Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-15/2023 24.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X8, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi və vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 və Bakı Şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə edərək özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək lizing yolu ilə avtomobil almaq üçün ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs2 Yəhya oğlunun inam və etibarından sui-istifadə edərək yalandan sonuncuya lizing yolu ilə avtomobil alınmasına, həmin avtomobilin kasko sığortası, DYP xərcləri və digər sənədləşdirmə işlərini həll edəcəyinə dair yalandan bildirib, əslində Zərərçəkmiş şəxs2 məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev, 41 ünvanında yerləşən "xxxx" ASC-nin Sənayə fililalından 26 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 tanışı Şahid2 vasitəsilə onun kart hesabına göndərdiyi 2.836 (iki min səkkiz yüz otuz altı) manat və 03 fevral 2021-ci il tarixdə özünün onun kart hesabına göndərdiyi 6.800 (altı min səkkiz yüz) manat olmaqla Zərərçəkmiş şəxs2 Yəhya oğluna məxsus ümumilikdə 9.636 (doqquz min altı yüz otuz altı) manat pulu ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək lizing yolu ilə avtomobil almaq üçün ona müraciət etmiş tanışı Zərərçəkmiş şəxs1 inam və etibarından sui-istifadə edərək yalandan sonuncuya lizing yolu ilə avtomobil alınmasına, həmin avtomobilin kasko sığortası, DYP xərcləri və digər sənədləşmə işlərini həll edəcəyinə yalandan bildirib, əslində Zərərçəkmiş şəxs1 məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə işlədiyi "xxxx" MMC-nin ünvan 3 ünvanda yerləşən inzibati binasının qarşısında Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə 2.300 (iki min üç yüz) manat, xx.xx.2021-ci il tarixdə 700 (yeddi yüz) manat, xx.xx.2021-ci il tarixdə 7.000 (yeddi min) manat, 26 fevral 2021-ci il tarixdə milli məzənnə ilə 4760 (dörd min yeddi yüz altmış) manat təşkil edən 2.800 (iki min səkkiz yüz) ABŞ dolları və 500 manat olmaqla Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 15.260 (on beş min iki yüz altmış) manat pulu ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2007-ci il tarixdən 2022-ci ilin fevral ayınadək «VİP» lizinq şirkətində hüquqşünas vəzifəsində işləmişdir. O həmin şirkətdə işləyən zaman Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. 2021-ci ilin fevral ayının əvvəllərində Ramil özünə məxsus olan «Lincoln» markalı avtomobili girov qoyub pul götürmək istədiyini bildirmişdir. Ramilin bu təklifinə cavab olaraq o, həmin əməliyyatı özünün işlədiyi lizing şirkətində həyata keçirərək Ramilə 12000 manat pul veriləcəyini bildirmişdir. Lakin Ramil onun təklif etdiyi məbləğlə razılaşmamış, bu zaman o Ramilə başqa lizinq şirkətlərində tanışlarının olduğunu bildirib həmin şəxslərə pul vermək şərti ilə onların vasitəsi ilə avtomobilin tam məbləğində pulunun çıxarılacağını təşkil edə biləcəyini bildirmiş, Ramil isə onun bu təklifi ilə razılaşmışdır. Bundan sonra o Ramildən xx.xx.2021-ci il tarixdə işlədiyi Yasamal rayonu K.Kazımzadə küçəsində yerləşən "VİP lizing" şirkətinin qarşısında 2300 manat, xx.xx.2021-ci il tarixdə 700 manat və elə həmin gün əlavə olaraq 6800 manat ümumilikdə 9800 manat pul almışdır. Ramildən pulu aldıqdan sonra bir neçə lizing şirkətində işləyən tanışlarına zəng vurub Ramilin işi ilə maraqlansa da heç kimdən müsbət cavab almamış və ondan aldığı pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs2 Yəhya oğlunu Şahid2 vasitəsi ilə tanımışdır. 2021-ci ilin yanvar ayında Nurlan ona zəng vuraraq tanışı Mahmud lizing yolu ilə avtomobil almaq istədiyini bildirmiş və Nuralanın bu təklifinə cavab olaraq o istədiyi avtomobili almaqda köməklik göstərəcəyini bildirdirmişdir. xx.xx.2021-ci il tarixdə o, Nurlan və Mahmud ilə Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən “VTB” bankın qarşısında görüşmüşdür. Görüş zamanı o, Nurlan və Mahmud işlərin başlanması üçün, yəni sığorta müqaviləsi, dövlət qeydiyyat nişanı və avtomobilə GPS sisteminin qoşulması üçün ilkin olaraq ödəniş lazım olduğunu bildirmiş və bunun üçün 2836 manat istəmiş, Nurlan isə ona Mahmudun yanında ona həmin məbləğdə pulu vermişdir. xx.xx.2021-ci il tarixdə o, Mahmud ilə yenidən eyni ünvanda görüşmüş, ondan almaq istədiyi avtomobilin ilkin ödənişi kimi 4000 ABŞ dolları pulu almışdır. Ramil və Nurlandan aldığı pulları o şəxsi ehtiyacları üçün xərcləmişdir. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onunla barışmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, özünə məxsus "Lincoln" markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq şirkətinə girov qoyaraq müəyyən miqdarda pul götürmək məqsədi ilə ünvan 4 ünvanda yerləşən "VİP lizinq" şirkətinə müraciət etmişdir. Həmin şirkətin hüquqşünası olan Təqsirləndirilən şəxs qarşılamış və onun müraciətilə məşğul olacağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə Elmirlə həmin lizinq şirkətinin qarşısında görüşmüş və Elmir ondan "kasko" sığortası üçün 2.300 manat, xx.xx.2021-ci il tarixdə isə DYP-nin dövlət rüsumu adı ilə 700 manat pul almışdır. Bundan əlavə xx.xx.2021-ci il tarixdə isə Elmir ondan 7.000 manat pul alaraq həmin məbləğin 2 saat ərzində bank hesabına köçürüləcəyini bildirmişdir. Bundan əlavə xx.xx.2021-ci il tarixdə şirkətin qarşısında Elmir ondan əlavə olaraq 2.800 ABŞ dolları və 500 manat pul almışdır. Həmin tarixdə özünə məxsus "Hyundai-Sonata" markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək qayınatası Şahid1 yaşadığı Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi-2, 3 saylı binanın qarşısında öz xətti ilə qəbz yazaraq ondan aldığı pulları qeyd etmiş və onun xx.xx.2021-ci il tarixdə 29.000 manat pulu lizinq müqaviləsi ilə alacağını bildirmişdir. Həmin tarixdən etibarən Elmirin istifadəsində olan mobil telefon nömrəsinə zəng çatmamış, o, Elmirin işlədiyi lizinq şirkətinə gedərək şirkətin müdiri ilə danışmışdır. Lakin həmin şəxs ona avtomobillə bağlı lizinq şirkətində heç bir sənədləşmə aparılmadığını bildirmişdir. Yekun olaraq o, Elmirin ondan ümumilikdə 15.267 manat pul aldığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs2 Yəhya oğlu ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 111-112-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəlində özünə avtomobil almaq istədiyi üçün bu barədə dostu Nurlana demiş, Nurlan isə ona "VİP" lizinq şirkətində tanışı Elmir adlı şəxsin olduğunu və bununla bağlı ona kömək edə biləcəyini bildirmişdir. Bundan sonra o, dostu Nurlanın vasitəsilə həmin şirkətdə işləyən Təqsirləndirilən şəxsla tanış olmuşdur. 2021-ci ilin yanvar ayında Nurlan ona zəng edərək bildirmişdir ki, alacağı "Chevrolet Camaro" markalı avtomobili lizinq müqaviləsinə daxil etməzdən əvvəl "GPS" sisteminin quraşdırılması üçün 3.100 manat pul lazımdır. Həmin vaxtı onda şübhə yarandığı üçün Nurlana pulu özünün ödəməsini bildirmişdir. Nurlan pulu ödədikdən 1 gün sonra Elmirlə metronun "Elmlər Akademiyası"nın yaxınlığında yerləşən "BTB" bankın qarşısında görüşmüşlər. Təqsirləndirilən şəxs avtomobilə baxdıqdan sonra ilkin ödəniş kimi 6.800 manat pul ödəməli olduğunu bildirmişdir. Bundan sonra o, xx.xx.2021-ci il tarixdə 4.000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs "Bank BTB"-də olan bank hesabına köçürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin sahibi ilə birlikdə onu bir neçə dəfə bankın qarşısına çağırsa da görüşə gəlməmişdir. Təqsirləndirilən şəxsla əlaqə saxlayıb pulunu qaytarmağını tələb etdikdə ona "WhatsApp" vasitəsilə ismarıclar yazıb evinin və çıxarışının şəklini göndərərək, evini satacağını və pulunu ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "Rent a car" avtomobil icarə şirkətinin rəhbəri vəzifəsində çalışır. 2021-ci ilin yanvar ayında dostu Mahmud ona özünə avtomobil almaq istədiyini bildirmiş, o isə "VİP" lizinq şirkətində Elmir adlı tanışının ona kömək edə biləcəyini Mahmuda demişdir. 2021-ci ilin yanvar ayında "Elmlər Akademiya" metrostansiyasının yaxınlığında Mahmudla birlikdə Elmirlə görüşmüşdür. X22 alacağı "Chevrolet Camaro" markalı avtomobili lizinq müqaviləsinə daxil etməzdən əvvəl avtomobilə "GPS" sisteminin quraşdırılması, sığorta olunması və avtomobilə dövlət qeydiyyat nişanı alınması üçün pul lazım olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixdə Mahmudun üzərində pul olmadığı üçün o, 2836 manat pulu Təqsirləndirilən şəxs "Bank BTB"-də olan hesabına pul köçürmüşdür. Sonradan Təqsirləndirilən şəxs Mahmuddan ilkin ödəniş qismində 4.000 ABŞ dolları, yəni 6.800 manat pul aldığını bildirmişdir. Həmin vaxtdan etibarən Elmir zənglərə cavab verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun kürəkənidir. Zərərçəkmiş şəxs1 şəxsi işləri ilə əlaqədar olaraq pula ehtiyacı olduğundan, özünə məxsus **-DE-*** dövlət qeydiyyat nişanlı “Lincoln” markalı avtomaşını lizing girovuna qoyub pul götürmək qərarına gəlmişdir. Bunun üçün ünvan 5 ünvanda yerləşən “Vip lizinq” şirkətində hüquqşünas işləyən Təqsirləndirilən şəxs müraciət edərək avtomaşını lizinqə salıb pul götürmək istədiyini demişdir. Elmir iş yerinin giriş qapısının qarşısında Ramillə görüşüb həmin məsələni həll edəcəyini bildirmişdir. Bundan sonra Elmir 14 fevral 2021-ci il tarixdə iş yerinin qarşısında maşının kasko sığortası üçün 2300 manat, 15 fevral 2021-ci il tarixdə DYP xərcləri üçün 700 manat, 17 fevral 2021-ci il tarixdə isə əlavə olaraq 7000 manat pul alıb, həmin pulun iki saata bank vasitəsi ilə qaytarılacağını demişdir. Daha sonra Elmir 26 fevral 2021-ci il tarixdə yenə həmin ünvanda 2800 ABŞ dolları və 500 manat pulu onun iştirakı ilə almışdır. Elmir Ramildən ümumilikdə 15260 manat pul almışdır. Bundan sonra Elmir idarə etdiyi ağ rəngli “Hyundai-Sonata” markalı **-TU-*** dövlət nömrə nişanlı avtomaşını ilə onun yaşadığı ünvan 6 ünvanın həyətinə gəlib, orada öz xətti ilə bir vərəqə aldığı pullar barədə etirafedici əlyazma yazıb 01 mart 2021-ci il tarixdə 29000 manat pulu lizinq müqaviləsi ilə alacağını, ondan əlavə sonuncu dəfə aldığı 2800 ABŞ dolları və 500 manat pulu ayrıca qaytararaq girov saxladığı maşınını geri götürəcəyini bildirmişdir. Lakin Elmir verdiyi vədlərə əməl etməmişdir. Daha sonra isə Elmir onun və Ramilin telefon zənglərinə cavab verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2015-ci ilin yanvar ayından ünvan 7 ünvanda yerləşən "xxxx" QSC-nin problemli kreditlər şöbəsinin rəhbəri vəzifəsində işləyir. O, Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən "Azər Türk" bankında işlə bağlı olan zaman təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Elmir ona özünün ünvan 8 ünvanda yerləşən "xxxx" MMC-e şirkətində hüquqşünas işlədiyini bildirmişdir. Təxminən 2021-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ona aşağı faizlə avtomobilinə lizing kreditinin əldə olunması barədə müraciət etmişdir. O, isə Zərərçəkmiş şəxs1 köməklik etmək məqsədi ilə Təqsirləndirilən şəxs işlədiyi "xxxx" MMC-e şirkətində faizlərin daha aşağı olmasını bildirərək onunla əlaqə saxlayıb görüşməsini tövsiyə etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 özü Elmirin işlədiyi "xxxx" MMC-e şirkətinə gedərək orada Elmirlə görüşmüş və ona avtomobilinin həmin şirəktindən götürməsi ilə bağlı müraciət etmişdir. Lakin o, sonradan Zərərçəkmiş şəxs1 aldığı məlumata görə Təqsirləndirilən şəxs tərəfindən ondan ümumilikdə hissəhissə olmaqla 15.267 manat məbləğində pul almış, lakin verdiyi vədi yerinə yetirməmişdir. Bununla bağlı o, Zərərçəkmiş şəxs1la birlikdə 2021-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs işlədiyi ünvan 8 ünvanda yerləşən "xxxx" MMC-e şirkətinə getmiş və həmin şirəktin rəhbəri Həsən adlı şəxslə görüşərək və ona bu barədə məlumat verdikdən sonra həmin şirkətin rəhbəri Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs verdiyi 15.267 manat məbləğinin həmin şirkətə ödənilməsi barədə heç bir rəsmi qəbz olmadığını bildirmişdir. Bundan sonra həmin şirkətin rəhbəri Həsən adlı şəxs Təqsirləndirilən şəxs öz otağına dəvət etmiş və onların yanında Ramildən aldığı pulla bağlı sorğu-sual edərək və bu zaman Elmir cavab verə bilməmiş, onlar artıq başa düşmüşlər ki, Elmir həmin pulları ələ keçirmişdir. Bundan sonra şirkətin rəhbəri Elmirə Ramilin pullarını qaytarması barədə göstəriş vermişdir. Buna baxmayaraq Elmir Ramildən aldığı pulları qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ƏN-Vİİ 587438 nömrəli etihbarnamədən görünür ki, “Lincoln MK X” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil X9 tərəfindən Zərərçəkmiş şəxs1 etibar edilmişdir. (i.v. 11) Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, O X7 Raminə məxsus “Lincoln” avtomobilini lizinqə salmaq üçün nağd olaraq 10000 manat vəsait Ramindən almışdır (2300 manat xx.xx.2021-ci il tarixdə, 700 manat xx.xx.2021-ci il tarixdə, 7000 manat isə xx.xx.2021-ci il tarixdə). 10000 manatdan əlavə olaraq 2800 ABŞ dolları və 500 manat xx.xx.2021-ci il tarixdə Ramindən almışdır. (Borc olaraq almışdır). xx.xx.2021-ci il tarixində toplam yuxarıda göstərilən məbləğləri geri qaytarmağa söz vermişdir. İstifadəsində olan “Hyundai Sonata” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Raminə özü könüllü olaraq vermişdir ki, 15267 manatı ödədikdən sonra avtomobilini geri alacaq. xx.xx.2021-ci il tarixdə tam olaraq məbləği ödəyəcəyinə söz vermişdir. (i.v. 17) AC 326920 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Sonata” markalı 90TU920 dövlət qeydiyyat nişnalı avtomobil X2 məxsusdur. (i.v. 31) ƏN-İ 774418 nömrəli etibarnamədən görünür ki, X4 tərəfindən 90TU920 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə etibar edilmişdir. (i.v. 33) "xxxx" MMC tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli nəqliyyat vasitəsi üçün yol vərəqəsindən görünür ki, “Hyundai Sonata” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün Təqsirləndirilən şəxs verilmişdir. (i.v. 34) X14 tərəfindən verilmiş qəbzdən görünür ki, 26 aprel 2021-ci il tarixdə Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X19 Nəsibov tərəfindən ona vurulmuş 15276 manat maddi ziyandan 1000 manatını qəbul etmişdir. (i.v. 47) "xxxx" ASC-nin 26 yanvar 2021-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İbadullayev Nurlan tərəfindən 2836 manat Təqsirləndirilən şəxs hesabına ödənilmişdir. (i.v. 66) xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Leasing MMC-də hüquqşünas vəzifəsində işləyir. (i.v. 69) Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (i.v. 258-260) Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (i.v. 261-263) Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (i.v. 264-266) İstintaq zamanı hadisə yerinə Zərərçəkmiş şəxs1 iştirakı ilə xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək olan müddət ərizində hissə-hissə olmaqla Təqsirləndirilən şəxs tərəfindən ondan ünvan 5 ünvanda yerləşən "VİP" lizinq şirkətinin qarşısında, ümumilikdə 15.267 manat pulları ələ keçirdiyi yeri əyani olaraq göstərməklə baxış protokolu tərtib edilmiş və fotoşəkil çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 254-257) X14 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 15267 manat zərərdən 18 may 2022-ci il tarixdə 400 manat ödəmişdir. (i.v. 267) Zərərçəkmiş şəxs2 Yəhya oğlu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 2836 manat və 4000 ABŞ dolları ziyandan 2150 manat ödəmişdir. (i.v. 268) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş qəbzdən görünür ki, o 14 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 1000 manat almışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X5 xeyrinə 300 manat ödənilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X5 xeyrinə 1700 manat ödənilmişdir. “Emanat” ödəniş terminalı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X5 xeyrinə 500 manat ödənilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X5 xeyrinə 500 manat ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs qismən etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bildiyini göstərsə də, məhkəmə bu ifadələrə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi dedikdə, həmn əməlin CM-nin 308-ci maddəsində göstərilən vəzifəli şəxslərlə yanaşı vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə edilməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğna görə həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və 34-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müsəqil qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Axtarışda olan şəxsin tutulması barədə” 24 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılmışdır. (i.v. 116) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 4(004)- 697/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimat təmin edilməmişdir. (i.v. 153-157) “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 noyabr 2021-ci il tarixli qərardan görünür ki, X18 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 158-159) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq olunmuş cinayət işi üzrə icraata xx.xx.2018-ci il tarixdə Cinayət Prosessual Məcəllənin 40.2.3-cü maddəsinə əsasən xitam verilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən edilmişdir. (i.v. 172-173) “Axtarışda olan şəxsin tutulması barədə” 19 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılmışdır. (i.v. 179) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 mart 2022-ci il tarixli 4(004)-239/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 mart 2022-ci il tarixdən hesablanmaqla 01 (bir) ay 19 (on doqquz) gün müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. (i.v. 192-193) Bakı Apellyasiya Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 4(103)-178/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 01 ay 19 gün (bir ay on doqquz gün) müddətinə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 198-203) AZ-İİİ 596722 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X10 atası Təqsirləndirilən şəxsdur. (i.v. 230) AZ-İİİ 998781 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X11 atası Təqsirləndirilən şəxsdur. (i.v. 230) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 1(004)- 15/2023 nömrəli qərarına əsasən xx.xx.1985-ci ildə Yevlax rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, ünvan 10 ünvanda yaşayan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı İstintaq Təcridxanasının 23 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Nəsibov X15 RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Zərərçəkmiş şəxs2 Yəhya oğlu tərəfindən verilmiş notarial ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də ona qarşı heç bir iddia və tələbi olmayacaq. Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Müdafiəçi2 tərəfindən verilmiş notarial ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 dəymiş ziyan tam şəkildə ödənilmişdir, onunla barışmışdırlar. Ona qarşı hər hansı bir iddia və tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, iki azyaşlı uşağının olmasını, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyərək öz qulluq mövqeyindən istifadə edərək hazırki cinayət əməlini törətməsini nəzərə alaraq hesab edir ki, ona CM-nın 46.2-ci maddəsinə əsasən əsas cəzadan əlavə olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növündə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 24 noyabr 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək olan 02 (iki) gün, 19 mart 2022-ci il tarixdən 25 yanvar 2023-cü il tarixədək olan 10 (on) ay, 06 (altı) gün və 16 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixədək olan 08 (səkkiz) gün, cəmi 10 (on) ay, 16 (on altı) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 09 (doqquz) ay 02 (iki) gün hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Müdafiəçi2 tərəfindən verilmiş notarial ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 dəymiş ziyan tam şəkildə ödənilmişdir, onunla barışmışdırlar. Ona qarşı hər hansı bir iddia və tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 44, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 24 noyabr 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək olan 02 (iki) gün, 19 mart 2022-ci il tarixdən 25 yanvar 2023-cü il tarixədək olan 10 (on) ay, 06 (altı) gün və 16 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixədək olan 08 (səkkiz) gün, cəmi 10 (on) ay, 16 (on altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 01 (bir) il 09 (doqquz) ay 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-15/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-15/2023
24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver