Məhkəmə qərarları › İş №1(004)-164/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-164/2020

02.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-164/2020 02.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1992-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilmməmiş, «CTY» rentakar şirkətində menecer işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin olumünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 21:26-da “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus “KİA-K-5” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 3 A nömrəli ünvanda “Mera” pub restoranın qarşısında “Nizami” metrostansiyası istiqamətində arxaya doğru hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni sürücü idarə etdiyi avtomobili arxaya doğru hərəkət etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyinin təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili arxaya manevr etdirməməli olduğu halda, lazım gəldikdə sürücü avtomobili arxaya doğru hərəkət etdirərkən digər şəxslərin köməyindən istifadə etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək yolu sağdan sola keçmək istəyən piyada X3 avtomobilin arxa kapot hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncunun ölümünə səbəb olmuş “ənsə nahiyəsində əzilmiş yara, sol bazu nahiyəsində qançır, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunmuş ənsə sümüyünün kəllə əsasına keçən sınığı” kimi həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vuran bədən xəsarətləri yetirib, həmçinin Zərərçəkmiş şəxs məxsus “KİA-K-5” markalı **-VH-*** nömrə nişanlı avtomobilə 186 manat miqdarda ziyan vurub yol hərəkət qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “CTY” rentakar şirkətində menecer kimi çalışır. Əvvəllər məhkum olmamış, heç bir psixi və fiziki qüsuru yoxdur. «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır, lakin özünə məxsus şəxsi avtomobili yoxdur, ailəlidir, 2019-cu il təvəllüdlü bir az yaşlı övladı vardır. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi 25 ünvanında yerləşən «xxxxxxxxxxxx» adlı şirkətə məxsus “KİA K-5” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili bir günə 80 manat ödəmək şərti ilə yol vərəqəsi əsasında icarəyə götürmüş, onun həmin avtomobili icarəyə götürməkdə məqsədi ailəsinin yaşadığı Bərdə rayonuna getmək olmuş, həmin avtomobili o müddətsiz götürmüş, nə vaxt təhvil versəydi ödənişi də onda edəcəkdi. O, Bərdə rayonuna xx.xx.2020-ci il tarixdə gecə saatlarında getməyi planlaşdırmışdı. xx xxxx 2020-cİ il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən Zabitlər bağından idarə etdiyi “KİA K-5” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə iş yoldaşı Aslanla birlikdə çıxaraq dostu Muradla görüşmək məqsədi ilə Nəsimi rayonu ərazisində yerləşən Kubinka adlanan yerə getmiş, avtomobili o idarə edirdi, Aslan avtomobildə qabaq sərnişin oturacaqda əyləşmişdi, Onlar Kubinka ərazisində dostu Muradla görüşmüş və Murad avtomobilə sol arxa sərnişin oturacağında əyləşmiş söhbətləşə-söhbətləşə şəhəri gəzmək üçün yola davam etmiş, hava yağmursuz, yol quru idi. Hava qaralmışdı. O, hərəkət edərək gəlib Yasamal rayonu, Z.Əhmədbəyov küçəsinə çıxmış, həmin vaxt siqareti olmadığından yolun kənarına nəzər salmış, hərəkətdə olduğu yolun sağında dükan görmüş dükanın qarşısında bir neçə avtomobil dayandığından avtomobili park etmək üçün 10-15 km\saat sürətlə avtomobili arxaya hərəkət etdirmiş bu zaman anidən yolun sağ kənarında dayanmış avtomobillərin arasından bir nəfərin avtomobilin arxasına iti yerişlə keçməsini görüb tez ayağını əyləcə basmış və avtomobillə tormozlanma vəziyyətində həmin şəxsi vurmuşdur. O, tez avtomobili saxlamış, Aslan qabaq sərnişin, Murad isə arxa sol sərnişin oturacağından avtomobildən aşağı düşüb arxasına keçmiş o, özünü itirdiyi üçün bir neçə saniyə sükan arxasında oturaqlı vəziyyətdə qalmış daha sonra isə yolu boşaltmaq məqsəsdi ilə avtomobili bir az qabaqda sağ tərəfdə saxlayıb avtomobildən düşərək vurduğu piyadaya yaxınlaşmış o yerdə yaşlı bir qadının uzanmasını görmüş, o qadının nəbzinin vurduğunu və bunun üçün də hər üçü Aslan və Muradla bir yerdə köməkləşib həmin qadını idarə etdiyi avtomobilə qoyaraq onu yaxınlqda yerləşən təcili tibbi yardım mərkəzinə aparmış, orada onlara demişdilər ki, burada həkim yoxdu və onlara məsləhət görmüşdülər ki, 1 saylı X9 gedək. Həmçinin də həmin təcili yardımdan bir nəfər tibb bacısı onların avtomobilinə əyləşərək 1 saylı X9 gəlmiş, 1 saylı X6 da onlara bildirmişhdilər ki, Korona Virusla əlaqədar karantin rejimi olduğu üçün başqa xəstələr qəbul olunmur. Həmin vaxtı onlara oradan təcili yardım avtomobili verilmiş onlar qadını həmin təcili yardım avtomobilinə qoymuş və X11 gətirmiş, yolda olarkən tibb bacısı avtomobilə vurduğu qadına iynə vurmuş, lakin onlar X10 həyətinə çatanda artıq qadın ölmüş, bir neçə dəqiqə keçmişdi ki, vurduğu şəxsin adamlarının X10 həyətinə toplaşdığını görmüş və onlar həddindən artıq əsəbi olmuş, həmin şəxslər sürücünü axtardıqlarını bildikdən sonra o qorxuya düşmüş və həmin vaxtı istifadəsində olan ***-***-**-** nömrəsidən atasının istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək hadisə törətməyi barədə məlumat vermiş atası isə ona polisə gedib məlumat verməyini məsləhət bilmiş, bunun üçün də özünü anket məlumatları barədə, mobil telefon nömrəsi və həmçinin də avtomobili barədə təcili tibbi yardım avtomobilinin ekipajına tam məlumat verərək polisə gedib təslim olacağını bildirib oradan avtomobili ilə uzaqlaşmış o yaxınlıqda yerləşən Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə gedərək hadisə barədə məlumat vermiş, Həmin vaxtı polis əməkdaşları onun könüllü olaraq polisə gəlməyi barədə akt tərtib etmiş sonra Yasamal RPİ-nin əməkdaşları gəlib onu Yasamal RPİ-nin inzibati binasına gətirmiş, daha sonra isə içkili olub-olmadığını yoxlamaq üçün narkoloji dispanserə aparmış və onun sərxoş olmadığı müəyyən olunmuşdur. Özünü təqsirli bilməsini, gənc olmasını, ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, mərhum zərərçəkmiş şəxsin ailəsinə köməklik etməsini, onun dəfni ilə bağlı olan xərcləri öz üzərinə götürməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəməyədək icraat dövründə dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş şəxs X2 hüquqi varisi X4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, X7 onun doğma anasıdır. X17 1972-ci ildə atası X5 ilə ailə həyatı qurmuş, birgə nigahdan 1973-cü ildə qardaşı Dadaş İbrahimov, 1974-cü ildə özü, 1979-cü ildə isə kiçik bacısı Ruhəngiz İbrahimova dünyaya gəlmiş, atası Hikmət 2004-cü ildə, qardaşı Dadaş isə 2016-cı ildə vəfat etmişdir. Bacısı və özü ərə getdiyindən ayrı-ayrı ünvanlarda yaşayırlar, X17 isə qardaşı oğlu 15 yaşlı Hikmətlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində 32 nömrəli ünvanda yaşamışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 22 radələrində qonşulardan kimsə anasının avtomobil tərəfindən vurulması və xəstəxanada olması barədə məlumat vermiş, o xəstəxanaya getmiş, xəstəxanada anasının aldığı xəsarətlərdən vəfat etməsini görmüş, orada ona həmin günü anası evdən zibil atmağa çıxıb Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində avtomobil arxaya hərəkət edərkən onu vurması məlum olmuşdur. Məhkəməyədək icraat dövründə dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, oğlu Şahid4 Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi 25 ünvanında yerləşən «xxxxxxxxxxxx» MMC-ni xx.xx.2020-ci il tarixdə icarə yolu ilə işlədir. «xxxxxxxxxxxx» MMC-nin fəaliyyəti avtomobilləri müraciət edən şəxslərə günəmuzd icarəyə verməkdən ibarətdir. Oğlu Ağatahirin işlədiyi rentakar şirkətində olan avtomobillərin əksəriyyəti onun adınadır və bir çox avtomobilləri o öz puluna almışdır. Ağatahir icarəyə vermək üçün rentekara qoyduğu avtomobilləri başqa şəxslərə etibarı olmadığına görə hər dəfə onun adına rəsmiləşdirirdi. Eyni qaydada hadisə törədilən “KİA OPTİMA” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil də onun adına rəsmiləşdirlmişdi və avtomobilin təmir xərclərinə görə ona 200 manata yaxın maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında yerləşən «xxxxxxxxxxxx» MMC-ni xx.xx.2020-ci il tarixdə icarəyə götürüb işlədir, «xxxxxxxxxxxx» MMC-nin fəaliyyəti avtomobilləri müraciət edən şəxslərə günə muzd icarəyə verməkdən ibarətdir. Atasına məxsus “KİA K-5” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili alandan sonra atası Zərərçəkmiş şəxs oğunun adına rəsmiləşdirmiş, belə ki, rəhbərlik etdiyi şirkətdə olan avtomobillərin əksəriyyəti atası Telmanın adına rəsmiləşdirilmişdir, buna baxmayaraq həmin avtomobillər ona etibar edilmişdir buna baxmayaraq avtomobillərin alınmasında pulu ona atası vermişdi. O, «xxxxxxxxxxxx» MMC-ni icarəyə götürəndən sonra rəsmiyyət qaydasında avtomobil atasının adına olduğu üçün atası həmin avtomibili «xxxxxxxxxxxx» MMC-nə mülki etibarnamə əsasında istifadə etmək üçün vermişdi. O, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, belə ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs işlətdiyi «xxxxxxxxxxxx» MMC-yə müraciət edərək ona məxsus olan “KİA K-5” markalı, **- VH-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmək istədiyini bildirmiş, ona etiraz etməmiş, Təqsirləndirilən şəxs sənədlərini təqdim etdikdən sonra sənədləşmə aparılaraq müqavilə və yol vərəqəsi əsasında “KİA OPTİMA” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili ona xx.xx.2020-ci il tarixdən etibarən günü 80 manat ödəmək şərti ilə verilmiş, xx xxxx 2020-ci il tarixdən o, GPERS vasitəsi ilə avtomobili izləyəndə xx xxxx 2020-ci il tarixədək idarə olunmadığını aşkar etmiş, Avtomobilin idarə olunmadığı onda şübhə yartdığı üçün GPERS vasitəsi ilə axtarıb avtomobili Bakı şəhəri, Binqədi RPİ-nin 6cı PB-nin həyətində saxlandığını aşkar etmiş, orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs atasına məxsus olan icarəyə götürdüyü “KİA K-5” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində arxaya verərkən yolu keçmək istəyən piyada bir qadını vurmuş və qadın aldığı xəsarətlərin dərəcəsindən xəstəxanaya aparılarkən yolda ölmüşdür. Hadisə nəticəsində sənədlə atasına məxsus olan “KİA K-5” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa kapotu əzilmişr və atasına təxminən 200 manat maddi ziyan dəymişdir. Avtomobil atasının adına məxsus olduğundan avtomobilə dəymiş maddi ziyanla bağlı zərər atasına dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yaxın dostudur. Onun “BC” katiqoriyalı sürücülük vəsiqəsi vardır, lakin şəxsi avtomobili yoxdur. xx.xx.2020-ci il tarixdə ona məlum oldu ki, Vüsal ailəsini rayona aparmaq məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi 25 ünvanında yerləşən «MY RENTEKAR» adlı şirkətə məxsus “KİA K-5” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında 10 gün müddətinə icarəyə götürmüş, xx xxxx 2020-ci il tarixdə o Vüsalla zəngləşib Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən Zabitlər bağında görüşmüş, orada çay içdikdən sonra dostu Muradla görüşmək məqsədi ilə həmin günü saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən Zabitlər bağından Vüsalın idarə etdiyi “KİA K-5” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə oradan çıxaraq dostları Muradla görüşmək məqsədi ilə Nəsimi rayonu ərazisində Kubinka adlanan yerə gəlmiş, Muradın əsl adı Rəbimdir lakin onu hamı Murad deyə çağırır. Avtomobili Vüsal idarə edirdi, o, avtomobildə qabaq sərnişin oturacağına əyləşmiş, hava yağmursuz, yol quru olmuş, hava artıq qaralmışdı. saat 21:30 olardı. Onlar Kubinka ərazisində dostları Muradla görüşmüş və Murad avtomobilə arxa sol sərnişin oturacağında əyləşmiş, Onlar avtomobildə bir biriləri ilə söhbət edərək Bakı şəhərini gəzmək üçün yola davam etmiş, Vüsal avtomobillə hərəkət edərək gəlib Yasamal rayonu, Zivər Əhmədbəyov küçəsinə çıxmış, saat təxminən 21.30 radələri idi, həmin vaxtı Vüsalın siqareti olmadığından yolun sağında yerləşən dükanın qarşısında avtomobili saxlamaq istəyəndə dükanın qarşısında bir neçə avtomobil dayndığından avtomobili park etmək üçün arxaya hərəkət etdirmiş həmin vaxtı Vüsal avtomobilin yan və orta salon güzgülərindən arxaya baxırdı. O isə qarşı tərəfə baxırdı. Vüsal avtomobili arxaya hərəkət etdirəndə qəflətən tormoz vermiş və avtomobilin arxası bərk zərbə ilə nəyəsə dəymiş, Vüsal avtomobili saxlamış, o, dərhal qabaq sərnişin oturacağından Murad isə arxa sol sərnişin oturacağından yerə düşüb avtomobilin arxasına keçmiş, onlar yerdə yaşlı bir qadının uzanmasını görmüş və başa düşmüşdülər ki, Vüsal avtomobilin arxa hissəsi ilə həmin qadını vurmuşdur. Vüsal da avtomobili bir az qarşıya sürüb saxlamış və düşüb onların yanına gəlmiş, onlar qadının nəbzinin vurduğunu bilmiş ona görə də hər üçü köməkləşərək həmin qadını Vüsalın idarə etdiyi avtomobilə qoyaraq onu yaxınlqda yerləşən təcili tibbi yardım mərkəzinə aparmış, orada onlara karantinlə əlaqədar tibb müəssisəsində həkimin olmadığı deyilmiş, və onlara məsləhət görmüşdülər ki, xəstəni 1 saylı X9 aparsınlar, həmçinin də həmin təcili yardımdan bir nəfər tibb bacısı onların avtomobilinə əyləşərək 1 saylı X9 gəlmiş, 1 saylı X6 da onlara bildirdilər ki, Korona Virusla əlaqdar karantin olduğu üçün başqa xəstələr qəbul olunmur. Həmin vaxtı onlara təcili yardım avtomobili verilmiş, onlar qadını həmin təcili yardım avtomobilinə qoymuş və X11 gətirmişdilər. Yolda olarkən tibb bacısı vurulan qadına iynə vurmuş lakin onlar X10 həyətinə çatanda artıq qadının öldüyünü bilmişdilər. Bir neçə dəqiqə keçmişdi ki, Vüsalın vurduğu piyada qadının adamlarının X10 həyətinə toplaşdığını və onların həddindən artıq əsəbi olduqlarını görmüş Vüsal isə hadisə törədən sürücü olduğunu və anket məlumatlarını həkimlərə verib təslim olmaq üçün polisə getmiş, O, isə Muradla bir yerdə xəsxəxanada olan zaiman ölünün sahiblərinə hadisəni dostları tərəfindən törənməsini bəyan etmiş lakin döyüləcəyindən ehtiyat edərək həmin yerdən polisə getdiyini demiş ölən qadının yaxınları hiddətlə sürücünü axtarmış, Vüsal isə yaxınlıqda yerləşən polis bölməsinə təslim olmağa getmişdi. Çünki o Rəbimlə birlikdə Vüsala məsləhət vermişdilər ki, oradan uzaqlaşsın yəni belə hesab etmişdilər ki, ölən adamın yaxınları Vüsala nəsə edə bilərdilər. Ona görə də o da ehtiyat edib oradan getdi və ölən adamın yaxınlarına özünü göstərmədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 176-177-ci vərəqələrində olan xx xxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam qətimkan» tədbiri seçilmişdir. Cinayət işinin 15-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Ağcabədi RQİTBŞ tərəfindən xx xxxxxx 2019-cu ildə verilmiş AE seriyalı 925647 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2029-cu il tarixədək qüvvədə olan “BC” dərəcəli sürücülük hüququ vardır. Cinayət işinin 26-cı vərəqəsində olan yol vərəqəsindən gorünür ki, “Kia Optima” marlalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil “MAY RENTACAR” tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək idarə edilməsi üçün Təqsirləndirilən şəxs etibar edilmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli, 2/2049 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 100-cü vərəqəsində olan xx xxx 2020-ci il tarixli qərardan görünür ki, X13 zərərçəkmiş şəxs mərhum X2 hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 95-97-ci vərəqələrində olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X20 xx xxxx 2020-ci il tarixli, 60 saylı meyitin ekspertizası rəyindən görünür ki, 1948-ci il təvəllüdlü X2 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur:«ənsə nahiyəsində əzilmiş yara, sol bazu nahiyəsində qançır, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşaiyət olunmuş ənsə sümüyünün kəllə əsasına keçən sınığı. 2.Göstərilən xəsarətlər həyatı olub, ölümündən az əvvəl küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətə, yəni xx.xx.2020-ci ildə piyada qismində olarkən hərəkətdə olan avtomaşının hissələrinin dəyməsindən törənməsi mümkündür, dərəcəsinə görə, canlı şəxslərdə həyatı üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərini daşıyır, ölümün baş vermə səbəbi ilə birbaşa əlqəlidir. 3. X2 ölümünə səbəb, almış olduğu xəsarətlər nəticəsində baş beyin toxumasına, onun müayinəsindən təxminən 2-4 saat əvvəl baş vermişdir. 4. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Cinayət işinin 91-92-ci vərəqələrində olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx xxx 2020-ci il tarixli 8\472 nömrəli rəyində göstərilmişdir ki, “KİA K-5” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 90-cı vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat müəyyən edilmişdir. Cinayət işinin 118-119-cu vərəqələrində olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının xx xxx 2020-ci il tarixli 9/1242 nömrəli rəyindən görünür ki, aparılmış ekspert təqiqatı nəticəsində 2013-cü il buraxılışlı, KİA optima markalı, ** HV *** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxx 2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri) təqdim edilmiş «Avtoservis» təmir emalatxanası tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 123/2013 №-li ziyan aktında olan dəyüişməli ehtiyat hissələri və təmirbərpa işləri barədə məlumatlarına əsasən, hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 186,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti 36,00 manat, təmir işlərinimn qiyməti-150,00 manat Cinayət işinin 117-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 44-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 İdarəsi tərəfindən xx xxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan mərhum zərərçəkmiş şəxs X2 hüquqi varisi X4 təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi, şikayəti və mülki iddiası yoxdur. Cinayət işinin 132-143-cü vərəqələrində olan xx xxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 (bir) ədəd DVD disk və “KİA-K-5” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, DVD disk saxlanması üçün cinayət işinin materiallarına əlavə edilmiş, və “KİA-K-5” markalı, **-VH- *** dövlət qeydiyat nişanlı avtomobil isə sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 21:26 radələrində “KİA-K-5” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 3 A nömrəli ünvanda “Mera” pub restoranın qarşısında “Nizami” metrostansiyası istiqamətində arxaya doğru hərəkət edərkən yolu sağdan sola keçmək istəyən piyadanı vurmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülərlə və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin Xİİİcü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsipi və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, gənc olmasını, zərərçəkmiş şəxsin ailəsinə maddi köməklik etməsini, həmin Məcəllənin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, 59.1.11ci maddəsinə əsasən hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməsini, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 60-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut olan “KİA-K-5” markalı, **- VH-*** dövlət qeydiyat nişanlı avtomobil isə sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi – 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri R.M.Mirzəyevə və Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili R.M.Mirzəyevə ibtidai istintaq dövründə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə digər maddi sübut olan “KİA-K-5” markalı, **-VH-*** dövlət qeydiyat nişanlı avtomobil isə sahibi Şahid4 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X8 ibtidai istintaq dövründə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar