Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-152/2024 12.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:10 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1975-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4-cü və 245-ci maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus qara rəngli velosipedi gizli talayarq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində ünvan 3 ünvanının qarşısında qapısı olmayan ağaclardan hasara alınmış bağçada saxlanılan Zərərçəkmiş şəxs2 məxsus qırmızı rəngli “İsma Folding 29” markalı velosipedi gizli talayaraq Zərərçəkmiş şəxs2 600 manat maddi ziyan vurmaqla təkrar törətməklə oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə evdə soyuducu xarab olmuşdur. Bu zaman soyuducunun mühərrikini götürüb ustaya aparmaq qərarına gəlmişdir. Həmin gün saat təxminən 15 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə piyada hərəkət edən zaman görmüşdür ki, məişət tullantılarının yanında kimsə qara rəngli velosiped saxlayıb. O, ətrafa baxmış və həmin velosipedin yanında heç kim olmadığını görmüşdür. O, həmin velosipedi oğurlamaq qərarına gəlmişdir. Bir neçə saniyə gözlədikdən sonra o, həmin velosipedə oturub onu sürərək oradan uzaqlaşmışdır. O, həmin velosipedi özünə sürmək üçün saxlamaq istəmişdir. Lakin xoşuna gəlmədiyindən həmin velosipedi başqa xatırlamadığı bir yerdə tullamışdır. Bundan başqa bildirmişdir ki, xx.xx.2023- cü il tarixdə saat təxminən 23 radələrində piyada hərəkət edən zaman Yasamal rayonu, Əhməd Cəmil küçəsində qapısı olmayan bir baxça görmüşdür. Həmin yerə daxil olduqda o, görmüşdür ki, orada bir ədəd qırmızı rəngli velosiped var. Həmin velosiped təzə imiş və onun çox xoşuna gəlmişdir. O, ətrafa baxmış və heç kim olmadığına əmin olduqdan sonra həmin velosipedidə sürərək oradan uzaqlaşmışdır. O, həmin velosipedi gizli olaraq yaşadığı evin həyətində gizlətmişdir. Fikirləşmişdir ki, evdən soruşsalar deyər ki, sürmək üçün təzə almışdır. Ertəsi gün o, həmin velosipedi sürərək evdən çıxmışdır. Bu zaman yolda onu polis əməkdaşları saxlamış və onu şöbəyə dəvət etmişlər. Şöbədə o, etdiyi oğurluqları səmimi danışmışdır. Daha sonra oğurladığı velosipedi polis əməkdaşlarına təhvil vermişdir. İfadəsinin sonunda əməlini səmimi etiraf edərək peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, “Wolt” şirkətində kuryer işləyirmiş. O, sifarişləri özünə məxsus velospiedlə çatdırırmış. 2023-cü il tarixdə saat 15:10 radələrində özünə məxsus olan velosipedlə ünvan 4 ünvanına sifariş gətirmişdir. O, velosipedi yolun qırağında məişət tullantılarının yeşiklərinin yanında saxlamış və sifarişi vermək üçün getmişdir. Təxminən 5-6 dəqiqə sonra o, geri qayıtdıqda ona məxsus velosipedin yerində olmadığını görmüşdür. O, bilmişdir ki, ona məxsus olan velosiped naməlum şəxs tərəfindən oğurlanmışdır. O, dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məlumat üçün bildirmişdir ki, ona məxsus olan velosiped çin istehsalıdır və hal-hazırda 200 manat qiyməti vardır. İfadəsinin sonundan bildirmişdir ki, oğurlanan velosiped ona geri qaytarılmamış və buna görə də təqsirləndirilən şəxsdən şikayətçidir, qanunvericiliyə uyğun cəzalandırılmasını xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, 7 (yeddi) aya yaxındır ki, ailəsiylə birlikdə kirayə yaşayır. Təxminən 5 (beş) aya yaxındır ki, kredit şərti ilə “İsma” markalı velosiped almışdır. Velosipedi yaşadığı binanın arxasında olan müvəqqəti otlardan hasara alınmış qapısı olmayan bağçada saxlayırmış. xx.xx.2023-cü il tarixdə saat 23:00-da velosipedini həmin bağçada saxlamışdır. Həmin yerin qapısı olmadığından lakin ağaclarla hasarlandığından və orada heç kim olmadığından o, həmişə velosipedi orada saxlayırmış. xx.xx.2023-cü il tarixdə saat 08:30-da o, çölə çıxmış və velosipedini yerində görməmişdir. Başa düşmüşdür ki, velosipedini naməlum şəxslər oradan oğurlayıblar. Baş vermiş hadisə zamanı ona 600 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyildir və ona dəymiş maddi ziyanın 600 manat hesablanmasını xahiş etmişdir. Həmçinin hadisə baş verən zaman velosipedin saxladığı yerdə heç bir qapı və hasar olmamışdır. Hadisə baş verdikdən sonra həmin yeri dəmir məftillərlə hasarlamış və qapı qoymuşdur. İfadəsinin sonunda bildirmişdir ki, istintaq zamanı oğurlanan velosiped ona geri qaytarılmış və bu səbəbdən təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/9414 saylı rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatıma təqdim edilən fotoşəkillərə əsasən 01 ədəd istifadə olunmuş, “İsma Folding 29” markalı velosipedin orta istisma müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzər qaydada təxminən 200,00 manat müəyyən edilir. (İ/V 118-120) Cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona dəymiş maddi ziyanın 600 manat olduğunu bildirmişdir. O, ərizə ilə müraciə edərək ona dəymiş maddi ziyanın ekspertiza rəyində göstərilən 200 manat qiyməti ilə yox, 600 manat kimi hesablanmasını xahiş etmişdir. Odur ki, yuxarıda gösərilənləri nəzərə alaraq Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan 600 manat hesab edilmişdir. (İ/V 122) İş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, bir nəfər şəxsin xx.xx.2023-cü il tarixdə 01 ədəd Çin istehsalı olan velosiepdini oğurlanması zamanı həmin şəxsin əlində torba ilə velosipedə tərəf getdiyini əks etdirən video olması müşahidə edilmişdir. (Təqsirləndirilən şəxs həmin şəxsin özü olmasını təsdiq etmişdir) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən gğrünür ki, Vahabov X3 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 177.2.1, 177.2.4, 245, 66.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İ/V. 97-111) “Sübutların qiymətləndirilməsi haqqında” 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, istintaq dövründə iş üzrə Təqsirləndirilən şəxs oğurluq hadisələri törətməsini əks etdirən 1 ədəd DVD disklər maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İsma Folding 29 ” markalı velosiped maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə geri qaytarılmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd çin istehsalı olan velosipedi müəyyən etmək olmadığından və iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirmək mümkün olmadığından ona dəymiş maddi ziyan 200 manat hesab edilmişdir. (İ/V. 127-131). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-710/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 89-91). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmünün surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 245-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasın çəkib qurtardıqdan 2 ildən az müddət keçdiyindən onun məhkumluğu ödənilməmiş hesab edilir. Azərbaycan Respubliaksı CM-nın 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. Belə ki, Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən isə şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə-məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs peşman olmasını, zərərçəkmişlərdən Zərərçəkmiş şəxs2 ondan şikayətçı olmaması halını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə qeyd edilən residiv halını cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd velosipedin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs oğurluq hadisələri törətməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 1(004)-645/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi 36 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd velosipedin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs oğurluq hadisələri törətməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-152/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-152/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver