Məhkəmə qərarları › İş №1(004)-159/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-159/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-159/2025 12.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 10 avqust 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,451 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 17:00-da Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri çərçivəsində ünvan 2 ünvanında yerləşən “Təzə Pir” məscidinin qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki açıq yaşıl rəngli parça materialdan olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,451 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə olan “heroin” qəbul edirmiş. Bir neçə ildir ki, narkotik vasitə “heroin” qəbul etməyində heç kim onu məcbur etmir, özü könüllü şəkildə müxtəlif yerlərdən alaraq qeyd olunan narkotik vasitədən istifadə edir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində o, narkotik vasitə almaq üçün Nəsimi rayonu “Kubinka” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün bir ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” alıb əynində olan açıq yaşıl rəngli parça materialdan olan şalvarının sağ yan cibinə qoyaraq gəzdirirmiş. Daha sonra isə xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində ünvan 2 ünvanında yerləşən “Təzə Pir” məscidinin qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmiş, ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis bölməsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin inzibati binasına getmişdir. Orada onun barəsində şübhəli şəxsin tutulması barədə qərar çıxarılmış və Bakı şəhəri “22 saylı” Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. Təqsirləndirilən şəxs Rafık oğlu vəkillərin siyahısı ilə tanış olduqdan sonra istənilən vəkil tərəfindən özünün hüquqlarının müdafiə edilməsinə dair ərizə yazıb bu barədə xahiş etmiş və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra həmin xidməti otağa X2 dəvət olunaraq ona vəkil kimi təqdim edilmişdir. Daha sonra polis bölməsinin inzibati binasında videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. O da həmin an əynində olan açıq yaşıl rəngli parça materialdan olan şalvarının sağ yan cibində saxladığı içərisində kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan həmin bükülüdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini soruşduqda o, bildirmişdir ki, həmin bükülüdəki maddə narkotik vasitə olan heroindir və o, həmin maddəni bu gün, yəni xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Nəsimi rayonu, “Kubinka" adlanan ərazidə üzdən tanıdığı, lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən 10 manat pul müqabilində almışdır. Bundan sonra onun üzərindən aşkar olunmuş 01 (bir) ədəd büküm gözünün qarşısında ağ rəngli zərfə qoyularaq qablaşdırılıb möhürlənərək zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzalarıyla həmin protokolu təsdiq etmişdirlər. Dediyinə görə narkotik vasitə aldığı şəxsin sifət cizgiləri tam yadında qalmamışdır, arıq bədən quruluşlu olduğunu bildirmişdir. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, heç kimə hədiyyə verməmişdir, bədənində ağrılar olduğuna görə özü qəbul etmək üçün almışdır. Üzərində aşkar olunmuş narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtaırış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Törətdiyi əməldən peşman olduğunu, himayəsində azyaşlı övladlarının olduğunu qeyd edərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs Rafık oğlunun narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun rəhbərliyi altında Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirakı ilə özü tərəfindən xx.xx.2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 birlikdə ünvan 2 ünvanında yerləşən «Təzə Pir» məscidinin qarşısında olan zaman orada zahirən əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsin şəxsiyyətini dəqiqləşdirmişlər. Həmin şəxsin 10 avqust 1987-ci ilə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Rafık oğlu olduğunu müəyyən etmişlər. Bundan sonra əməliyyat qrupunun üzvləri ona narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Polis bölməsinin inzibati binasında Yasamal RPİ-nin 26-cı PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Akif Nəsirovun xidməti otağında Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq yaşıl rəngli parça materialdan olan şalvarının sağ yan cibində saxladığı içərisində 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümdə siqaretin gümüşü kağızına bükülmüş büküm Təqsirləndirilən şəxs və iştirakçıların gözü qarşısında açılan zaman bükülünün içində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə heroinə bənzər maddə müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs Rafık oğlunun əynində olan açıq yaşıl rəngli parça materialdan olan şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin maddə narkotik vasitə olan heroindir. O, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Nəsimi rayonu “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat pul müqabilində aldığını və sonradan istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında sonuncunun təqdim etdiyi 01 ədəd bükülü zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində tərəflərindən sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanı da Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, habelə üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncuya qarşı heç bir fiziki və ya psixi zor yaxud da təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ 26-cı PB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək ittihamda göstərilən halları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq yaşıl rəngli parça materialından olan şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə -herionə bənzər maddə olduğunu, bu maddəni 2024-cü ilin iyul ayının 18-də saat 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini, habelə xx.xx.2024cü il tarixdə saat 17:00-da ünvan 2 ünvanında yerləşən “Təzə Pir” məscidinin qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirildiyini bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə herionə bənzər maddə olması aşkar edilmiş, aşkar olunmuş bir ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə herionə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 170 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v 37-38). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3701 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN zərflər üçün №170 dairəvi möhür əksləri, “saxl şəxs: Təqsirləndirilən şəxs o (imza)..” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,451 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (i.v.44-47). “Maddi sübut kimi tanınma haqqında” 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,451 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq çəkisi 0,451 qram narkotik vasitə heroin saxlanılması üçün Yasamal RPİ-nin saxlancına verilmişdir (i.v.84). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 dekabr 2024-cü il tarixli, 7900 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v.129-130). “Sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Rafık oğlunun Səbail rayon məhkəməsinin hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs Rafık oğlu barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs Rafık oğlunun üzərində şəxsi axtarış aparılan zaman ona polis əməkdaşları tərəfindən üzərində qeyri-qanuni hər hansı bir maddənin olduğu halda təqdim etməsi təklif edildikdən sonra onun şəxsi axtarış keçiriləcəyi təqdirdə üzərindəki madddənin polis əməkdaşları tərəfindən aşkarlanacağını bildiyi üçün həmin maddələri polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs Rafık oğlunun üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 0,451 qram narkotik vasitə olan heroinin iş üzrə maddi sübut kimi tanınması və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq bir ədəd zərfdə - 0,401 qram narkotik vasitə olan heroinin saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs Rafık oğlunun üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs Rafık oğlunun narkotik vasitəni əldə etdiyi naməlum mənbəni müəyyən etmək məqsədi ilə cinayət işindən materialın ayrılması və araşdırılması üçün Yasamal RPİ-nin 26-cı PB-nə göndərilməsi, iş üzrə təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokol, diskə baxış protokolu, məhkəmə-kimyəvi ekspertizasının 19 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3701 nömrəli ekspert rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7900 nömrəli ekspert rəyi, maddi sübutlar, habelə digər toplanmış istintaq materiallarının sübut növü kimi qəbul olunması, Təqsirləndirilən şəxs Rafık oğlunun məhkumluğu olan şəxs hesab olunması, rədd edilmiş xüsusatlar üzrə materialların cinayət işindən ayrılaraq Yasamal rayon prokurorluğuna göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v.132-138). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-962/2024 saylı, 19 iyul 2024-cü il tarixli qərarından görünür ki, Yasamal rayon Polis İdarəsinin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs Yasamal rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən, onun ətrafında güdmə, onun olduğu yerin və nəqliyyat vasitələrinin müşahidəsi, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi hissəsində qanuni hesab edilməsi, təqsirləndirilən şəxsin polis orqanına gətirilməsi, tutulduqdan sonra üstünün yoxlanılması, şəxsi axtarış aparılması hissəsində isə əməliyyat-axtarış tədbiri olmadığından təmin edilməsi qərara alınmışdır (i.v.12-13). “Şübhəli şəxsin tutulması haqqında” 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdə saat 17:00 dəqiqədən tutulmuş hesab edilmişdir (i.v.25). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 20 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Elnur Vəliyevin xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən dərhal azad edilməsi və barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsinin təmin edilməsi qərara alınmışdır (i.v.74-76). “Qətimkan tədbiri seçmə barədə” 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i.v.77). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 10 oktyabr 2007-ci il tarixli hökmünə əsasən AR CM-nin 330.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə AR CPMnin 513, 520-ci maddələrinə əsasən 05 ay 23 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilmiş, xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, xx.xx.2023-cü il tarixdə Səbail RPİ tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 26 dekabr 2023cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir (i.v.81-83). “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması üçün axtarış elan edilməsi haqqında” 01 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin şərtlərini pozmuş Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilməsi qərara alınmışdır (i.v.96-97). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatın AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılması qərara alınmışdır (i.v.99-100). “Cinayət işinin icraata qəbul olunması və iş üzrə icraatın təzələnməsi haqqında” 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, AR CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi icraata qəbul olunub təzələnməklə istintaqının aparılması qərara alınmışdır (i.v.103). Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-130/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il saat 01:00-dan 15 oktyabr 2023-cü il saat 12:30-dək tutulduğu cəmi 02 gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2024-cü il tarixdən hesablanmışdır (i.v.107- 115). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 adında uşaqları vardır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin maddələri ilə müxtəlif vaxtlarda məhkum olunmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal və məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını isə onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi), himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, barəsində başqa cinayət işi üzrə məhkəmə istintaqının aparıldığı dövrdə yenidən eyni cinayət əməlini törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini (əvvəllər də AR CM-nin eyni maddəsi ilə dəfələrlə məhkum edilməsini, məhkumluğu ödənilmədən yenidən eyni cinayəti törətməsini) nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 1(009)-130/2024 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdən həbsdə olmasını nəzərə alaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəlinin həmin tarixdən hesablanmalı olması qənaətinə gəlir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-130/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun əvvəlki cinayət işi və həmçinin hazırki cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM- 69.3), cəzaçəkmə müddətinin başlanğıcı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 130/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli hökmünün tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-130/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-130/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, hazırki cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət olmaqla, cəmi 04 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 07 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-130/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin məsul saxlancına təhvil verilmiş narkotik vasitə olan 0,401 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 80 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “26 saylı” vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “26 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar