Məhkəmə qərarları › İş №1(004)-164/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-164/2021

11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-164/2021 11.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Ucar rayonu, Bərgüşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonu, Səmədabad kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 fevral 2021-ci il tarixdə saat 18:50 radələrində müştəri qismində gəldiyi Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəllədə yerləşən “İdeal parfum və kosmetika” mağazasında masanın üzərində olan Zərərçəkmiş şəxs məxsus 1.110 (min yüz) manat dəyərində **********80213 və **********69521 imei kodlu içərisində dəyəri 20 (iyirmi) manat olan ***-***-**-** GSM nömrə, üzərində 10 (on) manat dəyərində açıq yaşıl rəngli qoruyucu və 5 (beş) manat dəyərində şüşə üzlük olan “İPhone XS Max” markalı, 256 GB yaddaşlı mobil telefonu həmin gün saat 19:14 dəqiqədə gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 1.135 (min yüz otuz beş) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 fevral 2021 -ci il tarixində saat təxminən 18:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəllədə yerləşən “İdeal parfum və kosmetika” mağazasına daxil olub, satıcı qıza yaxınlaşmışdır. Həmin qızdan isə kosmetik mallar barədə maraqlanmışdır. O, yoxlamaq üçün üzünə kosmetika çəkərkən isə əlində olan “Samsung” markalı telefon aparatını satıcının iş masasının üzərinə qoyan zaman masanın üzərində “iphone” markalı mobil telefon aparatının da olmasını görmüşdür. Satıcı qız rəfdən əlavə kosmetika götürən vaxt isə o, masanın üzərində olan “İphone” markalı mobil telefon aparatını oğurlamaq məqsədi ilə götürərək əynində olan narıncı rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Sonra satıcı kosmetik malları gətirən zaman mobil telefonuna zəng gəldiyini deyərək mağazadan çıxıb oradan uzaqlaşmışdır. Bir qədər kənarlaşdıqdan sonra gizli olaraq taladığı mobil telefon aparatına nəzər yetirmiş və “İPhone XS Max” markalı olmasını müəyyən etmişdir. Hətta üzərində yaşıl rəngli, rezin kabura da var idi. Bütün bunlardan sonra 19 fevral 2021-ci il tarixində saat təxminən 15:00 radələrində şəhərdə gəzişərkən polis əməkdaşları ona yaxınlaşaraq 26-cı polis bölməsinə dəvət etmişlər. Bununla da o 26-cı polis bölməsinə yaxınlaşaraq etdiyi əməli tam səmimi etiraf etmiş oğurladığı telefon aparatını könüllü təqdim etmiş və peşman olduğunu bildirərək gələcəkdə belə hərəkətlərə bir daha yol verməyəcəyinə dair söz verdiyini qeyd etmişdir. Əməlindən səmimi peşman olmasını, özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona dəymiş ziyanın ödənilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, CD diskdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o təxminən iki ildir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 528-ci məhəllədə yerləşən “İdeal parfumeriya və kosmetika” mağazasında satıcı-vizajist işləyir. 17.02.2021 ci il tarixində saat təxminən 10:00 radələrində işə gələrək bir il bundan öncə 1.800 (min səkkiz yüz) manata aldığı və hal-hazırda işlənmiş, lakin saz vəziyyətdə olan “İphone XS Max” markalı, ***-***-**-** GSM nömrəli, **********80213 və **********69521 imei kodlu mobil telefonunu mağazada olan iş masasının üzərinə qoymuşdur. Həmin gün mağazaya saat təxminən 18:55 radələrində daxil olan müştəri qadın satışda olan ətirlərlə maraqlanan zaman əlində olan mobil telefonunu iş masasına onun telefonunun yanına qoymuşdur. Həmin qadın ətirlərlə maraqlanıb mağazanı tərk edəndən sonra saat 19:10 radələrində aşkar etmişdir ki, mobil telefon aparatı yerində yoxdur. Mağazanın təhlükəsizlik kamerasına baxarkən həmin qadının mobil telefonunu masanın üzərindən oğurlayaraq getməsini görmüş və bu barədə Azərbaycan Resüpublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə məlumat verməklə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, telefonunun üzərində 10 (on) manat dəyərində tünd yaşıl rəngli kabura və 5 (beş) manat dəyərində şüşə üzlük var idi. Habelə üzərində GSM nömrəni təxminən 20 (iyirmi) manata almışdır. Odur ki, ona ümumilikdə 1.835 (min səkküz yüz otuz beş) manat məbləğində maddi ziyan dəyməsini qeyd etmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödədiyini, ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmişdir. Sadələşdirilmiş icraat materialının 51-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/976 saylı, 23 fevral 2021-ci il tarixli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qara rəngli “İphone XS Max” markalı, 256 GB yaddaşlı mobil telefonun satış üçün Komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla hazırki orta bazar qiyməti təxminən 1100,00 manat, üzərində olan istifadədə olmuş açıq yaşıl rəngli qoruyucu təxminən 10,00 manat müəyyən edilir. Sadələşdirilmiş icraat materialının 52-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 50 (əlli) manat təşkil etmişdir. Sadələşdirilmiş icraat materialının 49-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 25 fevral 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Sadələşdirilmiş icraat materialının 57-60-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 27 fevral 2021-ci il tarixli qərardan görünür ki, üzərində açıq yaşıl rəngli qoruyucu və şüşə üzlük olan 01 (bir) ədəd “İphone XS Max” markalı, 256 GB yaddaşlı mobil telefon və könüllü olaraq təqdim edilmiş 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınmışdır. Sadələşdirilmiş icraat materialının 66-cı vərəqəsində olan qəbzdən görünür ki, 01 (bir) ədəd “İphone XS Max” markalı, 256 GB yaddaşlı mobil telefon Zərərçəkmiş şəxs tərəfindən saz vəziyyətdə təhvil alınmışdır. Sadələşdirilmiş icraat materialında olan 09 iyun 2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da şübhəli şəxs kimi tutularaq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təhvil verilmişdir. Sadələşdirilmiş icraat materialında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiası yoxdur. Sadələşdirilmiş icraat materialında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəllədə yerləşən “ideal parfum və kosmetika” mağazasında satıcı işləyən Zərərçəkmiş şəxs məxsus “İPhone XS Max” markalı, ***-***-**-** nömrəli, **********80213 və **********69521 ımei kodlu mobil telefon aparatını masanın üzərindən gizli olaraq talama niyyəti ilə oğurlamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə, ekspert rəyi, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının CM-nın 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən peşman olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmçinin sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 09 iyun 2021-ci il tarixdə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 04 (dörd) gün hesabı ilə nəzərə alınmaqla 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya məhkəmə icraçısının iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk sadələşdirilmiş icraat materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd “İphone XS Max” markalı, 256 GB yaddaşlı mobil telefon Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 04 (dörd) gün hesabı ilə nəzərə alınmaqla 04 (dörd) gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk sadələşdirilmiş icraatın materiallarında saxlanılsın. İş üzrə digər maddi sübut olan 01 (bir) ədəd “İphone XS Max” markalı, 256 GB yaddaşlı mobil telefon Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar