Məhkəmə qərarları › İş №1(004)-169/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-169/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-169/2021 04.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, 2-ci qrup əlilliyi olan, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, Bakı şəhər Yasamal rayon məhkəməsinin 10.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə 08.01.2021- ci il tarixə cəzasının çəkilməmiş qalan hissəsi 09 ay 21 gün təşkil edən, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 yanvar 2021-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri Nəsimi rayonu «Papanin» kimi tanınan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1.175 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini 20 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, 08 yanvar 2021-ci il tarixdə saat 16:00-da Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Yasamal rayonu Xəqani Dadaşov küçəsi ev 184-də saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə aparılmış üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qırmızı rəngli uzunqol qış gödəkçənin sağ yan cibindən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş və ifadəsində göstərmişdir ki, 08 yanvar 2020-ci il tarixdə saat 16:00-da ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini BNMİ-in polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu yaxınlıqda yerləşən Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinə dəvət etmişdirlər. O, həmin polis əməkdaşlarının müşayiəti ilə Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinə getmiş, 29-cu polis şöbəsində təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, sonra həmin vəkilin, habelə polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üstündə axtarış aparılmışdır. Axtarış zamanı polis əməkdaşları ona üzərində narkotik vasitə varsa onlara təqdim etməyi təklif etmiş, o da əynindəki qırmızı rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən bir büküm narkotik vasitə olan kakos adlandırılan heroin bükümünü və 20 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra onun üzərində şəxsi axtarış keçirilmiş, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İçərisində narkotik vasitə olan heroin bükümü elektron tərəzidə çəkildikdən sonra içərisi boş zərfə qablaşdırılmış, üzəri möhürlənmiş, onun, müdafiəçinin, polis əməkdaşlarının tərəfindən həmin zərf imzalanmış, 20 manat pul isə özünə geri qaytarılmışdır. Daha sonra ifadəsində üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin bükümünün özünə məxsus olduğunu, həmin bükümü 3 ay bundan qabaq istifadəsində olan markasını xatırlamadığı telefonun instagram internet səhifəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı «Maqa» adlı şəxsin vasitəsi ilə 05 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu «Papanin» adlandırılan yaşayış massivinin yaxınlığında 20 manat qarşılığında əldə etdiyini, narkotik vasitələrin satışını həyata keçirmədiyini, təxminən 8 (səkkiz) ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, verilən sualları düzgün başa düşdüyünü, doğru, səmimi cavablar verdiyini, saxlanılan zaman polis əməkdaşları tərəfindən hər-hansı zorakılığa məruz qalmadığını, əməlindən peşiman olduğunu, bir daha narkotik vasitə qəbul etməyəcəyini, heç vaxt hər-hansı şəxsə narkotik vasitə satmadığını və vermədyini bildirmişdir. Həmçinin o istifadəsində telefon nömrəsi olmadığını, istifadə etdiyi telefonun markasını bilmədiyini, həmin telefonu saxlanılmamışdan 2 gün öncə metronun İnşaatçılar stansiyasının qarşısında tanımadığı şəxsə 60 manat müqabilində satdığını, telefonda maraqlı videolara baxmaq üçün instagram programı yüklədiyini, həmin instagram internet programı vasitəsi ilə də İran İslam Respublikası vətəndaşı «Maqa» adlı şəxslə tanış olduğunu direktdə onunla yazışdığını bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs oğlu törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, 2-ci qrup əlil olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. DİN-in BNMİ-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis mayoru Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməcəklərini, ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişdirlər. Belə ki, ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BNMİ-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanımışdır, onunla qohumluğu yoxdur, aralarında əlaqə, münasibət, ədavət və düşmənçilik olmamışdır. Məlum mənbədən ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri özündə saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün iş yoldaşı Şahid2 ilə birlikdə əməliyyat qurupu yaradılmış, Bakı şəhəri Yasamal rayonu Xəqani Dadaşov küçəsi ev 184 ünvanının qarşısında piyada hərəkət edən zaman şübhəli bilinən Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini gösərdikdən sonra özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsdən üzərində şəxsiyyətini təsdiq edən hər-hansı bir sənədin olub-olmaması barədə soruşan zaman həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra üzərində heçbir sənəd olmadığını demiş, onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli bilindiyini bu barədə məhkəmə qərarı olduğunu dedikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşdirərək özlərilə Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışdırlar. Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu PŞ-nə aparıb təhqiqatçıya təhvil verib üzərində şəxsi axtarış və götürmə aparan anadək, üzərində olan narkotik vasitəni ata bilməməsindən ötrü onu nəzarətsiz buraxmayaraq müşaiət etmişdirlər. Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qurupunun təhqiqatçısı polis kapitanı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra onun, əməliyyat qrupunun tərkibində olan digər polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkil Müdafiəçi qismində iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs eləcə də digər iştirakçılara hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, o buna cavab olaraq əynindəki uzunqol qış gödəkçəsinin sağ yan cibindən 1 bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroini və 20 manat pulu çıxarıb otaqdakı masanın üzərinə qoymuş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamış, qeyd olunan narkotiki haradan və nə məqsədlə əldə edib üzərində gəzdirməsini soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini telefonla tanış olduğu İran İslam Respublikasının vətəndaşı «Maqa» adlı şəxsdən Nəsimi rayonu «Papanin» kimi tanınan ərazidən 3 gün bundan öncə 20 manat müqabilində əldə etdiyini bildirmişdir. Bundan sonra götürülmüş narkotik vasitə heroin təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçisinin, axtarışda iştirak edən polis əməkdaşının, həmçinin onun iştirakı ilə elektron tərəzidə çəkilməklə 1.67 qram olması müəyyən edilmiş, həmin narkotik vasitə zərfə qoyulub qablaşdırılmış və DİN- in 7 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür, 20 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol və zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs imza etmişdir, hamı kimi həmin protokolu və zərfi o da imzalamışdır. Şəxsi axtarış zamanı habelə protokol tərtib edilərkən heç bir şikayət daxil olmamışdır. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis mayoru Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X2 tərəfindən tərtib edilmiş və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1, həmin şöbənin digər əməliyyat müvəkkili Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu və Müdafiəçi tərəfindən imzalanmış 08.01.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları və maddələri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs oğlu əynində olan qırmızı rəngli uzunqol qış gödəkçəsinin sağ yan cibindən 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotok vasitə olan heroinə bənzər kütləni və 20 manat pulu masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin büküm narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 1,67 qram olması müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin nə olması, haradan, kimdən və hansı məqsədlə alması barədə sual verdikdə bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindir və onu öz şəxsi istifadəsi üçün Bakı şəhəri Nəsimi rayonu Papanin adlandırılan yaşayış massivinin yaxınlığında İran İsla Respublikasının vətəndaşı Maqa adlı şəxsin vasitəsilə almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin digər hər hansı qeydi-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm zərfə qoyaraq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in 7 nömrəli möhrü ilə möhürlənmişdir (i/v 31-32). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2021-ci il tarixli, 6/88 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs...aşkar edilmiş....” yazısı olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,175 qram olan maddə, tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına daxildir. Ekspertiza tədqiqatının dəyəri 108,46 manat təşkil edir (i/v 40-43). İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında 15.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlundan aşkar edilərək götürülmüş 1.175 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin tədqiqat keçirildikdən sonra qalan 1.125 qram çəkidə hissəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına verilməsi, Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i/v 113-119). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 15.03.2021-ci il tarixli, 783 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 111-112). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 08.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.01.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdır (i/v 20-21; 73-77). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.12.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci naddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. 29.12.2015-ci ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 9 ay 20 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (i/v 96-98). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 267/2019 nömrəli, 10.12.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (i/v 101-104). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsi təfərindən verilmiş 01.03.2021-ci il tarxli 21-1-018/33 nömrəli arayışın surətindən məlum olur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 267/2019 nömrəli, 10.12.2019-cu il tarixli hökmü ilə 1 il 8 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs oğlunun 08.01.2021-ci il tarixə çəkilmiş cəzası 11 ay 05 gün, çəkilməmiş qalan hissəsi isə 09 ay 21 gün təşkil edir. (i/v 100). İş materiallarına əlavə edilmiş 25405 nömrəli vəsiqənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 11875546 nömrəli şəxsiyyət vəsiəsinin surətindən məlum olur ki, X4 18.09.2017-ci il tarixində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası isə Rəna İbrahimovadır. İş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki boz rəngli idman paltarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq qarşısındakı masanın üzərinə qoymuş, büküm narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 1,67 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin digər hər hansı qeydiqanuni əşya və ya predmet aşkar edilməmiş, onun üzərindən aşkar edilərək götürülmüş büküm zərfə qoyaraq qablaşdırılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, 2-ci qrup əlil olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 1(004)-267/2021 saylı hökmü ilə 1 il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 1(004)-267/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 9 ay 21 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 08 yanvar 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 1.125 qram narkotik maddə - heroin məhv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 108.46 (yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 1(004)-169/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. İş materiallarında olan 16.03.2021-ci il tarixli vəkil hesabatından aydın olur ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 25 (iyirmi beş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 1(004)-267/2019 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 09 (doqquz) ay 21 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 04 (dörd) ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli tutulduğu 08 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 108.46 (yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 1.125 qram narkotik maddə - heroin məhv edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar