Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-157/2024 26.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi ev 26-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 avqust 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsi, 26 nömrəli evin qarşısında qonşuluqda yaşayan və qonşu kimi münasibətinin olduğu Zərərçəkmiş şəxs yaxınlaşıb ona məxsus itlərin itməsində ondan şübhələndiyini deyib sonuncunu günahlandırmış, qeyd edilən səbəbdən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol əlini qəsdən buraraq, ona sol əlin 5-ci barmağının proksimal falanqasının yerdəyişən sınığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, zərərçəkmiş gələndə o evdə oturmuşdur, küçədə ona yaxınlaşmamışdır. Hadisə günündən bir gün qabaq 26-cı Polis Bölməsinin əməkdaşları ilə biryerdə zərərçəkmişin evinə baxış keçirilmişdir. Polis evə girməmiş, o özü girmişdir. Onun balaca itlərini evdən oğurlamışdılar və ona məlumat gəlmişdir ki, itlər Zərərçəkmiş şəxs evindədir. O, Mehibanın evinə polissiz yaxınlaşmamışdır, polis ilə baxış üçün gedəndə Mehriban çıxmış və onu təhqir etmişdir, o, isə ona cavab verməmişdir, bunu polis işçisi də təsdiq edə bilər, qayıdıb evə gəlmişdir. Növbəti gün saat 10-11 arası görmüşdür ki, həyətdə onu çağırır. Yenə ağır şəkildə onu təhqir eləməyə başlamışdır. İstər-istəməz reaksiya verərək, qolundan tutub bayıra atmışdır. O əsnada əlinə nə isə ola bilər, bilmir, ola bilər əlindən tutanda xəsarət yetirmişdir. Amma xüsusilə barmağından tutub sındırmaq olmuyub. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bu xanım onların Kubinkada dədə-babadan yaşayan qonşusudur. O, isə 5-6 ildir ki, ordan ev almışdır. X11rdaşı nəvəsidir. Mehdixan Vəkilovun nəvəsidir. Özü Bakı Dövlət Universitetinin Ədəbiyyat kafedrasında 8 il müəllimə işləmişdir. O, elə biri ola bilər mi? Ziyalı ailədə böyümüş, əsil-köklü adamdır. Özü bir sürü polislə onun evinə gəlmişdir. O, 29 yaşlı oğlunu təzə itirmişdir, yasdadır, əsəbləri yerində deyil, bir oğlu, bir qızı var, Gürcüstanda öldürüblər balasını, bu dəqiqə o havalı vəziyyətdədir. O, isə 26-cı polis bölməsinin əməkdaşlarını götürüb gəlib evinə, heç polislər utanmışlar içəri girməyə, demişdirlər ki, “Mehriban xanım, zəhləmizi töküb bu adam, çıxmır polis idarəsindən, iylənə-iylənə qalıb, it iyi gəlir bundan, bezmişik, qurban olum qoyun gəlsin baxsın evinizə”, o isə demişdir ki, eybi yoxdur, onun evinin hər bir köşəsində zatən kamera var. Evinə girmiş, o, demişdir ki, “Xatirə, mən həmişə səni evimə çağırmışam, sənə maddi və mənəvi dəstək olmuşam, Kubinkada bir adam səni evinə buraxmadığı halda, hamı mənə kimi evinə buraxırsan dediyi halda mən səni yanıma çəkmişəm, demişəm gəl balana, özünə kömək eləyək, mən həmişə sənə dəstək olmuşam. Ümumiyyətlə mənim o itə ehtıyacım var mı? Mən sənin itini neynirəm?” Bu qırdığı barmaq ilə o, onun qabağına yüz dəfə çörək qoymuşdur. Yüz dənə qonşuya getdi ki, şahid durun, əlli illik qonşulardır, gor qonşusu deyir də hamısına, görün biri gəldi mi? Bütün xanımlar ona deyir onlara gəlib ki, şahid olsunlar. Avqust ayının 22-si evə baxış üçün gəliblər, sonra isə o onu təhdid eləməmişdir. Onlarda evlər sökülür, sökən şirkət də düz onun evi ilə üzbəüzdür, avqust ayının 23-ü şirkətə keçmək üçün gəlmişdir, həmin vaxt o qabağına çıxmışdır, o, onu söyməmişdir, eləsə deyərdi, orada şirkətin kameraları da var, demişdir ki, “Xatirə, sən görürsənmi mən indi 42 kq-a düşmüşəm, nə vəziyyətdəyəm, mən bu dəqiqə neynirəm sənin itini? Sən utanmırsan mənim bu qədər yaxşılıqlarımın qabağında evimə polis tökürsən?” Onun halı olmamış, əlini götürüb barmağını sındırmışdır. Qurban həkim əməliyyat edib onu, bu barmağına, mil qoymuşlar və o, 4 ay gipsdə gəzmişdir, hər birinin də şəkli var. Hadisədən sonra evə gəlmiş, 102-yə zəng eləmişdir, ambulans göndərmişlər, travmatologiyaya getmişlər, barmağını iki gün gipsdə qoymuşlar, sonra isə Qurban həkim əməliyyat etmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun anasıdır. Təqsirləndirilən şəxs ilə əvvəllər çox yaxşı qonşu olmuşlar, həmişə onlara gəlib gedən adam olmuşdur. Sonra da polis söhbətindən sonra, itinin itməyindən sonra bir neçə adamın evinə getmiş, onlara da gəlmiş, anası da deyib ki, o, necə ondan belə bir şey fikirləşə bilər, bu ağlasığmaz bir şeydir, səhər də çörək almağa gedəndə orda rastlaşıblar, nəsə sözləşiblər, bir də anası evə gəlmişdir ki, barmaq belə vəziyyətdə, qırılıb, ondan sonra da 102, ambulans, belə. Əlbəttə, barmaq sınıq vəziyyətində idi, baxanda az qala ürəkləri getmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 1004 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol bazunun və sağ saidin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 991 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən X1 almış olduğu xəsarət - sol əlin 5-ci barmağının proksimal falanqasının yerdəyişən sınığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 40/991 saylı, xx.xx.2023-cü il tarixli əlavə rəyinə əsasən Mehriban Əli qızının almış olduğu xəsarət - sol əlin 5-ci barmağının proksimal falanqasının yerdəyişən sınığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında 3 növ cəza yəni islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan islah işləri növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. AZEMİS elektron məhkəmə sistemi məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2000-ci il təvəllüdlü X5 adlı qızı vardır. Məhkəmə təqsirləndirilən şəxsin qadın olmasını, övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-157/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-157/2024
26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver