Məhkəmə qərarları › İş №1(004)-169/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-169/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-169/2022 12.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Yusif Allahverdiyev və Partnyorları vəkil bürosunun vəkili Müdafiəçi2 Zərər çəkmiş şəxs: X2 Təqsirləndirilən şəxs: xx.xx.1970-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 yanvar 2022-ci il tarixdə, saat 18:30 radələrində ünvan 2 ünvanda yerləşən avtobus dayanacağında Zərərçəkmiş şəxs əynində olan üst geyimin sağ cibindən üzərində 4 manat dəyərində ***-***-**-** saylı GSM nömrə kartı olan 120 manat dəyərində «Samsung» markalı, «SM-A107F/DS» (Galaxy A10S) modelli mobil telefonu çıxarıb gizli olaraq talamaqla ələ keçirib Zərərçəkmiş şəxs 124 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər dəfələrlə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə. sonuncu dəfə isə 01 oktyabr 2019-cu il tarixdə CM-nin 177.2.1-ci maddəsi ilə 02 il, 05 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16 noyabr 2021 -ci il tarixdə AR MM-nin 05 noyabr 2021-ci il tarixli «Amnistiya» qərarının 2.4 bəndinə əsasən cəzadan azad edilmişdir. Təxminən 20 ildən artıq bir müddətdir ki, o, müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin istifadəsi ilə məşğul olmuşdur. Bu səbəbdən də o, əvvəllər məhkum olunmuş, həbsdən azad edildikdən sonra fiziki tələbatını ödəmək üçün narkotik vasitəni tanımadığı şəxslərdən alaraq qəbul etmişdir. Heç yerdə işləmədiyi üçün o, narkotik vasitə əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. O, adətən narkotik vasitələri Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı müxtəlif şəxslərdən pul ilə əldə edərək təklikdə şəxsi tələbatı üçün istifadə etmişdir. 05 yanvar 2022-ci ildə saat 18 radələrində o, tək olaraq Sumqayıt şəhərindən Bakı şəhəri, «20 YANVAR» dairəsi ərazisinə gəlib, orada avtobusdan düşərək «20 YANVAR» dairəsindən Bakı-Sumqayıt yolu istiqamətində yerləşən şərti olaraq birinci avtobus dayanacağına gəlib orada cibgirlik etmək üçün «məqam» axtarmağa başlamışdır. Bu zaman ətrafda çoxlu sayda tanımadığı insanlar dayanıb avtobus gözləmişlər. Həmin vaxt onun diqqətini bir nəfər tanımadığı 25-30 yaşlı qadın cinsli şəxs cəlb etmişdir. Qeyd edilən qadın əynində olan qara rəngli üst geyiminin sağ yan cibindən bir ədəd mobil telefon çıxarıb baxaraq yenidən cibinə qoymuş, o isə həmin mobil telefonu oğurlamaq qərarına gəlmişdir. O, avtobus dayanacağında sərnişin sıxlığı olmasından istifadə edərək həmin qadına yaxınlaşdıqda sonuncu artıq dayanacaqda dayanan qeydiyyat nişanını görmədiyi 119 saylı marşurut avtobusuna minmək üzrə olmuşdur. Bu zaman o, heç kəsin görməyəcəyi vəziyyətdən istifadə edib, qadına yaxınlaşaraq sağ əli ilə qadının əynində olan üst geyimin sağ yan cibində olan mobil telefonu çıxarmışdır. O. diqqət yetirdikdə qeyd edilən mobil telefonun «Samsung Galaxy A 10S» markalı olmaqla tünd göy rəngli gövdəli olmasına görmüşdür. Qadın onun mobil telefonu cibindən çıxarmasını hiss etməmişdir. O, həmin qadının heç nə hiss etmədən avtobusa mindiyini görüb, götürdüyü mobil telefonu əynində olan gödəkçənin sağ yan cibinə qoyaraq oradan uzaqlaşmaq istədikdə mülki geyimdə olan 3 nəfər kişi cinsli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər Yasamal RPİ-nin əməkdaşları olduqlarını ona bildirib, bir qədər əvvəl qadının cibindən mobil telefon oğurladığını gördüklərini bildirib özləri ilə Yasamal RPİ-yə getməsini tələb etmişlər. Eyni zamanda həmin vaxt o, mobil telefonu söndürməyə və ya gizlətməyə macal tapmamışdır. Bu zaman mobil telefona tanımadığı nömrədən zəng gəlmiş və polis əməkdaşlarından biri mobil telefona cavab verdikdə o, zəng edən şəxsin mobıi telefonun sahibi olduğunu başa düşmüşdür. Polis əməkdaşı qadına Yasamal RPİ-yə gəlməsini bildirmişdir. Buna görə də o, həmin polis əməkdaşları ilə Yasamal RPİ-yə getmiş, həmin idarə də onun şəxsiyyəti müəyyən edilərək müvafiq rəsmiləşdirilmə aparılmışdır. O, qeyd edilən tanımadığı qadına məxsus olan mobil telefonu oğurlayarkən və ya bundan əvvəl polis əməkdaşlarının və ya digər şəxsin onu kənardan müşahidə etdiyini, yəni onun cinayət əməli törətdiyini gördüklərini hiss etməmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X2 ifadəsində göstərmişdir ki, o, hazırda "xxxx" MMC-də xidmətçi vəzifəsində çalışır. İş rejiminə uyğun olaraq o, hər gün saat 09:00dan saat 18:00-dək işdə olur. Onun iş yeri Yasamal rayonu H.Zərdabi prospekti 88 ünvanında yerləşir. 05 yanvar 2022-ci il tarixdə saat 18:00-da o, qeyd edilən iş yerindən çıxıb piyada olaraq yaşadığı Abşeron rayonu Xırdalan şəhərinə getmək üçün Yasamal rayonu «20 YANVAR» dairəsinin yaxınlığına doğru getmişdir. Bu zaman o, həmin ərazidə, Bakı-Sumqayıt yolu istiqamətində yerləşən şərti olaraq birinci avtobus dayanacağına gələrək orada avtobus gözləməyə başlamışdır. Həmin vaxt ətrafda tanımadığı müxtəlif şəxslər avtobus gözləmək üçün pərakəndə vəziyyətdə dayanmışdırlar. O, həmin vaxt özünə məxsus olan üzərində ***-***-**-** saylı mobil nömrə olan «Samsung Galaxy A 10S» markalı mobil telefonu əynində olan qara rəngli paltonun sağ cibindən çıxararaq saata baxmış və sonra həmin mobil telefonu eyni ilə əynində olan paltonun sağ yan cibinə qoymuşdur. O, avtobus dayanacağına çatan 119 saylı, qeydiyyat nişanını və markasını xatırlamadığı avtobusa mindikdən sonra, avtobus hərəkətə başlayaraq «Şamaxinka» adlanan əraziyə doğru istiqamət almışdır. Bu zaman o, əlini cibinə salaraq qeyd edilən mobil telefonunun yerində olmadığını aşkar etmişdir. O, dərhal hər ehtimala qarşı çantasını axtarmış, lakin mobil telefonunu yerində aşkar etməmişdir. Ona görə də o, «Şamaxinka» adlanan ərazidə avtobusdan enərək xatırlamadığı bir nəfər kişi cinsli, təxminən 30 yaşlı şəxsdən mobil telefon nömrəsinə zəng etməsini xahiş etmişdir. O, həmin şəxsə mobil telefonunun cibindən oğurlandığını aşkar etdiyini bildirmişdir. Tanımadığı şəxs öz istifadəsində olan mobil nömrə ilə ona məxsus olan qeyd edilən mobil telefon nömrəsinə zəng edərək dəstəyi ona vermişdir. Cavab verən şəxs polis əməkdaşı olduğunu və ona məxsus olan mobil telefonun oğurlandığını, oğurlayan şəxsi saxladıqlarını və onun Yasamal RPİ-yə gəlməsini xahiş etmişdir. Hazırda təqsirləndirilən şəxsin törətdiyi əmələ görə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 27-ci PBnin cinayət axtarışı üzrə məliyyat müvəkkili vəzifəsində polis baş leytenantı xüsusi rütbəsi ilə xidmət edir. O, Yasamal RPİ-nin rəisinin müvafiq əmri ilə hazırda müvəqqəti olaraq ezam qaydasında Yasamal RPİ-nin CAŞ-də eyni vəzifə ilə xidmətini davam etdirməkdədir. Yasamal RPİnin rəisinin müvafiq əmri ilə o, Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarışı üzrə kiçik əməliyyat müvəkkili, polis kiçik serjantı Şahid2 və həmin idarənin 26-cı PB-nin cinayət axtarışı üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 rayon ərazisində cibgırliklə məşğul olan şəxslərin müəyyən edilərək tutulması istiqamətində aparılan tədbirlərlə bağlı ayrıca qrup şəklində fəaliyyət göstərmişlər. Belə ki, keçirilən əməliyayt-axtarış tədbirlərinin davamı olaraq o, 05 yanvar 2022-ci il tarixdə, saat 18:20 radələrində qeyd edilən polis əməkdaşları ilə birlikdə Yasamal rayonu Moskva prospekti 88 saylı binanın qarşısında yerləşən avtobus dayanacağında xidmətdə olarkən, həmin dayanacaqda çoxlu sayda pərakəndə halda dayanıb avtobus gözləyən insanların sırasından bir nəfər özünü şübhəli göstərən, təxminən 50 - 55 yaşlı kişi cinsli şəxs onların «diqqətini» cəlb etmişdir. Belə ki, həmin kişi cinsli şəxs dayanacaqda avtobus gözləyən insanları seyr edərək, sonradan bir nəfər qadın cinsli, əynində qara rəngli üst geyimi, baş nahiyəsində «hicab» olan qadına yaxınlaşmışdır. Qadın isə bir qədər əvvəl üst geyiminin sağ yan cibində olan mobil telefonuna baxıb mobil telefonu yenidən həmin cibinə qoymuşdur. Bu zaman artıq qadın dayanacaqda dayanmış 119 saylı marşurut avtobusuna minmək istəyərkən qeyd olunan kişi cinsli şəxs qadına yaxınlaşıb heç kəsin, o cümlədən qadının hiss etməyəcəyi bir şəraitdə sağ əlini qadının əynində olan üst geyimin sağ yan cibinə salaraq oradan mobil telefonu çıxarıb, ani vəziyyətdə geri çəkilib oradan uzaqlaşmaq istədikdə, onlar həmin şəxsə yaxınlaşıb saxlamışlar. Həmin vaxt isə qadın artıq avtobusa minərək oradan uzaqlaşmışdır. Onlar həmin şəxsə özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, həmçinin sonuncuya qeyd edilən qadının cibindən mobil telefonunu oğurladığını gördüklərini bildirmişlər. Qeyd olunan kişi cinsli şəxs isə özünü «itirib» oğurlayaraq əynində olan gödəkçənin sağ yan cibinə qoyduğu mobil telefonu gizlətməyə macal tapmamışdır. Bu zaman həmin mobil telefona zəng gəldiyi üçün onların tərəfindən mobil telefonu oğurlayan şəxsə mobil telefona gələn zəngə cavab verməsi üçün təqdim etməsi bildirilmişdir. Həmin şəxsin cibindən çıxardığı «Samsung Galaxy a 10S» markalı mobil telefona xatırlamadığı nömrədən gələn zəngə cavab verildikdə bir nəfər qadın həmin mobil telefonun sahibi olduğunu ona bildirmişdir. O, həmin qadına polis əməkdaşı olduğunu, mobil telefonunun oğurlandığını və oğurlayan şəxsi yaxaladıqlarını, araşdırma zərurəti ilə bağlı Yasamal RPİ-yə gəlməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiklərini öz ifadəsində təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 da şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiklərini öz ifadələrində təsdiq etmişlər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının 04.02.2022-ci il tarixli, 9/220 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1 ədəd göy rəngli, Çində istehsal edilmiş “Samsung” markalı, “SM-A107F/DS” (Galaxy A10S) modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq 2022-ci ilin yanvar ayına orta bazar qiyməti təxminən 120,00 manat ***-***- **-** GSM mobil nömrə 4,00 manat müəyyən olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Moskva şəhər Xalq Məhkəməsinin 13 sentyabr 1989-cu il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Sumqayıt şəhər Məhkəməsinin 04 fevral 1993-cü il tarixli hökmünə əsasən əmlakı müsadirə edilməklə 3 il azadlıqdan məhrumetmə cəzasına, Sumqayıt şəhər Məhkəməsinin 03 aprel 1996-cı il tarixli hökmünə əsasən əmlakı müsadirə edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Sumqayıt şəhər Məhkəməsinin 01 oktyabr 2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib qazancının 15% tutulmaqla 1 il müddətinə islah işləri cəzasına, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci madəsinə əsasən 1 il 6 ay azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2ci maddəsi ilə təqsirli bilinib 4 il 6 ay azadlıqdan məhrumetmə cəzasına, Sumqayıt şəhər Məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2, 221.3-ci maddələri ilə təqsirli bilinib 6 il azadlıqdan məhrumetmə cəzasına, Sumqayıt şəhər Məhkəməsinin 16 mart 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökmlər üzrə cəzasını çəkmiş və məhkumluğu ödənilmişdir. Lakin məhkumluğu ödənilməmiş Sumqayıt şəhər Məhkəməsinin 01 oktyabr 2019cu il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Bununla da məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində 07.01.2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05.01.2022-ci il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi tanınmış üzərində ***-******* saylı GSM mobil nömrəsi olan “Samsung” markalı “SM-A107F/DS” (Galaxy A10S) modelli mobil telefon aparatının zərər çəkmiş şəxs X1 qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 05 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış üzərində ***-******* saylı GSM mobil nömrəsi olan “Samsung” markalı “SM-A107F/DS” (Galaxy A10S) modelli mobil telefon aparatının zərər çəkmiş şəxs X1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 250 (iki əlli yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və Partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar