əvvəlcə Zərərçəkmiş şəxs oturduqları çayxanaya çağırmış, sonra onları H.Cavid prospektində düşürtməyi xahiş edib Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə özü arxa oturacaqda, A.Bəhmalov qabaq sərnişin oturacağında oturmuş, 28 aprel 2021-ci il tarixdə gecə saat 02 radələrində ünvan 1 ünvanda Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxa oturacağında sərnişin qismində olarkən Zərərçəkmiş şəxs əlində tutduğu içərisində 1000 manat dəyərində 050 210 81 48 saylı nömrə olan 3500 manat dəyərində “İphone 12 Pro Max” markalı mobil telefonu əlindən dartıb alaraq, avtomobildən düşüb qaçarkən A.A.Bəhmalova da düşüb qaçmağı demiş, sonuncu da zərərçəkmiş şəxsə kömək olaraq heç bir addım atmadan iştirakçısı olduğu soyğunçuluq cinayətinin törədilməsində iştirakını davam etdirərək onun arxasınca qışqıran Zərərçəkmiş şəxs məhəl qoymadan hadisə yerindən getməklə, Zərərçəkmiş şəxs məxsus 4500 manat məbləğində qeyd edilən əmlakı açıq yolla talayıb soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 10-12 ildir ki, tanımış, aralarında normal münasibətlər olmuşdur. 27 aprel 2021-ci il tarixdə saat 23 radələrində, Bayıl qəsəbəsində yerləşən çayxanada dostu Aydınla birlikdə oturmuş və həmin vaxt Xəzərə zəng edib oturduğu çayxanaya dəvət etmiş, həm də fikirləşmişdir ki, Xəzər gəlib onları burdan aparsın. Bir qədər sonra Xəzər çayxanaya gəlmiş, hal-əhval tutub söhbət etdikdən sonra birlikdə çayxanadan çıxmışlar. Xəzərin idarə etdiyi avtomobildə arxa oturacaqda, Aydın isə qabaq sərnişin oturacağında oturub getmişlər və Xəzər onları Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbin yaxınlığına gətirmişdi. Artıq 28 aprel 2021-ci il tarix saat 02 radələri olardı və Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbin yaxınlığında Xəzərdən 2 saatlıq avtomobili sürmək üçün verməsini xahiş etmiş, lakin Xəzər avtomobili ona verməkdən imtina etmişdir. Xəzərin bu hərəkəti onun xoşuna gəlməmiş və avtomobildən düşüb Xəzərdən heç olmasa telefonu danışmaq üçün verməsini istəmişdir. Xəzər də oturduğu avtomobilin açıq pəncərəsindən “İphone 12 Pro Max” markalı mobil telefonunu könüllü olaraq ona vermiş və o telefonu götürüb zəng edib danışmağa başlamışdır. Həmin vaxt Aydın Xəzərin yanında oturmuş, 3-5 dəqiqə telefonla danışa-danışa uzaqlaşmağa başlamışdır və beləliklə Xəzərin gözündən yayınmışdır. Həmin vaxt tanışı Aydın da onun olmamasını görüb onun arxasınca çıxıb getmişdir, sonra məhəllə tərəfdə Aydınla görüşmüş və qərara almışlar ki, səhəri gün günorta görüşsünlər. Aydının onun törətdiyi əməldən xəbəri olmamışdır, onunla heç bir sövdələşmə olmamışdır. Səhəri gün Aydınla görüşmüş və telefonu satmaq barədə ona öz fikrini bildirşmişdir, lakin telefonun “İklodu” bağlı olduğu üçün çətinlik çəkmiş, qərara almışdır ki, telefonu özü bir müddət istifadə etsin. Qeyd etmişdir ki, əvvəllər də Xəzərdən avtomobilini sürmək üçün istəmiş, nəsə xahiş etmiş, lakin Xəzər onun heç bir xahişini yerinə yetirməmişdir. Xəzərin bütün belə hərəkətləri onda Xəzərə qarşı inciklik yaranmışdır. Həmin vaxt da bir nəfərlə görüşmək üçün təcili avtomobil lazım olmuş və yenə də avtomobili 1-2 saatlıq sürmək üçün istəməyinə baxmayaraq Xəzər onun xahişini yenə yerinə yetirməyib avtomobilini verməkdən imtina etdiyi üçün həmin vaxt Xəzərə qarşı narazılıq, inciklik yaranmışdır. Buna görə də həmin vaxt qərara almışdır ki, Xəzərin mobil telefonunu alıb getsin və qoy bundan sonra Xəzər ondan telefonun qaytarılmasını xahiş etsin. Bu məqsədlə telefonu danışmaq adı ilə götürüb Xəzərin onun arxasınca qışqırıqlarına məhəl qoymadan telefonu qaytarmadan çıxıb getmişdir. Öz adına olan 051 *** ** ** saylı nömrəni Aydından götürüb Xəzərin telefonunda istifadə etməyə başlamışdır. Telefonun üzərində olan Xəzərə məxsus nömrəni isə xatırlamadığı yerdə tullamış, Xəzər də zəng edib telefonunu istəmiş, telefonunun qaytarılmasını xahiş etmiş, o da hər dəfə qaytaracağını deyib vaxtı uzatmış, sonradan pul lazım olduğu üçün telefonu satmaq qərarına gəlmiş, lakin “İphone 12 Pro Max” markalı mobil telefonun “İ Cloud” proqramı olduğundan, bəzi proqramları kod tələb etdiyi üçün və o da həmin kodları bilmədiyi üçün telefonun satılması mümkün olmamışdır. Sonradan məlum oldu ki, Xəzər polisə şikayət etmiş və buna görə də yaşadığı evə getməmişdir. 2021-ci ilin iyun ayının ortalarında 26-cı PB-nin əməkdaşları Yasamal rayonu ərazisində onu görüb tutmaq istədikdə qaçmış və həmin vaxt arxa cibinə qoyduğu Xəzərə məxsus “İphone 12 Pro Max” markalı mobil telefon qaçarkən cibindən düşüb itmişdir. 02.07.2021-ci il tarixdə yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ailənin yeganə dolandıran şəxs olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, çoxdan tanıdığı Təqsirləndirilən şəxs 27 aprel 2021-ci il tarixdə saat 23 radələrində 051 *** ** ** saylı nömrədən zəng edib çayxanaya dəvət etmiş, çayxanaya gəldikdə Elnurun dostu Aydın da (070 329 13 13) orda olmuş, bir qədər söhbət etdikdən sonra evə gedəsi olmuş, həmin vaxt Elnur və Aydın da onları H.Cavid prospektində düşürtməyi xahiş etmişlər. 28 aprel 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbin yanına idarə etdiyi avtomobildə onları gətirmiş, həmin vaxt Elnur ondan 2 saatlıq maşını sürmək üçün istədikdə buna etiraz etmiş, bundan sonra arxada oturmuş Elnur maşından düşdükdə ona yaxınlaşdı, o özü masında sükan arxasında oturmuşdu, pəncərəsi açıq idi. Elnur ondan telefonu istədi ki, kiməsə zəng etmək üçün. Buna görə o özünə məxsus “İphone 12 Pro Max” markalı mobil telefonu könüllü olaraq Elnura verdi. Sonuncu telefonu götürüb hansısa nömrəyə zəng edərək danışmağa başladı. 4-5 dəqiqə keçəndən sonra o gördü ki, Elnur birdən birə yoxa çıxdı. Bunu görüb maşından çıxıb Elnuru səslədi, lakin cavab verən olmadı. Aydın isə maşından düşmüş Elnuru axtarmaqa getdiyini bəhanə edərək çıxıb getmişdir. Səhərisi gün onlara zəng etsə də Aydın zənglərinə cavab verməmiş, Elnur isə zənglərinə cavab verərək telefonu qaytaracağı barədə yalan vədlər verib sonradan zənglərinə cavab verməmişdir. Telefonunun qaytarılmasını tələb etməyinə baxmayaraq Elnur ona məhəl qoymamışdır. Bir neçə gün dəfələrlə Elnura olan israrlı tələblərinə baxmayaraq onun telefonunu qaytarmamışdır. Hətta Elnur həyasızcasına öz nömrəsini onun telefonuna salıb istifadə etmişdir. Artıq görmüşdür ki, o telefonu qaytarmayacaq, ona görə də 06 may 2021-ci il tarixdə polisə şikayət etmişdir. Əlavə olaraq məhkəmədə bildirmişdir ki, Aydını Elnurun vasitəsilə tanımış, onun ilə heç bir ədavəti olmamışdır. Hadisə zamanı ona qarşı hər hansı bir zor tətbiq etməmiş və xəsarət yetirməmişlər. Məhkəmədə suallara cavab olaraq bildirdi ki, ibtidai istintaqda verdiyi ifadə əsəbi olanda vermişdir, Elnurdan çox incikliyidi, artıq səmimi olaraq bildirir ki, Elnur ona məxsus telefonu onun əlindən dartmamış, o özü ona istifadə edib zəng eləmək üçün könüllü vermişdir. Bir neçə gün Elnurun onunla məzələnməyinə görə çox əsəbləşərək, polisə şikayət edib belə ifadə vermişdir. Hazırda Elnura qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir və sonuncu ilə barışmışdır. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödədiyini və ona qarşı şikayətin olmamasını bildirmişdir. Cinayət işinin 78-ci vərəqəsində olan 02 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 104-105-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 iyul 2021-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 19-20 və 29-35-ci vərəqələrində olan DİN BƏSİİ-yə verilmiş sorğuya 12 may 2021-ci il tarixli cavab arayışına və Yasamal rayon məhkəməsinin 04.11.2019-cu il tarixli hökmünün surətinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, belə ki, 04.11.2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.12.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 04.11.2019-cu il tarixli qərarı ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və onun üzərindən məhkumluğu götürülmüşdür. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş və hazırda ona qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxsin, məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mobil telefonunu aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş və nəticədə sonuncuya 4500 manat miqdarında ziyan vurmuşdur. Həmin əməl isə Azərbaycan Respublikasının CM-nin 178.1ci maddəsinin tərkibini yaradır. Halbuki ibtidai araşdırmanı aparmış orqan təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Lakin, məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs öz ifadəsində ona qarşı soyğunçuluq faktının olmadığını, Təqsirləndirilən şəxs ilə əvvəllər dost münasibətində olduğunu, özünə məxsus mobil telefonunu öz razılığı əsasında dostu Təqsirləndirilən şəxs verdiyini və sonradan sonuncu ilə əlaqə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla soyğunçuluq etməsinə dair ittiham irəli sürülməsinə baxmayaraq, onun bu əməli və ya ümumiyyətcə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş biri birindən mötəbər olan və təkzib olunmaz sübutlarla öz təsdiqini tapmamışdır. Göstərilənlərlə əlaqədar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı törətmiş olduğu əməli Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən 8-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəlməlidir. İzah edilsin ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından suiistifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Həmin qərarın 20-ci bəndinə əsasən təqsirkar şəxs tərəfindən aldatma və ya etibardan sui-istifadə etmə əmlaka əlçatanlığı təmin etmək məqsədi ilə tətbiq edildikdə və bu halı əmlakın mülkiyyətçisi və ya sahibi müəyyən etdikdən sonra da təqsirkar zərər çəkmiş şəxsin iradəsinə zidd olaraq əmlakın ələ keçirilməsi və ya onu özünün və ya digər şəxslərin sərəncamında saxlanılması üçün aşkar hərəkətlər etdikdə onun əməli bu hərəkətlərin xarakterindən və ictimai təhlükəliliyindən asılı olaraq soyğunçuluq və ya quldurluq kimi qiymətləndirilməlidir (məsələn, şəxsin mobil telefondan zəng etmək adı ilə onu mülkiyyətçidən və ya sahibindən götürməsi, zərərçəkmiş əmlakının geri qaytarılmasını tələb etdikdən dərhal sonra hadisə yerindən qaçması, yaxud da telefonu özündə saxlamaq məqsədi ilə zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməsi və ya belə zorakılıq tətbiq edəcəyi ilə hədələməsi). Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə istintaqı zamanı tətqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumat verməklə onun etibarından sui istifadə etməklə sonuncunun əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili K.B.Bağırova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili K.B.Bağırova məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün.İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-15/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-15/2022
17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver