Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-156/2021 21.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Müdafiəçi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili X9 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Zərər çəkmiş şəxslərin nümayəndəsi, vəkil: Nümayəndə Təqsirləndirilən şəxs: xx xxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 156, mənzil 29-da qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 sentyabr 2020-ci il tarixdə saat 16:11-də “B” kateqoriyalı, AD 191826 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan X10 məxsus “TOYOTA LAND-CRUİSER-PRADO” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospektində saatda 70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin, 2-ci hissəsinin, 1-ci bəndinin tələblərinə əməl etməklə, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətindən yüksək sürətlə idarə etməməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməyərək yol hərəkəti qaydalarını pozaraq, hərəkətdə olduğu istiqamətdə H.B.Zərdabi prospekti 39 ünvanında yerləşən binanın qarşısındakı piyada keçidi ilə yolu sağdan sola doğru keçən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə ehtiyyatsızlıqdan vurub Zərərçəkmiş şəxs1 İ-İİ dərəcəli şokla müşayiət olunan, hemopnevmotoraks ilə nəticələnən, döş qəfəsinin kontuziyası, sağ tərəfli 2-4-5-6 qabırğaların, sol tərəfli 3-4-5-6- 7-8 qabırğaların yerdəyişmiş sınıqları, hər iki yan kollateral bağın, ön və arxa çarpaz bağın tam qopması, qapalı kəllə beyin travması, baş beyin silkələməsi, bədənin küt travması, çoxsaylı sıyrıntıları, döş qəfəsinin və qarının küt travması, daxili orqanların zədələnməsi, sol ayağın İ barmağının, sol ayağın dabanının əzilmiş-cırılmış yaraları, sol baldırın yuxarı 1/3-nin qapalı sınığı kimi ümumilikdə həyat üçün təhlükəli olan xəsarətlər yetirib ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs2 isə qapalı kəllə beyin travması, sol qamış sümüyünün lateral platosunun çökmüş, yerdəyişmiş sınığı, sol incik sümüyünün başında xətti sınığı, sol diz oynağının hemartrozu, sol və sağ aşağı ramus pubisdə, sakroiliak pasterior kənarda, sol oma sümüyündə, İ oma fəqərəsində yerdəyişmiş sınıqlar, qasıq bitişməsində minimal dislokasiya, Xİİ döş fəqərəsinin və İ, İİ bel fəqərə cismində çökmə, sol qulaq seyvanında sıyrılmış yarası, alıngicgah nahiyəsində dərialtı hematomalar, təpə nahiyəsinin çapılmış yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2017-ci il tarixdən “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir. 28.09.2020-ci il tarixdə saat 16:03 radələrində o, yaşadığı Yasamal rayonu, ünvan 3 ünvanından çıxaraq atası mərhum Rasim Əhmədova məxsus etibarnamə əsasında idarə etdiyi “X23-Prado” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib H.Zərdabi prospekti ilə həmin küçənin Ə.Haqverdiyev küçəsi ilə kəsişməsi istiqamətində hərəkətə başlamışdır. O, həmin vaxt H.Zərdabi prospektində saatda 70 km sürətlə hərəkətdə olarkən saat 16:11-də qeyd etdiyi küçələrin kəsişməsində yerləşən piyada keçidinə yaxınlaşan zaman onunla eyni istiqamətdə ondan sağ zolaqda “Mitsubishi Pajero” markalı avtomobilinin piyada keçidində dayandığını görmüşdür. Həmin vaxt eyni zamanda əks hərəkət zolağından onun hərəkət istiqamətinə doğru bir nəfərin velosiped sürərək yaxınlaşdığını görüb idarə etdiyi avtomobilin ön işıqları ilə sonuncuya onun hərəkət zolağına daxil olmaması üçün işarə edici siqnal vermişdir. Bu zaman həmin velosiped sürən şəxs də onun hərəkətdə olduğu istiqamətdəki hərəkət zolağından geri çəkilmişdir. Həmin vaxt onun başı sol tərəfdən velosipedçiyə qarışdığı üçün Zərdabi prospekti 39 ünvanında yerləşən binanın qarşısındakı piyada keçidinin qarşısında dayanmış “Mitsubishi Pajero” markalı avtomobilin önündən piyada keçidi ilə yolun hərəkətdə olduğu istiqamətində sağdan sola doğru iti yerişlə keçən iki nəfər qadını yalnız həmin qadınlara çatdığı anda görmüşdür. Həmin an o, avtomobili saxlaya bilməyərək gəldiyi surətlə qarşısındakı piyada zolağında olan iki nəfər qadını idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vurub həmin qadınların hər ikisini özündən bir qədər önə atmışdır. Bu zaman o, dərhal avtomobili saxlayaraq ilk öncə avtomobilindən sağ tərəfə düşmüş gənc qadına yaxınlaşmışdır. Həmin qadının yaşadığını gördükdən sonra avtomobilinin ön hissəsində insanların toplaşdığını görüb oraya doğru qaçmışdır. Bu zaman ətrafdakı tanımadığı şəxslər ona avtomobilini geri sürməyini bildirdikləri üçün o, avtomobilinin sükanı arxasına keçmək istəyəndə təsadüfən hadisə yerindən keçən polis əməkdaşları onun avtomobilini bir qədər arxaya verib vurduğu orta yaşlı qadına daha sərbəst şəkildə yardım göstərilməsinə şərait yaratmışdır. Həmin vaxt hadisə yerində olan tanımadığı bir şəxs X24 Xidmətinə zəng vurmuşdur. Oda orada olan polis əməkdaşlarına özünü təqdim edərək X24 avtomobilinin gəlməsini gözləmişdir. X24 Xidməti gəldikdən sonra o və ətrafdakıların köməyi ilə vurduğu orta yaşlı qadını TTYX-nin ambulansına mindirmişlər. Digər gənc qadını isə PPX-nin avtomobilinə mindirərək xəstəxanaya yola salmışlar. Bundan sonra hadisə yerinə gəlmiş polis əməkdaşları orada müvafiq sənədləşmə işləri apardıqdan sonra onun sərxoş olub-olmadığını yoxlamaq üçün müayinə aparıb daha sonra hadisə barədə izahat verməsi üçün polis idarəsinə gətirmişlər. O da həmin hadisə nəticəsində xəsarət almış şəxslərə köməklik göstərilməsi üçün dərhal hadisə barədə ailəsinə məlumat vermişdir. Onun yol nəqliyyat hadisəsi törətdiyi “X23- Prado” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil atası Rasim Əhmədova məxsus olmuşdur. Lakin sonuncu öldükdən sonra həmin avtomobil o, və anasından ibarət ailəsinin ümumi mülkiyyətində olmaqla onun istifadəsində olmuşdur. Anası Şahid1 yaşlı qadın olduğundan avtomobil ona məxsusdur və həmin yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobil zədələnsə də, bununla bağlı onlara heç bir maddi ziyan dəyməmişdir. Hadisə zamanı onun idarə etdiyi avtomobilində ondan başqa heç kim olmamışdır. Həmin vaxt o, hər hansı bir bədən xəsarəti almamışdır. O, həmin qadınları əvvəlcədən tanımamış, sonuncularla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Hadisədən sonra həmin şəxslərin Zərərçəkmiş şəxs1 və qızı Zərərçəkmiş şəxs2 olduğunu bilmişdir. Həmin hadisə zamanı o, Zərərçəkmiş şəxs1 və qızı Zərərçəkmiş şəxs2ı sol tərəflərindən idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə vurmuşdur. Həmin vaxt onunla eyni istiqamətdə sağ hərəkət zolağında piyada keçidinin qarşısında “Mitsubishi Pajero” markalı avtomobilin dayandığını görsə də, sol tərəfdən əks hərəkət istiqamətindən onun hərəkət zolağına doğru velosipedçilər irəlilədiyi üçün onun başı həmin velosipedçilərə qarışmış və qeyd olunan piyada keçidinin yanında quraşdırılmış işıqforda hansı işarə verici işığın yanmasına fikir verməmişdir. O, qeyd olunan hadisədən dərhal sonra polis idarəsində olsa da, ailə üzvlərinə gedib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəstəxana xərclərində kömək etmələri üçün məlumat vermişdir. Lakin sonuncunun qohumları həmin vaxt onun ailə üzvlərinin xəstəxana xərclərini ödəmələrinə icazə verməmiş, hazırda xərcləri özlərinin çəkəcəyini, sonda onlarla hesablaşacaqlarını bildirmişlər. Hadisə zamanı onun idarə etdiyi avtomobil tam saz vəziyyətdə olmuşdur. Hadisə yerində yol örtüyü düz, quru asvalt olmuşdur. Hadisə vaxtı yağışsız açıq hava olduğundan o, yol şəraitini aydın müşahidə edə bilmişdir. Hadisə anında onun idarə etdiyi avtomobilin hərəkət sürəti 70 km/saat olmuşdur. Onun hərəkəti üçün təhlükə, hadisə zamanı vurduğu qadınların yolun sağ kənarından piyada keçidinə daxil olduqları andan yaranmışdır. Həmin vaxt idarə etdiyi avtomobillə vurduğu Şirinzadə Nərminə və qızı Zərərçəkmiş şəxs2 piyada keçidini iti yerişlə keçmişdirlər. Həmin vaxt hadisə anidən baş verdiyi üçün o, ancaq Şirinzadə Nərminə və qızı Zərərçəkmiş şəxs2ı vurduqdan sonra əyləci basa bilmiş və avtomobil bir qədər hərəkət etdikdən sonra qabaqda dayandıra bilmişdir. Hadisə vaxtı onun diqqətini yol şəraitindən heç nə yayındırmamışdır. Hadisə yerində çoxlu sayda tanımadığı şəxslər olmuşdur. Həmin şəxslər hadisənin baş verməsini görmüşdürlər. Həmin vaxt idarə etdiyi avtomobilində heç bir yük olmamış, o, hadisə vaxtı ayıq olmuş və sərxoş vəziyyətdə olmamışdır. Onun 14.12.2017-ci il tarixdə verilmiş və 14.12.2027-ci ilə kimi etibarlı olan “B” kateqoriyalı, AD 191826 seriyalı sürücülük vəsiqəsi vardır. O, 03 ildən bir qədər artıqdır ki, avtomobil idarə edir bu günə kimi heç vaxt yol nəqliyyat hadisəsi törətməmişdir. Vurulmuş ziyanla bağlı ödənişlər etməkdən imtina etmir, əksinə ödənişlər etmək istəyir, lakin zərərçəkmiş tərəfin tələb etdiyi məbləği birdəfəlik ödəyə bilmədiyi üçün bu baş tutmamışdır. Belə ki, 15000 manatadək pulu qohum əqrabasından və tanışlarından toplayıb, həmin məbləği zərərçəkənə ödəmək istəyir, əlavə məbləği ödəməyə isə maddi imkanı çatmadığından ödəyə bilmir. Belə ki atası da vəfat etmişdir, ailədə yeganə qazanc gətirən şəxsdir. Göstərilənləri nəzərə alaraq ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 28.09.2020-ci il tarixdə saat 16:00-da qızı Aydanla birlikdə şəhərə getmək məqsədi ilə yaşadıqları evdən çıxıb “Bravo” marketdən alış-veriş edərək şəhərə getmək üçün H.Zərdabi prospekti ilə 39 ünvanında yerləşən piyada keçidinə gələrək həmin keçidi keçmək üçün işıqforun qırmızı işığının yanmasını gözləməyə başlamışlar. Həmin gün saat 16:11-də işıqforun qırmızı işığı yandıqdan sonra yolda hərəkətdə olan avtomobillərdən birinci zolaqda olan “Mitsibushi” markalı cip avtomobili və onun arxasınca gümüşü rəngli “Mercedes” markalı avtomobil dayanmışdır. Bu zaman o, və qızı Aydan “Mitsubushi” markalı avtomobilin qarşısından piyada keçidinə daxil olmuşlar. Həmin vaxt o öndə, qızı isə ardıyca iti yerişlə piyada keçidini keçməyə başlamışlar. Onlar piyada keçidini təxminən 4-5 metr irəlilədikdən sonra o, anidən səsə çevrilib soluna baxan zaman həmin an ağ rəngli avtomobil onu və qızını qabaq hissəsi ilə vurmuşdur. Həmin zərbənin təsirinindən o oradaca huşunu itirmişdir. O özünə gəldikdən sonra X24 maşınında olduğunu görmüşdür. Bundan sonra o yenə də, huşunu itirmiş və bir daha özünə gəldikdə “3 saylı Sabunçu Şəhər Xəstəxanasında” olduğunu görmüşdür. O xəstəxanada qızını soruşduqda ona əvvəlcə qızının yerini bilmədiklərini demişlər. Sonradan onun yanına gələn qohumları qızının Respublika Xəstəxanasında olduğunu bildirmişdirlər. O, həmin vaxt onu və qızını vuran avtomobilin ağ rəngdə olmasını görsə də, markasını və dövlət qeydiyyat nişanını görməmişdir. O, sonradan onu vuran maşının “Prado” markalı avtomobil olduğunu və həmin avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs adlı şəxs olduğunu öyrənmişdir. Lakin o, həmin sürücünü tanımamışdır. O, avtomobilin gəlişini görmədiyi üçün sürəti barədə bir söz deyə bilməmişdir, lakin həmin avtomobilin çox surətlə gəldiyini qeyd etmişdir. Həmin avtomobil onu qabaq hissəsi ilə sol tərəfindən vurmuşdur. Hadisə zamanı o və qızı Aydan Abdıyeva xəsarət almış, başqa heç kim xəsarət almamışdır. Təqsirləndirilən şəxs müəyyən qədər ödəniş etmək istəmiş, hazırda da ödəniş etmək istəyir, lakin həmin ödəniş müalicəsi üçün çəkilmiş xərcləri qarşılamır, ona görə də həmin ödənişi qəbul etməmişlər. Mülki iddianın tam təmin edilməsini xahiş edir. Təqsirləndirilən şəxslə hər hansı bir ədavəti və düşmənçiliyi yoxdur, onun cəzalandırılmasını isə məhkəmənin mülahizəsinə uyğun həll edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən şahid Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 28.09.2020-ci il tarixdə saat 16:00-da anası Nərminə ilə birlikdə şəhərə gəzməyə getmək məqsədi ilə yaşadıqları evdən çıxıb Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 5 ünvanına gedərək piyada keçidinin yanında yolu keçmək üçün gözləməyə başlamışlar. Onlar orada gözləyib işıqforda avtomobillərin dayanması üçün qırmızı işığının yanmasını gözləmişlər. Həmin gün saat 16:11-də işıqforun qırmızı işığı yandıqdan sonra sol tərəflərindən H.Zərdabi prospekti ilə gələn avtomobillər piyada keçidinə çatmamış dayanmağa başlamışlar. Həmin vaxt onlardan solda iki avtomobil ard-arda dayanmış və anası öndə o isə anasının ardınca yolu əks tərəfə keçmək üçün piyada keçidinə daxil olmuşlar. O, anasının ardınca iti yerişlə piyada keçidi ilə 4-5 metr irəliləyərkən anidən sol tərəfdən gələn səsə görə çönüb sola baxan zaman ağ rəngli cip formalı avtomobil onu və anasını qabaq hissəsi ilə sol tərəflərindən vurmuşdur. Həmin zərbənin təsirindən o, huşunu itirmiş və orada nə baş verdiyini bilməmişdir. O, birdə özünə gəldikdə onu polis avtomobilindən düşürüb xərəyə uzatdıqlarını görmüşdür. O orada ətrafdakılardan nə baş verdiyini, harada olduğunu soruşsa da, ona heç kim cavab verməmişdir. Onu xəstəxanaya aparıb orada tibbi yardım göstərməyə başlamışlar. O özünə gəldikdə günün sonunda onun qohumları Respublika Xəstəxanasına gəlib onu aparmışlar. O, qohumları gəldikdən sonra anasının “3 saylı Sabunçu Şəhər Xəstəxanasında” olduğunu öyrənmişdir. Bundan sonra onu və anasını birinci “Medistyle” hospitalına, oradan isə “City Hospitala” aparmışlar. O və anası 11.11.2020-ci il tarixə kimi həmin xəstəxanada qalıb müalicə olunmuşdur. O, anası və onu vurmuş olan avtomobilin ağ rəngli, cip formalı avtomobil olmasını görsə də, həmin avtomobilin markasını və ya dövlət qeydiyyat nişanını görməmişdir. Həmin avtomobilin sonradan “Prado” markalı olmasını bilmiş, sürücünün adının isə Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. O həmin avtomobilin sürətini dəqiq olaraq bilməsə də, çox sürətlə gəldiyini bildirmişdir. “Prado” markalı avtomobil həmin vaxt onları qabaq hissəsi ilə sol tərəflərindən vuraraq onlara müxtəlif bədən xəsarətləri yetirmişdir. Həmin vaxt o, və anası Nərminədən başqa xəsarət alan olmamışdır. Təqsirləndirilən şəxs müəyyən qədər ödəniş etmək istəmiş, hazırda da ödəniş etmək istəyir, lakin həmin ödəniş müalicəsi üçün çəkilmiş xərcləri qarşılamır, ona görə də həmin ödənişi qəbul etməmişlər. Təqsirləndirilən şəxslə hər hansı bir ədavəti və düşmənçiliyi yoxdur, onun cəzalandırılmasını isə məhkəmənin mülahizəsinə uyğun həll edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, o, 1993cü il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir, 2001-ci ildən çörək zavodunda çörək alıb özünə məxsus “Ford Tranzit” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobiliylə fərdi qaydada sataraq ailəsini dolandırır. 28.09.2020-ci il tarixdə saat 16:03 radələrində o, özünə məxsus “Ford Tranzit” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yasamal rayonu ərazisində yerləşən “Qələbə” dairəsindən üzü H.Zərdabi prospekti istiqamətində hərəkətə başlamışdır. O, saat 16:11 radələrində H.Zərdabi prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsində olan piyada keçidinə çatan zaman orada maşınlar çox olduğundan saatda təxminən 15 km sürətlə hərəkət edib işıqforu keçərək üzü Ə.Haqverdiyev küçəsinə tərəf sağa dönmüşdür. O, dönüb təxminən 5-10 metr irəliyə gedən zaman H.Zərdabi prospekti ilə Mətbuat prospekti istiqamətində hərəkət edən ağ rəngli, “Prado” markalı maşının piyada keçidindən keçən bir nəfər orta yaşlı və bir nəfər gənc qadını vurub Mətbuat prospekti istiqamətində özündən bir qədər irəliyə atdığını görmüşdür. O, dərhal idarə etdiyi avtomobili yolun qırağına çəkərək maşından düşüb həmin qadınlara kömək etmək üçün oraya getmişdir. O, oraya çatan zaman digər yolda olan polis maşınıda onları görüb oraya yaxınlaşmış və həmin maşında olan polis işçisi “Prado” markalı maşının vurduğu orta yaşlı qadına daha rahat yardım etmək üçün “Prado” markalı maşını geri çəkmişdir. O, həmin vaxt X24 Xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və təxminən 10 dəqiqə sonra X24 ambulansı gəlmişdir. Təcili yardım avtomobili gəldikdən sonra onlar orta yaşlı qadını ambulansa digər gənc yaşlı qadını isə post patrul maşınına qoyub xəstəxanaya yola salmışlar. Bundan sonra “Prado” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs özünü polis məkdaşlarına təqdim edərək orada polislərin sənədləşmə işləri aparıb yekunlaşdırmalarını gözləməyə başlamışdır. O da “Prado” markalı avtomobilin sürücüsü olan Ramil adlı şəxsin şok vəziyyətində qaldığını görüb sonuncunun bir müddət yanında qaldıqdan sonra Ramilin qohumlarının gəldiyini görüb öz maşınına minərək oradan çıxıb getmişdir. 28.09.2020-ci il tarixdə saat 16:11-də H.Zərdabi prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsində olan piyada keçidini keçib üzü Ə.Haqverdiyev küçəsinə tərəf sağa dönüb gedən zaman sol tərəfində ağ rəngli “Prado” markalı maşının bir nəfər orta yaşlı və bir nəfər gənc qadını vuraraq irəliyə atdığını görmüşdür. O, həmin maşının iki nəfər qadını vurduğunu görsə də, həmin avtomobilin tam olaraq hansı sürətlə hərəkət etdiyini görməmişdir. Həmin hadisə zamanı oraya çoxlu sayda tanımadığı insanlar toplaşmış və o həmin hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Məhkəmə istintaqı zamanı ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, o, 01.04.2008-ci ildən DİO-da işləyir. O, ÇPA-nın 6-cı Patrul Bölüyünün 3156 nömrəli çağırışlı avtopatrulunda polis nəfəri Şahid4 ilə birlikdə xidmət edir və hər gün saat 09:00-dan 21:00-dək xidmətdə olurlar. Onların xidməti əraziləri Yasamal rayonunun, Ə.Haqverdiyev küçəsi, H.Zərdabi prospekti, “Musabəyov” dairəsi, Ş.Mehdiyeva küçəsi və H.Cavid prospektini əhatə edir. 28.09.2020-ci il tarixdə saat 16 radələrində o, iş yoldaşı Şahid4 idarə etdiyi avtopatrulda Ə.Haqverdiyev küçəsi ilə həmin küçənin H.Zərdabi prospekti ilə kəsişməsi istiqamətində hərəkət edərək qeyd olunan kəsişmədə quraşdırılmış işıqforda dayanmışlar. Həmin vaxt “Qələbə” dairəsi tərəfdən H.Zərdabi prospekti ilə Ə.Haqverdiyev küçəsi istiqamətində hərəkətdə olan “Prado” markalı ağ rəngli avtomobil gəldiyi surətlə H.Zərdabi prospekti 39 ünvanında yerləşən piyada keçidinə daxil olub həmin keçiddə iti yerişlə keçən iki nəfər orta yaşlı və gənc qadını vurub özündən bir qədər irəli atmışdır. Həmin vaxt onlar dərhal olduqları yerdən hərəkət edib hadisə yerinə gəlmişlər. O və Şahid4 hadisə yerinə çatan kimi avtomobilin ön hissəsində olan orta yaşlı qadına sərbəst şəkildə köməklik göstərilməsi üçün o, avtopatruldan düşüb hadisə yerində olan ağ rəngli “Prado” markalı avtomobili bir qədər geri vermişdir. Bu zaman onların ətrafına yol ilə təsadüfən keçən çoxlu sayda insanlar toplaşmışdır. Həmin vaxt o, “Prado” markalı avtomobilin ön hissəsində yerdə uzanıqlı vəziyyətdə olan orta yaşlı qadının vəziyyətinin ağır olduğunu görmüşdür. Onlar və orada olan şəxslər dərhal TTYX-nə zəng edərək X24 avtomobilini hadisə yerinə dəvət etmişlər. Bundan sonra o və iş yoldaşı Şahid4 yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış digər gənc qadına yaxınlaşmış və həmin gənc qadının vəziyyətinin digərinə nisbətən daha yaxşı olduğunu görmüşlər. Bundan sonra o və Vüsal köməkli şəkildə həmin gənc qadını avtopatrula mindirmiş və Vüsal gənc qadını “Respublika Kliniki Xəstəxanasına” aparmışdır. O isə hadisə yerində qalaraq hadisə yerinə əməliyyat qruppası və TTYX-nin əməkdaşları gəlməsi üçün oranın mühafizəsini təşkil etmişdir. Həmin ərəfədə yol nəqliyyat hadisəsini törətmiş “Prado” markalı avtomobilin sürücüsü ona yaxınlaşaraq özünü təqdim edib yanında gözləməyə başlamışdır. TTYX-nin ambulansı hadisə yerinə gəldikdən sonra onlar həmin orta yaşlı qadını ambulansa mindirib “3 saylı Sabunçu Şəhər Xəstəxanasına” yola salmışlar. Bundan sonra hadisə yerinə Polis idarəsinin əməliyyat qrupu gəldiyi üçün onlar hadisəni törətmiş “Prado” markalı avtomobilin sürücüsünü və hadisə yerini əməliyyat qrupuna təhvil verib öz xidməti fəaliyyətlərini davam etdirmişlər. Onlar Ə.Haqverdiyev küçəsində işıqforun qırmızı işığında dayanıb gözlədikləri üçün H.Zərdabi prospekti ilə gələn “Prado” markalı avtomobilin həmin iki nəfər qadını vurduğu anı görməmişlər. Həmin hadisənin səsinə çönüb baxdıqda bir nəfər orta yaşlı qadının “Prado” markalı avtomobilin altında, bir nəfər gənc qadının isə avtomobilin sağ tərəfində yerdə uzanıqlı vəziyyətdə olmasını görmüşlər. O, “Prado” markalı avtomobilin həmin hadisə vaxtı hansı surətlə hərəkət etməsini bilməmişdir. Həmin hadisə zamanı oraya çoxlu sayda tanımadıqları yoldan təsadüfən keçən insanlar toplaşmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmədə dindirilmiş Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 12 oktyabr 2020-ci il tarixli 147 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 adına 3 saylı ŞKX-da və X19 tərtib edilmiş tibbi sənədlərdə qeyd olunan xəsarətlər - İ-İİ dərəcəli şokla müşayiət olunan, hemopnemotoraks ilə nəticələnən, döş qəfəsinin kontuziyası, sağ tərəfli 2-4-5-6 qabırğaların, sol tərəfli 3-4-5-6-7-8 qabırğaların yerdəyişmiş sınıqları, hər iki yan kollateral bağın, ön və arxa çarpaz bağın tam qopması, QKBT baş beyin silkələnməsi, bədənin küt travması, çoxsaylı sıyrıntıları, döş qəfəsinin və qarının küt travması, daxili orqanların zədələnməsi, sol ayağının İ barmağının, sol ayağının dabanının əzilmiş-cırılmış yaraları, sol baldırın yuxarı 1/3-nin qapalı sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 28.09.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 01 fevral 2021-ci il tarixli 7/148 saylı rəyindən görünür ki, X4 adına X19 tərtib edilmiş tibbi sənəddə qeyd olunan xəsarətlər - QKBT, sol qamış sümüyünün lateral platosunun çökmüş, yerdəyişmiş sınığı, sol incik sümüyünün başında xətti sınıq, sol diz oynağının hemartrozu, sol və sağ aşağı ramus pubisdə, sakroiliak pasterior kənarda, sol oma sümüyündə, İ oma fəqərəsində yerdəyişmiş sınıqlar, qasıq bitişməsində minimal dislokasiya, Xİİ döş fəqərəsinin və İ, İİ bel fəqərə cismində çökmə, sol qulaq seyvanında sıyrılmış yara, alın-gicgah nahiyəsində dərialtı hematomalar, təpə nahiyəsinin çapılmış yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 28.09.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AGİR zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfində verilmiş 26.02.2021-ci il tarixli, 8/421 nömrəli rəyə əsasən “Toyota Prado” markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Əhmədov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan, əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. İş üzrə müəyyən edilir ki, cinayətin törədilməsindən bilavasitə sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi, onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün onu tibb müəssisəsinə aparmasını təmin etmişdir Həmçinin hazırkı iş üzrə Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Məhkəmə iclasında müəyyən edildi ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin müalicəsi üçün çəkilmiş xərclərin 15000 manat hissəsini tam ödəməyə hazırdır, maddi imkanı olmadığı üçün əlavə məbləğləri ödəyə bilmir, lakin ödənişlər etməkdən imtina etmir. Barışıq əldə edilməsi üçün cəhd edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə köməklik göstərməsi, tibb müəssisəsinə aparmasının təmin edilməsi, zərərçəkmişlərə vurulmuş ziyanla bağlı ödənişlər etmək istədiyini, barışıq əldə edilməsi üçün cəhdlər etdiyini, zərərçəkmiş şəxslərin onun cəzalandırılmasının məhkəmənin mülahizəsinə uyğun həll edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində 18.02.2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış “X23-Prado” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Yol-nəqliyyat hadisəsini qeydə alan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində maddi və mənəvi zərərin ödənilməsi barədə mülki iddia vermiş, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 və qızı X8 yetirilmiş bədən xəsarətlərinin müalicəsinə sərf etdiyi 46668,74 (qırx altı min altı yüz altmış səkkiz manat yetmiş qəpik) manat maddi zərərin, mənəvi zərərə görə 20000 (iyirmi min) manat kompensasiyanın, hüquqi yardımla əlaqədar vəkilə ödədiyi 500 (beş yüz) manatın, dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manatın cavabdeh Təqsirləndirilən şəxs alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilərək barəsində aparılmış cinayət təqibi üzrə toplanmış cinayət işinin materialları 09 mart 2021-ci il tarixdə Yasamal rayon prokuroru Elman Süleymanovun təsdiq etdiyi ittiham aktı əsasında cinayət məsuliyyəti cəlb edilməsi üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2020-ci il tarixdə saat 16:11-də "B” kateqoriyalı, AD 191826 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan X10 məxsus “TOYOTA LAND-CRUİSER-PRADO” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 Bakı şəhəri, Yasamal rayonu, H.BZərdabi prospektində saatda 70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin, 2-ci hissəsinin, 1-ci bəndinin tələblərinə əməl etməklə, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətindən yüksək sürətlə idarə etməməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tədbirlərə riayət etməyərək yol hərəkəti qaydalarını pozaraq, hərəkətdə olduğu istiqamətdə H.B Zərdabi prospekti 39 ünvanında yerləşən binanın qarşısındakı piyada keçidi ilə yolu sağdan sola doğru keçən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Elşən qızını idarə etdiyi avtomobilin sağ ön hissəsi ilə ehtiyatsızlıqdan vurub Nərminə Şirin- zadəyə 1- 11 dərəcəli şokla müşayiət olunan, hemopnevmotoraks ilə nəticələnən, döş qəfəsinin kontuziyası, sağ tərəfli 2-4-5-6 qabırğaların, sol tərəfli 3-4-5-6-7-8 qabırğaların yerdəyişmiş sınıqları, hər iki yan kollateral bağın, ön və arxa çarpaz bağın tam qopması, qapalı kəllə beyin travması, baş beyin silkələməsi, bədənin küt travması, çoxsaylı sıyrıntıları, döş qafasinin və qarının küt travması, daxili orqanların zədələnməsi, sol ayağın İ barımağının, sol ayağın dabanının əzilmiş-cırılmış yaraları, sol baldırın yuxarı 1/3-nin qapalı sınığı kimi ümumilikdə həyat üçün təhlükəli olan xəsarətlər yetirib ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs2 isə qapalı kəllə beyin travması, sol qamış sümüyünün lateral platosunun çökmüş, yerdəyişmiş sınığı, sol incik sümüyünün başında xətti sınığı, sol diz oynağının hemartrozu, sol və sağ aşağı ramus pubisdə, sakroiliak pasterior kənarda, sol oma sümüyündə, İ oma fəqərəsində yerdəyişmiş sınıqlar, qasıq bitişməsində minimal dislokasiya, Xİİ döş fəqərəsinin və İ, İİ bel fəqərə cismində çökmə, sol qulaq seyvanında sıyrılmış yarası, alın-gicgah nahiyəsində dərialtı hematomalar, tapa nahiyəsinin çapılmış yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib ehtiyatsızlıqdan zərərçəkmiş şəxs AAbdiyevanın sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işi üzrə o, və qızı X8 maddi və mənəvi zərər yetirildiyi üçün hər ikisi zərərçəkmiş şəxs kimi tanınmışlar. Təqsirləndirilən şəxs qeyd olunan əməlləri nəticəsində xəsarət aldıqları üçün onun və qızı X5 müalicə xərcləri əri X13 tərəfindən ailə büdcələrindən ödənilmişdir. Onun və qızı X5 müalicə xərcləri aşağıdakı sənədlərlə təsdiq edilir: 1) “Baku CİTY Hospital” “xxxx” MMC-nin 07.12.2020-ci il tarixli 285/CH-1 №li arayışından görünür ki, Pasiyent xx.xx.1977-ci il təvəllüdlü X2 01.10.2020-ci il tarixindən 13.11.2020-ci il tarixinədək və 23.11.2020-ci il tarixindən 07.12.2020-ci il tarixinədək klinikada “QKBT. Baş beyin silkələnməsi. Döş qəfəsinin küt travması. Sağ İİİ, İV, V, Vİ solda İİİ, İV, V, Vİ, Vİİ qabırğalarda yerdəyişmiş sınıq. Ağciyərlərin əzilməsi, ikitərəfli hemopnevmotorax, emfizema. Sol diz oynağının posteriora doğru tam çıxığı, ön və arxa çarpaz bağların, medial və lateral kollateral bağların tam qopması. Sol diz oynağınn hemartrozu. Sol patellanın dislokasiyası. Sol medial menskdə oynağa dilokasiya olmuş yırtıq. Literal menskdə İİ dərəcəli degenerasiyası. Sağ daban nahiyyəsinin çapılmış yarası” diaqnozu ilə müayinə və müalicə almışdır. Pasiyentin həyata yoldaşı X14 tərəfindən X1 müalicəsi üçün klinikanın xəzinəsinə 2190 (iki min yüz doxsan) AZN ödənilmişdir. Bundan əlavə pasiyentin həyat yoldaşı X13 tərəfindən X1 müalicəsi üçün xaricdən dəvət olunmş mütəxəssisin xidmətləri müqabilində klinikanın xəzinəsinə 26350 (iyirmi altı min üç yüz əlli) AZN ödənilmişdir. 2) “Baku CİTY Hospital” “xxxx” MMC-nin 13.11.2020-ci il tarixli 284/CH-1 №li arayışından görünür ki, Pasiyent xx.xx.2001-ci il təvəllüdlü X11 01.10.2020-ci il tarixindən 13.11.2020-ci il tarixinədək klinikada “QKTB. Sol qamış sümüyünün lateral platosunun çökmüş yerdəyişmiş sınığı. Sol incik sümüyünün başının xətti sınığı. Sol diz oynağının hemartrozu. Sol və sağ tərəfli ramus pubisdə, sakroiliak posterior kənarında, sol oma sümüyündə, S1 fəqərəsində yerdəyişmiş sınıqlar, simfiz pubisdə minimal dislokasiya. Th12- L1, L2 fəqərə cismində çökmə. Sol qulaq seyvanında “sıyrılmış yarası” diaqnozu ilə müayinə və müalicə almışdır. Pasiyentin atası X16 tərəfindən X5 müalicəsi üçün klinikanın xəzinəsinə 14520 (on dörd min beş yüz iyirmi) AZN ödənilmişdir. 3) MEDİSTYLE HOSPİTAL-ın 28.09.2020-ci il tarixli **********№li qaiməsindən görünür ki, Pasiyent 03.07.1977-ci il təvəllüdlü X1 “Döş qəfəsinin kompüter tomoqrafiyası. Ambulan servisi (şəhər daxilində). Texnik ödəniş” üçün 188,01 (yüz səksən səkkiz manat bir qəpik) AZN pul ödənilmişdir. 4) MEDİSTYLE HOSPİTAL-ın 28.09.2020-ci il tarixli ********** №li qaiməsindən görünür ki, Pasiyent xx.xx.2001-ci il təvəllüdlü X5 “Döş qəfəsinin kompüter tomoqrafiyası. Beyinin kompütertomoqrafiyası. Ambulan servisi (şəhər daxilində). Texnik ödəniş” üçün 306,01 (üç yüz altı manat bir qəpik) AZN pul ödənilmişdir. 5) “xxxx” MMC-nin 02.10.2020-ci il tarixli 9214 №li satış çekindən görünür ki, 1 (bir) adda dərman vasitəsi üçün 60 (altmış) AZN pul vəsaiti ödənilmişdir. 6) “xxxx” MMC-nin 12.10.2020-ci il tarixli 2351 №li satış çekindən görünür ki, 1 (bir) adda dərman vasitələri və tibbi ləvazimatlar üçün 72,80 (yetmiş iki manat səksən qəpik) AZN pul ödənilmişdir. 7) RŞ Rüstəmova Oksana R. (VÖEN **********) məxsus “Ortopetik malların satışı” aptekinin 14.10.2020-ci il tarixli ******* №li kassa çekindən görünür ki, 170 (yüz yetmiş) AZN pul ödənilmişdir. 8) “xxxx” MMC-nin 24.10.2020-ci il tarixli 2727 №li satış çekindən görünür ki, 1 (bir) adda dərman vasitəsi üçün 32,40 (otuz iki manat qırx qəpik) AZN pul ödənilmişdir. 9) “xxxx” MMC-nin 31.10.2020-ci il tarixli 2892 №li satış çekindən görünür ki, 1 (bir) adda dərman vasitəsi üçün 103,20 (yüz üç manat iyirmi qəpik) AZN pul ödənilmişdir. 10) “xxxx” MMC-nin 05.11.2020-ci il tarixli 3045 №li satış çekindən görünür ki, 05 (beş) adda dərman vasitələri və tibbi ləvazimatlar üçün 22,30 (iyirmi iki manat otuz qəpik) AZN pul ödənilmişdir. 11) “xxxx” MMC-nin 12.11.2020-ci il tarixli 5308 №li satış çekindən görünür ki, 3 (üç) adda dərman vasitələri və tibbi ləvazimatlar üçün 84,37 (səksən dörd manat otuz yeddi qəpik) AZN pul ödənilmişdir. 12) “xxxx” MMC-nin 13.11 2020-ci il tarixli 24827 №li satış çekindən görünür ki, 1 (bir) adda dərman vasitəsi üçün 82,20 (səksən iki manat iyirmi qəpik) AZN pul vəsaiti ödənilmişdir. 13) “xxxx” MMC-nin 13.11.2020-ci il tarixli 11610 №li satış çekindən görünür ki, 1 (bir) adda dərman vasitəsi üçün 57,70 (əlli yeddi manat yetmiş qəpik) AZN pul vəsaiti ödənilmişdir. 14) “xxxx” MMC-nin 17.11.2020-ci il tarixli 4285 №li satış çekindən görünür ki, 11 (on bir) adda dərman vasitələri və tibbi ləvazimatlar üçün 212,75 (iki yüz on iki manat yetmiş beş qəpik) AZN pul ödənilmişdir. 15) HAYAT CLİNİC MEDİCAL CENTER-in H1360302 №li qəbzindən görünür ki, Pasiyent xx.xx.1977-d il təvəllüdlü X5 “Rentgen” müayinəsi üçün 40 (qırx) AZN pul ödənilmişdir. 16) HAYAT CLİNİC MEDİCAL CENTER-in H1544710 №li qəbzindən görünür ki, Pasiyent xx.xx.2001-ci il təvəllüdlü X1 “X6’ müayinəsi üçün 177 (yüz yetmiş yeddi) AZN pul ödənilmişdir. Qeyd edilən sənədlərdən göründüyü kimi, ona 46668,74 (qırx altı min altı yüz altmış səkkiz manat yetmiş qəpik) AZN maddi zərər yetirilmişdir. Aparılan bütün müalicələrə baxmayaraq, o, evində normal hərəkət edə və siləmin qayğısına qala bilmir. O, əlil arabasında hərəkət etməyə məhkum edilmişdir. Bu ona mənəvi əzab verir. O, yol nəqliyyat hadisəsindən sonrakı bütün müddət ərzində qohumları və dostları ilə bütün əlaqələrdən mərhum olmuş və bunu özü üçün narahatlıq kimi qəbul edir. Ona yetirilmiş bu mənəvi zərərə görə 20000 (iyirmi min) AZN kompensasiya tələb edir. Bundan başqa, o, sağlamlığı ilə əlaqədar məhkəmədə iştirak etmək və haqqını müdafiə etmək imkanlarından mərhum olduğu üçün hüquqi yardım üçün vəkillə müqavilə bağlamış və “xxxx” MMC-nin 1814 №li e-MANAT ödəniş terminalının 42057 №li qəbzindən görünür ki, 11.10.2020-ci il tarixdə fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə ******************** korporativ hesab nömrəsinə 500 (beş yüz) AZN pul ödənilmişdir. Nəhayət, hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) AZN dövlət rüsumu ödəmiş və rüsumun ödənilməsi barədə qəbzi iddia ərizəsinə əlavə edib. Qeyd etdiyi sübutlardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona və qızı X8 yetirilmiş bədən xəsarətlərinin müalicəsinə sərf etdiyi 46668,74 (qırx altı min altı yüz altmış səkkiz manat yetmiş qəpik) manat maddi zərər, mənəvi zərərə görə 20000 (iyirmi min) manat kompensasiya, hüquqi yardımla əlaqədar vəkilə ödədiyi 500 (beş yüz) manat, dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat cavabdeh Təqsirləndirilən şəxs alınıb ona verilməlidir. Məhkəmə hesab edir ki, həmin mülki iddianın maddi zərərlə bağlı hissəsi tam təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilməklə istinad edilmiş və cinayət işinin materiallarında olan həmin ödəniş qəbzlərinə və arayışlara əsasən hadisə nəticəsində zərərçəkmiş şəxslərin müalicəsi üçün həqiqətən də 46668,74 manat xərc çəkildiyi müəyyən edilir. Həmin xərci Zərərçəkmiş şəxs1 özünün və qızının müalicəsi üçün çəkilmiş xərcin əvəzi kimi ödənilməsini tələb edə bilər. İddia tələblərindən mənəvi ziyan tələbi barədə məhkəmə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Belə ki, ümumiyyətlə tələbin özünün təmin edilməli olub-olmaması, təmin edilməlidirsə məbləğinin müəyyən edilməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Beləliklə məhkəmə Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındakı mövqeyini hazırkı iş üzrə nəzərə alaraq belə nəticəyə gəlir ki, cinayət hadisəsi nəticəsində mülki iddiaçıların səhhətlərinə xəsarət yetirilmişdir, bu hal təbii ki, iddiaçıların mənəvi sarsıntı və istirab vermişdir. Bu mənəvi ziyanın məbləği ilə bağlı Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında da müəyyən edilmişdir ki, həmin zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin sağlamlıqlarının bərpası üçün çəkdiyi xərclərllə bağlı maddi ziyan hissədə mülki iddialarının təmin edilməsi qənaətinə gəlinmişdir. Bu hal da mənəvi zərərin kompensasiyalaşdırılmasında nəzərə alınası haldır. Buna görə də mənəvi zərərlə bağlı hissədə iddia tələbi qismən təmin edilməli, təqsirləndirilən şəxsdən 500 manat məbləğində mənəvi zərərə görə pul tutulub zərər çəkən şəxs Zərərçəkmiş şəxs1 verilməlidir. Həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və nümayəndəyə çəkilmiş xərclərin əvəzi 500 manat də təqsirləndirilən şəxsdən tutulub, zərər çəkən şəxsə verilməlidir. Məhkəmə müki iddanın bu qaydada təmin edilməli olmasını CPM-nin 179 və 183-cü maddələrinə əsasən əsaslı hesab edir. Belə ki, CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il (bir il) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 350 (üç yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 46.668,74 manat, mənəvi zərərə görə 500 manat və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat, nümayəndəyə çəkilmiş xərcin əvəzi olaraq 500 manat olmaqla, cəmi 47.698,74 manat (qırx yeddi min altı yüz doxsan səkkiz manat 74 qəpik) tutulub zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut olan “X23-Prado” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılması nəzər alınsın. Yol-nəqliyyat hadisəsini qeydə alan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-156/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-156/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver