Məhkəmə qərarları › İş №1(004)-163/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-163/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-163/2021 06.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Sadiq qızının, onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Məzunlar yataqxanasında yaşayan Təqsirləndirilən şəxs Sadiq qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Sadiq qızı xx xxxxxx 2021-ci il tarixdə saat 21:00 dəqiqədə rəfiqəsi Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvana gələrək sonuncudan ona borclu olduğu 200 manat pulu tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı həmin mənzilin dəhlizində əli ilə Zərərçəkmiş şəxs üzünün sol hissəsindən sillə ilə qəsdən vurub sol gözaltı və sol almacıq nahiyəsinin şişkinliyi və qançırı kimi yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Sadiq qızı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 4 ildir ki rəfiqə olmaqla, beş aydır ki aralarındakı mübnasibətlər pozulmuşdur. Buna baxmayaraq Zərərçəkmiş şəxs ona 200 (iki yüz) manat borcu vardır və hər dəfə sonuncudan borcunu tələb etdikdə o müxtəlif bəhanələr uyduraraq pulunu verməkdən boyun qaçırır. xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində o, Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanına getmiş və verdiyi 200 manat pulu tələb etmişdir. Lakin Zərərçəkmiş şəxs onu söyüb təhqir edərək yaşadığı mənzildən qovub çölə çıxarmaq istədikdə, o əsəbiləşib sağ əli ilə bir dəfə Zərərçəkmiş şəxs üzünün sol nahiyyəsinə sillə ilə vurmuşdur. Daha sonra Vüsalə anası Şahid ilə birlikdə onu mənzillərindən çölə çıxarmışlar. Törətdiyi əməldən səmimi peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır və sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onun rəfiqəsi olmuşdur. xx.xx.2021-ci il tarixdə o yaşadığı mənzildə olarkən Təqsirləndirilən şəxs yaşadığı mənzilə gəlmiş və ona borclu olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs hər hansı bir borcunun olmadığını bildirmiş və yaşadığı mənzili tərk edib çıxıb getməsini tələb etmişdir. Bu zaman Təqsirləndirilən şəxs yenidən mübahisəni davam etdirmiş və onu təhqir edərək sağ əli ilə üzünün sol hissəsindən bir dəfə zərbə ilə sillə vurmuşdur. Həmçinin onun üzünün sol hissəsində xəsarəti olmuşdur. Münaqişə zamanı orada kənar şəxslər olmamışdır. Hazırda Təqsirləndirilən şəxs Sadiq qızını bağışlamışdır. Onun Təqsirləndirilən şəxs Sadiq qızına qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs Sadiq qızı barəsində işin icraatına xitam verilməsinə etirazı yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli, 105 saylı sağlamlığa zərər vurmanın təyininə dair məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərsol gözün konyuktiva qişası altında qansızma ilə müşayət olunan sol gözaltı və sol almacıq nahiyəsinin şişkinliyi qançırı, küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir (i/v 16-17). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sadiq qızı əvvəllər məhkum olunmamışdır (i/v 54-55). Təqsirləndirilən şəxs Sadiq qızı məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək barəsində olan işinin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs Sadiq qızı ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Sadiq qızının əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Sadiq qızının ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Sadiq qızı cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə bu Məcəllənin . Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə material Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Sadiq qızının müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 163/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Sadiq qızına məhkəmə istintaqı zamanı göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Sadiq qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Sadiq qızına göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar