Məhkəmə qərarları › İş №1(004)-151/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-151/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-151/2024 01.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Hacıqabul şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində”həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 06 oktyabr 2023-cü il tarixdə saat 12:00 radələrində Bakı şəhəri Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,565 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 06 oktyabr 2023-cü il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanının qarşısında Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasına gətirilmiş, şöbənin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,565 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 06 oktyabr 2023-cü il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanının qarşısında olan zaman olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları kimi təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə məlumat almışlar və oğurluq etməkdə şübhəli bilindiyi üçün, barmaq izlərini götürmək məqsədi ilə onu polis şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamış, lakin polis əməkdaşları ona psixotrop maddə olan metamfetamin verərək videoçəkiliş zamanı üzərindən çıxardaraq ona məxsusmuş kimi polis əməkdaşlarına təqdim etməsini tələb etmişlər. Bunu etmədiyi halda isə ona daha cox çəkidə narkotik vasitə verib narkotik vasitələrin satışı ilə sənədləşdirəcəklərini bildirmişlər. O isə qorxduğu üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş, polis əməkdaşları təfərindən ona təqdim olunmuş psixotrop maddəni cibinə qoymuşdur. Daha sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən daha əvvəl polis əməkdaşları tərəfindən ona təqdim edilmiş, bir ədəd bükülünü masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən verilən suallara daha əvvəl onlar tərəfindən ona tapşırılan şəkildə cavab olaraq o bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin var, həmin heroini 06 oktyabr 2023-cü il tarixdə “Şamaxinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları onun təqdim etdiyi psixotrop maddə olan metamfetamini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərmişdir ki, o 29-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin daşıması və istifadə etməsi barədə Yasamal RPİ-nin 29-cu PŞ-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 06 oktyabr 2023-cü il tarixdə o, və həmin şöbənin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 06 oktyabr 2023-cü il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanının qarşısında olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gətməli olduğunu bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs onlarla razılaşaraq birlikdə 29-cu PŞ-nə gəlmiş və orada xidməti otaqların birində video çəkiliş keçirməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Bundan sonra Rövşən təklifə əsasən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü könüllü оlаrаq çıхаrıb pоlis əməkdаşlаrınа təqdim еtmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükülünün icərisinə psixotrop maddə olan metamfetamin var. Həmin metamfetamini həmin gün Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 85-87-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. xx.xx.2023-cü il tarixdə xx.xx.1990-cı ildə ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5 yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur və buna görə də ondan və digər əməkdaş Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə rəisi polis mayoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və digər əməkdaş birlikdə məlumat əsasında 06 oktyabr 2023-cü il tarixdə saat 15:00 radələrində ünvan 6 ünvanının yaxınlığında əməliyyat mövqeyi seçmişdirlər. Həmin gün yəni 06 oktyabr 2023-cü il tarixdə saat 18:00 dəqiqədə onlar Təqsirləndirilən şəxs orada olmasını və özünü şübhəli apardığını görüb, ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olması barədə məlumat aldığlarını bildirib baxış keçirilməsi üçün onun onlarla birlikdə getməsini bildirmişdirlər. O, onlara etiraz etmədən onlarla birlikdə Yasamal rayon Polis İdarəsininin 29-cu PŞ-nə gəlmişdir. Şöbədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin xx.xx.1990-cı il tarixində Hacıqabul şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Hacıqabul şəhəri, H.Aslanov küçəsi ev 1, mənzil 1 ünvanında qeydiyyatda olan və ünvan 5 yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Həmin şəxs bölmədə xidməti iş otaqlarının birinə dəvət edilmişdir. Həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquq və vəzifələri izah olunmuşdur və bundan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirləcəyi bildirilmişdir. Bundan sonra video çəkilişdən istifadə edilməklə ilkin olaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükülünü könüllü olaraq təqdim etmişdir. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin büküm açıldıqda içərisindən ağ rəngli, kristalşəkilli metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2023-cü il tarixdə saat təxminən 12:00 radələrində üzdən tanıdığı lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə sübut əhəmiyyət kəsb etdiyindən və müvafiq ekspertizanın keçirilməsi üçün təhqiqatçı tərəfindən götürülmüşdir zərfə qoyulmuşdur, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənərək götürülmüşdir. Bundan tərtib edilmiş protokol iştirakçılar və tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,565 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olduğunu bildirib, bükümü təhqiqat orqanlarına təhvil vermişdir. Həmin 01 ədəd bükümdə psixotrop maddə metamfetamini o, 06 oktyabr 2023-cü il tarixdə saat 12:00 radələrində Bakı şəhəri Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat məbləğinə aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq 06 oktyabr 2023-cü il tarixdə saat 18:00 radələrində X.Mustafayev küçəsi 152 ünvanının qarşısında saxlandığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş büküm qablaşdırılaraq möhürlənmişdir. (i.v. 33-34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 07 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5241 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs götürülmüş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,565 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı-İ) daxildir. (i.v. 41-45) “Diskə baxış keçirilməsi barədə” 08 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,565 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olduğunu bildirib, bükümü təhqiqat orqanlarına təhvil vermişdir. Həmin 01 ədəd bükümdə psixotrop maddə metamfetamini o, 06 oktyabr 2023-cü il tarixdə saat 12:00 radələrində Bakı şəhəri Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat məbləğinə aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq 06 oktyabr 2023-cü il tarixdə saat 18:00 radələrində X.Mustafayev küçəsi 152 ünvanının qarşısında saxlandığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş büküm qablaşdırılaraq möhürlənmişdir. (i.v. 67) “Maddi sübut kimi tanımaq haqqında” 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 0.565 qram narkotik maddə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfdə qalıq qalmış 0.515 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin məsul saxlanc yerinə təhvil verilmişdir. (i.v. 79) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 nəticələrinə dair 10 oktyabr 2023-cü il tarixli 6402 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 92-93) “Sübutların qiymətləndirilməsi haqqında” 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman keçirilmiş istintaq hərəkəti videoçəkiliş vasitəsi ilə həyala keçirilmiş və həmin videogörüntüləri özündə tam əks etdirən bir ədəd DVD diski protokola əlavə edilməklə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün iş üzrə maddi sübut hesab edilmiş, eyni zamanda iş materiallarına əlavə edilmişdir. (i.v. 95-100) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində psixotrop maddə metamfetamin olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetaminin təmiz çəkisi 0.565 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 06 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:10-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 22) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 08 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 72-73) “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 08 oktyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 74-75) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək hər ay qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. (i.v. 83-84) Hacıqabul rayon İcra Şöbəsinin 23 iyun 2016-cı il tarixli amnistiya aktının qəbul edilməsi barədə qərarına əsasən “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.5-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 05 iyun 2014-cü il tarixli hökmü ilə təyin olunmuş islah işləri cəzasından azad edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 1(004)-151/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il gtarixli 4(004)-138/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 14 fevral 2024-cü il tarixdə başlanmış ********* nömrəli cinayət işi üzrə barəsində 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2014-cü il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.515 qram çəkisi olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş materialların görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 1(004)-151/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində olan digər cinayət işi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)- 138/2024 nömrəli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində olan digər cinayət işi üzrə həbs edilmiş və bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə həbsetmənin əvvəli hökm elan edildiyi gündən hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmalı, 06 oktyabr 2023-cü il tarixdən 08 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalı (CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş psixotrop maddə metamfetaminin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 məhkəmədə iştirak etdiyi, 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat və Müdafiəçi3 məhkəmədə iştirak etdiyi, 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 06 oktyabr 2023-cü il tarixdən 08 oktyabr 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 01 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.515 qram olan psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 məhkəmədə iştirak etdiyi, 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat və Müdafiəçi3 məhkəmədə iştirak etdiyi, 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar