Məhkəmə qərarları › İş №1(004)-166/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-166/2023

01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-166/2023 01.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, Nizami küçəsi, ev 111-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluğa cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı iki otaqlı evin dəmir seyf qapısının kilidini sındırmaqla içəriyə qanunsuz daxil olub həmin evin qonaq otağından 01 ədəd 400 manat dəyərində üzərində markalanma göstəricisi olmayan qara rəngli xəz gödəkçəni, 01 ədəd 150 manat dəyərində üzərində “Fur Manufactures LTD” yazısı olan qəhvəyi rəngli xəz gödəkçəni, 01 ədəd 200 manat dəyərində üzərində “Kuzu K-102” yazısı olan qəhvəyi rəngli gödəkçəni (dublyonka), 01 ədəd 1.000 manat dəyərində üzərində “Loreta” yazısı olan tünd yaşıl rəngli paltonu, 01 ədəd 200 manat dəyərində üzərində “Viko Collection” yazısı olan tünd göy rəngli paltonu, 01 ədəd 400 manat dəyərində “Acer” markalı notbuku, 01 ədəd 200 manat dəyərində “Acer” markalı netbuku, 01 ədəd 110 manat dəyərində “Nokia” markalı optik wifi aparatını, 01 ədəd 300 manat dəyərində elektronik əl masaj aparatını, 01 ədəd 5 manat dəyərində yük çantasını və həmin evin mətbəxindəki soyuducudan bir kiloqramı 11 manat olmaqla 55 manat dəyərində 05 kiloqram mal ətini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3020 (üç min iyirmi) manat ziyan vurmaqla oğurluq etmiş, eləcə də oğurladığı əşyalarla yanaşı 01 ədəd 400 manat dəyərində 109 düym ekranlı, qara rəngli, “Panasonic” markalı televizoru və 01 ədəd 60 manat dəyərində yun adyalı qeyd olunan evin hasarından aşırmaqla daşıması onun fiziki imkanları xaricində olduğu üçün həmin televizoru və adyalı öz iradəsindən asılı olmayan səbəblərdən apara bilməyib cinayət əməlini başa çatdırmayaraq oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 30 yanvar 2018-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2021ci ilin iyul ayının 9-da azadlığa çıxmışdır. 2022-ci ilin avqust ayının sonlarına kimi bir il Yasamal rayonu, Yeni Yasamalda “Albalı” uşaq bağçasının yanında valideynləri və qardaşıyla birgə kirayədə qalmışdır. Adını demək istəmədiyi tanışı olan şəxs ona müraciət edərək müəyyən əşyaların satılmasında ona köməklik etməyi istəmişdi. Onunda 500 manata yaxın borcu olduğundan həmin borcu qaytarmaq üçün bir müddət iş axtarmışsa da, əvvəllər məhkum olunduğu üçün heç bir yerdə ona iş verilməmişdir. Bu səbəbdən o da borcunu qaytarmaq üçün həmən təklifə razılıq vermişdir. O başa düşmüşdür ki, həmin əşyalar oğurluq nəticəsində əldə olunmuş ola bilər, lakin maddi sıxıntısı olduğundan 01 ədəd üzərində markalanma göstəricisi olmayan qara rəngli xəz gödəkçəni, 01 ədəd üzərində “Fur Manufactures LTD” yazısı olan qəhvəyi rəngli xəz gödəkçəni, 01 ədəd üzərində “Kuzu K-102” yazısı olan qəhvəyi rəngli gödəkçəni (dublyonka), 01 ədəd üzərində “Loreta” yazısı olan tünd yaşıl rəngli paltonu, 01 ədəd 200 manat dəyərində üzərində “Viko Collection” yazısı olan tünd göy rəngli paltonu, 01 ədəd “Acer” markalı notbuku, 01 ədəd “Acer” markalı netbuku, 01 ədəd “Nokia” markalı optik wifi aparatını, 01 ədəd elektronik əl masaj aparatını kirayədə yaşadığı evdə gizlətmişdir ki, sonradan satıb həm özünə həm tanışına pul götürsünlər. Bir həftə sonra notbuk, netbuk, masaj aparatı və Vifi aparatını Yasamal rayonu ərazisində əlində daşıyaraq səyyar şəkildə tanımadığı şəxslərə özünə məxsus olduğunu bildirərək satmışdır. Notbuk köhnə olduğundan 30 manata, netbuku 10 manata, masaj aparatını 20 manata, Wifi aparatını 10 manata naməlum şəxslərə qeyd etdiyi şəraitdə satmışdır. Digər palto və gödəkçələri isə uyğun müştəri tapa bilmədiyi üçün satmamışdır və bir çantada onları evində saxlamışdır. 2022-ci ilin avqust ayının sonlarında həmin vaxt kirayə yaşadıqları Yasamal rayonu, Yeni Yasamalda “Albalı” uşaq bağçasının yanındakı evdən son zaman kirayə yaşadıqları ünvan 3 ünvanında yerləşən fərdi həyət evinə köçmüşdürlər. Orada o, həmin çantanı evin qarajına aparıb gizlətmişdir ki, heç kəsin həmin oğurluq hadisəsindən xəbəri olmasın. 17 oktyabr 2022-ci il tarixdə səhər saatlarında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişdirlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gedən zaman ona oğurluq hadisəsini törətməkdə şübhəli olduğunu, əl-barmaq izinin oğurluq etdiyi evdəki əşyaların üzərindən çıxdığını bildirmişdirlər. İzahatı verdikdən sonra polis əməkdaşları oğurlanmış əşyaların onda olub-olmadığını, harada olduqlarını soruşduqda o, polis əməkdaşlarına bəzi əşyaların hazırda kirayə yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşadığı fərdi həyət evinin qarajında olduğunu demişdir. Bundan sonra atası Şahid1 ilə əlaqə saxlayaraq evdə gizlətmiş olduğu çantanın yerini atasına demiş və atası həmin çantanı polis şöbəsinə gətirib polis əməkdaşlarına təqdim etmişdir. O, Zərərçəkmiş şəxs adlı qadını tanımır. Özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə aradan qaldırılmasını, sonuncunun ona qarşı hər hansı tələbinin, şikayətinin və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərşəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olsa da, 02 ildən artıq müddətdir ki, daimi olaraq ünvan 5 ünvanında tək yaşayır. 2022-ci ilin iyun ayının 22-dən həmin ilin sentyabr ayının 5-ə kimi Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən bağ evində qalmışdır. 2022-ci ilin sentyabr ayının 5-də səhər saat 11 radələrində yaşadığı ünvan 5 ünvanına qayıdıb evin həyətinə girişdə quraşdırılmış ağ rəngli dəmir qapını açmaq istədikdə, həmin qapının açılmadığını görmüşdür. Sonradan görmüşdür ki, qapının arxasına nərdivan qoyulduğu üçün qapı açılmırmış. O, bir neçə dəfə cəhd edib qapını bir az araladıqdan sonra əlini aradan içəri salıb nərdivanı itələmiş və qapı açılmışdır. Həyətə daxil olduqda 01 ədəd qara rəngli, 109 düym ekranlı “Panasonic” markalı plazma televizorunun evin qapısının yanında yerə qoyulmuşdur. Həmin televizorun üzərini yun örtüklə tam şəkildə bağlamışdırlar. Daha sonra evin qapısına yaxınlaşıb evə daxil olmaq istədikdə evin qırmızı rəngli qapısında kilidi açmaq üçün açar daxil olunan qapının dilinin hansısa yolla tən ortadan qırıldığını görmüşdür. Bununla yanaşı, evin qapısını açmaq istəyərkən həyətdəki pəncərənin barmaqlarının fiziki güc tətbiq olunaraq aralandığını, həmçinin pəncərənin şüşəsinin çatladığını görmüşdür. Bundan sonra evdən oğurluq edildiyindən şübhələnib evi diqqətli şəkildə axtarmağı qərara almışdır. Evin içərisinə daxil olduqda ilk öncə mətbəxdəki yeni çəkilmiş “Nokia” markalı optik wifi aparatının yerində olmadığını görmüşdür. Əmin olmaq üçün wifi aparatının quraşdırılmış olduğu yerə yaxınlaşdıqda, həqiqətən orada olmadığını görmüşdür. Bununla da evindən oğurluq edildiyinə tam əmin olmuşdur. Mətbəxdə wifi aparatının quraşdırılmış olduğu yerdə dayanarkən qatılaşdırılmış südün konserv bankasının içərisində, açılmamış şəkildə döşəmənin üzərində olduğunu görmüşdür. Nə baş verdiyini anlamaq üçün “LG” markalı soyuducusunun qapısını açmışdır. Soyuducunun qapısını açdıqda, içərisində 05 kq ət olmadığını görmüşdür. Mətbəxdən evin digər otaqlarına boylandıqda paltar asmaq üçün istifadə olunan təxminən 7-8 ədəd asılqanın qonaq otağında yerdə olduğunu görmüşdür. Bundan sonra asılqanların nə səbəbə yerdə olduğunu öyrənmək üçün qonaq otağına gedib paltar dolabına baxmışdır. Paltar dolabına baxdıqda, qış fəslində geyindiyi bütün gödəkçə tipli paltarların dolabda olmadığını, yəni oğurlandığını görmüşdür. Belə ki, 02 ədəd qara və qəhvəyi rəngli xəz-dəri gödəkçəsinin, qəhvəyi rəngli 01 ədəd gödəkçəsinin, 02 ədəd göy və tünd yaşıl rəngli paltosunun paltar dolabında olmadığını, oğurlandığını müəyyən etmişdir. O, paltarlarının oğurlandığını gördükdən sonra DİN-nin 102 xidmətinə zəng edib evindən wifi aparatının, ətin və paltolarının oğurlanması barədə şikayət etmişdir. ünvan 5 ünvanında yerləşən evindən ona məxsus 02 ədəd qara və qəhvəyi rəngli xəz-dəri gödəkçəsi, qəhvəyi rəngli 01 ədəd gödəkçəsi, 02 ədəd göy və tünd yaşıl rəngli paltosu, 01 ədəd “Nokia” markalı optik wifi aparatı, 01 ədəd “Acer” markalı notbuku, 01 ədəd “Acer” markalı netbuku, 01 ədəd elektronik əl masaj aparatı və 05 kq əti oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi zamanı hər hansı məbləğdə nağd pul vəsaiti, qızıl-zinət və ya hər hansı qiymətli əşyası oğurlanmamışdır, çünki həmin vaxt o, həmin əşyaların hamısını özüylə Novxanıdakı bağ evinə apamışdır. Hazırda ona dəymiş ziyan tamamilə aradan qalxıb, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, ev 15 mərtəbəli bina, mənzil 2-ci giriş, 1-ci mərtəbədə yerləşən “Soft time” telefon mağazasını xx.xx.2021-ci il tarixindən icarə əsasında işlədir. Təqsirləndirilən şəxs ilk dəfə dəqiq tarix xatırlamasa da, 2022-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, ev 15 mərtəbəli bina, mənzil 2-ci giriş, 1-ci mərtəbədə yerləşən “Soft time” telefon mağazasına müştəri kimi gələn zaman görmüşdür. Təqsirləndirilən şəxs onun yanıma gələn zaman özünün yanında 01 ədəd qara rəngli, “Acer” markalı netbuk, 01 ədəd boz rəngli, “Acer” markalı notbuk, 01 ədəd qırmızı rəngli elektron əl masaj aparatı və 01 ədəd “Nokia” markalı wifi aparatı gətirib ona təqdim edərək həmin əşyaları satdığını bildirmişdir. O, həmin məhsullara baxıb yararsız olduqlarını görmüş və almaqdan imtina etmişdir. Lakin Təqsirləndirilən şəxs təkid edərək pula ehtiyacı olduğu üçün gətirmiş olduğu məhsulları almasını xahiş etmişdir. Bundan sonra o, həmin məhsullara baxış keçirdikdə, Təqsirləndirilən şəxs özünün də şahidliyi ilə 01 ədəd qara rəngli, “Acer” markalı netbukun heç bir şəkildə işə düşmədiyini müəyyən etmişdir. Hətta həmin netbuku enerji yığması üçün cərəyana qoşmuşsalar da, yenə də işə düşməmişdir. Ardınca o, yenidən həmin məhsulları almaqdan imtina etdikdə, İmranın təkid etdiyini görüb 01 ədəd notbuk aparatını 30 manatdan, 01 ədəd netbuk aparatını 10 manatdan, 01 ədəd elektronik əl-masaj aparatını 20 manatdan və 01 ədəd optik wifi aparatını 10 manatdan olmaqla, həmin əşyaların hamısını ümumilikdə 70 manata Təqsirləndirilən şəxs almışdır. O, məhsulları alarkən İmrandan əlindəkiləri haradan aldığını soruşduqda, sonuncu fəhlə kimi bir evdə yaşlı qadının yanında işlədiyini, təmir işləri qurtardıqdan sonra ev sahibinin əlindəki əşyaları pay verdiyini bildirmişdir. O, İmranın çoxsaylı təkidlərindən sonra əlində gətirmiş olduğu məhsulları almış, həmin məhsulların oğurluq olmaması ilə bağlı İmrana yazılı sənəd yazdırmış, ödənişi etdikdən sonra İmran mağazasını tərk etmişdir. Daha sonra İmrandan aldığı 01 ədəd netbukun ehtiyyat hissələri də yarasız olduğundan, həmçinin optik wifi aparatı da işləmədiyi üçün həmin əşyaların hər ikisini iş yerinin yaxınlığındakı zibilliyə tullamışdır. Elektron əl masaj aparatı və notbuku isə tanımadığı şəxslərə satmışdır. İmran həmin məhsulları ona satarkən göstərilən məhsulların oğurluq olduğu barədə ona heç bir məlumat verməmişdir. Həmin əşyaların oğurluq olmasını o, polis əməkdaşları ona yaxınlaşıb polis idarəsinə onu dəvət edən zaman öyrənmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs atasıdır. Oğlu İmran 30 yanvar 2018-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2021-ci ilin iyul ayının 9-da azadlığa çıxmışdır. 2022-ci ilin avqust ayının sonlarına kimi bir il Yasamal rayonu, Yeni Yasamalda “Albalı” uşaq bağçasının yanında birgə kirayədə yaşamışdırlar. 2022-ci ilin avqust ayının sonlarında kirayə yaşadıqları Yasamal rayonu, Yeni Yasamalda “Albalı” uşaq bağçasının yanındakı evdən ünvan 3 ünvanında yerləşən fərdi həyət evinə köçmüşdürlər. 17 oktyabr 2022-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs ona zəng edərək oğurluq etdiyinə görə Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. Ardınca kirayə qaldıqları əvvəlki ünvandan köçərkən daşıdıqları əşyaların içərisində böyük yük torbasının olduğunu, həmin yük çantasının da içərisində qadın paltarları olduğunu söyləmiş və həmin əşyaları polis şöbəsinə gətirməsini tapşırmışdır. Bundan sonra o, evdə köhnə ünvandan köçən zaman gətirdikləri əşyaları axtarmağa başlamış, lakin oğlunun dediyi, içərisində qadın paltarları olan çantanı tapmamışdır. Daha sonra sözügedən paltarların köhə əşyalarını yerləşdirdikləri qarajda ola biləcəyini düşünüb qaraja düşmüş və oranı axtarmağa başlamışdır. Axtarmağa başladıqdan bir az sonra həqiqətən də oğlu İmranın dedyi kimi, böyük bir yük çantasının olduğunu, həmin çantanın içərisində də qadına aid qış mövsümünə uyğun gödəkçələrin olduğunu görmüşdür. Həmin paltarlar evindəki qadınlardan hər hansı birinə məxsus olmadığı üçün o da paltarları polis şöbəsinə gətirmiş və polis əməkdaşlarına təqdim etmişdir. Onun oğlu İmranın oğurluq etməsi barədə heç bir məlumatı olmamışdır. Yalnız 17 oktyabr 2022-ci il tarixdə oğlu İmran ona polis şöbəsindən zəng edib oğurlamış olduğu paltarları polis şöbəsinə gətirməsi barədə məlumat verdikdən sona o, oğlu Təqsirləndirilən şəxs oğurluq etmiş olduğunu öyrənmişdir. O, oğlu İmranın oğurlamış olduğu əşyaları və ya həmin əşyaları içərisinə qoyduğu yük torbasını 17 oktyabr 2022-ci il tarixdə ona zəng etməmişdən qabaq kirayə yaşadıqları Yasamal rayonu, Yeni Yasamalda “Albalı” uşaq bağçasının yanındakı evdə və ya ünvan 3 ünvanında yerləşən fərdi həyət evində görməmişdir. Belə ki, oğlu oğurladığı əşyaları içinə qoyduğu yük torbasını köçən zaman köhnə əşyaların arasında gizlətmiş və köhnə əşyalarla birlikdə qaraja qoymuşdur, bu səbəbdən də onun evlərində oğurlanmış əşyaların olması barədə məlumatı olmamışdır. Həmçinin İmran özü də nə ona, nə də ki digər ailə üzvlərinə oğurluq etməsi və ya oğurladığı əşyaları yaşadıqları evlərdə gizlətməsi barədə heç bir məlumat verməmişdir. Cinayət işinin 60-61-ci vərəqəsində olan Təqsirləndirilən şəxs tutma protokolundan görünür ki, onun azadlığı faktiki olaraq 17 oktyabr 2022-ci il tarixdən məhdudlaşdırılmışdır. Cinayət işinin 107-108-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 136-147-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3/1515 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş 1, 5, 7, 8 saylı daktilolentlərin səthindəki ovuc izləri və 3, 4 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1, 2, 4, 5, 6 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 4 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağından qalmışdır. Təqdim edilmiş 1, 5, 7, 8 saylı daktilolentlərin səthindəki ovuc izləri və 3 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs ovuc və əl-barmaqlarından qalmamışdır. Cinayət işinin 137-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 61.29 manat müəyyən edilmişdir. Cinayət işinin 136-147-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2022-ci il tarixli, 9/7764 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş 05 adda malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 680.00 manat müəyyən edilir. Cinayət işinin 149-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Cinayət işinin 155-165-ci vərəqələrində olan toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı iki otaqlı evdən oğurladığı 01 ədəd üzərində “Viko Collection” yazısı olan tünd göy rəngli gödəkçə, 01 ədəd üzərində “Kuzu K-102” yazısı olan, 46 ölçülü, qəhvəyi rəngli gödəkçə, 01 ədəd üzərində “Loreta” yazısı, 56 ölçülü, tünd yaşıl rəngli gödəkçə, 01 ədəd üzərində “Fur Manufacturers LTD” yazısı olan qəhvəyi rəngli gödəkçə, 01 ədəd üzərində markalanma göstəriciləri olmayan qara rəngli gödəkçə, 01 ədəd 109 düym ekranlı, qara rəngli, “Panasonic” markalı televizor və 01 ədəd yun adyal iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Cinayət işinin 114-115-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 03 ay, 22 gün cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluğa cəhd etməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 29,177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 03 ay 22 gün cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bu kimi hal da Təqsirləndirilən şəxs məhkumluğu götürülməmiş və ödənilməmiş hesab olunduğundan onun tərəfindən törədilmiş yuxarıda göstərilən cinayətə aid hərəkətlərində cinayətin residivini yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 17 oktyabr 2022-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində “Viko Collection” yazısı olan tünd göy rəngli gödəkçə, 01 ədəd üzərində “Kuzu K-102” yazısı olan, 46 ölçülü, qəhvəyi rəngli gödəkçə, 01 ədəd üzərində “Loreta” yazısı, 56 ölçülü, tünd yaşıl rəngli gödəkçə, 01 ədəd üzərində “Fur Manufacturers LTD” yazısı olan qəhvəyi rəngli gödəkçə, 01 ədəd üzərində markalanma göstəriciləri olmayan qara rəngli gödəkçə, 01 ədəd 109 düym ekranlı, qara rəngli, “Panasonic” markalı televizor və 01 ədəd yun adyal sahibi Zərərçəkmiş şəxs təhvil verildiyindən onun istifadəsinə verilmiş hesab edilməli, iş üzrə digər maddi sübut olan 08 ədəd əl barmaq izlərinin əksləri cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi – 111 manat 29 qəpik Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Y.C.Hüseynə və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Y.C.Hüseynə ibtidai istintaq dövründə iştirak etdiyi 46 saata görə 276 manat, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 saylı və Bakı şəhəri “Mərkəz” Vəkil Bürolarının hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində “Viko Collection” yazısı olan tünd göy rəngli gödəkçə, 01 ədəd üzərində “Kuzu K-102” yazısı olan, 46 ölçülü, qəhvəyi rəngli gödəkçə, 01 ədəd üzərində “Loreta” yazısı, 56 ölçülü, tünd yaşıl rəngli gödəkçə, 01 ədəd üzərində “Fur Manufacturers LTD” yazısı olan qəhvəyi rəngli gödəkçə, 01 ədəd üzərində markalanma göstəriciləri olmayan qara rəngli gödəkçə, 01 ədəd 109 düym ekranlı, qara rəngli, “Panasonic” markalı televizor və 01 ədəd yun adyal sahibi sahibi Zərərçəkmiş şəxs təhvil verildiyindən onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə digər maddi sübut olan 08 ədəd əl barmaq izlərinin əksləri cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 111 manat 29 qəpik Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq dövründə iştirak etdiyi 46 saata görə 276 manat, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 saylı və Bakı şəhəri “Mərkəz” Vəkil Bürolarının hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar