Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-152/2022 11.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 23 fevral 2022-ci il tarixdə saat 09.30 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında qardaşı Zərərçəkmiş şəxs ona tüfeyli həyat tərzi sürməsi ilə bağlı iradını bildirməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən onun sifət nahiyəsinə yumruqla vurub ona sağ yanaq nahiyəsinin qançır-hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, evə gec saatlarında gəldiyi üçün qardaşı Cavid onunla mübahisələr edirdi. O yaşda böyük olduğu üçün qardaşının ona bu cür iradını qəbul edə bilmirdi. 23.02.2022-ci il tarixdə birgə yaşadıqları ünvan 2 ünvanında olan zaman saat təxminən 09:30 radələrində qardaşı Cavid onun evə gec gəldiyi üçün öz iradını bildirdikdə aralarında mübahisə yaranmışdır. Cavidin ona cavab qaytarmasından əsəbləşib onun sifətinin sağ nahiyyəsindən əli ilə bir dəfə vurmuş və zərbənin təsirindən Cavid yerə yıxılmışdır.O isə dava-dalaşları böyüməsin deyə evdən çıxıb getmişdir. Münaqişə zamanı özü heç bir xəsarət almamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, hazırda zərərçəkmiş şəxs olan qardaşı Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs heç bir yerdə işləmir və tüfeyli həyat tərzi sürərək evə gecə saatlarında gəlir. Bu səbəbdəndə ailəsində narahatçılıq yaradır və dəfələrlə onlar arasında sözlə mübahisələr olub. 23.02.2022-ci il tarixdə saat 09:30 radələrində qardaşı Cəfərə onun bu cür həyat tərzi sürməsinə öz iradını bildirdikdə o, onunla mübahisə etməyə başlamış və mübahisə zamanı qəflətən sifətinin sağ nahiyyəsinə yumruqla bir dəfə zərbə ilə vuraraq ona xəsarət yetirmişdir. O zərbənin təsirindən yerə yıxılmış və Cəfər isə evdən çıxıb getmişdir. Cəfərin onu vurması nəticəsində sifətinin sağ nahiyyəsindən xəsarət almışdır. Hal-hazırda o Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində işin icraatına xitam verilməsinə etiraz etmir. Məhkəmə istintaqında tədqiq edilmiş 23 fevral 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək yüngül dərəcəli bədən xəsarəti yetirdiyi yer ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağıdır (cild 1, səh. 7-10). Məhkəmə istintaqında tədqiq edilmiş “İfadənin yerində yoxlanması barədə” 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs birgə yaşadıqları ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında 23. Fevral 2022-ci il tarixdə saat 09-30 radələrində döyərək yüngül dərəcəli bədən xəsarəti yetirmişdir (49-50). Məhkəmə istintaqında tədqiq edilmiş MTE və PA X7 Şəxsin Yasamal rayon şöbəsinin 23.02.2022-ci il tarixli 188 nömrəli rəyi ilə təsdiq olunmuşdur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-sağ yanaq nahiyəsinin qançır-hematoması küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 23.02.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir (cild 1, səh 16-18). Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ- nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 04.06.2010-cu ildə Yasamal rayon məhkəməsinin hökmü ilə AR CM-nin 178.1, 234.1 -ci maddəsi ilə 02 İL azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 28.07.2011-ci il tarixli qərarı ilə narkomaniyadan məcburi müalicə ləğv edilib, 02.09.2011-ci ildə Nərimanov rayon məhkəməsinin 01.09.2011-ci il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən cəzanın çəkilməmiş qalan hissəsi vaxtından əvvəl şərait azad olunub. 01,02.2016-cı ildə Yasamal rayon məhkəməsinin hökmü ilə AR CM-nin 234.1 -ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, 23.09.2016-cı ildə AR MM-nin 20.05.2016-cı il tarixli Amnistiya qərarının 2.6 bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilib (cild 1, səh. 65-66). Məhkəmə istintaqında tədqiq edilmiş Yasamal Rayon Məhkəməsinin 1(004)- 209/2010 saylı 04 iyun 2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etimə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsili bilinərək 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Barəsində Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzalar tamamilə toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq, 2 (iki) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin 1(004)-141/2016 saylı 01 fevral 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilnərək 01 (bir) ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, səh. 55-64). Məhkəmə istintaqında tədqiq edilmiş 56 saylı MKİS-nin 24.02.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 56 saylı MKİS-nə heç bir şikayət daxil olmayıb (cild 1, səh.54). Məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin 47 saylı 24.02.2022- ci il tarixli arayışına əsasən, Təqsirləndirilən şəxs Yasamal rayonu M.C.Məmmədzadə küçəsi 171 ünvanında atası X6, anası X1, bacısı X3, bacısı X2 və qardaşı Zərərçəkmiş şəxs qeydiyyatdadırlar (cild 1, səh. 53). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-152/2022 saylı, 05.03.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 05.03.2022-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-152/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-152/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver