Məhkəmə qərarları › İş №1(004)-153/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-153/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-153/2023 01.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə saat 10 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,715 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşımış, 21 aprel 2022-ci il tarixdə saat 12.30-da Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,715 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik maddələrin aludəçisidir və bədənində ağrılar olan zaman narkotik vasitə hesab edilən heroin qəbul edir. 21 aprel 2022-ci il tarixdə saat 10 radələrində Kubinka adlana əraziyə gedib orada tanımadığı şəxsə 20 manat pul ödəyərək şəxsi istifadəsi üçün bir ədəd ağ kağıza bükülmüş vəziyyətdə narkotik maddə hesab olunan heroin almışdır. Həmin narkotik maddəni bədənində ağrılar olan zaman istifadə etmək üçün əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə təxminən 12:30 radələrində ünvan 4 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin əldə olunması və istifadə edilməsində şübhəli olduğunu deyərək onu Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. O, razılaşaraq polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişdir. Orada xidməti otaqların birində, dəvət olunmuş müdafiəçinin və iştirakçıların iştirakları ilə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Həmin vaxt o, üzərində olan narkotik vasitəni könüllü olaraq çıxarıb polis əməkdaşına təqdim etmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitə ekspertizaya təqdim etmək üçün qablaşdırılmış, zərf və tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını və 2 uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, 21 aprel 2022-ci il tarixdə Yasamal RPİ-nin NMB-nə Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz olaraq əldə edib üzərində gəzdirməsi, istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün Yasamal RPİ-nin rəhbərliyinə raportla məruzə olunub, icazə alındıqdan sonra əməliyyat tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. 21 aprel 2022-ci il tarixdə saat 12.30-da keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə Yasamal RPİ-nə dəvət etmişlər və o, polis idarəsinə getməyə razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis idarəsinin xidməti otaqların birinə yerləşdirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı ağ kağıza bükülmüş bükümü təqdim edərək, həmin bükümün içərsində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin aşkar olunmuş kütlə içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 42 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri isə şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Həmin aşkar olunmuş maddə nədən ibarət olduğunu və haradan, nə məqsədlə əldə etdiyi sual edildikdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin maddəni 21 aprel 2022-ci il tarixdə saat 10 radələrində Nəsimi rayonu ərazisində Kubinka adlanan yerdə tanımadığı şəxsdən 20 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 22 aprel 2022-ci il tarixli 6/2282 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,715 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7207 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindən çıxarışa əsasən şəxsiyyətini xarakterizə edən məlumatlar kimi 2021-ci ildə 1 dəfə CM-nin 128-ci maddəsi ilə barəsində cinayət işi olub, iş üzrə icraata xitam verilib. xx.xx.2021-ci il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Bundan əlavə xx.xx.2022-ci il tarixdə Yasamal Rayon məhkəməsinin qərarı ilə İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. AZEMİS elektron məhkəmə sistemi məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü Zəhra Manafova, xx.xx.2018-ci il təvəllüdlü Əbülfəz Manafov adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını və 2 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 21 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun 23 aprel 2022-ci il -ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Yasamal RPİ tərəfindən tutularaq MSY-yə təhfil verilmiş, cinayət işi üzrə icraat təzələnmiş, sonradan xx.xx.2022-ci il tarixdə barəsində əvvəl seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmış və MSY-dən azad edilmişdir. Bununla da həmin müddətdə o, 02 gün həbsdə qalmışdır. Beləliklə o, ibtidai istintaq dövründə ümumilikdə 04 gün həbsdə olmuşdur. Bundan sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2023-cü il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 ay (yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 06 ay 26 gün (altı ay iyirmi altı gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 06 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,665 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar