Məhkəmə qərarları › İş №1(004)-167/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-167/2023

10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-167/2023 10.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1975-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,497 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 21 sentyabr 2022-ci il tarixdə saat 20:00-da ünvan 3 ünvanın qarşısında Bakı Şəhər Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zaman saxlanılaraq Polis Bölməsinə aparılmış və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,497 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 18 noyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,782 qram ağ rəngli, kristallşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 18 noyabr 2022-ci il tarixdə saat 12:45-də ünvan 5 ünvanın yaxınlığında Bakı Şəhər Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq Polis İdarəsinə aparılmış və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,782 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Yasamal RPİ İŞ-nin müstəntiqi A.İsmayılzadənin 21 noyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* və ********* nömrəli cinayət işləri birləşdirilmiş və istintaq ********* nömrə altında davam etdirilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən beş il müddətdir ki narkotik istifadə edir. İlk olaraq marixuana ilə başlamış, sonralar psixotrop maddə metamfetamin istifadə etmiş, hazırda da inyeksiya üsulu ilə istifadə edir. 20 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə, yəni, qanunsuz olaraq odlu silah gəzdirdiyinə görə məhkum olunmuş və iki il on ay azadlıqdan məhrum etmə cəzası almış, 19 mart 2022-ci il tarixdə azadlığa buraxılmışdır. 21 sentyabr 2022-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində, “Kubinka” adlanan yerdə olan zaman üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi, üzü tüklü, orta yaşlı, kişi cinsli bir şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul müqabilində bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümdə olan “patı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin almışdır. Həmin psixotrop maddə olan metamfetamini axşam saatlarında şəxsi istifadəsi üçün əynindəki tünd boz rəngli şalvarın sağ yan cibinə qoyub üzərində saxlayıb gəzdirmiş, işlərinin arxası ilə getmişdir. Həmin gün axşam saatlarında yaşadığı ünvan 3 ünvana doğru hərəkət etmişdir. Elə həmin günü, yəni, 21 sentyabr 2022-ci il tarixdə saat 20:00 radələrində yaşadığı ünvan 3 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları narkotik vasitələr və psixotrop maddələr qəbul etdiyindən şübhə etdiklərini bildirib onu, Polis Bölməsinə onlarla birlikdə gəlməyə dəvət etmişlər. Polis əməkdaşlarını görüb özünü itirmiş, hər hansısa bir başqa hərəkət etməyə macal tapmamış və onlarla birlikdə Polis Bölməsinə getmişdir. Bölmədə istəyi ilə oraya dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və ya psixotrop maddə nə varsa təqdim etməyi təklif olunmuşdur. Şəxsi istifadəsi üçün əldə edib, saxlayıb və üzərində daşıdığı siqaretin qara rəngli kağızına bükülmüş bir bükümdə “patı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamini əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. Sonra həmin bir bükümdə olan metamfetamin, orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə içi boş zərfə qoyulub möhürlənmiş, zərfin üzərində müvafiq qeydlər aparılmaqla qablaşdırılmışdır. O, bildirmişdir ki, üzərindən aşkar olunmuş “patı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamini hər hansısa bir şəxsə satmaq və ya vermək niyyəti olmamış, həmin maddələrdən əlavə bu və ya buna bənzər qanunla əldə edilməsi və saxlanılması qadağan olunan əşya və ya predmetlərdən digər hər hansısa bir yerdə saxlamamış, həmçinin başqa hər hansısa bir yerə yerləşdirməmiş və başqa hər hansısa bir yerdə bənzər əşya və predmetlərdən gizlətməmişdir. Narkotik vasitə qəbul etməsindən yaxınları və ya ətrafında olan şəxslərdən məlumatı olan hər hansısa bir şəxs və ya şəxslər yoxdur. Polis əməkdaşları onu saxlayan, Polis Şöbəsinə gətirən və orada olan zamanlarda ona qarşı hər hansısa bir fıziki və ya psixoloji güc və ya vasitə tətbiq etməmişlər. Hər hansısa bir xəsarət almamışdır. Bundan başqa, o, 18 noyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində, “Kubinka” adlanan ərazidə olan zaman üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi, üzü tüklü, orta yaşlı, orta bədən quruluşuna malik kişi cinsli şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul müqabilində ağ rəngli kağıza bükülmüş bir ədəd bükümdə “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin almışdır. Həmin psixotrop maddə olan metamfetamini bir neçə saatdan sonra şəxsi istifadə etməyi üçün əynində olan tünd boz rəngli şalvarın sağ yan cibinə qoyub üzərində saxlamaqla daşıyaraq Bakı şəhəri, Yasamal rayonuna doğru getmişdir. Təxminən bir saat, bir saat yarım piyada olaraq hərəkət edib müəyyən işlərini görmüş və sonra, Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsinə doğru hərəkət etmişdir. Elə həmin günü, yəni, 18 noyabr 2022-ci il tarixdə saat 12:30 radələrində ünvan 7 ünvan yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin X2 əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları narkotik vasitələr və psixotrop maddələr qəbul etdiyindən şübhə etdiklərini deyərək onu, Polis İdarəsinə onlarla birlikdə gəlməyə dəvət etmişlər. Polis əməkdaşlarını görüb özünü itirmiş, hər hansısa bir başqa hərəkət etməyə macal tapmamış və onlarla birlikdə Polis İdarəsinə getmişdir. İdarədə istəyi ilə oraya dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və ya psixotrop maddə, ümumiyyətlə nə varsa təqdim etməyi təklif olunmuşdur. Şəxsi istifadəsi üçün əldə edib, saxlayıb və üzərində daşıdığı ağ rəngli kağıza bükülmüş bir bükümdə olan “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamini əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. Sonra həmin bir bükümdə olan metamfetamin, orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə içi boş zərfə qoyulub möhürlənmiş və zərfin üzərində müvafiq qeydlər aparılmaqla qablaşdırılmışdır. O, bildirmişdir ki, üzərindən aşkar olunmuş “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamini hər hansısa bir şəxsə satmaq və ya vermək niyyəti olmamış, həmin maddələrdən əlavə bu və ya buna bənzər qanunla əldə edilməsi və saxlanılması qadağan olunan əşya və ya predmetlərdən digər hər hansısa bir yerdə saxlamamış, həmçinin başqa hər hansısa bir yerə yerləşdirməmiş və başqa hər hansısa bir yerdə bənzər əşya və predmetlərdən gizlətməmişdir. Narkotik vasitə qəbul etməsindən yaxınları və ya ətrafında olan şəxslərdən məlumatı olan hər hansısa bir şəxs və ya şəxslər yoxdur. Polis əməkdaşları onu saxlayan, Polis İdarəsinə gətirən və orada olan zamanlarda ona qarşı hər hansısa bir fıziki və ya psixoloji güc, vasitə tətbiq etməmişlər. Hər hansısa bir xəsarət almamışdır. Əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələr və psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin X3 daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 18 noyabr 2022-ci il tarixdə özü və Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 18 noyabr 2022-ci il tarixdə saat 12:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, ev 50 nömrəli ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə gəlməyə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə qeyd etdiyi Polis İdarəsinə gəlmiş və İdarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı bir qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan tünd boz rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin bükümün içərisində olan psixotrop maddə “şüşə” kimi tanınan metamfetamindir. Həmin metamfetamini 18 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün siqaretin qara rəngli kağızına bükülmüş vəziyyətdə 10 manat pulun qarşılığında alıb əynindəki tünd boz rəngli şalvarının sağ yan cibinə qoyaraq Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, ev 50 nömrəli ünvanın qarşısına daşıyaraq üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olmamışdır. O, bildirmişdir ki, X9 üzərində saxladığı psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən özünün istifadə etməsi üçün biri 10 manata almış, lakin bu barədə dəqiq məlumatı yoxdur. Hazırda əməliyyat axtarış tədbirləri keçirilir. Müsbət nəticə əldə olunarsa istintaqa əlavə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələr qəbul etsə də, onun narkotik vasitə yaxud psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsi daşıyır. Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələr və psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 21 sentyabr 2022-ci il tarixdə özü və Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 21 sentyabr 2022-ci il tarixdə saat 20:00 radələrində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə gəlməyə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə qeyd etdiyi Bölməyə gəlmiş və Bölmənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı bir qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan tünd boz rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd qara rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin bükümün içərisində olan psixotrop maddə “patı”, “şüşə” kimi tanınan metamfetamindir. Həmin metamfetamini 21 sentyabr 2022-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün siqaretin qara rəngli kağızına bükülmüş vəziyyətdə 10 manat pulun qarşılığında alıb əynindəki tünd boz rəngli şalvarının sağ yan cibinə qoyaraq yaşadığı ünvan 3 ünvanın qarşısına daşıyaraq üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfındən imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olmamışdır. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitəni haradan əldə etməsi barədə dəqiq məlumatı yoxdur. Hazırda əməliyyat axtarış tədbirləri keçirilir. Müsbət nəticə əldə olunarsa istintaqa əlavə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələr qəbul etsə də, onun narkotik vasitə yaxud psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı disklərə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/5411 saylı, 22 sentyabr 2022-ci il tarixli ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “Azərbacan Respublikası DİN Zərflər üçün N 167 dairəvi möhür əksləri olan, (imza) Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,497 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/6645 saylı, 19 noyabr 2022-ci il tarixli ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “Azərbacan Respublikası DİN Zərflər üçün N 42 dairəvi möhür əksləri olan, “Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfın içərisində l(bir) ədəd bükümdə təmiz çəkisi 0,782 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 5459 saylı, 23 sentyabr 2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2019-cu ildən hesablanmış, Qaradağ rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarı ilə Milli Məclisin 05 noyabr 2021-ci il tarixli X5 4-cü bəndi tətbiq edilərək cəzası 06 ay azaldılmış və 19 mart 2022-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. Bununla da o, məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayətin təkrar törədilməsi və yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə saat 22:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Bundan sonra o, ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 28 gün (bir il on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 18 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 manat (yüz on manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,732 qram və 0,447 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar