Məhkəmə qərarları › İş №1(004)-167/2019

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-167/2019

26.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-167/2019 26.07.2019 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X5 iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə, saat 10:30-da Bakı şəhəri Yasamal rayonu “Kubinka” kimi tanınan ərazidə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,160 qram, olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlayaraq daşımış, xx xxxxx 2019-cu il tarixdə saat 15:00-da Yasamal RPl-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 1 ünvanının qarşısında saxlanılaraq Yasamal RPl-nə gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir narkotik vasitə aludəçisidir, əsasən heroin və metamfetamin narkotik vasitəsindən istifadə edir. Həmin narkotikləri yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul edir. Narkotik vasitələri əsasən Bakı şəhəri Yasamal rayonu «Kubinka» adlanan ərazidə tanımadığı şəxslərdən pul müqabilində alır. Sonuncu dəfə xx xxxxx 2019-cu il tarixdə 10:30-da şəxsi istifadəsi üçün narkotik almaq məqsədi ilə «Kubinka» adlanan əraziyə getmiş, orada əvvəllər tanımadığı, adını bilmədiyi şəxsdən 20 manata 01 ədəd bükümdə siqaretin gümüşü kağızına bükülmüş narkotik maddə heroin almışdır. Narkotik vasitəni bədənində ağrılar olan zaman istifadə etmək üçün əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış, həmin gün saat 15:00-da qonşusu Şahid1la bir yerdə Yasamal rayonu X.Q.Sadıqov küçəsi ev 73 ünvanının qarşısında dayanıb söhbət edən zaman tanımadığı şəxslər onlara yaxınlaşmış, özlərini təqdim etdikdən sonra həmin şəxslərin Yasamal RPl-nin NMB-nin polis əməkdaşları olduqlarını bilmişdir. Polis əməkdaşları onları Yasamal RPl-nə dəvət etmiş, onlar da razılaşaraq polis əməkdaşları ilə birlikdə Yasamal rayon Polis İdarəsinin inzibati binasına getmiş, daha sonra hüquqlarının müdafiə edilməsi üçün dövlət büdcəsi hesabına müdafiəçi dəvət olunmuş, polis idarəsinin xidməti otaqlarının birində hüquq və vəzifələri ona izah olunmuş, video çəkliş aparılaraq ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif olunmuşdur. O, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə olan narkotik vasitəni çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşı təqdim etdiyi bükülünü zərfə qoyub möhürləmiş və bu barədə protokol yazmış, o həm zərfi, həm də protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Həmçinin o ifadəsində göstərmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamış, əldə etdiyi narkotik vasitə olan heroin hər hansı bir şəxsə satmaq, hədiyyə vermək və ya ötürmək məqsədi olmamışdır. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2ifadəsində göstərmişdir ki,o Yasamal RPİ NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə olan heroinin qəbulunda və saxlanılmasında şübhəli olması barədə əməliyyat yolu ilə məlumat daxil olmuş, məlumata əsasən raportla Yasamal RPl-in rəisinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri Yasamal rayonu ərazisində əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar Yasamal RPl-nin NMB-nin kiçik inspektoru Şahid3 ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, xx xxxxx 2019-cu il tarixdə saat 15:00-da Yasamal rayonu X.Q.Mustafayev küçəsi ev 73 ünvanında zahiri əlamətləri məlum olan Təqsirləndirilən şəxs müşahidə edib dərhal sonuncuya yaxınlaşıb xidməti vəsiqələrini təqdim etmiş, ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs və yanında olan Şahid1 üzərlərində heç bir sənədin olmadığını deyib özlərini təqdim etmiş, onlara qanunsuz olaraq narkotik vasitələrin qəbulu və saxlanılmasında şübhəli olduqlarını izah edərək Yasamal RPl-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Şahid1 şəxsiyyətləri Yasamal RPl-də müəyyən edildikdən sonra onlar polis idarəsinin xidməti otaqların birinə yerləşdirilmiş, üzərlərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuş və hüquqları izah olunmaqla müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərlərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuşdur. Həmin vaxt o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü iştirakçıların iştirakları ilə açılan zaman bir ədəd gümüşü rəngli kağız bükümdə qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Zörab Mütəllimovun üzərinə şəxsi axtarış və götürmə aparılmış və onun əynində olan gödəkçənin sağ yan cibindən “Sobranie" markalı siqaret aşkar edilmiş, bundan başqa heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən bildirmişdir ki, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüş bir ədəd gümüşü rəngli kağız bükümdə qəhvəyi rəngli toz şəkilli maddə heroindir,xx.xx.2019-cu il tarixdə “Kubinka" deyilən ərazidən 20 manat pulun müqabilində şəxsi istifadəsi üçün almış, xx.xx.2019-cu il tarixdə saat 15:00-da polis əməkdaşları tərəfindən Yasamal rayonu X.Q.Mustafayev küçəsi 73 nömrəli evin qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs götürülmüş maddə qablaşdırılaraq DİN-in 42 saylı möhürü ilə möhürlənmiş, şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin o ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin satışı ilə məşğul olması barədə onlara heç bir məlumat daxil olmamış, yalnız onun qanunsuz narkotik vasitə əldə etməsi və istifadəsi ilə bağlı məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2019-cu il tarixli, 10438 №saylı ekspert rəyinə tədqiqata təqdim edilmiş, üzərində “saxlanılan şəxs: Təqsirləndirilən şəxs....” yazısı olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 0,160 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2019-cu il tarixli 1275 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxstərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxshəmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və X2 arayışından və hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdir. AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli “amnistiya” qərarına əsasən cəzası 06 ay azaldılıb. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bununla da Təqsirləndirilən şəxs məhkumluğuödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2019-cu il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli,şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il(iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,110 qram narkotik vasitə olan-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar