Məhkəmə qərarları › İş №1(004)-156/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-156/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-156/2025 14.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu, Məhkəmə iclasının katibi: X8, Xüsusi ittiham qaydasında şikayət vermiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 və X1 müdafiəçisi Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, X1 və "xxxx" QSC-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair "xxxx" MMC tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 və "xxxx" QSC-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair "xxxx" MMC tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, Azərbaycan Dövlət Televiziyasının 08 avqust 2024-cü il tarixində efirə getmiş xəbərlər proqramında “Sahibkarlıq subyektlərində yoxlamalar və dezinfeksiya işlərinin aparılması” mövzusunda müxbir Elsevər Məmmədovun hazırladığı süjetdə əsassız olaraq "xxxx"MMC hədəf seçilmiş və şirkətin işgüzar nüfuzuna xələl gətirilmişdir. Belə ki, süjeti izlədikdə müxbirin manipulyativ yanaşmaları ilə konkret ad çəkilmədən nümayiş olunan sənədlərlə qanuni fəaliyyətdə olan "xxxx" MMC-ni hədəfə aldığı məlum olur. Süjetdə son zamanlar sahibkarlıq subyektlərinə yoxlama adı ilə baş çəkən “müfəttişlərin” qanunsuz dezinfeksiya xidmətləri barədə söhbət açılır, ümumi sözlərlə bu işin ölkə üzrə geniş vüsət aldığı qeyd olunur, lakin heç bir aşkar olunmuş konkret fakt göstərilmir. Təsvir olunan bu fonda süjet boyu İqtisadiyyat Nazirliyinin lisenziyası ilə fəaliyyətdə göstərən, “İSO standartlarına” qədər sertifikatları olan "xxxx" MMC-nin aktları, əməkdaşlarının vəsiqələri və şirkətə aid müxtəlif sənədlər nümayiş etdirilir. Efirdə səsləndirilən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bəyanatının birinci cümləsində isə “infeksion xəstəliklərə qarşı profilaktiki tədbirlər məqsədilə dezinfeksiya işləri Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və rayon dezinfeksiya idarələri tərəfindən həyata keçirilir”deyə qeyd olunması epidemioloji sahədə özəl sektorun dövlət qurumu tərəfindən tanınmaması anlamına gəlir. X4 Nazirliyinin məlumatını kontekstdən çıxarıb tədqim etmədiyini bildirsə də, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məhsul əməkdaşları yoluxucu xəstəliklərə qarşı profilaktiki məqsədlərlə dezinfeksiya işlərinin qanunvericiliyə əsasən özəl sektor tərəfindən aparıldığını etiraf edirlər. Bununla belə yayılan məlumatdakı dezinformasiyaya açıqlama gətirməkdən yayınır, verilən sorğuları cavablandırmırlar. Məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə 09 avqust 2024-cü il tarixində ünvanladıqları rəsmi müraciət də cavabsız qalmışdır. Beləliklə Səhiyyə Nazirliyinin ictimaiyyətə yayımlanan məlumatının qərəzli olduğu üzə çıxır. Məlumatdakı daha bir manipulyasiya faktı “Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində Gigiyena və Sanitariya xidməti adlı qurumu yoxdur” cümləsi ilə ifadə olunur. Guya ki, saxtakarlar sahibkarlıq subyektlərinə bu adla daxil olurlar. Bu ad isə onların MMC-nin dövlət qeydiyyatından keçmiş rəsmi adıdır və şirkətin əməkdaşları tərəfindən heç vaxt bele bir hala yol verilməmişdir. Azərbaycan Televiziyasında yayılan süjet boyu müxbir Elsevər Məmmədov Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adı çəkilən məlumatını hissə-hissə səsləndirərək öz “improvizələri” ilə və müsahibə aldığı şəxsləri istədiyi istiqamətə yönəltməklə "xxxx"MMC-nin işgüzar nüfuzuna xələl gətirir. Hazırda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qeyd olunan qərəzli məlumatı və Azərbaycan Televiziyasının efirində getmiş süjet qanunla Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin dezinfeksiya işlərini həyata keçirmək səlahiyyəti olmayan rayon şöbələri (Qəbələ, İmişli, Sabirabad, Ağdaş, Oğuz, Şəki, Qaradağ) və müxbir Elsevər Məmmədovun sifarişlərini yerinə yetirdiyi "xxxx"MMC-nin direktoru Mehdi Mehdiyev tərəfindən xidmət göstərdiyimiz təsərrüfat və sahibkarlıq subyektlərinə təqdim olunaraq fəaliyyətimizə ləkə yaxılır. Yuxarıda göstərilən həqiqətə uyğun olmayan şər və böhtan xarakterli məlumatlar "xxxx" MMC-nin işgüzar nüfüzünü ləkələmiş, Azərbaycan Televiziyası Cəmiyyəti korrupsiyada və dələduzluqda ittiham etmiş, azad sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərmiş ifadələr işlətmiş və bunun nəticəsində aylıq gəlirlərinin bir neçə dəfə aşağı düşməsinə gətirib çıxarmış, hətta Cəmiyyətlə müqavilə bağlayan sahibkarlar müqaviləyə xitam verərək ödədikləri vəsaiti geri tələb etmişdirlər. Azərbaycan Televiziyasının efirində gedən müsahibədən sonra bəzi sahibkarlar Cəmiyyətin barəsində X5 şikayət etmişdirlər. "xxxx" QSC-də yayılan süjetin aparıcı müxbir Elsevər Məmmədov eyni zamanda rəqib şirkət olan "xxxx"MMC-nin 2020-ci ildən rəsmi işçisidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayətinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulmuşdur. Göründüyü kimi Elşən Məmmədov böhtan, yəni yalan olduğunu bilə-bilə mənim şərəf və ləyaqətini ləkələyən, korrupsiyada ittiham edən və məni nüfuzdan salan məlumatları yaymaqla mənə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmişdirlər. "xxxx" QSC və Məmmədov Elsəvərin tərəfindən "xxxx"MMC-yə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli törətmələri ilə əlaqədar, onların barəsində xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraata başlanılması, cinayət məsuliyyətinə cəlb edilmələri və həmin maddələrə əsasən onlara cəza verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 şikayətin icraata qəbul edilməsini, X1 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi Müdafiəçi1 şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli qərarının 10-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə — təqsirləndirilən şəxs qismində tanınırlar. Zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda və ya fəaliyyət qabiliyyətli olmadıqda xüsusi ittihamçı qismində həmin şəxsin adından xüsusi ittiham qaydasında məhkəməyə şikayət vermiş onun qanuni nümayəndəsi tanınır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin hansı bəndi ilə cinayət məsuliyyətinə cəlb edilməli olması dəqiq göstərilməmişdir. Həmçinin şikayət verilmiş yer qeyd edilməmişdir. Halbuki, CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. CPM-nin 302.1.2 və 302.1.3-cü maddəsinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə və şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Mülki Məcəllənin 23-cü maddəsinə əsasən Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – X1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X2 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 05 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 və "xxxx" QSC-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair "xxxx" MMC tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X2 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 05 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar