Məhkəmə qərarları › İş №1(004)-161/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-161/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-161/2023 23.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Ermənistan Respublikası, Noyemberyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 21 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Yasamal rayonu «Şamaxinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi- 1,633 qram olan qəhvəyi ağ rəngli, kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış pisixotrop maddə- metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, 21 oktyabr 2022-ci il tarixdə saat 16:05-də Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi- 1,633 qram olan qəhvəyi ağ rəngli, kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış pisixotrop maddə- metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o bir müddətdir ki, pisixotrop maddədən istifadə edir və sonuncu dəfə tutulmamışdan 3-4 gün əvvəl istifadə etmişdir. 21 oktyabr 2022-ci il tаriхdə Bakı şəhəri, Yasamal rayonu, Tibilisi prospekti ilə piyada hərəkət edən zaman 2 nəfər polis əməkdaşı ona yахınlаşıb özlərini Yаsаmаl RPİ-nin 29-cu PŞ-nin əməkdаşlаrı kimi təqdim etmişlər. Bundan sonra həmin polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər, lakin həmin vaxt onun üzərində şəxsiyyət vəsiqəsi olmamışdır. Bundan sonra polis əməkdaşları onun şəxsiyyəti barədə məlumatları dəqiqləşdirmək məqsədi ilə onu Yasamal RPİ-nin 29-ci PŞ-ya dəvət etmişlər, o isə polis əməkdaşının tələbinə tabe olaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamışdır. Polis şöbəsində olan zaman polis əməkdaşları ona bir büküm psixotrop maddə olan metafetamin verib, ondan həmin pisixotrop maddəni cibinə qoyub çəkiliş zamanı cibindən çıxarıb özünə məxsus olduğunu və güya “Şamaxinka” adlanan ərazidən 20 manata aldığı bildirməsini tələb etmişlər. O polis əməkdaşının bu təklifinə cavab olaraq bildirmişdir ki, onların bu tələbini yerinə yetirmək istəmir. Bundan sonra 2 nəfər polis əməkdaşı onu yumruq və təpiklərlə vurmağa başlamışlar. Qısa zaman sonra o polis əməkdaşlarının ona yetirdikləri xəsarətlər nəticəsində olan ağrılara dözə bilmədiyi üçün onların tələbi ilə razılaşıb, polis əməkdaşları təfərindən ona təqdim olunmuş narkotik vasitəni cibinə qoymuşdur. Daha sonra onu şöbənin digər otağına aparmışlar və orada polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən daha əvvəl polis əməkdaşları tərəfindən ona təqdim edilmiş bükülünü cıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin bükülünün içərisində pisixotrop maddə olan metamfetamin var, həmin pisixotrop maddəni o, “Şamaxinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 20 manat müqabilində almışdır. Polis əməkdaşları onun təqdim etdiyi pisixotrop maddəni zərfə qoyub qablaşdırmışlar. O isə polis əməkdaşları tərəfindən döyüldüyü və bir daha döyülməkdən qorxduğu üçün həmin zərfi və protokolu imzalamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, 05 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ona təqdim edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Ağkərim oğlu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində psixotrop maddələrin qanunsuz əldə edilməsi və daşınması ilə məşğul olması barədə şöbəyə məlumat daxil olumuşdur. Bu səbəbdən Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin rəisinin əmri əsasında əməliyyat qrupu təşkil olunmuş və 21 oktyabr 2022-ci il tarixdə, saat təxminən 11 radələrində əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 2 ünvanına tərəf yollanmışlar. Həmin vaxt həmin ünvanın qarşısında dayanan əməliyyat məlumatı əsasında xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona şübhənin mahiyyətini bildirdikdən sonra Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə dəvət etmişlər. Nazim onların təklifi ilə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə şöbəyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində video çəkiliş aparılmaqla onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş icərisində pisixotrop maddə metafetamin olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılmış və içərisində pisixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün icərisində pisixotrop maddə metamfetamin olmasını və şəxsi istifadəsi üçün həmin gün “Şamaxinka” adlanan ərazidə narkotik satışı ilə məşğul olan üzdən tanıdığı adını bilmədiyi şəxsdən aldığını etiraf etmişdir. Həmin maddə zərfə qoyularaq möhürlənmiş, protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı zor tədbiq olunmamış və onun təqdim etdiyi pisixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən ona təqdim edilməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb polis şöbəsinə gətirilən zaman onun üzərində heç bir xəsarət izləri olmamış, polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X5 bildirmişdir ki, xx.xx.2022-ci il tarixli 381 saylı rəy onun tərəfindən verilmişdir. O rəy verdiyi zaman Təqsirləndirilən şəxs canlı olaraq görməmişdir. Həmin rəy Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən tərtib edilmiş tibbi sənədlərdə qeyd olunmuş məlumatlara əsasən verilmişdir. Rəydə qeyd edilən xəsarətlərin bədəndə yerləşmə yerinə əsasən həm şəxsin özü tərəfindən həmdə kənar şəxslər tərəfindən yetirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçı vəzifəsində xidmət edir. 21 oktyabr 2022ci il tarixdə Təqsirləndirilən şəxs şöbənin əməliyyat müvəkkili olan Şahid2 və Şahid1 tərəfindən psixotrop maddələrin qanunsuz əldə edilməsi və daşınmasında şübhəli olması ilə bağlı şöbəyə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun seçdiyi müdafiəçi dəvət etmişdir. Daha sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilin iştirakı ilə onun hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində daşınması qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif edilmiş və o əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş icərisində pisixotrop maddə metafetamin olan bükülünü çıxarıb təhqiqatçıya təqdim etmişdir. Həmin bükülü açılmış və içərisində pisixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün icərisində pisixotrop maddə metamfetamin olmasını və şəxsi istifadəsi üçün adını bilmədiyi şəxsdən aldığını etiraf etmişdir. Həmin maddə zərfə qoyularaq möhürlənmiş, protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı zor tədbiq olunmamış və onun təqdim etdiyi pisixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən ona təqdim edilməmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilən zaman onun üzərində heç bir xəsarət izləri olmamış, polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsinin şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 21 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30 dəqiqədə tutulmuşdur. (i.v. 31) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi Müdafiəçi, Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və həmin şöbənin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirakıları ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddə olan metamfetamini 21 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu «Şamxinka» deyilən yerdə üzdən tanıdığı şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını bildirmişdir. (i.v. 35-36) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 22 oktyabr 2022-ci il tarixli, 6/6127 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №169” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs (imza) ...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1.633 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 43-47) “Diskə baxış keçirilməsi haqqında” 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi Müdafiəçi, Yasamal RPİ-nin 29cu PŞ -nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və həmin şöbənin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirakıları ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddə olan metamfetamini 21 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu «Şamxinka» deyilən yerdə üzdən tanıdığı şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını bildirmişdir. (i.v. 54) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 oktyabr 2022-ci il tarixli 4(004)- 909/2022 nömrəli qərardan görünür ki, məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda göstərilən əməli üzrə özünü təqsirli bilmədiyini, üzərində narkotik vasitə olmadığını, zorla boynuna qoyulduğunu, təqdimatın təmin edilməsinə etiraz etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 89-91) “Maddi sübut kimi tanımaq haqqında” 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılarkən götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1.633 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatı keçirildikdən sonra qalıq çəkisi 1.583 qram metamfetamin maddi sübut kimi tanınmış və hökm qanuni qüvvəyə minənədək saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə verilmişdir. (i.v. 92-93) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2022-ci il tarixli 7791 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 139-140) “Sübutların qiymətləndirilməsi haqqında” 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış görüntülərin saxlanıldığı 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 141-148) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 381 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində tərtib edilmiş tibbi sənəddə qeyd olunan sol saidin ön və arxa səthinin sıyrılmış yaraları, sağ körpücük nahiyəsində üzəri qartmaqlı yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sol saidin ön və arxa səthinin sıyrılmış yaralarının xarakteri, sağ körpücük nahiyəsinin üzəri qartmaqlı yarasının qartmağının xarakteri qeyd olunmadığından onların törənmə müddətini dəqiq təyin etmək mümkün deyil, lakin qərarda qeyd olunan xx.xx.2022-ci il tarixdə törənməsi inkar olunmur, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Sağ said nahiyəsində əməliyyatdan sonrakı çapıq toxuma, köhnə cərrahi əməliyyat izidir, hər iki qasıq büküşündə postinyeksion döyənək inyeksiya (iynə) yerləridir. Yuxarıda qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunmur. Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının tibb sanitar hissəsi tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-17\38\2-1296\2023 nömrəli məktuba əlavə edilmiş məhkumun 9595/2022 nömrəli tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs ilkin tibbi müayinəsi zamanı xəsarətlərin olunduğu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Bakı şəhəri Yasamal rayon prokurorluğunun 05 yanvar 2023-cü il tarixli qərarından görünür ki, toplanmış izahatlarla, materiala əlavə edilmiş sənədlərlə və məhkəmə-tibbi ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb şöbəyə təmin edilərkən və ya şöbədə olarkən ona qarşı hər hansı fiziki və psixi təsirlər olunmamış, üzərinə keçirilmiş şəxsi axtarış zamanı psixotrop maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona məxsus olması barədə etiraf edici ifadə vermişdir. Polis əməkdaşlardan şikayət etməkdə məqsədi ağır cinayət məsuliyyətindən yayınmaq, onu həbs etmiş polis əməkdaşlarından qisas almaq olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə müəssisənin tibbsanitar hissəsində müayinədən keçirilən zaman bədən səthində xəsarətlər aşkar olunması faktında polis əməkdaşlarının əməlində cinayət hadisəsi olmadığından toplanmış 384-C-22 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon prokurorluğunda verdiyi izahatından görünür ki, əvvəllər də narkotik vasitə daşınması ilə bağlı məhkum olmunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində ünvan 5 ünvanının qarşısında Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən üzərində narkotik vasitə olması şübhəsi ilə saxlanılmış və şöbəyə aparılmışdır. Tutularkən üzərində narkotik vasitə olmamış, şöbədə olarkən polis əməkdaşları tərəfindən əl, ayaq zərbələri və dəyənəklə döyülmüş, üzərinə narkotik vasitə olan heroin qoyularaq etiraf etməsi təkid edilmiş, döyülmələrə, təzyiqlərə dözməyərək üzərinə qoyulmuş 1.6 qram psixtrop maddə metamfetaminin ona məxsus olması barədə etiraf edici ifadə vermiş, video çəkiliş zamanı da bunu qeyd etmişdir. Onu döyən polis əməkdaşlarını tanımır. Tələbi cinayət məsuliyyətinə xitam verilməsi və onu döymüş polis əməkdaşlarının cəzalandırılmasından ibarətdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. Həmin məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-nin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynalxalq – hüquqi aktlarda (“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Mülki və siyasi hüquqlar haqqında Beynalxalq Pakt”ın 14-cü, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddlərində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində nəzərdə tutulması əhəmiyyətlidir. Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən işgəncə verilmiş, buna dözməyib şəxsi axtarış və götürmə aparılarkən dindirilən zaman təzyiq altında özünə qarşı ifadələr vermişdir. Məhkəmə kollegiyasının sorğusuna əsasən Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən təqdim edilmiş materialdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir (05 yanvar 2023-cü il tarixli qərar). Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə araşdırma zamanı dindirilmiş əməliyyat müvəkilləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs qarşı heç bir zorakılığın olmadığını bildirmişlər. Halbuki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 381 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində tərtih edilmiş tibbi sənəddə qeyd olunan sol saidin ön və arxa səthinin sıyrılmış yaraları, sağ körpücük nahiyəsində üzəri qartmaqlı yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sol saidin ön və arxa səthinin sıyrılmış yaralarının xarakteri, sağ körpücük nahiyəsinin üzəri qartmaqlı yarasının qartmağının xarakteri qeyd olunmadığından onların törənmə müddətini dəqiq təyin etmək mümkün deyil, lakin qərarda qeyd olunan xx.xx.2022-ci il tarixdə törənməsi inkar olunmur, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Sağ said nahiyəsində əməliyyatdan sonrakı çapıq toxuma, köhnə cərrahi əməliyyat izidir, hər iki qasıq büküşündə postinyeksion döyənək inyeksiya (iynə) yerləridir. Yuxarıda qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunmur. Bundan başqa, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının tibb sanitar hissəsi tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16- 17\38\2-1296\2023 nömrəli məktuba əlavə edilmiş məhkumun 9595/2022 nömrəli tibbi kitabçasında Təqsirləndirilən şəxs ilkin tibbi müayinəsi zamanı yuxarıda qeyd olunan xəsarətlərin olunduğu qeyd olunsa da, istintaq orqanı nədənsə bu xüsusat üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirmiş, Təqsirləndirilən şəxs döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmişdir. Məhkəmə hesab edir ki, əgər Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan xəsarətlər polis idarəsinə gətirilməmişdən qabaq olsaydı belə, ən azından bu barədə onun üzərində xəsarətlərin olması barədə polis idarəsində akt tərtib oluna bilərdi, lakin belə bir akt tərtib edilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşları məhkəmənin sualına cavab olaraq bildirmişlər ki, Nazim saxlanılıb polis şöbəsinə gətirilən zaman onun üzərində heç bir xəsarət izləri olmamış, bu da ona dələlət edir ki, həmin xəsərətləri Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduqdan sonra almışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş 21 oktyabr 2022-ci il tarixli videogörüntüdən görünür ki, müdafiəçinin, Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 və həmin şöbənin CA üzrə əməliyyat müvəkkili polis Şahid1 iştirakıları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddə olan metamfetamini 21 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu «Şamxinka» deyilən yerdə üzdən tanıdığı şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin bükülünü rahat şəkildə polis idarəsinə qədər gəzdirməsi də inandırıcı deyil. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmətibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Cinayət işinin rədd edilməsi haqqında qərarından göründüyü kimi qərar yalnız təsviri hissədən ibarət olmuş, müstəntiq digər sübutları əldə etmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, əldə etdiyi ekspert rəyinin məzmununu yalnız təsvir etməklə kifayətlənmiş, rəyə və Təqsirləndirilən şəxs xəsarətlərin olmasını təsdiq edən digər sənədlərə ümumiyyətlə münasibət bildirməmişdir. Yasamal rayon prokurorluğunun müstəntiqi Səyyad Abbasov tərəfindən qəbul edilmiş 05 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın Təqsirləndirilən şəxs çatdırılmasını təsdiq edən hər hansı bir sənəd iş materiallarında aşkar edilməmişdir. Bununlada Təqsirləndirilən şəxs həmin qərarın dəlillərindən və araşdırmanın nəticəsindən xəbərsiz olduğundan onun yuxarı prokurora və ya məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ məhdudlaşdırılmışdır. Belə olan halda, belə araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanılması rədd edilməsi haqqında 05 yanvar 2023-cü il tarixli qərarını əsas götürməklə hazırda məhkəmə istintaqı tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin və ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının məqsədlərini şübhə altına almış olar. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadəsinə münasibətdə qeyd edir ki, həmin ifadəni polisin təsiri altında vermişdir. Bundan əlavə o təqsirləndirilən şəxs qismində dindirmə zamanı etiraf edici ifadə verdiyi gün, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən ona qarşı elan edilmiş ittihamda göstərilən əməli üzrə özünü təqsirli bilmədiyini, üzərində narkotik vasitə olmadığını, zorla boynuna qoyulduğunu bildirmişdir. Bundan əlavə Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 381 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunmur. Lakin məhkəmə istintaqı zamanı H.Hacıyevin özünə xəsarət yetirməsi halı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində olan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi heç bir sübütlarda təsdiq olunmayan şübhəli haldır bu isə təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Bununla da, göstərilən şəraitdə (belə ki tutulana qədər şəxsin üzərində xəsarət olmamışdır, lakin istintaq təcridxanasına daxil olanda üzərində xəsarətlər olub) üzərində xəsarətlər olmuş təqsirləndirilən şəxsin özünü hansısa səbəbdən məhkəməyədək ibtidai istintaq dövründə öz əleyhinə ilkin ifadə verərək (videogörüntü zamanı cibindən narkotik vasitəni çıxarıb masanın üzərinə qoyaraq ona məxsus olması barədə ifadəsi) təqsirli bilməsi həqiqətə uyğun olmasına şübhələr yaradır. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə qeyd edilən şəraitdə verdiyi şübhəli ifadəsindən başqa hər hansı bir sübutun olmadığı şəraitdə isə onun CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair verdiyi həmin ikin ifadəsi hazırda onun əlehinə istifadə edilə bilməz. Bu cür yanaşma “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarında da qeyd edilmişdir. Belə ki, həmin Qərarın 23-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, CPMin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Qərarın 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Qərarın 27-ci bəndinə əsasən şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Qərarın 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Göstərilənlərə əsasən digər hər hansı bir sübut və ya dəlil olmadığı üçün, təqsirləndirilən şəxsin həmin şübhəli olan ilkin ifadəsi onun əlehinə istifadə edilə bilməz. Həmçinin təqsirləndirilən şəxsin belə bir vəziyyətdə narkotik vasitənin cibindən çıxararaq stolun üzərinə qoyması, onun əməlinin etirafedici ifadəsinin sübutu kimi də qəbul edilə bilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar onun hüququ pozulmaqla və ona qarşı zor tədbiq olunaraq əldə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3-cü maddə); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7-ci maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X2 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” (28 oktyabr 1998-ci il) “Selmuni Fransaya qarşı” (04 may 1999-cu il) işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamnda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında (11 iyul 2006cı il) qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvеriciliyə uyğun mövqе formalaşmışdır. Bеlə ki, “Dikmə Türkiyəyə qarşı” 11 iyul 2000-ci il tariхli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar еdilən еtirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə pеrspеktivləri üçün hər hansı həllеdici nəticələr doğurmur. (bеlə bir mövqе Con Mürrеyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hеsab еdir ki, təqsirləndirilən şəхsin еtirafеdici ifadəsi bir sübut növü kimi digər sübutlardan hеç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəхsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən işin halları ilə bağlı məhkəmə istintaqı zamanı müəyyən edilmiş və işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi ibtidai istintaq müddətində və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini saxlaması və gəzdirilməsi öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğuna əsaslı şübhələr var və bütün şübhələr də təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin İ hissəsinin tələbinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Həmin qanunun 10-cu maddəsinin İ hissəsində qanunla müəyyən edilmiş qaydada keçirilməli olan əməliyyat-axtarış tədbirlərinin konkret siyahısı müəyyən edilmişdir və bu maddənin İİ hissəsində qeyd olunur ki, müəyyən olunan bu əməliyyat-axtarış tədbirlərinin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2022-ci il tarixli, 6/6127 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №169” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs (imza) ...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1.633 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. İstintaq orqanı tərəfindən qanunun bu tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə qoyulmuş psixotrop maddənin onun olmaması barədə məhkəmə iclasında verdiyi ifadələri inandırıcı və düzgün hesab edilməlidir. Beləliklə aydın olur ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddələsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasını təsdiq edən məlumatlar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin “Qaritski Polşaya qarşı” iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində qeyd edilmişdirki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. İş materiallarından müəyyən olunur ki, maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq 1.583 qram psixotrop maddə metamfetamin Yasamal rayon Polis İdarəsində saxlanılır. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan, hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin faktın və eyni zamanda Təqsirləndirilən şəxs işgəncələrə məruz qalması faktının araşdırılması üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Maddi sübut kimi saxlanılan yuxarda qeyd olunan psixotrop maddə həmin fakta görə aparılan cinayət təqibi ilə əlaqədar Yasamal rayon Polis İdarəsində saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək, hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilməmişdir və buna görə də, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi, 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352, 353, 356, 357 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,633 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,583 qram çəkidə psixotrop maddə metamfetamin həmin psixotrop maddənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Bakı şəhəri Yasamal RPİ-nin saxlanc otağında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 55 (əlli beş) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin psixotrop maddənin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar