Məhkəmə qərarları › İş №1(004)-154/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-154/2025

03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-154/2025 03.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X12 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də operator vəzifəsində işləyən, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuş, ünvan 2 kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Zərgər Palan küçəsində nömrəsiz mənzildə kirayə yaşayan və “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 148-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı Bakı şəhəri Yasamal rayonu, Zərgər Palan küçəsi nömrəsiz mənzildə olan zaman istifadəsində olan “Redmi” markalı “2201117TG” modelli mobil telefondan istifadə edərək internet informasiya ehtiyatı hesab olunan “Tik-Tok” sosial şəbəkəsində “@bbyvshbz” adlı özünə məxsus profillə videolara baxarkən ilk dəfə gördüyü və əvvəllər tanımadığı “@ms.jabbarova” adlı istifadəçinin şəxsi videolarını onun razılığı olmadan istifadə edib adını təhrif edərək saxtalaşdırmaqla “Tik- Tok” sosial şəbəkəsində xatırlamadığı elektron poçt ünvanı vasitəsi ilə soyadının qarşısında “_14” yazmaqla istifadəçi adını uyğunlaşdıraraq “@jabbarova_14” adlı saxta profil yaratmış, həmin profilin məlumat hissəsində və Ş. Cabbarovaya məxsus videoların mətn hissəsinin məzmununda onun şərəf və ləyaqətini ləkələyən, şəxsi nüfuzdan salan məlumatlar hesab olunan və həqiqətə uyğun olmayan tərəfindən, guya, müəyyən məbləğ müqabilində intim xidmət göstərməsi kimi məlumatlar yazıb internet informasiya ehtiyatında kütləvi nümayiş etdirərək xx.xx.2024-cü il tarixdən həmin ayın 12-dək olan müddət ərzində internet informasiya ehtiyatında saxta istifadəçi ad və profildən istifadə edərək dəfələrə Zərərçəkmiş şəxs şərəf və ləyaqətini nalayiq formada alçaldaraq təhqir etməklə barəsində həqiqətə uyğun olmayan yəni, müəyyən məbləğ müqabilində intim xidmət göstərməsi kimi məlumatları yaymaqla ona böhtan atmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 44 günlük Vətən müharibəsi iştirkaçısıdır. "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. "xxxx" MMC-nin Genclik metrostansiyasının yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsində operator işləyir. O, xx.xx.2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zərgər Palan küçəsində olarkən "Tik-Tok" sosial şəbəkəsindən pul qazanmaq barədə fikirləşmiş, həmin sosial şəbəkədə "bbyvshbz" adlı özünə məxsus profillə videolara baxarkən "ms.jabbarova" adlı istifadəçinin ilk dəfə videolarını görmüş, kim olmasını bilməmişdir. "ms.jabbarova" adlı istifadəçisinin videolarını yükləyib həmin gün "Tik-Tok" sosial şəbəkəsində "jabbarova_14" adı ilə xatırlamadığı elektron poçt ünvanı vasitəsilə qeydiyyatdan keçmiş, məqsədi həmin profil vasitəsilə pul qazanmaq olmuş, profili açdıqdan sonra bioqrafiya hissəsinə "səyfəmiz yenidi takib atıb dəstək olun görüş üçün dm” yazmışdır ki, diqqət cəlb etsin. Bundan sonra həmin səhifədə "ms.jabbarova" adlı istifadəçinin hesabından yüklədiyi 2 videonu "jabbarova_14" adlı istifadəçinin profilində paylaşıb "baki" və "rəy yazıb dm gəlin canlar" adlı başlıqlar yazmış, yazdıqdan sonra "ms jabbarova" adlı sosial şəbəkə istifadəçisinin videolarını da bəyənmiş, bundan sonra "ms jabbarova" adlı istifadəçi ona, yəni "jabbarova_14" adlı istifadəçiyə "fikirləşmirsən ki səni tapmaq çox sadədi" deyə yazmış, o isə həmin şəxsə "mözölənmə ə" deyə cavab vermişdir. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə də "ms.jabbarova" adlı istifadəçinin profilindən yüklədiyi 1 videonu "dm gəlin darıxıram qəhilərvar" başlığı ilə paylaşmış, bundan sonra ona, yəni "jabbarova.14" adlı istifadəçiyə "nur_can_balkon" adlı istifadəçi yazaraq 500 manat qarşılığında görüşmək istədiyini bildirmiş, o da həmin şəxsə istifadəsində olan, "xxxx" ASC-yə məxsus 4169 7385 6240 2838 nömrəli kart hesabını göndərmiş, həmin şəxs ona qeyd etdiyi kart hesabına guya 100 manat pul atması ilə bağlı ekran görüntüsü göndərmiş, o da həmin şəxsə ona pul gəlmədiyini sübut etmək üçün istifadəsində olan "Redmi" markalı, "2201117TG" modelli mobil telefonun "Birbank" tətbiqindən ekran görüntüsünü çəkib göndərmişdir. Bundan başqa tanımadığı başqa şəxs də onunla danışaraq görüşmək istədiyini bildirmiş, o da həmin şəxsə eyni qaydada özünə məxsus "xxxx" ASC-nin 4169 7385 6240 2838 nömrəli kart hesabını göndərmişdir. Həmin profil vasitəsilə cəmi 2 nəfərlə danışıq aparmış, lakin hər hansı məbləğdə pul vəsaiti almamışdır. xx.xx.2024-cü il tarixdə etdiyinin yalnış olduğunu başa düşüb həmin profili silmək qərarın gəlmiş və qeyd etdiyi tarixdə "Tik-Tok" sosial şəbəkəsində yaratdığı "jabbarova_14" adlı profili və adını xatırlamadığı elektron poçt ünvanını da silmişdir. Onun məqsədi "Tik-Tok" sosial şəbəkəsində "jabbarova_14" adlı profil yaradaraq "ms.jabbarova" adlı istifadəçinin profilində olan videoları paylaşaraq pul qazanmaq olmuşdur. "ms.jabbarova" adlı "Tik-Tok" sosial şəbəkə isitfadəçisinin kim olduğunu bilməmiş, həmin şəxsi tanımamışdır. "Tik-Tok" sosial şəbəkəsində "jabbarova_14" adı ilə o qeydiyyatdan keçmiş, həmin profillə paylaşılan bütün paylaşımları o paylaşmış və yazılan bütün mesajları da o yazmışdır. O, "Tik- Tok" sosial şəbəkəsində "jabbarova_14" adı ilə qeydiyyatdan keçəndə də, bütün paylaşımları (3 paylaşım) paylaşanda da və mesajları yazanda da yaşadığı evdə, yəni Bakı şəhəri, Yasamal rayonu, Zərgər Palan küçəsində olmuşdur. Etdiyi hərəkətin səhv olduğunu bilmiş, lakin saxta profil açaraq belə bir hərəkət etməyin cinayət məsuliyyətinə səbəb olacağını bilməmişdir. Əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "Tik-Tok" sosial şəbəkəsində "ms jabbarova" adlı profildən istifadə edir. Qeyd etdiyi profil "public", yəni hər kəsə açıqdır. Həmin profildə özünün şəkil və videolarını paylaşır. xx.xx.2024-cü il tarixdə günorta saat 2 radələrində yaşadığı mənzildə olarkən "Tik-Tok" sosial şəbəkəsində "jabbarova_14" adlı istifadəçinin "ms jabbarova" adlı, ona məxsus olan profildə olan paylaşımlarını bəyəndiyini görmüş, həmin profilə girib baxdıqda qeyd etdiyi istifadəçinin onun profilinde olan 3 videonu götürüb paylaşdığını və profilin bioqrafiya hissəsində "səyfəmiz yenidi takib atıb dəstək olun görüş üçün dm" deyə qeyd etdiyini görmüşdür. Qeyd etdiyi profil hər kəsə açıq olmuş, həmin profilin kim tərəfindən işlədilməsi barədə heç bir məlumatı yoxdur. O, xx.xx.2024-cü il tarixdə öz şəxsi profili ilə həmin istifadəçiyə "fikirləşmirsən ki səni tapmaq çox sadədi" deyə yazmış, qeyd etdiyi istifadəçi isə ona "mözölənmə ə" deyə cavab vermiş. bundan sonra xx.xx.2024-cü il tarixdə o, iş profili ilə ("nur_can_balkon") "jabbarova_14" adlı İstifadəçiyə görüşmək istədiyini yazaraq həmin şəxsin kim olmasını öyrənmək istəmiş, bir qədər yazışdıqdan sonra həmin şəxs ona 4169 7385 6240 2838 nömrəli kart hesabını göndərək görüşməyi üçün 400 manat pulu həmin karta atmalı olduğunu bildirmişdir. O, mobil telefonunda guya həmin karta 100 manat pul göndərməsi ilə bağlı bank çıxarışını fotoşop edərək həmin şəxsə göndərmiş, həmin şəxs isə ona mobil telefonunda "Birbank" tətbiqinin ekran görüntüsünün fotoşəklini ataraq heç bir məbləğdə pul vəsaitinin gəlmədiyini yazmış, həmin şəxslə yazışmalarının fotoşəkillərini araşdırmaya təqdim etmişdir. Həmin şəxs onun guya pul göndərməsinə aldanmamışdır. Dayısı qızı Ayten Quliyeva da xx.xx.2024-cü il tarixdə onun deməsi ilə saxta profillə həmin şəxslə yazışmış, qeyd etdiyi şəxs dayısı qızından da görüş üçün 500 manat pul istəyərək eyni kart nömrəsini (4169 7385 6240 2838) göndərmişdir. Sonradan öyrənmişdir ki, 4169 7385 6240 2838 nömrəli kart hesabı Neftçala rayon sakini Təqsirləndirilən şəxs məxsusdur. Qeyd etdiyi profilin Təqsirləndirilən şəxs tərəfindən açılıb- açılmaması barədə dəqiq məlumatı yoxdur, lakin bilir ki, həmin kart hesabı sonuncuya məxsusdur. Həmin profili işlədən şəxs ola bilsin ki, pul yığmaq məqsədilə onun adından profil açmış, xx.xx.2024-cü il tarixdə həmin profil silinmişdir. Həmin profilin istifadəçisi onun profilində olan videolardan birini götürüb arxa fonda başqa mahnı qoyaraq "qehilervarr" deyə yazmışdır. Onun heç bir şəxslə düşmənçiliyi və ya ədavəti yoxdur. Qeyd etdiyi profilin kim tərəfindən açılması barədə heç bir məlumatı yoxdur. Profildə paylaşılan videoları və yazışmaları CD diskdə araşdırmaya təqdim etmişdir. Yasamal rayon prokurorluğunda araşdırma zamanı ona Təqsirləndirilən şəxs ilə barışmaq hüququmun olması və bunun nəticəsində Təqsirləndirilən şəxs barəsində baraət verici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi izah edilmişdir. Lakin o, barışmaq istəməmiş və həmin şəxsin qanun qarşısında cavab verməsini və cəzalandırılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ona məxsus videoları nalayiq və təhqiredici sözlərdən ibarət başlıqlarda internet informasiya ehtiyatında paylaşması nəticəsində onun şərəf və ləyaqətini alçalmış, şəxsiyyətinə mənfi qiymət verilməklə barəsində həqiqətə uyğun olmayan məlumat yayılmışdır. Belə ki, o heç bir zaman pul qarşılğında intim xidmət göstərilməsi kimi əxlaqsız fəaliyyətlə məşğul olmamışdır. Qeyd edilən hadisəyə qədər "xxxx" MMC-də interyer-dizayner işləmişdir. Bu hadisə baş verdikdən sonra iş yerində müdriyyətlə münasibətləri pisləşmiş və o işdən çıxmışdır. Hazırda işsizdir. Həmçinin, bu hadisədən sonra nişanlı olduğu şəxslə münasibətləri pozulmuş və şəxsi münasibətlərində, həmçinin ailəsində məhz bu məsələ səbəbindən problemlər yaranmışdır. Təqsirləndirilən şəxs tərəfindən törədilən əməl, yəni ona böhtan atılması nəticəsində həm işgüzar nüfuzdan düşmüş, həm də şərəf və ləyaqəti alçalmışdır. Şikayətçidir, amma heç bir maddi tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə bibisi qızı Şahanə ona "TikTok" sosial şəbəkəsində "@jabbarova_14" adlı istifadəçinin özünə məxsus olan profildə olan paylaşımlarını bəyəndiyini və həmin profildə Zərərçəkmiş şəxs paylaşdığı 3 videonu onun razılığı olmadan yaratdığı saxta profildə paylaşdığını söyləmiş və bu hadisədən çox narahat olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs "Tik Tok" sosial şəbəkəsində "ms.jabbarova" adlı profilin istifadəçisidir və həmin profil açıq olduğu üçün paylaşılan video və şəkillər digər şəxslər görə bilmişdir. Yaradılan saxta profilin bioqrafiya hissəsində "səyfəmiz yenidi takib atıb dəstək olun görüş üçün dm" deyə qeyd edilmişdir. Bundan başqa paylaşılan Zərərçəkmiş şəxs məxsus videoların mətn hissəsində "dm gəliiin darıxıram #qəhilərvarr" "rəy yazıb dm gəlin canlar" kimi cümlələr yazılmışdır. Həmin profilin istifadəçisi Şahanənin profilində olan videolardan birini götürüb arxa fonda başqa mahnı qoyaraq "qehilervarr" deyə yazmış, paylaşılan videolara 500-600 nəfər sosial şəbəkə istifadəçisi baxmışdır. Bu əməli törədən şəxsin kim olduğu barədə məlumatları olmamışdır. Ona görədə onlar həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün xx.xx.2024-cü il tarixdə "TikTok" sosial şəbəkəsində başqa adda profil yaradaraq "@jabbarova_14" adlı istifadəçiyə yazmaq qərarına gəlmişlər. O, hazırda adını xatırlmadığım istfadəçi profillə "@jabbarova_14" adlı istifadəçiyə onu bəyəndiyini və onunla görüşmək istədiyni əks etdirən mesajlar yazmışdır. "@jabbarova_14" adlı istifadəçi isə 500 manat qarşılığında onunla görüşməyə razılıq vermişdir. O, ödənişi etmək üçün kart nömrəsini istəyən zaman 4169 7385 6240 2838 nömrəli kart hesabını göndərərək görüşmək üçün 500 manat pulu həmin karta atmalı olduğunu bildirmişdir. Həmin şəxs onun guya pul göndərməsinə aldanmayaraq, “öz kartımın kodunu sənə atacaq qədər xiyar deyildim əslində, yardım evinin kartını atmışam" deyə mesaj yazmışdr. Həmin kart nömrəsini götürdükdən sonra Şahanə onun kimə məxsus olmağını araşdırmağa başlamış və həmçinin sonuncu özü də başqa istifadəçi profillə "jabbarova_14" adlı istifadəçiyə yazmış və istifadəçi görüş üçün 400 manat pul istəyərək yuxarıda qeyd edilən kart nömrəsini atmışdır. Danışığı davam etdirmək üçün Şahanə ona mobil telefonunda guya həmin karta 100 manat pul göndərməsi ilə bağlı bank çıxarışını fotoşop edərək həmin şəxsə göndərmiş, həmin şəxs isə mobil telefonunda "Birbank" tətbiqinin ekran görüntüsünün fotoşəklini ataraq göndərərək heç bir məbləğdə pul vəsaitinin gəlmədiyini qeyd etmişdir. Şahanənin adına yaradılan saxta "jabbarova 14" adlı profil xx.xx.2024-cü il tarixdə silinmiş və sonradan həmin kart sahibi Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin şəxsi onlar tanımış və aralarında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs hansı məqsədlə bu əməli törətməsi barədə məlumatı olmamış, lakin, həmin əməl nəticəsində Şahanəyə mənəvi ziyan vurulmuş və iş kollektivində nüfuzdan düşmüşdür. Belə ki, hadisədən sonra Şahanənin şəxsi münasibətlərində problemlər yaranmış və nişanı qaytarılmışdır. Təqsirləndirilən şəxs X6 təqsirli olması zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X8 əvvəllər məhkum edilməmişdir. İş üzrə təyin edilmiş xx.xx.2024-cü il tarixli məhkəmə-linqvistik ekspertizasının təyin edilməsi barəsində qərar əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2024-cü il tarixli 3-16-16/2-4/1652 nömrəli rəyindən görünür ki X8 tərəfindən Zərərçəkmiş şəxs adından “TikTok” sosial şəbəkəsində yaradılmış “jabbarova_14” adlı saxta istifadəçi profilin informasiya hissəsində yerləşdirilməklə işlədilmiş “səyfəmiz yenidi takib atıb dəstək olun, görüş üçün dm” və videoların mətn hissəsində “dm gəliiin darıxıram #qəhilərvarr” “rəy yazıb dm gəlin canlar” kimi cümlələrdə məqsədli olaraq təhqiredici xarakterə malik aşağılayıcı, nalayiq məzmunlu sözlərdən, söz birləşmələrindən və ifadələrdən istifadə etmişdir. Materiallarda qeydə alınmış söz və ifadələr istifadəçinin adresata qarşı kəskin mənfi münasibətini ifadə edir, ona qarşı qərəzli davranışını ortaya çıxarır. İfadələrin işlənmə tərzi və ardıcıllığı istifadəçinin adresatı təhqir etmək niyyətini ortaya çıxarır. Tədqiqat materialının linqvistik təhlilindən görünür ki, ifadə olunanlar bütövlükdə yönəldiyi şəxsə açıqdan-açığa mənfi münasibət sərgiləmək yönündə ifadə olunmuşdur. Ekspertizaya təqdim edilmiş jabbarova_14" adlı "Tik-Tok" sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılan yazılar təhqiredici xarakerə malik söz və ifadələrdir. İş üzrə təyin edilmiş xx.xx.2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının təyin edilməsi barəsində qərar əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 3570 saylı ekspert rəyinə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu yoxlama materialı, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli törətdiyi zaman xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə psixiatrik ekspertizasından təqsirləndirilən şəxs qismində keçmədiyindən anlaqlı olub-olmaması sualı cavablandırılmır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə hazırda istintaq və prosessual hərəkətlərində iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Yoxlama materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Emosionallıq, nümayişkəranəlik, tez qərar vermək, ətrafdakıların diqqətini öz üzərinə çəkməyə meyillilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilmiş əməli törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı fizioloji affekt halında olmamışdır. İş üzrə təyin edilmiş xx.xx.2024-cü il tarixli əlavə ambulator məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi barəsində qərar əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 3713 saylı ekspert rəyinə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda her hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materiallan, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Ş.Ə. Babayevdə hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməl törədilərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdikdən sonra hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci, 21.3-cü və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırki dövrdə hər hansı psixi xestelik aşkar olunmur. Təqsirləndirilən şəxs psixi vəziyyəti hazırda onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə mane olmur. Nizami rayon prokurorluğunda tərtib edilmiş Zərərçəkmiş şəxs məxsus “Apple” markalı “İphone11” modelli mobil telefona baxış keçirilməsi haqqında 17 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Apple” markalı “İphone 11” modeilli mobil telefonun “TikTok” proqramında Ş. Cabbarovanın “ ms.jabbarova”, “nurcambalkon” və “lyamka. 990” adlı profillərdən istifadə etməsi və sonuncunun “nurcambalkon” profili ilə naməməlum profilə 09 sentyabr 2024-cü il tarixdə “gozal neciye gorusursen?”, “sabah goturum seni?”, “gozderin linzadi? Cox gozalsan” yazılmış mesaj göndərilməsi müəyyən edildi. Zərərçəkmiş şəxs hazırda həmin profilin silindiyi üçün “hesab bulunamadı” deyə yazıldığını, araşdırmaya təqdim etdiyi telefonun ekran görüntüsündən şəkilmiş şəkillərdən göründüyü kimi mesajların tərəfindən “jabbarova_14” adlı istifacəçiyə yazıldığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “CD” formatlı diskə baxış keçirilməsi haqqında 17 dekabr 2024-cü il tarixli protokola əsasən “TikTok” sosial şəbəkəsində “jabbarova_14” adı ilə yaradılmış profilin sahibini göstərən profil görüntüsünün qoyulmalı olduğu yerə Zərərçəkmiş şəxs üzünü əks etdirən şəkil yerləşdirilmiş, hesabın sahibi barədə olan məlumat hissəsində “səyfəmiz yenidi takib atıb dəstək olun, görüş üçün dm" sözləri yazılmış, həmin hesabda Zərərçəkmiş şəxs məxsus videolar paylaşılmış, həmin videoların mətn hissəsində "dm gəliiin darıxıram #qəhilərvarr" "rəy yazıb dm gəlin canlar" kimi cümlələr yazılmışdır. “TikTok” sosial şəbəkəsində naməlum profilə 09 sentyabr 2024cü il tarixdə “gozal neciye gorusursen?”, “sabah götürüm seni?”, “gozderin linzadi? Cox gozalsan” yazılmış mesaj göndərilməsi müəyyən edildi. Zərərçəkmiş şəxs hazırda həmin profilin silindiyi üçün “hesab bulunamadı” deyə yazıldığını, araşdırmaya təqdim etdiyi mobil telefonun ekran görüntüsündən çəkilmiş şəkillərdən göründüyü kimi mesajların tərəfindən “jabbarova_14” adlı istifadəçiyə yazıldığını bildirmişdir. X2 təqdim etdiyi “Apple” markalı “iPhone 11” modelli mobil telefonun ekran görüntüsündən çəkilmiş şəkillərdə “jabbarova_14” adlı istifadəçinin pul qarşılığında görüşməsini əks etdirən yazışmalarını olduğunu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli 3-28-29/2-24/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” PHŞnin xx.xx.2024-cü il tarixli 14439 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı çəkilən mərkəzdə qeydiyyatda olmamışdır. Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2024-ci il tarixli 5-16-1/82 nömrəli arayışından və həmin tarixli xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Neftçala rayon İcra Hakimiyyətinin xx.xx.2024-ci il tarixli 5-67/2-675/2024 nömrəli arayışından və həmin tarixli xasiyyətnamədən görünür ki, Babayev X7 rayonu, Qədimkənd kəndi ünvanında qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-63/2- 1069/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Neftçala RMX” PHŞ-nin poliklinika şöbəsində əsəb-ruhi kabinetində dispanser qeydiyyatında olmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus “mod.gov.az” adlı internet informasiya ehtiyatında “orden və medallar” adlı bölmədə əks olunuş Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” və Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına” medalı ilə təltif edilməsi haqqında” Sərəncamlarına əsasən və Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “ Vətən müharibəsi iştirakçısı” medalının vəsiqəsinin əks olunduğu fotoşəkillərə əsasən təqsirləndirilən şəxs "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri və cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokolları mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübut növü kimi qəbul edib hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun əməli CM-in 148-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinə əsasən CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub- olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub - olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində təsbit olunmuşdur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, «...mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, .qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series Ano. 103, p. 28/46). Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Beləliklə, məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin olunarkən aşağıdakılar da nəzərə alınmalıdır: CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, yaşayış üzrə müsbət xarakterizə olunmasını, 44 günlük Vətən müharibəsi iştirkaçısı olmaqla "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilməsini olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Belə ki, CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 148-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin: 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir.. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yaşının cox olması, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 148-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış "Redmi" markalı, "2201117TG" modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs təhvil verilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X5 və məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq dövründə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 saylı və Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 148-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Yasamal rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış "Redmi" markalı, "2201117TG" modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs təhvil verilsin. İş üzrə digər maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan - 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq dövründə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 saylı və Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesablarına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar