Məhkəmə qərarları › İş №1(004)-162/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-162/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-162/2024 27.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1995-ci ildə Sabirabad rayonu, Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsili, evli, məhkumluğu olmayan, işləməyən, Füzuli rayonu, Qərvənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi 31/47, mənzil 416-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə, tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 148 ünvanında yerləşən «NR» telekom mağazasında olarkən, mağazada satıcı işləyən Zərərçəkmiş şəxs başının qarışıq olmasından istifadə edərək, masanın üzərinə qoyulmuş, daxilində 10 manat dəyərində ***-***-**-** GSM nömrəsi olan, 1000 manat məbləğində İphone 13 markalı mobil telefonu gizli olaraq talayıb, hadisə yerindən gedərək, Zərərçəkmiş şəxs 1010 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə axşam saat 23 radələrində «Şamaxinka» adlanan ərazidən istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısına daxil edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,497 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 20 manata alıb, əldə edib, üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə gecə saat 00:20 dəqiqədə ünvan 1 ünvanda Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, 29-cu PŞ-ə gətirilmiş və üzərində axtarış və götürmə aparılan zaman, əynindəki tünd yaşıl rəngli gödəkçəsinin sağ cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,497 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əməllərindən peşmandır, bu ilin mart ayının 25-də Yasamal rayonu İnşaatçılar metrosunun çıxışında özünə məxsus Redmi A1+ markalı telefonu satmaq istəmiş, həmin vaxtı şəxsiyyət vəsiqəsinin surəti tələb olunduğu üçün yaxınlıqdakı başqa bir dükana daxil olaraq vəsiqəsinin ksero surətinin çıxarılması üçün vəsiqəsini satıcı qıza vermiş, sonuncu vəsiqənin surətini çıxararkən stolun üstünə qoyduğu İPHONE 13 markalı telefon diqqətini cəlb etmiş və telefonu oğurlamaq qərarına gəlmiş və telefonu oğurlayaraq cibinə qoymuş və qız vəsiqəsini ona qaytardıqdan sonra mağazadan çölə çıxıraq həmin yerdən uzaqlaşmış, özünə məxsus telefonu satmış, oğurladığı İPHONE 13 markalı telefonu 10 gündən sonra mobil telefon mağazasında işləyən Vüsalim adlı tanışına öz telefonu kimi təqdim edərək 250 manata satmışdır, törətmiş olduğu əməldən peşmandır, təxminən 1 ilə yaxındır ki, metamfetamin qəbul edir, metamfetamini çəkmək yolu ilə qəbul edir. xx.xx.2023-cü il tarixdə axşam saat 22-23 radələrində Şamaxinka adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə dəqiq məlumatı olmayan şəxsdən 20 manata 1 büküm patını öz şəxsi istifadəsi üçün almışdır. Patını alandan sonra orada olan çayxanaların birində oturub çay içmiş, sonra isə Yasamal rayonu, X.Mustafayev küçəsinə gəlmişdir, gecə artıq saat 12-i keçmişdi, küçədə olarkən bu zaman tanımadığı mülki geyimli 2 nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini çıxarıb təqdim etmişlər və inzibati ərazidə tədbir keçirdiklərini bildirərək onu sorğu-sual etməyə başlamışlar və onların suallarını qeyri dəqiq və qeyri səmimi cavablandırdığı üçün polis əməkdaşları ondan Yasamal RPİ-nin 29-cu PŞ-ə getməyini xahiş etmişlər. Həmin vaxtı metamfetamin əynindəki tünd yaşıl rəngli gödəkçəsinin sağ cibində olmuşdur. Əynindəki tünd yaşıl rəngli gödəkçəsinin sağ cibindən bir ədəd selofana bükülü metamfetamini könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan bu maddənin nə olduğunu soruşduqda o, bu maddənin patı-şüşə olduğunu, patını Şamaxinka adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı hər hanısa bir fiziki zor tətbiq edilməmişdir. Törətmiş olduğu əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkənə dəymiş ziyanı ödədiyini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü il oktyabr ayının 17-dən 18-nə kimi, ümumiyyətlə ay ərzində bir-iki dəfə hər həftənin müəyyən günləri bir sutka darama tətbiq olunur. 2023-cü il oktyabr ayının 17-dən 18-nə kimi, saat 09:00-dan 19:00-a kimi bizdə darama tədbirləri olur və müxtəlif qrupla ayrılıb inzibati əraziyə çıxırıq, maddələrə müvafiq xidmət aparırıq. Amil ilə biz Xaqani Mustafayev küçəsində gedəndə bu yoldaşı gördük, qeyri-adekvat hərəkətlərinə görə yaxınlaşdıq, özümüzü təqdim elədik, onun şəxsiyyət vəsiqəsinin üzərində olubolmamasını, sənədi təqdim etməsini xahiş etdik, heç bir sənəd olmadı, onu polis şöbəsinə dəvət etdik, razılıq verdi, gəldi, orada söhbət nəticəsində özü boynuna aldı ki, narkotik vasitə aludəçisidir, üzərində də narkotik maddə var. Sonra bu barədə məlumat verildi, sənədlər toplandı, təhqiqatçı tərəfindən xidməti otağında üzərinə baxış keçirildi, özü könüllü surətdə sağ yan cibindən yaşıl rəngdə bükülü çıxartdı və dedi ki, həmin maddə “patı”dır və onu oktyabr ayının 17-si axşam 22:00 radələrində Şamaxinkada tanımadığı şəxsdən almışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda yerləşən «NR» telekom mağazasında foto-kompyüter şöbəsində satıcı işləyir, 25 mart 2023-cü il tarixdə saat təxminən 16 radələrində mağazada olarkən bu zaman əvvəllər tanımadığı bir cavan oğlan mağazaya daxil olub, şəxsiyyət vəsiqəsini və 20 qəpik təqdim edərək şəxsiyyət vəsiqəsinin sürətinin çıxarılmasını xahiş etmiş, ondan şəxsiyyət vəsiqəsini alıb sürətçıxarma aparatında vəsiqənin sürətini çıxarıb, yenidən həmin cavan oğlana təqdim etmiş, cavan oğlan mağazadan çıxıb getmiş və 2-3 dəqiqədən sonra göy rəngli, «İhpone 13» markalı İMEİ **********622126 kodlu mobil telefonunun stolun üstündə olmadığını görmüş, digər yerlərə baxmış və telefonunu tapa bilməmişdir. Başa düşmüşdür ki, 2-3 dəqiqə bundan əvvəl mağazaya vəsiqəsinin surətini çıxarmaq üçün gələn oğlan tərəfindən telefonu oğurlanıbdır. Baş vermiş bu oğurluq barədə DİN 102 xidmətinə zəng vurub məlumat vermişdir. Bir müddət keçəndən sonra mağazaya polis əməkdaşları gəlmişər və baş verən hadisəni olduğu kimi onlara danışmışdır. Polis əməkdaşları mağazaya gələn oğlanın şəxsiyyətini müəyyən etmişlər, ətrafda olan mağazaların müşahidə kameralarına baxmışlar və onun mağazadan çıxıb, daha sonra başqa bir mağazaya gedib telefon satması müəyyən olunmuşdur, polislərin deməsindən bu şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ona məxsus «İhpone 13» markalı telefonun qiyməti 1000 manatdır, üzərində isə 10 manat dəyərində ***-***-**-** mobil nömrə olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 17 oktyabr 2023-cü il tarix saat 09:00-dan 18 oktyabr 2023cü il tarix saat 09:00-dək yəni 24 saat xidmət ərzində Bakı şəhər BPİ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən Bakı şəhəri üzrə «DARAMA» tədbiri həyata keçirilirdi. 18 oktyabr 2023-cü il tarixdə gecə saat 00:20 radələrində o, və Yasamal RPİ 29-cu PŞ-nin sahə inspektoru polis kapitanı Şahid2lə xidməti ərazidə xidmətdə olarkən Yasamal rayonu, X.Mustafayev küçəsi 156 saylı ünvanda bir nəfər şəxsin hərəkətləri onlarda həmin şəxsin narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi və daşıyıcısı olması şübhəsi yaratmışdır. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər, həmin şəxsdən şəxsiyyət vəsiqəsinin təqdim etməsini bildirmişlər, lakin həmin şəxs üzərində heç bir rəsmi sənədinin olmadığını bildirmiş və onun qeyri-adekvat hərəkəti, danışığı şübhələri daha da artırmışdır. Həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün Yasamal RPİ-nin 29-cu PŞ-ə dəvət etmişlər, 29-cu PŞ-də bu şəxsin xx.xx.1995-ci ildə Sabirabad rayonunda anadan olmuş, Yasamal rayonu, A.Abbasov küçəsi 31/47, mənzil 416-da yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ilə şifahi söhbət zamanı sonuncu narkotik vasitə alüdəçisi olduğunu, hazırda da üzərində psixotrop maddə olduğunu bildirmişdir. Xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki tünd yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş maddəni çıxarıb təqdim edərək həmin bükülünün içərisində patı-şüşə adlandırdığı psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni 17 oktyabr 2023-cü il tarixdə gecə saat 22 radələrində “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Aşkar olunmuş maddə qablaşdırılaraq Ədliyyə Nazirliyi MEM-ə göndərilmişdir. Ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 0,497 qram çəkidə psixotorop maddə olan metamfetamindir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatında konkret olaraq hər hansısa bir fakt olmamışdır, lakin bu şəxsin bu ilin mart ayında «NR» telekom mağazasından satıcı qıza məxsus telefonu oğurlaması barədə əməliyyat aparatında məlumat var idi və bu şəxs saxlanıldıqdan sonra qeyd olunan oğurluq əməlini səmimi olaraq etiraf etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46-da yerləşən telefon alqı-satqı mağazasını işlədir, Təqsirləndirilən şəxs 3 ilə yaxındır ki, tanıyır, onunla, eləcə də ailəsi ilə arasında yaxşı münasibətlər olubdur. 2023-cü ilin aprel ayının əvvəlində Rüstəm işlədiyi dükana gələrək ona göy rəngli ekranı qırıq vəziyyətdə, ekranın aşağı hissəsində qara ləkəsi olan İhpone 13 markalı telefonu göstərib təmir xərci barədə maraqlanmış, telefonun təmir xərcinin 400 manata yaxın olmasını ona bildirmiş, lakin Rüstəm o qədər pulunun olmadığını demiş və telefonu satmaq istədiyini qeyd etmişdir. Rüstəmi uzun illər tanıdığı üçün ona inanmış və telefonu Rüstəmdən 250 manata almışdır. Sonra həmin telefona yeni ekran almış və həmin telefonu tanımadığı başqa bir müştəriyə 650 manata satmışdır. Həmin telefonu düzəltdikdən sonra bir gün özünə məxsus olan ***- ***-**-** nömrəsini salıb istifadə etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Rüstəmdən göy rəngli İhpone 13 markalı telefonu alarkən Rüstəmin həmin telefonu oğurlaması barədə heç bir məlumatı olmayıbdır, bu barədə polis əməkdaşları onu 29-cu PŞ-ə dəvət edərkən bilmiş, Rüstəmin ümumiyyətlə oğurluq edə biləcəyini heç vaxt ağlına belə gətirə bilməmiş,çünki Rüstəm sakit və tərbiyəli oğlandır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/5538 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №169» dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza) “ yazısı və imzalar olan zərfdəki 1(bir) ədə bükümdə təmiz çəkisi 0,497 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2023-cü il tarixli 7767 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazıra müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanladığı teleqramdan görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tamamilə ödənilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş materiallarında olan Elektron Çıxarışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X2 adlı övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349;351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək Azəraycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası hesabı ilə müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılsın və ona qəti olaraq 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,447 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maadi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar