Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-160/2023 03.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Sovetski’' adlanan yerdə istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 1,793 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini 10 manat pul müqabilində alıb əldə edərək üzərində saxlamaqla daşıyaraq yaşadığı ünvan 2 ünvanına gətirmiş, orada narkotik vasitə heroini 2 hissəyə ayıraraq saat 12:00 radələrində həmin ünvanın qarşısında tanışı Şahid3 0,695 qram narkotik vasitə heroini 5 manat pul müqabilində satmış, həmin gün saat 12:00-da Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Yasamal RPİ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan tünd göy rəngli, ağ xəttli idman şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 1,098 qram olan və Şahid3 üzərindən aşkar edilmiş 0,695 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə xarici əlamət və kimyəvi komponent tərkiblərinə görə eyni kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisidir və bədənində ağrılar olan zaman heroindən istifadə edir. Özunu CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, 11 oktyabr 2022-ci il tarixdə səhər saatlarında tanışı Şahid3 ilə razılaşaraq ondan 5 manat pul almış və özü də 5 manat pul qoyub “Sovetski” adlanan yerə getmiş, narkotik vasitə satıcısı kimi üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görüb ona yaxınlaşaraq narkotik vasitə kakos lazım olduğunu bildirmişdir. Həmin şəxsdən 10 manat müqabilində 01 ədəd kağız bükümdə içində narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitəni əynində idman şalvarının sağ yan cibinə qoyaraq gizlətmiş və yaşadığı məhəlləyə gəlmişdir. Orada narkotik vasitəni 2 bükümə ayırmış və 1 bükümü ona 5 manat pul verən tanışı Şahid3 vermiş, digər bükümü isə şalvarının sağ yan cibində saxlamışdır ki, istifadə edər. 11 oktyabr 2022-ci ii tarixdə saat təxminən 12:00 radələrində Yasamal rayonu, 11-ci Xrebtovı ev 171 ünvanının yanında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və bildirmişlər ki, Yasamal RPİ-nin NMB-nin əməkdaşlarıdır. Ona narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirib onu Yasamal RPİ-yə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin inzibati binasına getmişdir. Orada barəsində araşdırma aparılması təhqiqatçı Orxan Əliyevə həvalə edilmişdir. Yasamal RPİ-də ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özünün seçdiyi vəkil dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşları, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar elan edilmiş və müdafiəçinin iştirakı ilə qərarla tanış olub onu imza etmişdir. Bundan sonra polis əməkdaşları, müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olubolmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O, könüllü olaraq üzərində olan şəxsi əşyalarını, eləcə də əynində olan göy rəngli idman şalvarının sağ yan cibində saxladığı, 01 ədəd ağ rəngli kağız bükümdə içində narkotik vasitə olan heroini çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı 01 ədəd ağ rəngli kağız bükümü açdıqda içində narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməyi dedikdə bildirmişdir ki, aşkar olunan maddə narkotik vasitə olan heroindir, aşkar edilən maddəni həmin gün, səhər saatlarında “Sovetski” adlanan ərazidə, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata alıb üzərində saxlamışdır. Müdafiəçi ondan pulun mənbəyi və narkotik vasitəni hansı məqsədlə əldə etdiyini soruşduqda demişdir ki, pulun 5 manatı onundur, qalan 5 manatı da Cavidan adlı şəxsdən almışdır ki, ona da narkotik vasitə alsın və aldığı heroindən Cavidana da vermişdir. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən 01 ədəd ağ rəngli büküm içərisindəki kakos maddəsi ilə birlikdə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzəri möhürlənmiş və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olub-olmaması soruşulmuşdur. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən o hər hansı əlavə və ya düzəlişinin olmadığını bildirmişdir. Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf onun, eləcə də şəxsi axtarışda iştirak etmiş vəkil və polis əməkdaşları tərəfindən imzalanmışdır. İstifadə etdiyi narkotik vasitəni müxtəlif şəxslərdən almışdır, onların heç birini tanımır. Sonuncu dəfə narkotik vasitə əldə etdiyi şəxsdən də bir neçə dəfə narkotik vasitə almışdır. O özü narkotik vasitə istifadəçisidir, narkotik vasitə heroini şəxsi istifadəsi üçün almışdır. Sonuncu dəfə aldığı 01 ədəd bükümdə olan kakosdan istifadə etməmişdir. Bir hissəsini Cavidan adlı şəxsə vermişdir. Çünki Cavidan ona 5 manat pul vermişdi ki, onun üçün də heroin alsın. Narkotik vasitə heroini heç kimə satmamış, heç kimə də bağışlamamışdır. Cavidan 5 manat pul verib xahiş etmişdir ki, onun üçün də heroin alsın, o da aldığı heroindən Cavidana da vermişdir. Narkotik vasitəni əldə etdiyi şəxsin anket məlumatları və telefon nömrəsi ona məlum deyil, həmin şəxsi üzdən tanıyır, arıq bədən quruluşlu, orta boylu, 33-35 yaşlarında qaraşın, seyrək saçlı oğlandır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması üçün Yasamal RPİ-nin rəhbərliyindən icazə alınmışdır. Bundan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi və əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmişdir. Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. 11 oktyabr 2022-ci il tarixdə saat 12:00 radələrində ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılmış və narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə əlaqədar Yasamal RPİ-nin inzibati binasına gəlmək təklif edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə RPİ-nin inzibati binasına gəlmişdir. Bundan sonra otaqların birində Raufa özünü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etmiş və sonra Raufun narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olması bildirilərək təhqiqatçı tərəfındən müdafiəçi seçmək hüququ izah edilmiş, vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri bir daha izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli. ağ xəttli idman şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 1,098 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. 01 ədəd ağ rəngli kağız büküm açıldıqda içində qəhvəyi rəngli, tozşəkilli maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki. üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli kağız bükümün içində olan maddə narkotik vasitə heroindir, həmin gün səhər saatlarında tanışı Cavidan adlı şəxsdən 5 manat pul alaraq “Sovetski” adlanan əraziyə getmiş və orada tanımadığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün almış, sonradan həmin narkotik vasitənin bir hissəsini bölərək tanışı Cavidan adlı şəxsə vermiş və həmin gün saat 12:00 radələrində polis əməkdaşları tərəfindən Yasamal rayonu, 11-ci Xrebtovı 171 ünvanının qarşısında saxlanılmışdır. Aşkar edilmiş 01 ədəd ağ rəngli kağız bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış, həmin zərf “Zərflər üçün 42” möhürü ilə möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır Bundan sonra təhqiqatçı tərəfındən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfındən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, bir ilə yaxındır ki, narkotik vasitədən çəkmə və inyeksiya yolu ilə istifadə edir. 11 oktyabr 2022-ci il tarixdə saat 12:00 radələrində ünvan 4 ünvanda avtomobillərin təmiri sexində işləyən Təqsirləndirilən şəxs 5 manat pul verərək bir büküm heroin almış, həmin heroini əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuş və elə həmin vaxt da mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirib onu Yasamal RPİ-yə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin inzibati binasına getmişdir. Yasamal RPİdə polis əməkdaşları, müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olubolmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O, könüllü olaraq üzərində olan şəxsi əşyalarını, eləcə də əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı, 01 ədəd bükümdə içində narkotik vasitə olan heroini çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı 01 ədəd ağ rəngli kağız bükümü açdıqda içində narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməyi dedikdə bildirmişdir ki, aşkar olunan maddə narkotik vasitə olan heroindir, aşkar edilən maddəni tutulmazdan bir az əvvəl tanışı Təqsirləndirilən şəxs 5 manata alıb üzərində saxlamışdır. Raufun həmin narkotik vasitəni haradan əldə etdiyini isə bilmir. Narkotik vasitə heroini şəxsi istifadəsi üçün almışdır. Belə ki, həmin günü narkotik vasitə almaq istəmiş, buna görə də Təqsirləndirilən şəxs işlədiyi sexə getmiş, raufa 5 manat pul vermiş, Rauf da ona demişdir ki, get, 1 saatdan sonra sənə zəng edəcəm gəlib götürərsən. O da oradan çıxıb getmiş, 1 saatdan sonra Rauf ona zəng etmişdir ki, gəl götür, o da gedib narkotiki Raufdan götürmüşdür. Lakin yolda polislər onu yaxalamışlar. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 1(004)-118/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən Şahid3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmə əsasən müəyyən edilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xx.xx.2022-ci il tarixdə saat 12 radələrində ünvan 5 ünvanda tanıdığı Təqsirləndirilən şəxs 5 manat pul verərək şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 0,695 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış və Bakı şəhəri, Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 oktyabr 2022-ci il tarixdə, saat 12:00-da ünvan 6 ünvanın yaxınlığında saxlanılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilməsi məqsədi ilə Yasamal RPİ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,695 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/5883 saylı, xx.xx.2022-ci il tarixli ekspertiza rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 42” dairəvi möhür əksi, “vət.şübhəli şəxs Şahid3imza” sözləri, soyadlar və imzalar qeyd edilmiş 01 ədəd kağız zərfdə 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,695 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6339 № saylı məhkəmə fıziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti N° 68” ştamp əksi və “Ekspert rəyi № 6/5582 Təqsirləndirilən şəxs Ə... yazısı və imza” yazı əlavəli paketin içərisində olan “...Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza; iki-imza...Təhqiqatçı: O.Əliyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki olan heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə "Ekspert rəyi № 6/5883 Şahid3; iki-imza... Təhqiqatçı: O.Əliyevimza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki olan heroin ilə eynidirlər. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs götürülmüş heroinin təmiz çəkisi 12 oktyabr 2022-ci il tarixli 6/5882 saylı ekspert rəyində göstərilmişdir. İlkin tədqiqat zamanı Şahid3 götürülmüş heroinin təmiz çəkisi 12 oktyabr 2022-ci il tarixli 6/5883 saylı ekspert rəyində göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 7705 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini qiymən etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 il (dörd il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 11 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 184 manat (bir yüz səksən dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,028 qram narkotik vasitə olan – heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübutun qalığı olmuş Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,625 qram narkotik vasitə olan – heroinin aqibətinin Yasamal Rayon Məhkəməsinin 1(004)-118/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə həll edilərək məhv edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-160/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-160/2023
03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver