Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-162/2021 05.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 2021-ci ilin yanvar ayında Astara şəhərində istintaqa məlum olmayan mənbədən (şəxsdən) 40 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,182 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış və 14 yanvar 2021-ci il tarixdə saat 07:00 radələrində ünvan 2 ünvanın qarşısında yerləşən Musabəyov parkında Daxili İşlər Nazirliyinin X12 Alayının əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sol yuxarı iç cibində saxladığı “Vinston” markalı siqaret qutusunun içərisindən bir ədəd bükümdə təmiz çəkisi 0,182 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o bir neçə ildir ki, narkotik vasitə olan heroindən və marixuanadan istifadə edir, narkomaniya xəstəliyindən əziyyət çəkmişdir. 2015 və 2018-ci ilərdə Yasamal rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Heç bir yerdə işləmir və meyxana deməklə məşğuldur. 14 yanvar 2021-ci il tarixdə bədənində ağrılar olduğu üçün yarımçıq qalan Astara şəhərindən adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığı narkotik vasitə olan heroini istifadə etmək istəmiş, lakin yaşadığı evdə şpris tapa bilməmişdir. Bu məqsədlə sol yuxarı iç cibində heroin olan gödəkçəsini geyinərək şpris almaq məqsədi ilə 14 yanvar 2021-ci il tarixdə saat 06:00 radələrində yaşadığı evdən küçəyə çıxmışdır. Bir müddət piyada gəzdikdən sonra aptek tapa bilmədiyi üçün piyada yaşadığı evə qayıdarkən Yasamal rayonu N.Hikmət küçəsi 29 saylı ünvanın qarşısında yerləşən Musabəyov parkının kənarında ona xidməti geyimdə olan 3 nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini X13 Alayının əməkdaşı olduqlarını bildirmişlər və ondan gecə vaxtı küçədə olma səbəbini soruşmuşlar. Üzərində narkotik vasitə olduğu üçün o, polis əməkdaşlarına müxtəlif sözlər danışmağa və bu zaman dili topuq vurmağa başlamışdır. Sonra polis əməkdaşları ondan kim olduğunu soruşduqda o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu və üzərimdə şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Sonradan polis əməkdaşları onu Yasamal RPİ-nin 28-ci PB-nə getməyə dəvət etmişlər. O, etiraz etmədən həmin polis əməkdaşları ilə birgə polis bölməsinə gəlmişdir. Orada dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə ona şəxsi axtarış aparılacağı bildirilərək onun üzərində qanunsuz nə varsa təqdim etməyi təklif olunmuşdur. O, əynindəki gödəkçənin sol yuxarı iç cibində saxladığı və üzərində “Winston” sözü yazılmış siqaret qutusunu, habelə həmin qutunun içərisində olan bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, toz şəkilli qəhvəyi rəngli narkotik vasitə olan heroini çıxararaq könüllü olaraq təqdim etmişdir. Bundan başqa üzərindən heç bir dəyərli əşya və pul əskinası aşkar edilməmişdir. Bundan sonra Polis əməkdaşları ona məxsus narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin protokolu və zərfi imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019cu il tarixdən DİN-in X14 X7 polis nəfəri vəzifəsində işləyir, polis kiçik serjantı rütbəsindədir. 14 yanvar 2021-ci il tarixdə o, iş yoldaşları DİN ƏÇPA-nın əməkdaşları Ceyhun Sadıqov və Şahid2lə birlikdə Yasamal rayonu ərazisində xidmət apardıqları gün saat 07:00 radələrində ünvan 2 ünvanın qarşısında yerləşən Musabəyov parkında olarkən əvvəllər tanımadığı bir nəfər cavan oğlanın onları görərkən gah irəli, gah da geri getməsi onlarda şübhə yaratmışdır. Bu baxımdan o, iş yoldaşları ilə birlikdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsdən səhər saatlarında küçədə olma səbəbini soruşmuşlar. Həmin şəxs onlara müxtəlif sözlər, eləcə də bəhanələr gətirərkən dili topuq vurmağa başlamış və sonda narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Onlar şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini tələb etdikdə həmin şəxs heç bir sənəd təqdim edə bilməmişdir. Bundan sonra o, iş yoldaşları ilə birlikdə həmin şəxsi inzibati ərazi üzrə Yasamal RPİ-nin 28-ci PB-nə aparmışlar. Yolda olan zaman həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim edərək uzun müddət müxtəlif narkotik vasitələrdən istifadə etdiyini və hazırda da üzərində narkotik vasitə olduğunu onlara bildirmişdir. Onlar Təqsirləndirilən şəxs 28-ci PB-nin əməkdaşlarına təqdim etdikdən sonra xidmət yerinə qayıdaraq xidməti davam etdirmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 28-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 14.01.2021-ci il tarixdə 28-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması prosesinə cəlb edilmişdir. Yasamal RPİ-nin 28-ci PB-də aparılmış baxış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yuxarı iç cibində saxladığı və üzərində “Vinston” sözü yazılmış siqaret qutusunu və həmin qutunun içərisində olan bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, toz şəkilli qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddəni çıxararaq könüllü olaraq təqdim etmişdir. X8 tərəfindən həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin kakos deyilən narkotik vasitə olan heroin olduğunu və 10 gün əvvəl Astara şəhərində üzdən tanıdığı, lakin adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından 40 manata aldığını etiraf etmişdir. Daha sonra o 14.01.2021-ci il tarixdə qəbul etmək istəsə də şpris tapa bilmədiyi üçün həmin gün saat 06:00-da yaşadığı evdən küçəyə çıxaraq şpris almaq üçün aptek axtardığını və Yasamal rayonu ərazisində yerləşən Musabəyov parkının yaxınlığında DİN-in X13 Alayının əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. , eləcə də 10 ildir ki narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Həmin narkotik vasitə müvafiq qaydada qablaşdırılaraq ekspertiza tədqiqatı üçün göndərilmişdir. Daha sonra ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Vinston” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüş bir ədəd bükümdəki narkotik vasitə təmiz çəkisi 0,182 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 115-117-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 28-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. 14.01.2021-ci il tarixdə saat 07:00 radələrində o, xidmətdə olarkən ünvan 2 ünvanın qarşısında yerləşən Musabəyov parkından özünü şübhəli apardığına görə, eləcə də üzərində narkotik vasitə olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs DİN-in X13 Alayının əməkdaşları tərəfindən 28-ci PB-nə təqdim edilmişdir. O, digər iş yoldaşı Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ilə birlikdə bölməyə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması prosesinə cəlb edilmişlər. Sonradan təhqiqatçı Səyyad Gözəlov tərəfindən 14.01.2021-ci il tarixdə saat 09 radələrində onun və iş yoldaşı Şahid4, eləcə də dəvət edilmiş müdafiəçinin iştirakı ilə PB-də xidməti otaqların birində aparılmış videoçəkilişlə şəxsiyyəti müəyyən edilən 1987-ci ildə Astara şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi başlanmışdır. Baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yuxarı iç cibində saxladığı və üzərində “Vinston” sözü yazılmış siqaret qutusunu və həmin qutunun içərisində olan bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, toz şəkilli qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddəni çıxararaq könüllü olaraq təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir dəyərli əşya və pul əskinası aşkar edilməmişdir. Həmin hərəkətlər polis əməkdaşları tərəfindən videokameraya çəkilirmiş. Həmin büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin (kakos deyilən) narkotik vasitə olan heroin olduğunu, 10 gün əvvəl Astara şəhərində üzdən tanıdığı, lakin adını bilmədiyi iran vətəndaşından 40 manata aldığını, həmin bükümdəki heroinin yarısını qəbul etdiyini, digər yarısını isə sonradan qəbul etmək üçün üzərində saxladığını, həmin heroini 14.01.2021-ci il tarixdə qəbul etmək istəsə də şpris tapa bilmədiyi üçün həmin gün saat 06:00-da yaşadığı evdən küçəyə çıxaraq şpris almaq üçün aptek axtardığını və Yasamal rayonu ərazisində yerləşən Musabəyov parkının yaxınlığında DİN-in X13 Alayının əməkdaşları tərəfindən saxlanıldığını, eləcə də 10 ildir ki narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş büküm təhqiqatçı tərəfindən bağlanılaraq zərfin içərisinə qoyulmuş, zərf bağlanaraq möhürlə möhürlənmiş, həmin zərfə o, digər iştirakçılarla birlikdə imza etmiş, təhqiqatçı sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitə heroin olan zərfin ekspertizaya göndəriləcəyi bildirməklə videoçəkilişin başa çatdığını qeyd etmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs “Vinston” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüş bir ədəd bükümdəki narkotik vasitə təmiz çəkisi 0,182 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Verilən suala cavab olaraq Şahid3 ifadəsində, Təqsirləndirilən şəxs həm əvvəllər, həm də saxlanıldığı dövrdə sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair PB-nə heç bir məlumat daxil olmadığının bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli parça materialdan tikilmiş gödəkçənin sol iç cibində saxladığı üzərində “Vinston” sözü yazılmış siqaret qutusunun içərisində gümüşü rəngli siqaret kağızma bükülmüş içərisində narkotik maddə, öz dediyinə görə kokos deyilən “heroin” olan bükülünü cibindən çıxarıb könüllü olaraq təqdim etdi. Təqsirləndirilən şəxs əynindəki qara rəngli parça materialdan tikilmiş gödəkçənin sol iç cibində saxladığı üzərində “Vinston” sözü yazılmış siqaret qutusunun içərisindən çıxarıb təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən olundu ki, təqdim edilmiş bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddə öz dediyinə görə “kokos” deyilən heroin vardır. İştirak edənlər və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs əyninə geyindiyi qara rəngli parça materialdan tikilmiş gödəkçənin sol iç cibində saxladığı üzərində “Vinston” sözü yazılmış siqaret qutusunun içərisindən çıxarıb təqdim etdiyi bükülünün içərisindəki maddənin nədən ibarət olması barədə sual verilərkən, sonuncu bildirdi ki, təqdim etdiyi bir ədəd bükülünün içərisindəki toz şəkilli, qəhvəyi rəngli maddə narkotik vasitə olan “kokos” deyilən heroindir. Həmin narkotik vasitəni təxminən 10 gün bundan əvvəl Astara şəhərində üzdən tanıdığı, lakin adını bilmədiyi İran vətəndaşından 40 manata alaraq sonradan istifadə etmək məqsədi ilə üzərində saxlamış, narkotik maddənin bir qismindən istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün əynindəki gödəkçəsinin iç cibində siqaret qutusunun içərisində saxlamışdır. (i.v. 31-33) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2021-ci il tarixli, 6/187 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,182 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 39-43) “Diskə baxış keçirilməsi barədə” 16 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir və ona üzərində qanunsuz saxladığı əşya varsa könüllü təqdim etməsi təklif edilir. Həmin zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yuxarı iç cibində saxladığı “Winston” markalı siqaret qutusunu və həmin qutunun içərisində saxladığı bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxararaq təqdim edir və həmin maddəni masanın üzərinə qoyur. Həmin büküm təhqiqatçı tərəfindən açılır və baxış keçirilir, Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin nə olduğu soruşulur. Təqsirləndirilən şəxs həmin madənin (kakos adlanan) heroin olduğunu həmin narkotik vasitəni təxminən 10 gün əvvəl Astara şəhərində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manata aldığını, bir qismindən istifadə etdiyini və yerdə qalan hissəsinin isə üzərindən aşkar olunduğunu, üzərində başqa heç bir qanunsuz əşya olmadığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır və sonuncunun üzərindən heç bir əşya çıxmır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyulur və zərf bağlanaraq möhürlə möhürlənir, həmin zərf Təqsirləndirilən şəxs, Müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanır. Daha sonra təhqiqatçı içərəsində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd edir. (i.v. 85) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 nəticələrinə dair 03.02.2021-ci il tarixli 316 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (Cild İİ, i.v. 123-125) “Sübutların qiymətləndirilməsi haqqında” 01 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,182 qram, lakin ekspertiza təhqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,132 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi subut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin saxlanc kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd disk maddi subut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. İş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə və diskə baxış keçirilməsi haqqında tərtib edilmiş protokolları, əldə edilmiş maddi sübutlar, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri sübut növü kimi tanınmışdır. (i.v. 125- 133) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1.079 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 14 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:25də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 29) “Qətimkan tədbirinin seçilməsi barədə” 15 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 81-82) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 1(004)-162/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 23 aprel 2021-ci il tarixli 091-21851-121 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 22.04.2021-ci il tarixdə saat 12:20-də saxlanılaraq Bakı şəhər, Yasamal Rayon Polis İdarəsinə gətirilmiş və şəxsiyyəti ilə birlikdə Bakı şəhər Yasamal RPİ-nin X9 təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair 22.01.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 07.02.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 16.05.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 08.05.2007-ci il tarixli amnistiya qərarına əsasən azad olunmuşdur. Yasamal Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 17.10.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Yasamal Rayon Məhkəməsinin 26.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərədə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin 26.03.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. (i.v. 87-89) Gəncə Hərbi Məhkəməsinin ***-**** saylı 07 fevral 2007-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən 6 (altı) ay müddətinə azadlıqdan məhruetmə cəzasına məhkum edilmişdir. (i.v. 103-106) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli, 1(004)-422/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 106-110) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26.12.2018-ci il tarixli, 1(004)-338/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 110-112) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 26.03.2020-ci il tarixli 7(003)-312/2020 nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 23 (iyirmi üç) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v. 113-114) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 20 aprel 2021-ci il tarixli 21-1/1-1678 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 26.03.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 ay 23 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzası 20.06.2020-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin ***-**** saylı 07 fevral 2007-ci il tarixli hökmü ilə 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli, 1(004)-422/2015 saylı hökmü ilə 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26.12.2018-ci il tarixli 1(004)-338/2018 saylı hökmü ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 26.03.2020-ci il tarixli 7(003)-312/2020 nömrəli qərarı ilə 02 (iki) ay 23 (iyirmi üç) gün vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 26.03.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 ay 23 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzası 20.06.2020-ci il tarixdə başa çatmışdır. Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli, 1(004)-422/2015 saylı hökmü üzrə olan məhkumluğu ödənilsə də, lakin az ağır cinayət əməlinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26.12.2018-ci il tarixli 1(004)-338/2018 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 26.03.2020-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 26.12.2018-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. AZE seriyalı 10415810 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, 01.09.2013-cü il tarixli Feyziyeva Sübhanənin atası bölməsində Təqsirləndirilən şəxs qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.132 qram qalıq çəkisi olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 81.82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 14 yanvar 2021-ci il tarixdən 15 yanvar 2021-ci il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 22 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə təhvil verilmiş 0.132 qram qalıq çəkisi olan heroin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X2, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun “xxxx” ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:-AZ37NABZ013501**********1944; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-162/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-162/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver