Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-165/2022 19.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxsin hüquqi varisi: X5 Təqsirləndirilən şəxs: xx.xx.1959-cu il tarixdə Sabirabad rayonu, Qazlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində qonşuları, 26.02.2015-ci il təvəllüdlü azyaşlı X2 xəstələnməsi səbəbindən anası Şahid1 xahişi ilə ona “Seftriakson 500 mg” dərman preparatını inyeksion qaydada yeritmək üçün onların yaşadığı ünvan 2 ünvanına gəlmiş, lakin allergik reaksiyası nəzərdə tutulan “Seftriakson 500 mg” dərman preparatı həkim tərəfindən təyin edilmiş qaydada həkim nəzarəti olan tibb müəssisələrində istifadə edilməli, həmin dərman preparatının istifadəsindən əvvəl anamnez toplanılmalı, preparatın istifadə olunacağı şəxsin allergik reaksiyasının olubolmadığı müəyyən edilməli, allergik reaksiyaya şübhə olduğu halda dərialtı sınaq aparılmalı, preparatın istifadəsindən sonra yarana biləcək allergik reaksiyaların, habelə anaflaktik şokun vaxtında qarşısının alınması məqsədilə üzərində şok əleyhinə preparatlar mövcud olmalı olduğu halda, 1989-cu ildə Sabirabad rayon mədəniyyət şöbəsinin M.Ə.Sabir adına Mərkəzi Kitabxanasının nəzdindəki bir illik “Sağlamlıq və ilk tibbi yardım” kursunu bitirdiyindən və hər hansı tibb müəssisəsində işləməsə də, uzun müddət tibb bacısı kimi fəaliyyət göstərdiyindən həmin qaydalara cinayətkarcasına etinasız yanaşaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək həmin dərman preparatının istifadəsindən əvvəl D.Qəhrəmanovanın barəsində anamnez, yəni tibbi məlumat toplamadan, əvvəllər də, 2019-cu ildə eyni növ preparatı inyeksion qaydada yeridərkən həmin antibiotikin istifadəsi nəticəsində sonuncunun buna əks reaksiya verməklə şoka düşməsini, xəstəxanaya aparılarkən yolda ayıldığından geri qayıtmalarını bilə-bilə onda dərialtı sınaq aparmadan, preparatın istifadəsindən sonra yarana biləcək allergik reaksiyaların, habelə anaflaktik şokun vaxtında qarşısının alınması məqsədilə üzərində şok əleyhinə preparatlar mövcud olmadan, “Seftriakson 500 mg” dərman preparatını həkim nəzarəti olmadan, tibb müəssisəsindən kənar, yəni ev şəraitində D.Qəhrəmanovanın əzələ daxilinə inyeksion qaydada yeritmiş, bununla əlaqədar sonuncuda anafilaktik şok yarandığından ağır vəziyyətdə “Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsinin Allergiya - İİ Reanimasiya şöbəsinə yerləşdirilmiş, həmin şöbədə xəstənin vəziyyətinin ağırlığına uyğun görülmüş ixtisaslı tibbi yardım tədbirlərinə baxmayaraq, 14.10.2021-ci il tarixdə, saat 00:10 radələrində ölmüş, yəni ehtiyatsızlıqdan “Seftriakson 500 mg” dərman preparatını inyeksion qaydada D.Qəhrəmanovanın əzələ daxilinə yeridərək həmin preparatla əlaqədar onda baş vermiş anafilaktik şok səbəbindən ehtiyatsızlıqdan onun ölümünə səbəb olan əməllərə yol vermişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2015-ci il təvəllüdlü X6 onun ərinin dayısının nəticəsidir, yəni qohumudur. Dənizin ailəsi onunla qonşuluqda yaşamış və yaxın ailəvi münasibətləri olmuşdur. Xəstə olduqları zamanlarda çağırışları ilə onlara gedib iynə vurmuş, hətta Dənizin anası Şahid1 bir müddət əvvəl “Covid 19” virusuna yoluxan zaman onun müalicəsi üçün tələb olunan iynələri və sistemləri özü həyata keçirmişdir. Belə ki, hər hansı tibbi təhsili olmasa da, 1989-cu ildə Sabirabad rayon mədəniyyət şöbəsinin M.Ə.Sabir adına Mərkəzi Kitabxanasının nəzdindəki bir illik “Sağlamlıq və ilkin tibbi yardım” kursunu bitirdiyi üçün uzun illərdir ki, bu sahədə bacarığı olduğundan tanışlarına, qohumlarına onların çağırışları əsasında gedib iynə vurmuş, lakin bu günədək heç bir tibb müəssisəsində tibb işçisi kimi işləməmişdir. 13 oktyabr 2021-ci il tarixdə axşam saatlarında qardaşı Əlimürsəlgildə olmuş, dəqiq xatırlamadığı vaxtda Aynur ona zəng edərək uşaqlarının xəstə olduğunu, müalicə üçün antibiotik aldığını, həmin antibiotiklərin uşaqlara vurulmalı olduğunu bildirmiş, özü isə hazırda qardaşıgildə olduğunu, gec qayıdacağını desə də, Aynur gec də olsa gəlməyini xahiş etmişdir. Bundan sonra saat təxminən 22:30 radələrində yaşadığı evə qayıtmış, çantasını evə qoyub tək Aynurgilə getmiş, çatdıqda evdə Aynur, əri Arif və iki uşaqları olmuşdur. Aynur ona 2 (iki) ədəd “Seftriaksion 500 mg” antibiotiki aldığını, həmin antibiotiklərin uşaqlara vurulacağını bildirmiş, özü ilkin olaraq Aynurun oğlu Habilin əzələ daxilinə probsuz (sınaq qoyulmadan) həmin antibiotiki vurmuş, iynəni vurduqdan sonra onda heç bir əks təsir olmamışdır. Valideynlərinin xahişi əsasında əvvəllər də həm Habilə, həm də Dənizə bir neçə dəfə “Seftriaksion 500 mg” antibiotikini vurmuş, bununla bağlı Habildə hər hansı bir əks göstəriş olmasa da, təxminən 2 il bundan əvvəl eyni antibiotiki vurduqdan sonra Dənizin halı pisləşmiş, bir müddət sonra isə düzəlmişdir. Həmin vaxt da yaşadıqları evdə iynəni Dənizin əzələ daxilinə vurub evinə getmiş, təxminən 30 dəqiqə sonra Şahid1 onunla əlaqə saxlayaraq iynədən sonra Dənizin az miqdarda qaytardığını, üz nahiyəsinin qızarmağa başladığını, böyrək nahiyələrində qaşınma olduğunu, bu səbəbdən də “Seftriakson”un ona əks təsir göstərdiyini düşündükləri üçün ərinin onu xəstəxanaya apardığını demiş və yaşadıqları evə gəlməyini bildirmişdir. Özü evə gəldikdən sonra baş verənlərlə əlaqədar həyəcan və qorxu içində olmuş, bir neçə dəqiqə sonra Arif Dənizlə birlikdə evə qayıdaraq Dənizin yolda özünə gəldiyi üçün onu xəstəxanaya aparmadan qayıtdıqlarını demişdir. Həmin gün Dəniz ona iynə vurulmasını istəmədiyi üçün ağladığından ilkin olaraq onun valideynlərinə iynəni vurmamağı təklif etsə də, valideynləri xəstə olduğu üçün Dənizə də iynə vurulmasını tələb etdiklərindən ikinci antibiotiki eyni qaydada atasının qucağında Dənizin əzələdaxilinə vurmuş, az miqdarda (0.5 mg) antibiotik vurduğu üçün ona da hər hansı bir sınaq (prob) qoymamışdır. İynəni vurduqdan təxminən 10-15 saniyə sonra Dənizin halı qəfil pisləşmiş, rəngi ağarmış, həmin vaxt Arif qonşuları köməyə çağırmaq üçün dərhal bayıra çıxmışdır. Bundan sonra Dəniz qusmağa başladığı üçün əynindəki paltarlar batdığından Aynur onun əynini dəyişmiş və Dənizi ayıltmaq üçün Aynurla birlikdə Dənizin üzünə su vuraraq ona su içirtməyə çalışmışlar. Qısa müddət sonra Arif qonşuları ilə birlikdə evə qayıtmış və qonşulardan birinin avtomobili ilə Dənizi Respublika Klinik Xəstəxanasına aparmış, onlar getdikdən sonra özü də əri Rasim İsgəndərovla birlikdə taksi tutaraq Dənizin səhhətini maraqlanmaq üçün həmin xəstəxanaya getmişlər. Xəstəxanaya çatdıqda Dənizin komada olduğunu, süni-tənəffüs aparatına qoşulduğunu və barəsində tibbi yardım tədbirlərinin görüldüyünü öyrənmiş, 14 oktyabr 2021-ci il tarixə keçən gecə saat 00:10 radələrində isə həkimlərdən Dənizin vəfat etdiyi məlumatını almışdır. Əvvəllər Dənizə “Seftriaksion” antibiotikini tam doza (1 mq) vurması səbəbindən antibiotikin onun səhhətinə əks təsir göstərdiyini düşünmüş, lakin 13 oktyabr 2021-ci il tarixdə yarım doza antibiotik vuracağı üçün bunun onun səhhətinə mənfi təsir göstərməyəcəyini düşündüyündən antibiotiki əzələ daxilinə vuran zaman hər hansı sınaq (prob) qoymamışdır. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, bilməyərəkdən və istəməyərəkdən belə bir hadisənin baş verməsini, zərərçəkmiş tərəfdən üzr istədiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, özünün evli olmasını, ərinin əlil olmasını, nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, o, Şahid1 ilə 2010-cu il tarixdə nikaha daxil olmuş, nikahdan 24 aprel 2011-ci il tarixdə X8, 26 fevral 2015-ci il tarixdə isə X6 dünyaya gəlmişdir. Arvadı Aynur 34 həftəlik hamilə olan zaman Dəniz dünyaya gəlmiş, onun “Hemapares”, yəni anadangəlmə sağ tərəfin sol tərəfə nisbətən zəif inkişafı xəstəliyi olmuş, həmin xəstəliyini müalicə etmək üçün Dənizi ildə 2-3 dəfə fizioterapiyaya, masaja və s. proseduralara aparmışlar. Dəniz hadisədən 3 gün əvvəl qrip olmuş, burnundan davamlı su axmış, tez-tez asqırmış, oğlu Habil də həmin ərəfələrdə qripə yoluxmuşdur. 13 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Aynur və azyaşlı qızları Dənizlə birlikdə Bakı şəhərində yeni açılmış zooparka getmiş, zooparkda olduqları vaxt Dəniz halsız olduğunu, evə getmək istədiyini bildirdiyi üçün təxminən saat 18 radələrində evə qayıtmağı qərarlaşdırmış, qayıdan zaman uşaqların sağalmasından ötrü onlara vurulması üçün xatırlamadığı aptekdən 02 (iki) ədəd “Seftriaksion 500 mg” antibiotikini almışlar. Evə çatdıqdan sonra da Dənizin burnu axmağa davam etdiyi və tez-tez asqırdığı üçün saat 20:30 radələrində Aynur qonşuluqda yaşayan qohumu Təqsirləndirilən şəxs öz mobil telefonu ilə zəng edərək ona xəstələndikləri üçün uşaqlara antibiotik vurmaq lazım olduğunu bildirmiş, İradə isə hazırda qardaşıgildə olduğunu, gec çıxacağını desə də, Aynur gec də olsa gəlməsini xahiş etmişdir. Saat təxminən 22.30 radələrində İradə yaşadıqları evə gəlmiş, ilkin olaraq Habilin əzələ daxilinə probsuz (sınaq qoymadan) 01 (bir) ədəd “Seftriaksion 500 mg” iynəsini vurmuş, iynə vurulduqdan sonra onda hər hansı bir əks göstəriş olmamışdır. Habildən sonra İradə həmin iynəni eyni qaydada probsuz (sınaq qoymadan) onun qucağında Dənizin əzələ daxilinə vurmuş, təxminən 10-15 saniyə sonra Dənizin vəziyyəti qəfil pisləşməyə başlamış, bunu görən kimi dərhal Dənizi divana uzadıb qonşuları köməyə çağırmaq üçün həyətə çıxmış, qısa müddət sonra həyətdən kömək üçün çağırdığı qonşularla birlikdə evə daxil olmuş, Şərif adlı qonşunun avtomobili ilə Dənizi Respublika Klinik Xəstəxanasına apararaq onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdirmişlər. Həmin şöbədə Dənizə təcili tibbi yardım göstərilsə də, 14 oktyabr 2021-ci il tarixə keçən gecə saat 00:10 radələrində həkimlər onlara Dənizin vəfat etdiyini demişlər. Təqsirləndirilən şəxs tibb təhsilinin olmadığını bilsə də, əvvəllər tibbi praktika ilə bağlı kurs keçməsindən məlumatlı olduqlarından xəstə olduqları zaman iynə vurması üçün onu tez-tez yaşadıqları evə dəvət etmişlər. İradə oğlu Habilə və qızı Dənizə əvvəllər də bir neçə dəfə “Seftriaksion 500 mg” antibiotikini vurmuş, həmin vaxt Habildə hər hansı bir əks göstəriş olmasa da, təxminən 2 il bundan əvvəl yaşadıqları evdə Dənizin əzələ daxilinə həmin antibiotiki vurduqdan sonra onun halı pisləşmiş, bir qədər sonra isə düzəlmişdir. Belə ki, həmin vaxt iynəni vurduqdan təxminən 5 dəqiqə sonra Dəniz az miqdarda qaytarmış, üzü qızarmağa başlamış və böyrək nahiyələrində qaşınma olduğunu onlara bildirmiş, “Seftriakson”un ona əks təsir göstərdiyini başa düşmüş, Aynur dərhal onu hamama salıb ayıltmaq üçün yuyundurmağa başlasa da, özünə gəlmədiyini görüb hamamdan çıxararaq əynini geyindirib xəstəxanaya aparması üçün onunla yola salmış və dərhal telefonla zəng edərək İradənin özünə bu barədə məlumat verib yaşadıqları evə gəlməsini bildirmişdir. Yolda Dəniz ayıldığı və özünü yaxşı hiss etdiyini bildirdiyi üçün onu xəstəxanaya aparmadan evə qayıtmış, qayıdan zaman İradə xanımın da evdə olduğunu və baş verənlərdən qorxduğunu görmüşdür. Yəni, hadisənin baş verdiyi vaxt “Seftriakson” antibiotikinin Dənizə əks təsir göstərə biləcəyindən İradə xanım əvvəlcədən məlumatlı olmuşdur. X9 ölümü ilə bağlı hər hansı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsdən şikayətçi deyildir, ona qarşı heç bir tələbi yoxdur, təqsirləndirilən şəxsin ağır cəzalandırılmasını istəmir, cəza məsələsinin məhkəmənin mülahizəsinə uyğun həll edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Arif Qəhrəmanovla birgə nikahdan 2015-ci il tarixdə dünyaya gəlmiş qızı Dəniz Qəhrəmanova hadisədən 3 gün əvvəl qrip olmuş, burnundan davamlı su axmış, tez-tez asqırmış, 2011-ci il təvəllüdlü oğlu Habil də həmin ərəfələrdə qripə yoluxmuşdur. 13 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Arif və azyaşlı qızları Dənizlə birlikdə Bakı şəhərində yeni açılmış zooparka getmiş, zooparkda olduqları vaxt Dəniz halsız olduğunu, evə getmək istədiyini bildirdiyi üçün təxminən saat 18 radələrində evə qayıtmağı qərarlaşdırmış, qayıdan zaman uşaqların sağalmasından ötrü onlara vurulması üçün xatılamadığı aptekdən 02 (iki) ədəd “Seftriaksion 500 mg” antibiotikini almışlar. Evə çatdıqdan sonra da Dənizin burnu axmağa davam etdiyi və tez-tez asqırdığı üçün saat 20:30 radələrində qonşuluqda yaşayan qohumu Təqsirləndirilən şəxs öz mobil telefonu ilə zəng edərək ona xəstələndikləri üçün uşaqlara antibiotik vurmaq lazım olduğunu bildirmiş, İradə isə hazırda qardaşıgildə olduğunu, gec çıxacağını desə də, gec də olsa gəlməsini xahiş etmişdir. Saat təxminən 22:30 radələrində İradə yaşadıqları evə gəlmiş, ilkin olaraq Habilin əzələ daxilinə probsuz (sınaq qoymadan) 01 (bir) ədəd “Seftriaksion 500 mg” iynəsini vurmuş, iynə vurulduqdan sonra onda hər hansı bir əks göstəriş olmamışdır. Habildən sonra İradə həmin iynəni eyni qaydada probsuz (sınaq qoymadan) atası Arifin qucağında Dənizin əzələ daxilinə vurmuş, təxminən 10- 15 saniyə sonra Dənizin vəziyyəti qəfil pisləşməyə başlamış, bunu görən kimi Arif dərhal Dənizi divana uzadaraq qonşuları köməyə çağırmaq üçün həyətə çıxmışdır. Ozü isə Dənizi qucağına almış, sonuncu qusmağa başladığı üçün əynindəki paltarlar batdığından paltanarını çıxarmış, daha sonra Dənizin dili qatlanmış, onun dilini açdıqdan sonra Dənizin butun sinirlərinin boşaldığını hiss etmiş, ayılması üçün İradə ilə birlikdə Dənizin uzunə su vuraraq ona su içirməyə çalışmışlar. Bu zaman Arif qonşuları Şəriflə birlikdə evə qayıtmış və sonuncunun avtomobili ilə Dənizi Respublika Klinik Xəstəxanasına apararaq onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdirmişlər. Həmin şöbədə Dənizə təcili tibbi yardım göstərilsə də, 14 oktyabr 2021 -ci il tarixə keçən gecə saat 00:10 radələrində həkimlər onlara Dənizin vəfat etdiyi məlumatını vermişlər. Bundan sonra xəstəxanaya gəlmiş polis və prokurorluq orqanı əməkdaşlarının iştirakı ilə Dənizin meyiti daxili müayinə edilməsindən ötrü morqa təhvil verilmişdir. Təqsirləndirilən şəxs tibb təhsilinin olmadığını bilsə də, əvvəllər tibbi praktika ilə bağlı kurs keçməsindən məlumatlı olduqlarından xəstə olduqları zaman iynə vurması üçün onu tez-tez yaşadıqları evə dəvət etmişlər. İradə oğlu Habilə və qızı Dənizə əvvəllər də bir neçə dəfə "Seftriaksion 500 mg” antibiotikini vurmuş, həmin vaxt Habildə hər hansı bir əks göstəriş olmasa da, təxminən 2 il bundan əvvəl yaşadıqları evdə Dənizin əzələ daxilinə həmin antibiotik vurulduqdan sonra onun halı pisləşmiş, bir qədər sonra isə düzəlmişdir. Belə ki, həmin vaxt iynəni vurduqdan təxminən 5 dəqiqə sonra Dəniz az miqdarda qaytarmış, üzü qızarmağa başlamış və böyrək nahiyələrində qaşınma olduğunu onlara bildirmiş, 'Seftriakson’un ona əks təsir göstərdiyini başa düşmüş, dərhal onu hamama salıb ayıltmaq üçün yuyundurmağa başlasa da, özünə gəlmədiyini görüb hamamdan çıxararaq əynini geyindirib xəstəxanaya aparması üçün Ariflə yola salmış və telefonla zəng edərək İradənin özünə bu barədə məlumat verib yaşadıqları evə gəlməsini bildirmişdir. İradə evə gəldikdən sonra bir daha ona iynənin Dənizə pis təsir etdiyini, bu səbəbdən atasının onu xəstəxanaya apardığını demiş, İradə isə həyəcanlı olduğu üçün ona cavab verməmişdir. İradə onlara gəldikdən 1-2 dəqiqə sonra Arif Dənizlə birlikdə evə qayıtmış, həmin vaxt Arif Dənizin yolda özünə gəldiyi üçün onu xəstəxanaya aparmadan evə qayıtdıqlarını demişdir. Yəni, hadisənin baş verdiyi vaxt “Seftriakson” antibiotikinin Dənizə əks təsir göstərə biləcəyindən İradə xanım əvvəlcədən məlumatlı olmuşdur. X9 ölümü ilə bağlı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Arif Qəhrəmanov uşaqlıq dostu və qonşusudur. 13 oktyabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində Arif həyəcanlı şəkildə yaşadığı evdən bayıra çıxaraq qonşuları köməyə çağırmağa başlamış, onların evindən səs-küy gəldiyini eşidib həmin vaxt həyətdə olan və hazırda xatırlamadığı daha bir neçə nəfər qonşu ilə birlikdə onların evinə girmiş, bu zaman Dənizin anası Aynurə xanımın qucağında hərəkətsiz vəziyyətdə olduğunu görüb həyəcanlanmışdır. Həmin vaxt evdə Arif, arvadı Aynurə, sonuncunun qucağında qız övladları Dəniz, kənarda dayanıb ağlayan oğlan övladları Habil və yaxınlıqda yaşayan İradə adlı qadın olmuşdur. Dərhal onun idarə etdiyi **-CF-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Veloster” markalı avtomobillə Dənizi Respublika Klinik Xəstəxanasına apararaq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirmişlər. Həmin şöbədə Dənizə təcili tibbi yardım göstərilsə də, 14 oktyabr 2021-ci il tarixə keçən gecə saat 00:10 radələrində həkimlər onlara Dənizin vəfat etdiyini demişlər. Sonradan Dənizə ev şəraitində İradə adlı həmin qadın tərəfindən “Seftriakson” antibiotiki vurulduqdan sonra vəziyyətinin qəfil ağırlaşaraq şok keçirdiyini və bu səbəbdən vəfat etdiyini öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinin həkim-reanimatoloqudur. 13 oktyabr 2021-ci il tarixdə saat 23:05-də 2015-ci il təvəllüdlü xəstə X1 ağır vəziyyətdə (aqonal vəziyyət) ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Qəbul şöbəsindən xəstəxananın Reanimasiya şöbəsinə gətirilmiş, yaxınlarının deməsinə görə xəstəyə ev şəraitində “Seftraikson” inyeksiyası vurulmuş, bundan sonra vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya gətirilmişdir. Özü tərəfindən xəstəyə ilkin müayinə nəticəsində “Anafilaktik şok” diaqnozu qoyularaq xəstənin barəsində şok əleyhinə reanimasyon tədbirlərə (Adrenalın “Deksametazon”, “Atrapin", “Natri-xlor”, “Dofamin" inyeksiyası vurulub yə s.) başlanılmış, lakın həmin tədbirlər effektiv nəticə verməmiş, 14 oktyabr 2021-ci il tarixə keçən gecə saat 00.10 radələrində xəstədə bioloji ölüm konstatasiya olmuşdur. Ölümün klinik səbəbi Anafilaktik şok. Ürək-damar çatışmazlığı” olmuş, bununla bağlı xəstənin adına açılmış xəstəlik tarixində də 6 müvafiq qeydlər aparılmışdır. Bundan sonra baş vermiş hadisə barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına məlumat verilmiş və qısa müddət ərzində xəstəxanaya gəlmiş polis və prokurorluq orqanı əməkdaşlarının iştirakı ilə xəstənin meyiti daxili müayinə edilməsindən ötrü morqa təhvil verilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 65/MEŞ saylı rəydən görünür ki, X2 ölümünün bilavasitə səbəbi inyeksion yeridilmiş “Seftriakson” dərman preparatı ilə əlaqədar baş vermiş anafilaktik şok olmuşdur. Ölüm 14.10.2021-ci il tarixdə, saat 00:10-da Mirqasımov adına RKX-nın Allergiya-İİ reanimasiya şöbəsində baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində “Seftriaksion” aşkar edilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 13/KEŞ saylı rəyindən görünür ki, “Seftriakson 500 mg” dərman preparatının həkim göstərişi ilə istifadəsi mümkündür. İstifadə qaydası həkim tərəfindən təyin edilir və tətbiq ediləcək doza şəxsin çəkisinə uyğun hesablanır. İş materiallarına əlavə edilmiş məlumatlarda Təqsirləndirilən şəxs məxsus “Sağlamlıq və ilk tibbi yardım kursu”nu bitirməsinə dair Azərbaycan SSR Mədəniyyət Nazirliyinin M.Ə.Sabir adına Mərkəzi Kitabxanasından verilmiş 28.12.1989-cu il tarixli 49 seriya nömrəli vəsiqəyə əsasən o, tibb işçisi sayılmır. “Seftriakson 500 mg” dərman preparatı digər allegrik reaksiyası nəzərədə tutulan preparatlar kimi həkim nəzarəti olan tibb müəssisələrində istifadə edilməlidir, bu isə yarana biləcək allergik reaksiyaların qarşısının alınmasının vaxtında və əlçatanlığı ilə izah olunur. “Seftriakson 500 mg” dərman preparatının istifadəsindən əvvəl anamnez toplanmalı və allergik reaksiyanın olubolmadığı müəyyən edilməlidir. Allegrik reaksiyaya şübhə olduğu halda dərialtı sınaq aparmaq lazımdır. “Seftriakson 500 mg” dərman prepatı digər allegrik reaksiyası nəzərdə tutulan preparatlar kimi həkim nəzarəti olan tibb müəssisələrində istifadə edilməli olduğundan, tibb müəssisələrində bu kimi reaksiyaların, anaflaktik şokun qarşısını almaq üçün şok əleyhinə preparatlar (Adrenalin, Noradrenalin, Deksametazon 8-32 mg, Hidrokortizon 250 mg, Prednizolon 90-120 mg, Betametazon 8-32 mg, Kolloid və kristalloid məhlular, Antihistamin preparatlar və.s) mövcuddur. X2 meyiti müayinə olunmuş və onun ölümünün bilavasitə səbəbi inyeksion yeridilmiş seftriakson dərman preparatı ilə əlaqədar baş vermiş anafilaktik şokun olduğu müəyyən edilmişdir ki, bununla da “Seftriakson 500 mg” dərman preparatının inyeksiyası ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuşdur. Tibb müəsisələrindən kənar müdaxilələr qeyri-tibb fəaliyyəti sayılır və bu haqda hər hansı təlimat mövcud deyildir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsdən şikayəti yoxdur, təqsirləndirilən şəxsə qarşı tələbi yoxdur, təqsirləndirilən şəxsin ağır cəzalandırılmasını istəmir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən və Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin 1 saylı zona TSEK-nın arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs əri X7 3-cü qrup əlildir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib, səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, evli olmasını, 63 yaşının olmasını, ərinin 3-cü qrup əlil olmasını, zərər çəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir Təqsirləndirilən şəxs barəsində 01.03.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il (bir il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu və Sumqayıt şəhəri əraziləri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-165/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-165/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver