Məhkəmə qərarları › İş №1(004)-167/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-167/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-167/2024 06.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-23/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM 67.1-ci maddəsini nəzərə alaraq üzərində qəti olaraq 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Muradbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarindan artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 17 oktyabr 2023-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf rəngli polietilen paketə bükülmüş təmiz çəkisi 0,163 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazlırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 17 oktyabr 2023-cü il tarixdə saat 21:30-da Yasamal RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPl-nin 27-ci PŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli polietilen paketə bükülmüş təmiz çəkisi 0,163 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazlırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həmin cinayət əməlini törətməmişdir. Belə ki, o, ibtidai istintaq zamanı vediyi ifadəsini qorxduğundan, ona fiziki təsir göstərildiyindən həqiqətdə olmadığı kimi vermişdir. Halbuki, o həmin əməli törətməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli olmadığından barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini, ona fiziki təsir göztərildiyini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən bir ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. 17 oktyabr 2023-cü il tarixdə, saat 11 radələrində yaşadığı evdən çıxıb narkotik vasitə almaq məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka" adlanan ərziyə gedərək üzdən tanıdığı, lakin adını bilmədiyi, orta yaşlı şəxsdən 10 manat pul verərək özü istifadə etmək məqsədi ilə 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə hesab edilən heroini alıb əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoyub yaşadığı evdə getmişdir. Həmin gün aldığı narkotik vasitənin bir qədərini istifadə etmişdir. Həmin gün saat 21 radələrində yaşadığı evdən çıxıb Yasamal rayonu ərazisinə gəlmişdir. ünvan 4 ünvanın qarşısından keçib gedən zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onu Yasamal RPİ-nin 27-ci PŞ-nə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmişdir. Polis şöbəsində təhqiqatçı ona hüquq və vəzifələrini izah etmişdir. Sonra müdafiəçi və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilərkən könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 10 manata özü istifadə etmək üçün aldığı narkotik vasitə heroini masanın üstünə qoymuşdur. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə narkotik vasitə hesab edilən heroindir və həmin maddəni “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata alıb üzərində saxlamışdır. Bundan sonra ondan aşkar edilmiş bir ədəd büklüdə olan maddəni, müdafiəçi və iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, müdafiəçi və iştirakçıların iştirakı ilə zərf və protokol imzalanmışdır. Beləliklə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarindan artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımaq cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPl-nin Kiber Cinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü ıl tarixdə Yasamal RPl-nin CAŞ-nə xx.xx.1987-ci ildə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu, Muradbəyli sahə ünvanında qeydiyyatda olan, ünvan 6da yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat barədə Polis İdarəsinin rəhbərliyinə məruzə olunduqdan sonra Yasamal RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 oktyabr 2023-cü il tarixdə, saat 21:30da Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi 105 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsə narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah edib Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyib, onlarla birlikdə Polis İdarəsinə yollanmışdır. Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində hər- hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen paketə bükülmüş bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində «kakos» kimi tanıdığı narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» deyilən ərazidən tanımadığı şəxsdən 10 manat pulun müqabilində əldə etməklə özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin CAŞ-nin 27-ci PŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və eyni adlı qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə (saat 21:30 dəqiqədən) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 24). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Hacıyev X4 RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 17 oktyabr 2023-cü il tarixdə, saat 21:30-da Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi 105 ünvanının qarşısında saxlanılaraq, Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə dəvət edilmiş və həmin gün saat 23:40-dan etibarən Yasamal RPİ-nin 27-ci PŞ-də üzərinə şəxsi axtarış keçirilən zaman şübhəli şəxs Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen paketə bükülmüş bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində «kakos» kimi tanıdığı narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubınka» deyilən ərazidən tanımadığı şəxsdən 10 manat pulun müqabilində əldə etməklə özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Həmin büküm açıldıqda içərisində spesifik iyə malik, qəhvəyi rəngli, tozşəkilli maddə olması aşkar edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. (İ/V. 34-36). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 17 oktyabr 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16/16/2-6/5602 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün N° 168” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs təqdim etdiyi maddə., Təqsirləndirilən şəxs -imza, iştirakçılar: üç imza; Tərtib etdi: Ç.Qurbanov - imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,163 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ/V. 41-45). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7679 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı Kannabionidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 129-130). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-818/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 02 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Elektron məhkəmə informasiya sistemində olan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası DlN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.1, 333.2, 333.4, 66.3 və 68-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum edilmişdir. xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli Amnistiya qərarının 2.11 -ci bəndinə əsasən azad edilib. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsini xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 170.1; 170.2.1. 177.2.2, 177.2.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum edilmişdir. xx.xx.2013-cü ildə Binəqədi rayon məhkəməsinin qərarına əsasən 10 ay 12 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa Hacıyev X2 rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 2.000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Hacıyev X3 rayon məhkəməsinin xx.xx.2018- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum edilmiş və 2.000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə Salyan rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 05 ay 26 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün Şöbənin qeydiyyatından çıxarılmışdır. xx.xx.2021-ci ildə Şirvan Apellyasiya məhkəməsinin qərarına əsasən xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və cəzasının çəkilmiş qalan 05 ay 26 gün hissəsi tutulduğu vaxtdan yəni xx.xx.2021-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli «Amnistiya» qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edildiyindən qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 76.6.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 09 ay azadlıqdan məhrum edilmişdir. xx.xx.2023-cü ildə Qaradağ rayon məhkəməsinin qərarı ilə 05 ay 10 gün vaxtından əvvəl şərti azad edilmişdir. (İ/V. 89-91). “Sübutların qiymətləndirilməsi” haqqında 23 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 0,163 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,113 qramlıq hissəsi məhkəmənin yekun hökmünədək saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD-R formatındakı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır (İ/V. 135-143). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-23/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində cəza çəkməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 7(002)- 538/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-23/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə seçilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından 05 ay 10 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra döyülməsi və təzyiqlərə əruz qalması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün ibtidai ostintaq zamanı olan etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-23/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhər Səlyan Rayon Məhkəməsinin 04 sentyabr 2020ci il tarixli 7(057)-444/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(001)-488/2018 saylı hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 05 ay 26 gün hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökmlə təyin edilimiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti olaraq 2 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 7(002)-538/2023 saylı qərarı ilə 05 ay 10 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 17 oktyabr 2023-cü il tarixində yəni şərti cəza maddəti başa çatmadığı müddətdə törətdiyi üçün və həmin əməlləri törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin təhlükəli residivini yaradır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş təhlükəli residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 76.6.3cü maddəsinə əsasən Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 7(002)-538/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-23/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 (beş) ay 10 (on) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdam məhrum etmə cəzasına qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 20 oktyabr 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,113 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)- 660/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 7(002)-538/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-23/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 (beş) ay 10 (on) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdam məhrum etmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində qəi olaraq 02 il 02 ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (saatlarla hesablanmaqla) sübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 01 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 0,113 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar