Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-165/2019 19.07.2019 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə Tərcüməçi: X2 Təqsirləndirilən şəxs: xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, heç bir yerdə işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi, məhəllə 568, ev 2, mənzil 37-də qeydiyyatda olub, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 90-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qara rəngli siqaret kağızına bükülmüş halda təmiz çəkisi 0,207 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 11.04.2019-cu il tarixdə saat 22:30 radelərində ünvan 1 ünvanının qarşısında saxlanılaraq 29-cu PŞ-nə dəvət olunub üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən kibrit qutusunda, həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, əvəllər dəfələrlə narkotik vasitədən qanunsuz istifadə etdiyinə görə məhkum olunmuşdur. O, cəzasını çəkib azadlığa çıxdıqdan sonra yenə narkotikdən istifadə etməyə başlamışdır. 11 aprel 2019-cu il tarixdə saat təxminən 21:30 radələrində Bakı şəhəri «Papanin» deyilən ərazidən üzdən tanıdığı, lakin barəsində heç bir anket məlumatı bilmədiyi kişi cinsli şəxsdən özü istifadə etmək məqsədi ilə 10 manata bir ədəd kibrit qutusunun içərisində siqaretin qara rəngli kağızına bükülmüş vəziyyətdə bir büküm heroin almışdır. O, aldığı narkotiki əynindəki qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibində gizlətmişdir ki, sonra istifadə edər. Sonra o, Yasamal rayonu 1-ci Alatava küçəsi 90 saylı evin qarşısına gəlmişdir. Bu vaxt ona 2 nəfər mülki geyimdə tanımadığı adamlar yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra ona narkotikin istifadəsində şübhəli bilindiyini deyib Yasamal rayonu 29-cu PŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 29-cu PŞ-nə getmişdir. Şöbədə xidməti otaqda barəsində şəxsi axtarış keçiriləcəyi barədə xəbərdarlıq edilərək onun hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilməsini bildirmişlər. O, ərizə verərək dövlət hesabına vəkil dəvət olunmasını xahiş etmişdir. Bundan sonra qərarla dövlət hesabına vəkil dəvət olunub ona təqdim edilmişdir. Sonra təhqiqatçı tərəfindən ona vəkilin və tərcüməçinin iştirakı ilə hüquq və vəzifələri izah edilərək təklif edilmişdir ki, üzərində hər hansı dövriyyəsi qadağan olunmuş maddə, narkotik vasitə vardırsa könüllü olaraq təqdim etsin. O, əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində qara rəngli kağıza bükülmüş bir bükümdə olan heroini çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitə onun iştirakı ilə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal RPl-in 29-cu PŞ-in sahə inspektoru vəzifəsində işləyir. Ona ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi və üstündə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat şöbənin rəhbərliyinə məruzə edildikdən sonra şöbənin rəisinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Məlumatı dəqiqləşdirmək üçün əməliyyatçılar Niyaz Süleymanov və Şahid2 birlikdə keçirdikləri əməliyyat tədbirləri zamanı 11 aprel 2019-cu il tarixdə Yasamal rayonu, 1-ci Alatava ev 90 ünvanının qarşısında saat 22:30 radələrində Təqsirləndirilən şəxs müəyyən edərək ona narkotikin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Yasamal RPl-in 29-cu Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə 29-cu PŞ-nə getmişdir.Onu raportla PŞ-in təhqiqatçısı polis mayoru Natiq Abdullayevə təhvil vermişlər. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün təhqiqatçı qərarla Bakı şəhəri 1 saylı hüquq məsləhətxansından dövlət hesabına vəkil dəvət edərək həmin vəkilin və onların iştirakları ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Şəxsi axtarış və götürmə aparılmağa başlayarkən Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən kibrit qutusunu çıxarıb qutunun içərisindən bir ədəd qara rəngli siqaret kağız bükümünü təqdim edərək narkotik vasitə heroin olduğunu, özü istifadə etməsi üçün Papanin adlanan ərazidən üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir.Həmin bükümü təhqiqatçı götürüb açaraq nümayiş etdirib, sonra bükümü zərfə qoyub qablaşdırıb götürmüşdür. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 12.04.2019-cu il tarixli, 9618 saylı ekspert rəyinə tədqiqata təqdim edilmiş, bir ədəd zərfdə təqdim olunmuş, içərisindəki təmiz çəkisi 0,207 qram olan bir büküm qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 03.06.2019-cu il tarixli 1264 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Məcburi müalicəyə əks göstərişi yoxdur.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxstərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxshəmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 17.05.2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. 01.09.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bununla da Təqsirləndirilən şəxs məhkumluğuödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində 13.04.2019-cu il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11.04.2019-cu il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli,şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay (bir il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 11 aprel 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 93,40 manat (doxsan üç manat 40 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,157 qram narkotik vasitə olan-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-165/2019
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-165/2019
19.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver