Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-155/2025 17.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, Əsgərova Təhminə Xeybər qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 və onun nümayəndəsi və vəkili – “Pro Bono” vəkil bürosunun vəkili Müdafiəçi3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 və onun müdafiəçisi Bakı şəhəri “24 saylı” vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 və onun nümayəndəsi Müdafiəçi3 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 və onun nümayəndəsi Müdafiəçi3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 3 il müddətində azadlıqdan məhrum etmə növündə cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Xüsusi ittihamçı kimi şikayət etməyinə səbəb olan hallar aşağıdakılardır. Belə ki, təqsirləndirilən şəxs qismində barəsində şikayət etdiyi X7 onun keçmiş nişanlısı İlhamın anasıdır. O, 2021 -ci ildə elçi gələrək onu oğlu İlhama istəmiş və ona nişan gətirmişdir. Lakin onların İlhamla nişanı çox uzun müddət çəkməmiş, münasibətləri pozulduğundan xx.xx.2021-ci il tarixində nişan qaytarılmışdır. Lakin buna baxmayaraq X2 barışmaq istədiyi barədə ona xəbər göndərir, o isə barışmaq istəmirdi. Onlar ayrılandan sonra uzun müddət idi ki, o, İlhamla nə görüşmüş, nə də danışmışdır, 2024-cü ilin mart ayında İlham onların məcburi köçkün kimi məskunlaşdığı X12 kompleksində Məzahir adlı şəxs tərəfindən bıçaq zərbəsi ilə öldürülür. İlhamın anası Xaliqə Əliyeva isə onun da bu cinayət əməlində əlinin olduğunu, cinayətkar Məzahirlə əlbir olaraq bu cinayəti törətməyini iddia etməyə və bununla bağlı istər yaşadığı yerdə, istərsə də ATV kanalında Zaur Baxşəliyevin aparıcılığı ilə efirdə kütləvi yayımlanan “Bizimləsən” televiziya verlişlərində geniş tamaşaçılar kütləsinə bəyan etmiş, bu cinayətdə onun əlinin olmasını, cinayətkarlarla əlbir olmağına baxmayaraq cəzasız qalmağını bildirmişdir. Hamıya məlumdur ki, Azərbaycan dövləti hüquqi dövlətdir və bu dövlətdə qanunlar işləyir, heç bir cinayətkar məsuliyyətdən kənarda qalmır, kimin cinayət barədə məlumatı varsa onu istintaq orqanlarına təqdim etməsi nəticəsində ədalətli araşdırma aparılaraq cinayət təqibi həyata keçirilir. Onun ittiham olunduğu qeyd olunan cinayət hadisəsi adam öldürülməsi ilə əlaqədar ağır cinayətdir, bu cinayətə görə cinayət işi açılmış, aidiyyəti istintaq orqanları tərəfindən araşdırma aparılmış və hazırda da, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı davam edir. Belə bir vəziyyətdə onun əməlində hansısa bir cinayət hadisəsi olsaydı əlbəttə ki, onun məsuliyyətə cəlb olunmağı artıq baş vermiş olardı, araşdırma aparılarkən onun da izahatı alınmış, istintaq yolu ilə bütün işin halları yoxlanılmış və ona qarşı istintaq və məhkəmə tərəfindən hər hansı bir cinayət təqibi irəli sürülməmişdir. Belə bir vəziyyətdə onu ağır cinayətdə ittiham etməsi və bu azmış kimi, televiziyaya çıxaraq geniş kütlə qarşısında ona Xaliqə Əliyeva tərəfindən ağır cinayət törədilməsində böhtan atılması həqiqətən onun bir gənc qız kimi gələcək həyatının ləkələnməsinə, nüfuzdan salınmağına, mənəvi dəyər olan şərəf və ləyaqətinin alçaldılmasına yönəlmiş qərəzli hərəkətlərdir. X9 hər hansı bir ona qarşı ittihamı varsa onu aidiyyəti üzrə cinayət təqibini həyata keçirən istintaq orqanlarına bildirməli və onların qərarlarından narazı qalacağı təqdirdə yuxarı orqanlara şikayət edə bilərdi. Hesab edir ki, onu bu formada ağır cinayətdə öz başından ittiham etməsi qanunsuzluqdur və bu əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. O, bir Azərbaycan qadını kimi heç bir təqsirli hərəkətə yol vermədiyi halda onu tanımadığı şəxslərlə guya sevgili münasibətlərində olmağını bildirmək, cəmiyyətin bərabər hüquqlu üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə yaraşmayan sözləri barəsində televiziya efirində işlətmək, ailə tərbiyəsi olmayan, pozğun şəxs kimi təqdim olunmağı, yaşadığı yerdə, ailəsində, qohumlar və tanışlar içərisində, işlədiyi kollektivdə, dostlarının əhatəsində onu gözdən salmağa yönəlmiş, şərəf və ləyaqətinin alçaldılmasıdır. Hörmətli məhkəmə, Xaliqə Əliyeva guya onun tanımadığı və heç bir ünsiyyətinin olmadığı, onun oğlu İlhamın qatili olan Məzahir və cinayət törədilməsi zamanı orada olmuş Nihadla yaxın sevgili münasibətlərində olmağını iddia edir və guya məhz buna görə Məzahir, Nihad ona görə, onunla əlbir olaraq onun övladı İlhamı öldürmüşdür və o, Məzahir kimi onların da cəzalanmağını istəyir. Bu iddiaları Xaliqə Əliyeva kütləvi yayımlanan Bizimləsən verlişində bildirir, yəni onun törətmədiyi bir cinayətdə onu ittiham edir, eləcə də, onun əxlaqi cəhətdən ailə tərbiyyəsi görməməyini bildirərək onun mənəvi dəyərlərinə toxunan, şərəf və ləyaqətini alçaldan hərəkətlər edir. Hörmətli məhkəmə, İlhamın qətlini o da qətiyyətlə pisləyir, barəsində bu ağılagəlməz ittihamların yalan olmasını dəfələrlə Xaliqə Əliyevaya bildirmiş, əvvəlcə onun övlad itirməsinə görə başa düşməyə çalışmış və onun bu hərəkətlərindən şikayət etməmiş, lakin buna baxmayaraq sonradan efirə çıxaraq geniş kütlə arasında onu cinayətdə ittiham etməsi və onun Azərbaycan qadını kimi mənəvi dəyərlərinə ləkə gətirərək özündən yaşca balaca Məzahirlə sevgili olmağını iddia etməsi və bu cinayəti də onun əli ilə törətməkdə onu ittiham etməsi onun bir qadın olaraq qərəzli şəkildə şərəf və ləyaqətini ləkələməsi qənaətinə gəlmiş, bundan sonra Xaliqə Əliyevanın onun tərəfindən törədilməyən cinayətdə təqsirli bilinməklə geniş auditoriya qarşısında ona böhtan atmasına hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq, onu oğlunun ölümündə ittiham edərək böhtan atan xx.xx.1977-ci il təvəllüdlü X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş (Böhtan) 147.1, 147.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 3 il müddətində azadlıqdan məhrum etmə növündə cəza ilə cəzalandırılmasına dair hökm çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X6 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək bildirmişdir ki, onun X3 oğlunun ölümü ilə heç bir şəkildə əlaqəsi olmamış, əgər əlaqəsi olsa idi istintaq oranı bunu araşdırıb onun barəsində də qanuna uyğun tədbir görülərdi. Təqsirləndirilən şəxslər bəllidir, onlar barəsində artıq məhkəmənin hökmü də mövcuddur. Bütün bunlara baxmayaraq X7 onun barəsində yaşadığı ərazidə və kütləvi informasiya vasitələrində - Bizimləsən verilişində həqiqətə uyğun olmayan sözlər danışaraq ona böhtan atır, guya onun da oğlu İlhamın qətlində əli olduğunu, təqsirləndirilən şəxs Məzahir ilə sevgili olduğunu, onunla əlbir olaraq İlhamın öldürülməsini planladığını iddia edərək onun cəmiyyətdəki nüfuzunu zədələyir, bir qadın kimi onun əxlaqi keyfiyyətləri barədə onun adına xələl gətirəcək sözlər işlədir, halbuki o, X3 oğlunun ölüm günü çəkdiyi videonu da istintaq orqanına təqdim edərək bir növ cinayətin üstünün açılmasında köməklik göstərmişdir. Göstərilənləri nəzərə alaraq X7 barəsində olan şikayətin məhkəmənin icraatına qəbul edilməsini və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X4 nümayəndəsi və vəkili Müdafiəçi3 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət hazırlanarkən Azərbaycan Respublikasının CPM-nin tələbləri pozulmayıb. Hüquqlarını müdafiə etdiyi şəxs mövzu ətrafında ətraflı çıxış edərək məsələnin mahiyyətini diqqətə çatdırdı. X3 ATV kanalında yayımlanan Bizimləsən verilişində hüquqlarını müdafiə etdiyi şəxs X6 barəsində həqiqətən də heç bir fakta əsaslanmayan çıxışlar edərək ona böhtan atmış, X4 onun oğlunun qətlində əlbirliyi olduğunu bildirmişdir. Onlar bununla bağlı görüntü də təqdim etmişlər, görüntülərdən də göründüyü kimi X7 həqiqətən də kütləvi yayımlanan bir verlişdə X4 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları səsləndirmişdir. Ona görə də şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 xüsusi ittiham qaydasında verilmiş şikayətin əsassız olduğunu, onun oğlunun amansızcasına öldürülməsi ilə bağlı istintaq orqanından və məhkəmədən narazı olduğunu, belə ki, oğlunu yenicə itirmiş ana kimi həssas olduğunu, buna görə də ölümün ciddi şəkildə araşdırılması üçün hər yerə müraciət etdiyini, tək Günaydan deyil, qatillər tapılana qədər hər kəsdən şübhələndiyini, efirdə Günaydan da şübhələndiyini bildirdiyini qeyd edərək şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi Müdafiəçi4 məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi və onun nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olubolmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayət ərizəsinin giriş hissəsində doğulduğu ili, məşğuliyyət növü, vəzifəsi göstərməmişdir. Halbuki, AR CPM-nin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Bundan başqa, xususi ittiham qaydasında şikayət ərizəsinin giriş hissəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yeri dəqiqliklə göstərilməmiş və Azərbaycan, Dağlıq Qarabağ, Xocəvənd yazmaqla kifayətlənmişdir. AR CPM-nin 293.3.3-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Həmin Məcəllənin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Bundan əlavə şikayətdə şəxsin CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi göstərilsə də, nəzərə alınmalıdır ki, CM-nin 147-ci maddəsinin 2 tövsifedici əlaməti vardır, 147.1 və 147.2-ci maddələr. Şikayətçi şikayətində məhz CMnin 147.1 və ya 147.2-ci maddələrindən hansı ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini dəqiq göstərməmişdir. Bundan əlavə xüsusi ittiham qaydasında şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin CM-nin 147.1 və ya 147.2-ci maddələri ilə cinayət məsuliiyətinə cəlb edilməsi göstərilməmiş, məlumatın hansının və ya hansı hissəsinin CMnin 147.1 və ya 147.2-ci maddələrinin tərkibinin yaratdığı konkretləşdirilməmişdir. Yəni yayılması iddia edilən məlumatların hansı hissəsində şəxsin konkret hansı əməlinin CMnin 147.1 və ya 147.2-ci maddələrinin tərkibini yaratdığı əsaslandırılmamışdır. Eyni bir əməlin CM-nin həm 147.1, həm də 147.2-ci maddəsinin tərkibinin yaratmasının da əsaslılığı şikayətdə göstərilməmişdir. Bununla yanaşı, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsinin tərtibatı zamanı AR CPM-nin 293.3.6-cı maddəsinin tələblərinə riayət etməyərək xüsusi ittiham qaydasında şikayətin verildiyi yeri göstərməmişdir. Halbuki, AR CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 qarşı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 və onun nümayəndəsi Müdafiəçi3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X5 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “24 saylı” vəkil bürosunun vəkili Müdafiəçi4 ödənilmək üçün sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 6 iş saatına görə 36 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “24 saylı” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-155/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-155/2025
17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver