Məhkəmə qərarları › İş №1(004)-160/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-160/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-160/2024 29.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1995-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Azərbayacan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 12 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidən istintaqa məlum olmayan mənbədən, şəxsdən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan bükümdə 0,955 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 12 oktyabr 2023-cü il tarixdə saat 14:00-da Bakı şəhəri, Yasamal rayonu, Ş.Bünyadzadə küçəsi, 12 saylı evin qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilməsi məqsəd ilə Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qanunsuz olaraq naməlum mənbədən əldə etdiyi, əynindəki göy rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 2019-cu ildə Nərmin Məmmədova ilə ailə həyatı qurmuş, birgə nikahdan 3 övladı dünyaya gəlmişdir. 3 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. 12 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində Şamaxinka adlanan ərazidən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manat pul verərək özü üçün istifadə etməyə görə bir ədəd şəffaf sellofan bükümündə psixotrop maddə metamfetamin almış və həmin maddəni əynində olan cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin günü saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Bünyadzadə küçəsi 12 saylı evin qarşısında olduğu zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Həmin vaxt əynində olan cins şalvarın sağ yan cibində bir ədəd büküm metamfetamin olmuş, lakin o, imkan tapıb həmin kütləni yerə ata bilməmişdir. Polis əməkdaşları onu şöbəyə gətirmiş, şöbədə xidməti otaqların birində vəkilin iştirakı ilə ona hüquqları izah olunmuş, sonra təhqiqatçı müdafiəçini ona təqdim etdikdən sonra öncə ona üzərində hər hansı bir əşyanın olduğu halda masanın üzərinə qoymağı barədə təklif etmişdir. O, etiraz etmədən əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə içərisində psixotrop maddə metamfetamin olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı müdafiəçinin iştirakı ilə həmin bükümün içərisinə baxdıqdan sonra bükümdə olan maddənin nə olduğunu ondan soruşmuş, o da öz növbəsində həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu və həmin kütləni günorta saat 12 radələrində Şamaxinka adlanan ərazidən tanımadığı, adını bilmədiyi şəxsdən 20 manat pul verərək aldığını bildirmişdir. Üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılarkən telefonun video kamerası ilə çəkiliş aparılmışdır. Daha sonra qeyd edilən hallarla bağlı protokol tərtib olunmuş və üzərindən aşkar olunaraq götürülmüş metamfetamin maddəsi təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Qeyd olunan faktla əlaqədar özünü günahkar hesab edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 oktyabr 2023-cü il günorta saatlarında sabiq iş yoldaşından daxil olmuş əməliyyat məlumatı əsasında D.Bünyadzadə 11 ünvanının qarşısında vətəndaş M.İsmayıla yaxınlaşmışlaq, onu Polis Şöbəainə dəvət etmişlər və dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə baxış keçirən zaman üzərindən narkotik vasitə olan ağ rəngdə metamfetamin aşkar edilərək götürülmüş, qablaşdırılmış və istintaqa təhvil verilmişdir. Xidmətdə onunla birlikdə Ədalət Abbasov olub. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi şahidi çağırıb dindirmək istəmədiyindən, ona sualları olmadığından, həmçinin onun məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. Azərbaycan Respublikası CPM-nin 327.1.2, 328, 329.1 və 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid X3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən DİO-da, 2019-cu ildən isə Yasamal RPİ-nin 29-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantı xüsusi rütbəsindədir. 2023-cü ilin oktyabr ayının əvvəllərində şöbəyə xx xxxxxx 1995-ci ildə Azərbaycan Respublikası Əli Bayramlı şəhərində anadan olmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olmayan, Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsi, dalan 1, ev 31-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Ü.Ələkbərov küçəsi, ev 262-də kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törədildikdə bilvasitə sonra yaxalanması, narkotik vasitələri və psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əmliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşkar edilərək götürülməsi və gizli müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə iş yoldaşı sahə inspektoru polis mayoru Şahid2 ilə həmin tədbirin keçirilməsinə görə şöbənin rəhbərliyinə raportla müraciət etdi, bundan sonra əməliyyat qrupu yaradıldı və o həmin qrupun rəhəri Şahid2 da həmin qrupa üzv olundu. Tərəflərindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Bünyadzadə küçəsi, 12 saylı evin qarşısında tərəflərindən saxlanılıb. Özlərini ona təqdim edərək polis əməkdaşı olduqlarını bildirib psixotrop maddələrdən qəbul etdiyi barədə daxil olmuş məlumat əsasında saxlandığını izah edib onu Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına dəvət etdik. Təqsirləndirilən şəxs şöbənin inzibati binasına gətirildikdən sonra xidməti otaqların birində üzərində, paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi üçün raportla rəhbərliyə müraciət edib və bundan sonra şöbənin təhqiqatçısı tərəfindən, onun iş yoldaşı Şahid2, saxlanılan şəxsin vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə və həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəsin hüquq və vəzifələri izah edildi. Eyni zamanda izah edildi ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kim şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtima edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxardaraq masanın üzərinə qoydu, təhqiqatçı Təqsirləndirilən şəxs həmin maddənin nə olduğunu soruşduqda o onların yanında bükülüdəki maddənin metamfetamin olduğunu və həmin maddəni tutulmamışdan 1-2 saat əvvəl günorta saatlarında Bakı şəhəri Şamaxinka adlanan ərazidən tanımadığı şəxsdən 20 manat pul verərək aldığını bildirdi. Bükümə baxış keçirilərkən içərisində ağ rəngli spesifik iyə malik maddə olması müəyyən edilmişdir. İçərisində kütlə olan bir ədəd büküm zərfə qoyularaq möhürləndi. Bundan sonra o və digər iştirakçılar tərtib edilmiş protokolun düzlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edildi. Şöbədə Təqsirləndirilən şəxs narkotik maddələri qəbul etməsi, nəzərdə saxlamaqla gəzdirməsi kimi daxil olmuş əmliyyat məlumatlarına əsasən onlar həmin şəxsi nəzarətdə saxladılar və həqiqətən də onun narkotik maddələrin üzərində saxlamaqla qəbul etməsini müəyyən etdilər. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmadığı onlara məlum oldu və onun barəsində satışı ilə məşğul olması kimi onlarda hər hansı bir məlumat yoxdur. Əgər belə bir məlumat əldə edəcəyi təqdirdə istintaqa əlavə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 13 okyabr 2023-cü il tarixli 3-16-16/2-6/5351 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №169” möhür əksi, “Şübhəli şəxs... Məmmədovİsmayıl Tofiq oğlu...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,955 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6647 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixli qərarla təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmə barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan əlavə Şirvan Şəhər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 4(032)-87/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 aprel 2024-cü il tarixdən həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətiman tədbiri ləğv edilməli və barəsində “həbs” qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şirvan Şəhər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 4(032)-87/2024 saylı qərarı ilə 03 aprel 2024-cü il tarixdən həbsdə olması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 07 ay (yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 06 ay 28 gün (altı ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 29 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 4(032)- 87/2024 saylı qərarı ilə 03 aprel 2024-cü il tarixdən həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,905 qram psixotrop maddə olan - matamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 260 (iki yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar