Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-157/2020 08.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 mənzil 33 ünvanında yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Nəsimi rayonu «Kubinka» kimi tanınan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli siqaretin kağız bükümündə təmiz çəkisi 0,235 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini 15 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 19:30-da Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 3 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o bir neçə ildir ki, narkotik vasitə olan heroindən istifadə edir və əvvəllər narkomaniya xəstəliyindən əziyyət çəkmişdir. 2014-cü ildə Nərimanov rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 19:30-da Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində olarkən 2 nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları kimi təqdim edərək onu PŞ-nə dəvət etmişlər və o polis əməkdaşının qanun tələbinə tabe olaraq onlarla 29-cu polis şöbəsinə getmişdir. Orada polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etməyi təklif olunmuşdur. O əynindəki gödəkçənin cibində olan 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, təqdim etdiyi narkotik vasitəni bədənində ağrıları olduğu üçün həmin gün yəni xx.xx.2020-ci il tarixdə saat 11 radələrində «Kubinka» kimi tanınan yerdən üzdən tanıdığı, lakin adını və telefon nömrəsini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manata almışdır. Polis əməkdaşları ona məxsus narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin protokolu və zərfi imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 29-cu PŞ-də sahə inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə ondan və iş yoldaşı əməliyyat müvəkkili olan Şahid1 ibarət əməliyyat qurupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19:30-da ünvan 4 ünvanın qarşısında saxlanılmış, ondan narkotik vasitə istifadə edib-etməməsi barədə soruşduqda o səmimi etiraf edərək narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Emilin üzərində narkotik vasitənin olmasına əsaslı şəkildə şübhələr yarandığından ona polis bölməsinə getmək təklif olunmuş və Emil buna etiraz etmədiyi üçün onu xidməti avtomobilə əyləşdirərək özləri ilə Yasamal RPİ-nin 29-cu PŞ-nə aparıb təhqiqatçıya təhvil vermişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuş, Emil buna cavab olaraq əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən 1 büküm gümüşü kağıza bükülmüş heroini könüllü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Emil həmin narkotik vasitə olan heroini xx.xx.2020-ci il tarixdə saat 11:00-da Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidən üzdən tanıdığı bildiyinə görə həmin ərazidə yaşayan, lakin heç bir anket məlumalarından xəbəri olmadığı şəxsdən özünün istifadəsi üçün 15 manata alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 da şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiklərini öz ifadəsində bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümünü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, bu narkotik vasitə heroini xx.xx.2020ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka" adlanan ərazidə üzdən tanıdığı, lakin, adını bilmədiyi şəxsdən 15 manat müqavilində aldığını və gələcəkdə şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bır ədəd siqaretin gümüşü rəngli kağızı bükümünü açdıqda içərisində tünd qəhvəyi rəngli, toz-kristal şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Aşkar olunmuş bir ədəd siqaretin gümüşü kağız bükümündə narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 169 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi.(i.v. 31-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 5317 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “saxlanılan şəxs Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi - 0,235 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş manat) təşkil edir; (i.v. 38-40) “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə şəxsi axtarış və götürmənin gedişatını əks etdirən görüntülər olan “DVD” diskə baxış aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs əynində boz rəngli gödəkçənin sağ yan cibində saxladığı 1 bükümdə siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroin masanın üzərinə qoymuş, həmin büküm açıldıqda qəhvəyi rəngli toz şəkilli hissəciklərdən ibarət maddə aşkar edilmiş, aşkar edilmiş bükümün içərisindəki maddənin nədən ibarət olması barədə sual verilərkən 1 ədəd bükümdə olan narkotik vasitə heroin, olmasını demiş, həmin narkotik vasitəni xx.xx.2020ci il tarixdə saat 11 radələrində “Kubinka” adlanan ərazidən adını bilmədiyi şəxsdən 15 manata aldığını və istifadə etmək üçün üzərində saxladığını demiş, bundan sonra üzərindən aşkar edilərək götürülmüş 1 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 48) “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20:40-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 22) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 71) “Başqa yerə getməmək haqqında qətimkan tədbiri haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. (i.v. 74) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(004)- 157/2020 nömrəli qərarından görünür ki, CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir; Yasamal Rayon Polis İdarəsindən məhkəməyə daxil olmuş xx xxxxxxxx 2020-ci il tərixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 13:15 radələrində polis əməkdaşları tərəfindən tutularaq Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verlmişdir; xx xxxxxx 2020-cil il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, iş üzrə ekspertiza təqdiqatından sonra qalıq qalmış 0,185 qram narkotik vasitə heroin cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir; (i.v. 64-65) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2020-ci il tarixli 1102 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 93-94) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxx 2016-cı il tarixdə xx.xx.2016-cı il tarixli amnistiya qərarı ilə azad olunmuşdur; (i.v. 84) İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 279/2014 saylı xx xxxxxxx 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 127-131) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd kağız bükümündə təmiz çəkisi 0,235 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,185 qram heroinin maddi sübut hesab edilməsi və Yasamal RPİ-nə saxlanışa verilməsi nəzərə alınmışdır. İş üzrə məhkəmə-kimyəvi, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri və istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilmişdir; Yasamal RPİ-nin 29-cu PB-nin təhqiqatçısı Elmar Şahverdiyev tərəfindən tərtib edilmiş “şəxsi axtarış aparılılması və götürmə” haqqında xx.xx.2020-ci il tarixli protokolu və “DVD” disk sübut növü kimi qiymətləndirilmiş, “DVD” disk iş materiallarına əlavə edilmişdir. (i.v. 97-103) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,235 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxsuncinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, xx xxxx 2016-cı il tarixdə xx.xx.2016-cı il tarixli amnistiya qərarı ilə azad olunmuşdur. CM-nın 83.4-cü maddələrinə əsasən onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-in 93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesablansın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən, saat 13:15dən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut – Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə təhvil verilmiş 0.185qram qalıq çəkisi olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-157/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-157/2020
08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver