Məhkəmə qərarları › İş №1(004)-167/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-167/2022

28.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-167/2022 28.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “Kredo”Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdə, saat 09:00 radələrində Bakı şəhəri, Yasamal rayonu H.Zərdabi küçəsi ev 69-da yerləşən 22 nömrəli mənzilin dəhlizində - giriş qapısının qarşısında arvadı Zərərçəkmiş şəxs azyaşlı övladlarını sakitləşdirməsi tələbinə iradını bildirməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs boyun nahiyəsindən əli ilə qəsdən vurub ona ənsə nahiyəsinin sağ yarısının hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, həmçinin əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs qızı məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib hesab edir ki,, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədədir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar