Məhkəmə qərarları › İş №1(004)-160/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-160/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-160/2025 04.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri "xxxx" MMC-nin nümayəndəsi X1 və "xxxx" MTK-nın nümayəndəsi Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 05 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 35A ünvanda yerləşən “Həyat” klinikasının anbarının qapısını yerdən götürdüyü dəmir parçası ilə açmaqla saxlanc yerinə qanunsuz daxil olub anbarda döşəmənin üzərinə yığılmış 100 manat dəyərində 1 ədəd dreli, 150 manat dəyərində 1 ədəd laqondanı, 300 manat dəyərində 1 ədəd qaynaq aparatını, 200 manat dəyərində 1 ədəd prefaratoru, 1 metrinin qiyməti 5 manat olmaqla 150 manat dəyərində 30 metr uzunluğunda aliminium profilləri, 1 metrinin qiyməti 1 manat 10 qəpik olmaqla 165 manat dəyərində 150 metr uzunluğunda elektrik naqillərini gizlli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə ümumilikdə 1065 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2024-cü il tarixdə saat 05 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə Yasamal rayonu, Şərifzadə küçəsi 110 ünvanında yerləşən Kristal Abşeron MTK-ya məxsus anbarın qapısını yerdən götürdüyü dəmir parçası ilə açmaqla saxlanc yerinə qanunsuz daxil olub anbarda döşəmənin üzərinə yığılmış 500 manat dəyərində elektrik naqillərini gizli yolla talayaraq ələ keçirmək istəyərkən mühafizəçinin onu görməsi və ona mane olması nəticəsində əməlini başa çatdıra bilməyib həmin yerdən qaçaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MTK-ya 500 manat məbləğində maddi ziyan vurmaq istəyərək oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəlidir və himayəsində iki azyaşlı övladı vardır. Narkotik vasitə istifadəçisidir. 2024cü ilin sentyabr ayının əvvələrində işsiz olduğundan oğurluq etmək qərarına gəlmişdir. Dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospekti ilə piyada gəzən zaman “Həyat” klinikasında təmir işlərinin getdiyini görmüş və klinikanın həyətində oan dəmir konteynerin qapısının kilidini yerdən tapdığı dəmir parçası ilə sındırıb ora daxil olmuşdur. O, oradan 01 ədəd prefarator, 01 ədəd laqonda, 01 ədəd drel götürərək oradan uzaqlaşmışdır. O, oğurladığı əşyaları Nəsimi rayonu 3-cü mikrorayon dairəsi adlanan ərazidə tanımadığı şəxsə 50 manat pul müqabilində satmışdır. O, “Həyat” klinikasından 01 ədəd qaynaq aparatı və bir qədərdə elektrik naqili oğurlamamışdır. Bundan başqa o, tarixini xatırlamadığı gün gecə saatlarında qalmağa yeri olmadığından ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-ya aid olan binanın 1-ci mərtəbəsinə daxil olaraq orada qalmaq qərarına gəlmişdir. Həmin vaxt içəridə elektrik naqillərinin olduğunu görmüşdür. İçəridə olarkən anbara mühafizəçi daxil olmuş və o, qaçmaq məqsədilə bir otaqdan başqa otağa keçmək istəmişdir. Onun anbarın içərisində olan elektrik naqillərini oğurlamaq məqsədi olmamışdır. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş hüquqi şəxslərə dəymiş zərərin ödənilməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu Mətbuat prospektində "xxxx" MMC-də direktor müavini vəzifəsində işləyir. 03 sentyabr 2024-cü il tarixdə klinikanın mühafizəçisi işləyən Fərid adlı şəxs onun mobil telefonuna zəng edərək klinikada saxlanc üçün olan konteynerdən oğurluq edildiyini bildirmişdir. Oğurluq nəticəsində müəssisəyə ümumilikdə 1065 manat maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməməsinə baxmayaraq ona qarşı heç bir tələb və şikayətinin olmadığını, onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-nın yaşayış binasının komendantıdır. 01 oktyabr 2024-cü il tarixdə səhər saatlarında o, işə gəldiyi zaman binanın mühafizəsinin rəisi Kamran ona 01 oktyabr 2024-cü il tarixdə gecə saatlarında binanın anbarından oğurluğa cəhd olunduğunu və Eminalı adlı mühafizəçinin oğurluq etmək istəyən şəxsə mane olduğunu barədə ona məlumat vermişdir. Bundan sonra o, Yasamal RPİ-nin 28-ci polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməməsinə baxmayaraq ona qarşı heç bir tələb və şikayətinin olmadığını, onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Həyat” Klinikasında mühafizəçi vəzifəsində işləyir. Şahid2 onun iş yoldaşıdır və o da həmin klinikada mühafizəçi işləyir. 02 sentyabr 2024-cü il tarixində iş yoldaşı Şahid2lə birlikdə klinikanın gündüz növbəsindən xidməti təhvil almışlar və Elçibəylə növbəli şəkildə işləməyə başlamışlar. 03 sentyabr 2024-cü il tarixində saat 05 radələrində o, yatmağa getmişdir. Həmin tarixdə səhər saat 08:10-da klinikanın fasadında işləyən adını xatırlamadığı usta təmir tikinti işləri üçün əşyalarını qoyduqları saxlanc yerinə gedib qayıtdıqdan sonra orada olan avadanlıqların oğurlandığını bildirmişdir. Oğurluq nəticəsində “Həyat” Klinikasına 1065 manat məbləğində maddi ziyan dəymişdir. Onun baş vermiş oğurluq hadisəsinin kim tərəfindən törədilməsi barədə hər hansı məlumatım olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, "xxxx"nda mühafizəçi vəzifəsində işləyir. Şahid1 onun iş yoldaşıdır və o da həmin klinikada mühafizəçi işləyir. 02 sentyabr 2024-cü il tarixdə iş yoldaşı Fəridlə birlikdə növbəni təhvil almışlar. 02 sentyabr 2024-cü il tarixdə səhər saatlarında postu Fəridə təhvil vermiş və evə qayıtmışdır. Həmin gün Saat 09 radələrində Fərid ona zəng edərək klinikanın həyətində yerləşən saxlanc yerində oğurluq olduğunu bildirmişdir. Oğurluq nəticəsində Həyat Klinikasına 1065 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-nın yaşayış binasında mühafizəçi işləyir. 01 oktyabr 2024-cü il tarixdə saat səhər saatlarında o, bir nəfər şəxsin binanın birinci mərtəbəsində yerləşən anbarın içərisində olduğunu görərək anbara daxil olmuşdur. O, orada adının sonradan Hüseyn olduğunu bildiyi şəxsin anbarda hərəkət etdiyini görmüşdür. Dərhal ona yaxınlaşmış, həmin vaxt Hüseynin əlində yanğınsöndürən balonu və bıçaq olmuşdur. Hüseynə yaxınlaşdıqdan sonra Hüseyn qaçmaq istədiyi üçün onlar arasında münaqişə baş vermişdir. Daha sonra o, bu barədə rəhbərliyinə məlumat vermişdir. Hadisə zamanı Hüseyn anbarda olan elektrik kabellərini çantasına qoyaraq oğurlamağa cəhd etmişdir. Hüseynin çantasının içərisində elektrik naqilləri olmuş və o, həmin çantanı götürərək rəhbərliyə təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 iştirakı ilə aparılır. Baxış keçirilən və oğurluq hadisənin baş verdiyi yer Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 35A ünvanında yerləşən "xxxx" MMC-nin həyətində olan saxlanc yeridir. Baxış zamanı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 həmin saxlanc yerindən xx.xx.2024-cü il tarixdə 1 ədəd qiyməti 100 manat olan drel, 1 ədəd qiyməti 150 manat olan laqonda, 1 ədəd qiyməti 300 manat olan qaynaq aparatı, 1 ədəd qiyməti 200 manat olan pefarator, 1 metrinin qiyməti 5 manat olmaqla 30 metr uzunluğunda, 150 manat dəyərində aliminium profillər, 1 metrinin qiyməti 1 manat 10 qəpik olmaqla ümumilikdə 150 metr uzunluğunda, 165 manat dəyərində elektrik naqilləri oğurlanmışdır. (i.v. 7-10) “Baxış keçirilməsi haqqında” 01 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 7 ünvanında, 20 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən Kristal Abşeron MTK-ya məxsus anbardır. Həmin anbarın qapısının kilidi sındırılmışdır. Anbarın içərisində müxtəlif adda və sayda tikinti materialları vardır. (i.v. 97-100) “Baxış keçirilməsi haqqında” 04 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında, 20 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən Kristal Abşeron MTK-ya məxsus anbardan elektrik naqillərini oğurlamağa cəhd etdikdən və daha sonra Yasamal RPİ-nin 28-ci polis Şöbəsinə gətirildikdən sonra onun iştirakı ilə həmin anbara baxış keçirilmişdir. (i.v. 104-108) 05 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, "xxxx" MTK-ya məxsus anbara daxil olan Təqsirləndirilən şəxs anbardan oğurlamaq istədiyi elektrik naqillərinin uzunluğu 100 metr, dəyəri isə 500 manat olmuşdur. “Diskə baxış keçirilməsi haqqında” 07 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd DVD diskdə Media Player proqramı vasitəsi ilə açılan 02 ədəd fayl vardır. Həmin fayllardan nömrəsi 1 olan fayla baxış zamanı müəyyən edildi ki, hava qaranlıqdır və 1 nəfər üzü bəlli olmayan şəxs kürəyində çanta ilə klinikanın həyətinə daxil olub konteynerlər olan hissəyə yaxınlaşır. Həmin şəxsin konteynerlərə yaxınlaşıb orada nəsə etməsi video görüntülərdə əks olunur. Lakin hava qaranlıq və görüntü aydın olmadığından həmin şəxsin hərəkətləri dəqiq əks olunmamışdır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin görüntülərdə olan şəxs onun özüdür. Həmin görüntülər klinikanın konteynerin içərisində yerləşən anbarından avadanlıqları oğurlayarkən çəkilmişdir. (i.v. 130) “Sübutların qiymətləndirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə oğurluq hadisəsini əks etdirən 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 159-169) Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 ilə yaxındır ki, Bakı şəhərində ailəsi ilə birlikdə kirayə yaşayır. 2024-cü ilin əvvəllərində maddi vəziyyəti yaxşı olmadığı üçün ailəsini Qazax rayonuna aparmış, özü isə yenidən Bakıya qayıtmışdır. Bakıya qayıtma səbəbi işləmək və pul qazanmaq olmuşdur. 2 ilə yaxındır narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Hal-hazırda müəyyən ağrıları olduğu üçün də mütəmadi olaraq istifadə edir. Bakıya qayıtdıqdan sonra taksi sürücüsü və fəhlə işləmişdir. 02 ay olar ki, narkotik istifadə etməyə başlamışdır. Buna görə də zirzəmilərdə yaşamışdır. 2024-cü ilin sentyabr ayının əvvələrində həddsiz ağrıları olduğundan və pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. İlk öncə gecə saatlarında Yasamal rayonu Mətbuat prospekti ilə piyada gəzən zaman Həyat klinikasında təmir işlərinin getdiyini görmüşdür. Klinikanın həyətində dəmir konteyneri görərək içərisində kabel və mis olacağını düşünmüş və qapının kilidini yerdən tapdığı dəmir parçası ilə qırmışdır. İçəri girərək oradan 01 ədəd prefarator, 01 ədəd laqonda, 01 ədəd drel, 01 ədəd qaynaq aparatı və bir qədərdə elektrik naqilini götürərək oradan uzaqlaşmışdır. Həmin anda ətrafda heç kim olmamışdır. Bundan sonra yenidən Yasamal rayonunda ünvanını xatırlamadığı yerdə zirzəmiyə girmiş və orada yatmışdır. Götürdüyü əşyaları növbəti gün axşam saatlarında sataraq pul əldə etmək istəmişdir. Bunun üçün də Nəsimi rayonu 3-cü mikrorayon dairəsi adlanan əraziyə gedərək fəhlə bazarındakı tanımadığı şəxsə 50 manat pul müqabilində satmışdır. Əldə etdiyi 50 manat pulun müəyyən hissəsinə narkotik vasitə və yemək almışdır. Daha sonra tarixini xatırlamadığı gün gecə saatlarında Şərifzadə küçəsi 110 ünvanında yerləşən Kristal Abşeron MTK-ya aid olan binanın 1-ci mərtəbəsində pəncərədən içəridə elektrik naqillərinin olduğunu görmüşdür. Yerdən götürdüyü dəmir parçası ilə anbarın plastik qapısını aralayıb açmış və içəri daxil olmuşdur. İçəridə xeyli avadanlıq və elektrik naqilləri olmuşdur. Lakin o tez satıb pul əldə etmək üçün elektrik naqillərini oğurlamaq qərarına gəlmişdir. O özü ilə gətirdiyi çantanın içərisinə elektrik naqillərini yığmışdır. Onun niyyəti təxminən 600-700 manat dəyərində elektrik naqillərini götürmək olmuşdur. Digər avadanlıqları götürmək fikri olmamışdır. O içəridə olarkən anbara bir nəfər daxil olmuş, geyimindən bilmişdir ki, həmin şəxs anbarın mühafizəçisidir. O həmin mühafizəçini gördükdə içərisinə naqillər yığdığı çantanı götürmədən həmin yerdən qaçaraq uzaqlaşmışdır. Onun Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 35a ünvanda yerləşən “Həyat” Klinikasının anbarına daxil olmaqda məqsədi içəridən hər hansı əşya oğurlamaq, oğurladığı əşyanı satdıqdan sonra isə şəxsi ehtiyaclarını qarşılamaq olmuşdur. O Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 35a ünvanda yerləşən “Həyat” Klinikasının anbarından oğurluq hadisəsini törədən zaman, həmçinin Kristal Abşeron MTK-dan naqilləri oğurlamaq istəyərkən yanında heç kim olmamış, o həmin əməlləri tək törətmişdir. O oğurladığı əşyaları satdığı şəxslərə həmin əşyaların özünə məxsus olduğunu və rayona qayıdacağı üçün təcili və ucuz qiymətə satdığını bildirmişdir. O qeyd etdiyi oğurluq cinayətlərindən başqa heç bir yerdən oğurluq etməmişdir. Oğurluq etməyi ilə bağlı da heç kəsə məlumat verməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş hüquqi şəxslərin nümayəndələrinin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə yəni, "xxxx" MTK-ya məxsus sahəyə sadəcə gecələmək üçün daxil olduğunu və oradan oğurluq etmək istəmədiyini, bundan əlavə “Həyat” klinikasına məxsus anbardan qaynaq aparatını, aliminum profilləri, elektrik naqillərini oğurlamadığı barədə tənqidi yanaşır və bunu özünümüdafiə xarakterli hesab edir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il Plenumunun Qərarının 18ci bəndinə əsasən Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. CM-nin: 177.2.2-ci və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. 2-ci bəndinə əsasən Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. 3-cü bəndinə əsasən Bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. CM-nin 29-cu maddəsinə əsasən Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli yanlış olaraq CM-nin 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs ikinci əməli oğurluq etməyə cəhd olduğundan onun əməli 177.2.2, 177.2.3 və 29,177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinə tövsif edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 05 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 50) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli 4(004)- 910/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 oktyabr 2024-cü il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 88-90) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Civişov X6 Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.3-cü maddəsi ilə təqsirli bilinərək 06 ay şərti sınaq müddəti müəyyən edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Yevlax rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qazax rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 07 ay 11 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 141-142) AZ-İV № 825913 nömrəlin doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxs qızıdır. (i.v. 171) AZ-İV № 451406 nömrəlin doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs qızıdır. (i.v. 171) Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin baş direktoru X5 tərəfindən məhkməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbləri yoxdur. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MTK-nın Yasamal 2 filialının direktoru X7 tərəfindən məhkməyə ünvanlanmış ərizədən görünür ki, onlara hər hansı ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2018-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun həbsdə saxlanıldığı 05 oktyabr 2024-cü il tarixdən 04 mart 2025-ci il tarixədək olan cəmi 04 (dörd) ay 27 (iyirmi yeddi) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Qazax rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır (CM- 52-1). Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, onun barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 05 oktyabr 2024-cü il tarixdən 04 mart 2025-ci il tarixədək olan cəmi 04 (dörd) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesablanmaqla, 09 (doqquz) ay 24 (iyirmi dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qazax rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşarış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar