Məhkəmə qərarları › İş №1(004)-169/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-169/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-169/2025 06.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 27 noyabr 2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, "Kubinka" adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,965 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 27 noyabr 2024-cü il tarixdə saat 11:40-da Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə xeyli miqdarda təmiz çəkisi 0,965 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində o narkotik vasitə almaq üçün Bakı şəhəri, Nəsimi rayonu, "Kubinka" adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində kustar üsulla hazırlanmış narkotik vasitə heroin alıb əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. O həmin narkotik vasitəni cibində gizlədərək ünvan 1 ünvanına gəlmişdir. Həmin gün yəni xx.xx.2024cü il tarixdə saat 11:40-da Yasamal rayonu, S.Rəhimov küçəsi 83 ünvanının qarşısında dayanan zaman iki nəfər mülki geyimdə şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişdirlər. O həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda onlar ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişdilər. O da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına getmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişdirlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. O da həmin an üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan qara rəngli cins şalvarın sağ yan cibində gizlətdiyi 01 ədəd şəffaf sellofana bükülmüş kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bir ədəd büküm onun iştirakı ilə açılan zaman onun içərisində qəhvəyi rəngli heroinə bənzər maddə aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin bükülüdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini soruşduqda o bildirmişdir ki, həmin bükülüdəki maddə "kakos" kimi bilinən narkotik vasitə olan heroindir və o həmin maddəni bu gün, yəni xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, "Kubinka" adlanan ərazidən üzdən tanıdığım lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən 20 manat pul müqabilində almışdır.Bundan sonra onun üzərindən aşkar olunmuş 01 (bir) ədəd büküm gözünün qarşısında ağ rəngli zərfə qoyularaq qablaşdırılıb möhürlənərək zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır.Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə həmin protokolu təsdiq etmişdirlər. Narkotik vasitə heroin aldığı şəxs qaramtıl dərili, 40-46 yaşlarında, orta köklükdə 170-175 boylarında, saçı düz daranan, üzü tüklü və bığsızdır. Həmin şəxsin görünüşündə hər hansı bir xüsusi əlamət yoxdur. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Üzərində aşkar olunmuş narkotik vasitə heroini də şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, 27 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 11:40 radələrində Şahid2la birlikdə ünvan 3 ünvanının qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan şəxsin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsin üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olub-olmadığını soruşmuşlar və Siyasət onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində narkotik vasitə olan heroin var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasina getməli olduğunu bildirib və onu avtomobillə ora gətirmişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxsə təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Siyasət əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroin olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Siyasət həmin bükülünün içərisində olan narkotik vasitə heroini həmin gün Baki şəhəri Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 digər Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, 27 noyabr 2024-cü il tarixdə saat 13:10 dəqiqədə Təqsirləndirilən şəxs üzərinə Yasamal Rayon Polis İdarəsinin 26-ci PB-nin inzibati binasında video çəkiliş vasitəsilə polis əməkdaşları və müdafəçinin iştirakları ilə şəxsi keçirilmiş və şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində olması ehtimal edillən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim edilməsi təklif olunmuş. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək içərisində narkotik vasitə “Kakos” yəni heroin olduğunu və bu vasitəni xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, "Kubinka" adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, kristal-toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 170 saylı möhürü ilə möhürlənərək götürülmüş. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddə aşkar edilməmişdir. (i.v. 36-37) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2024-cü il tаriхli 6/5317 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 170” möhür əksi, “....Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,965 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. (i.v. 46-47) “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 01 dekabr 2024cü il tarixli protokola əsasən həmin diskdə olan videoçəkilişdən görünür ki, polis əməkdaşları müdafiəçinin iştirakı ilə Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə xeyli miqdarda təmiz çəkisi 0,965 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və özü istifadə etmək məqsədilə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli almışdır. (i.v. 90) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 09 dekabr 2024-cü il tаriхli 7735 nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 117-118) “Sübutların qiymətləndirilməsi haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, 27 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilən zaman tərtib edilmiş 01 ədəd DVD-R disk cinayət işi üzrə sübut kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,865 qram təşkil edən narkotik vasitə heroin Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (i.v. 128-133) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, narkotik vasitələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, Narkotik vasitələrin, narkotik vasitələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və narkotik vasitələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və narkotik vasitələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və narkotik vasitələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və narkotik vasitələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin təmiz çəkisi 0.965 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, narkotik vasitələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və narkotik vasitələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (narkotik vasitələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-nin müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-nin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: 27 noyabr 2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; sonuncunun azadlığı faktiki olaraq həmin tarixdə 11:40 dəqiqədə məhdudlaşdırılmışdır.(i.v. 22) 29 noyabr 2024-cü il tarixli, 4(004)-1059/2024 nömrəli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 noyabr 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 76-80) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən vaxtından əvvəl cəzadan azad olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(004)-133/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 31 may 2024-cü il tarixli qəran ilə vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (i.v. 91-92). 13 iyun 2023-cü il tarixli, 1(004)-133/2023 saylı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (i.v. 98-110) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 olmaqla iki övladı vardır. CM-nin: 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(004)-133/2023 saylı hökmü ilə təyin edilmiş 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən iki il müddət keçmədiyindən yenidən cinayət törədərkən məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə əsasən cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halı, habelə onun əvvəllər eyni xarakterli cinayət əməli törətməkdə təqsirli bilinərək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və həmin məhkumluğun ödənilməməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.865 qram qalıq çəkisi olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmasını, habelə onun əvvəllər eyni xarakterli cinayət əməli törətməkdə təqsirli bilinərək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və həmin məhkumluğun ödənilməməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 27 noyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mərkəz” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 27 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.865 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X1, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” Vəkil Bürosunun vəkili vəkili X5 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar