Məhkəmə qərarları › İş №1(004)-168/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-168/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-168/2021 16.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat axşam radələrində Yasamal rayonu “Kubinka” adlanan yerdən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,191 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış və xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən Yasamal rayonu Ə.Ələkbərov küçəsi 20 saylı evin qarşısında saxlanılaraq Yasamal RPİnin 28-ci PB-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,191 qram boz rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər AR CM-nin 177, 180 və 234-cü maddələri ilə məhkum olunmuş və 2020-ci ilin fevral ayında həbsdən azad olunmuşdur. Təxminən 4-5 ay olar ki, narkotik vasitələrdən istifadə etməyə başlamış və hazırda da istifadə edir. Son vaxtlar xəstə olduğu üçün “kokos” adlanan narkotik vasitə olan heroindən istifadə edir. Xavər Rüstəmovanı həbsdən azad olunduqdan sonra tanış olmuşdur. Həmin vaxtlarda “Renta kar”-dan “Hyundai” markalı avtomobili icarəyə götürmüş, həmin avtomobillə sərnişin daşımaqla məşqul olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə günorta saatlarında Xavərlə görüşmüş və Xavər ona bildirmişdir ki, onu Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Asan” xidmətin yanına aparsın və o rəfiqəsindən borca pul alacaq. Xavər Rüstəmova maşından düşüb, ona avtomobildə oturmağı bildirmişdir. Xavər avtomobil yolunun o biri tərəfinə keçdikdən sonra geri qayıtmış və avtomobilə oturaraq evə getməsini bildirmişdir. Xavərin yaşadığı evə gəldikdən sonra onlarda qalmış və xx xxxxxxx 2020-cı il tarixdə Xavərə atasını işə aparmağını bildirmişdir. Bir yerdə atasını işə aparmış və atası düşdükdən sonra Xavər ona 2 cüt uşaq sırğalarını görsədərək onun uşaqlıq sırğası olduğunu və onları satmaq istədiyini bildirdiyi üçün Bakı şəhəri, «Moskva» univermağının yanına gələrək sırğalardan bir cütünü 50 manata yaşlı bir qadına satmışlar. Sırğanın o biri cütünü isə Xavər ona vermişdir ki, saxlasın. Sonra isə Xavəri evlərinə gətirmiş və icarəyə götürdüyü avtomobilin pulunu verə bilməcəyi üçün avtomobili geri qaytarmışdır. Avtomobili təhvil verdikdən sonra xx xxxxxxx 2020-ci il tarixdə saat 19 radələrinə yaxın evə gedərkən Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 20 saylı binanın qarşısında polis əməkdaşları onu saxlayaraq şəxsiyətini təsdiq edən sənəd olmadığı üçün bölməyə gətirmişlər. Polis bölməsində üzərinə müdafıəçinin iştirakı ilə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən saxladığı narkotik maddəni və bir cüt Xavərin verdiyi sırğaları təhvil vermiş və sorğu etdikdə polis əməkdaşlarına bildirmişdir ki, narkotik vasitəni iki gün əvvəl Bakı şəhərinin «Kubinka» adlanan yerdən tanımadığı şəxsdən 10 manata özü istifadə etmək üçün almış, sırğaları isə Xavər saxlamaq üçün vermişdir. Ona görə də polis əməkdaşları bu barədə protokol tərtib etmişlər və həmin protokola imza etmişdir. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hal-hazırda Yasamal RPİ 28-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxx 2020-cı il tarixdə bölməyə məlumat daxil olmuşdur ki, azyaşlı X5 və azyaşlı X7 qarşı soyğunçuluq faktı olmuş və hər ikisinin qulağından qızıl sırğaları açılaraq götürülmüşdür. Dərhal törədilmiş cinayətlərin isti izlə açılması məqsədi ilə məlumatın düzgünlüyünü yoxlamaq məqsədi ilə əlavə qüvvələrə məlumat verildi. Üstündən bir müddət keçmiş məlumatın düzgün olması təsdiq edildi və müəyyən edildi ki, həmin cinayəti Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi, ev 12, mənzil 23 qeydiyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 143, mənzil 57-də yaşayan, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs etməsi güman edildi. Bu məqsədlə Təqsirləndirilən şəxs törətdiyi əməli ifşa etmək məqsədi ilə bölmənin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə birlikdə xx xxxxxxx 2020-cı il tarixdə təxminən saat 19:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 20 saylı binanın qarşısında əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edildi və ona görə də ona yaxınlaşıb xidməti vəsiqəni göstərək, özlərini təqdim etdilər, həmin şəxsin kim olduğunu və üzərində qanunsuz əşyaların olub-olmadığını soruşdular. Həmin şəxs özünü 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən bölməyə dəvət olundu, orada 2 hal şahidlərinin və dövlət hesabına dəvət edilmiş Bakı şəhəri, «Mərkəz» vəkil bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədi ilə bildirildi ki, üzərində olan qanunsuz əşyaları masanın üstünə qoysun. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir büküm siqaretin gümüşü kağızına bükülmüş spesifik iyə malik olan maddə və bir cüt qızıl uşaq sırğasını masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə qablaşdırılaraq 167 saylı möhürlə möhürləndi. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, ondan aşkar olunmuş maddə narkotik vasitə heroindir və onu bir gün əvvəl Bakı şəhərinin «Kubinka» deyilən ərazidən adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən 10 manata əldə etmiş sırğaları isə tanışı Xavər Rüstəmova vermişdir. Bundan sonra protokol tərtib edildi və iştirak edən şəxslər öz imzaları ilə təsdiq etdilər. Şəxsi axtarış və götürmə hərəkəti çəkiliş edildi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/2289 № saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülən bir ədəd bükümdə təmiz çəkisi 0,191 boz rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2021-ci il tarixli 453 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda avstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş. Həmin cəzasını çəkib qurtarmamış Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 29,180.1 və 234.1-ci maddələri təqsirli bilinib (CM 66.2, 68.1.1-1 və əvvəlki hökmlə çəkilməmiş cəzaya görə 67.1-ci maddələri nəzərə alınmaqla) ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunub. Bununla da, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD-R formatında disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay (bir il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,141 qram narkotik vasitə olanheroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar