Məhkəmə qərarları › İş №1(004)-170/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-170/2025

25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-170/2025 25.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun, Məhkəmə iclasının katibi: Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: 20 noyabr 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X3 onun haqqında qəsdən böhtan və təhqir dolu məlumatlar paylaşdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddələrdə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X6 29 oktyabr 2024cü il tarixdə, 30 oktyabr 2024-cü il tarixdə, 01 noyabr 2024-cü il tarixdə ARB telekanalında yayımlanan “Səni Axtarıram” televiziya verilişində efirə gedən verilişlərdə və xx.xx.2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində 226 min izləyicisi olan “elmedia_” səhifəsində etdiyi çıxışlar aşağıdakılardan ibarətdir. 1) 29 oktyabr 2024-cü il tarixdə efirə gedən “Səni Axtarıram” verilişindən: (https://www.youtube.com/watch?v=oqL_op1U3nU&t=17s) Fərqanə Quliyeva çıxış edərək aşağıdakı ifadələri işlətmişdir: Verilişin aparıcısı deyir: “Hansı əməliyyatı həyata keçirmisiz?”, Fərqanə Quliyeva cavab verərək bildirir ki, Sevinc Heydərova tərəfindən artıq 10 aydır. Verilişin aparıcısı deyir ki, neçə müddətə düzələcək? Fərqanə Quliyeva cavab verərərk bildirir ki, haradasa 5-6 aya düzələcək dediyinə görə. Verilişin aparıcısı deyir: “Vay-vay bu nədir?, aman ALLAH !! Bu neçə aylıq əməliyyatdır?” Fərqanə Quliyeva cavab verərərk bildirir ki, artıq 10 aydır. Verilişin aparıcısı deyir: “Siz getdiz həkimə?” Fərqanə Quliyeva cavab verərərk bildirir ki, bəli, bəli qarşı tərəf (Sevinc Heydərova) özünü elə aparır ki, elə bil ki, heç bir şey olmayıb. Getmişəm, olmuşam həkimdə, artıq biz hüquqi formada yanaşırıq işə, gözləyirik, ekspertizada da olmuşam. Sevinc Heydərova tərəfindən əməliyyat olunmuşam, əvvəl kosmetoloq, nevropatoloq. Verilişin aparıcısı deyir: “X7 var o, nevroloqdur!!!” Fərqanə Quliyeva deyir: “Bəli, Sevinc Heydərovadır, həmin Sevinc Heydərovadır!!! Artıq 10 ay müddət keçib əməliyyatdan, reklam qarşılığında olub əməliyyat. Bu böyük səhv idi, amma hüquqi şəkildə. Düşünürəm ki, Sevinc Heydərovanın lisenziyası ləğv edilməlidir. Flora Kərimova da şikayətçidir, onu da əməliyyat edib. (Verilişin aparıcısı verilişində oturan başqa həkim eksperti çağırır, ekspert Fərqanənin simasına baxır və deyir ki, xəsarət var.) Fərqanə Quliyeva deyir ki, siz belə deyirsiniz qarşı tərəf də deyir ki, bu elə də həkim səhvi deyil, orda əyləşənlər də deyir ki, xırda kosmetoloji səhv deyil. Bu videodakı çıxışlarında X6 tərəfindən Sevinc Heydərova cinayətkar simada cəmiyyətə və insanlara təqdim edilmişdir və Fərqanə Quliyeva bildirmişdir ki, onun simasına zərəri Sevinc Heydərova vurmuşdur. Qeyd edir ki, Fərqanə Quliyevanın şikayəti əsasında Nəsimi prokurorluğunda araşdırma gedir və müvafiq ekspertiza təyin olunub, hələ ekspertizanın hansısa rəyi yoxdur və həmin şikayət üzrə araşdırmanın hansısa nəticəsi yoxdur və qanuni qüvvəyə minmiş məhkəmə qərarı, hökmü olmadan kimisə cinayətkar simada tanıtmaqla Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını pozmuşdur və eyni zamanda böhtan xarakterli ifadə işlədərək Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsini bildirməklə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla böhtan atmaqla CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. 2) “Səni Axtarıram” 30 oktyabr 2024-cü il tarixdə efirə gedən verilişdən: (https://www.youtube.com/watch?v=scAMWYkv7x4&t=8s). Həmin videoda 02:04 dəqiqədə Verilişin aparıcısı çıxış edərək aşağıdakı ifadələri işlətmişdir: “Bir tərəfdən də plastik, estetik cərrah, nevropataloq Sevinc nəydi onun adı? Nəydi Heydərovadan şikayət edən qadın oturub burada.” (Bu zaman efirdə böyük planda Fərqanənin üz və qulağın arxası nahiyələrində hansısa ləkələri göstərirlər) Fərqanə xanım efirə çıxdıqdan sonra zənglərin sayı hesabı olmadı, Elmir bəy (verilişdə oturan psixoloq ekspert). Şok yaşayıram, əgər mənim üzümü həkim belə etsə, mən onun diplomunu əlindən aldırmayana qədər mübarizəmi dayandırmaram. Belə həkimləri ifşa edin onların əlindən diplomları alınmalıdır!!!” Həmin videonun 08:17 dəqiqəsində Fərqanə Quliyeva deyir: “Sevinc Heydərova mənim sifətimdə tikişləri ayrı aparıb, digər tərəfdə isə ayrı aparıb.Qulağımın arxasında da belə tikişlər fərqli aparılıb. Ekspertizadakı həkim də bunu həkim səhvi adlandırmır.” Həmin videoda 08:17 dəqiqədə Verilişin aparıcısı telefon zəngi qoşur və deyir: Siz də Sevinc Heydərovanın yanına getmisiz? Telefon xəttinə qoşulan qadın deyir: “Bəli, 2 ildən çox olar ki, Sevinc Heydərova əməliyyat edib. Danışdım və getdim yanına, ayaqlarıma kök hüceyrə vurdu narkozla, çıxıb Qubaya gəldim. Gələndən sonra əməlli-başlı yataq xəstəsi oldum. Məni depresiyaya saldı bu qadın (Sevinc Heydərovanı nəzərdə tutur).” Verilişdə oturan digər həkim ekspert deyir: “Fərqanənin sifətində olan ləkələr kelloid çapığa oxşayır, həkim səhvi deyil.” Lakin Fərqanə cavab olaraq deyir: “Tikişlərin biri aşağıdadır, biri yuxarıda. Həkim peşəkar olsaydı, belə olmamalı idi problemlər. Artıq əməliyyatdan 1 il keçəcək. O həkimdən bilirsiz nə qədər şikayət va, Elmir bəy (verilişdə oturan psixoloq ekspert). Həmin videodakı çıxışlarında X6 həkim Sevinc Heydərovanı peşəkar olmayan həkim kimi, onun sifətində düzgün əməliyyat və düzgün tikişlər aparmayan həkim kimi ittiham etməklə onu cinayətkar simada cəmiyyətə və insanlara təqdim etmişdir və bildirmişdir ki, onun simasına zərəri Sevinc Heydərova vurmuşdur. Sevinc Heydərovadan çox insanlar şikayətçidir. Bu kimi yalan olduğunu bilə bilə minlərlə insanların tamaşa etdiyi verilişdə işlətdiyi ifadələrlə Sevinc Heydərovaya böhtan atmışdır. 3) “Səni Axtarıram” 01 noyabr 2024-cü il tarixdə efirə gedən verilişdən: (https://www.youtube.com/watch?v=W-ceiWj5sC4&t=345s). Bu videoda 01:05 dəqiqədə Verilişin aparıcısı deyir: “Fərqanə xanım küsməsin məndən, gedib əməliyyat etdirib üzünü pis günə qoydurub. (Bu vaxt böyük ekranda Fərqanənin sifətində olan ləkələr böyük planda göstərilir.) Dünən efirdən sonra yüzlərlə zənglər gəlib, yüzlərlə insan var ona görə efirə bağlanın.” 04:39 dəqiqədə Zəhra adlı qadın qoşulur efirə və deyir ki, 4 il əvvəl gözaltı şiş əməliyyatı olunub və saçına kök hüceyrə etdirib və hələ də əziyyət çəkir, gözaltı şiş yenə var. Bu verilişdə də Fərqanə onun tərəfindən təqdim edilmiş guya ki həkim Sevinc Heydərovanın həkim səhvi nəticəsində onun sifət nahiyələrinə vurduğu zərəri nümayiş etdirməklə Sevinc Heydərovanın peşəkar olmayan həkim kimi, onun sifətində düzgün əməliyyat və düzgün tikişlər aparmayan həkim kimi ittiham etməklə onu cinayətkar simada cəmiyyətə və insanlara təqdim etmişdir və çalışmışdir ki, onun simasına zərərin Sevinc Heydərova tərəfindən vurulmasını sübut etsin. Bu videoda da Fərqanə Quliyeva böhtan ataraq Sevinc Heydərovanın şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla böhtan atmaqla CM-nin 147.1-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 4) xx.xx.2024-cü il tarixdə «İnstagram» sosial şəbəkəsində 226 min izləyicisi olan “elmedia_” səhifəsində (https://www.instagram.com/reel/DCo5j86qS7b/) Fərqanə Quliyeva çıxış edərək aşağıdakı ifadələri işlətmişdir: “Mən buradan səslənirəm prokurorluq orqanlarına, Sevinc Heydərova üçün ölçü götürəsiniz, simama vurduğu zərərə görə Sevinc Heydərova üçün cinayət işi açılmalıdır. 2 dəfə ekspertizadan keçmişəm və hələ mənə cavab vermirlər, ekspertizanın icra müddətinin bitməsinə baxmayaraq hələ də rəsmi rəy təqdim olunmayıb. Xahiş edirəm prokurorluq orqanlarından, ciddi ölçü götürsünlər. Bu ifadələr «İnstagram» sosial şəbəkəsində 226 min izləyicisi olan “elmedia_” səhifəsində xx.xx.2024-cü il tarixdə paylaşılaraq X6 tərəfindən Sevinc Heydərova cinayətkar simada cəmiyyətə və insanlara təqdim edilmişdir və bildirmişdir ki, onun simasına zərəri Sevinc Heydərova vurmuşdur, onun barəsində cinayət işi başalanmalıdır. Qeyd edirəm ki, Fərqanə Quliyevanın şikayəti əsasında Nəsimi prokurorluğunda araşdırma gedir və müvafiq ekspertiza təyin olunub və həmin şikayət üzrə araşdırmanın hansısa nəticəsi yoxdur və qanuni qüvvəyə minmiş məhkəmə qərarı, hökmü olmadan kimisə cinayətkar simada tanıtmaq Konstitusiyanın 63-cü maddəsi ilə qorunan təqsirsizlik prizumpsiyasını pozmuşdur və eyni zamanda böhtan xarakterli ifadə işlədərək Sevinc Heydərovanın şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla böhtan atmaqla CM-nin 147.1-ci maddəsinə əsasən cinayət əməli törətmişdir və eyni zamanda bu videoçıxışda kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında Sevinc Heydərovanın şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır, bu əmələ görə CM-nin 147.1-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 5) APA TV internet kanalında 6 dekabr 2024-cü il tarixdə efirə gedən “İmpuls” verilişində “Plastik cərrahlar, yoxsa qəssablar?!, həkimləri necə ayırd edək?” mövzuda efirə gedən müzakirələrdə 06 saniyədən başlamaqla Fərqanə Quliyeva çıxış edərək aşağıdakı ifadələri işlətmişdir: (https://www.youtube.com/watch?v=mWPfNXe_Ves&t=420s) “Televiziya vasitəsi ilə əməliyyat olunmuşam. Bizimləsən verilişinin vasitəsi ilə Sevinc Heydərova tərəfindən artıq əməliyyatımın 10-cu ayıdır, amma görüntülərdən yəqin ki, hamının xəbəri var. İzlər qalıb çox pis bir vəziyyətdə. Mən çalışdım ki, ikimizin arasında bu məsələ həll olunsun. Gördüm qarşı tərəf elə bil ki səhvi bu həkim etməyib. Mən məcbur qalıb aidiyyəti orqanlar baxır məsələmizə, 2 dəfə ekspertizadan keçmişəm. Bir dəfə ekspertizadan keçmişəm, məni qane eləmədi” (bu zaman Fərqanə Quliyevanın pis vəziyyətdə olan sifət nahiyəsini böyük şəkildə ekranda nümayiş etdirilirdi). Fərqanə Quliyeva bu video çıxışda kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında Sevinc Heydərovanın şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla ona yalan olduğu məlumatları yaymaqla böhtan atmışdır və bu əmələ görə CM-nin 147.1-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. 6) “APA TV” internet kanalında 6 dekabr 2024-cü il tarixdə efirə gedən “İmpuls” verilişdə “Plastik cərrahlar, yoxsa qəssablar?!, həkimləri necə ayırd edək?” mövzuda efirə gedən müzakirələrdə Fərqanə Quliyeva çıxış edərək aşağıdakı ifadələri işlətmişdir: (https://www.youtube.com/watch?v=mWPfNXe_Ves&t=420s) “2-ci dəfə ekspertiza elədilər. Mən ekspertizada oluram ekspert deyir ki, burada həkim səhvi yoxdur. Necə burada görüntüləri görürsünüz, burada necə həkim səhvi yoxdur və mən həmən gəlirəm 2-ci dəfə xahiş edirəm ki, Ədalət bəylə də, Cavid bəylə də görüşdüm. Ekspertizanı tələb edirəm,necə yəni həkim səhvi yoxdur?! Başqa digər həkimlərdə də oluram bəlkə də həkim səhvi yoxdur, ancaq ölkədə ən sözünüdemiş 2-3 həkim qəbulunda oluram deyirlər ki, necə səriştəsiz həkimdir ki, deyir burada həkim səhvi yoxdur. Prokurorluq orqanlarına müraciət edirəm 2 dəfə ekspertizada olmuşam ekspertizanın icra müddəti bitib mənə cavab verilmir. Mən tərəfdən sonuna kimi mübarizə davam olunacaq” (Fərqanənin xəsarətli sifəti yenə böyük ekranda nümayiş etdirilir). Aparıcı deyir: “Başqa qurbanları var həkimin? Fərqanə Quliyeva deyir: en qədər, minlərlə Sevinc Heydərovadan, minlərlə şikayətlər var. Sən bunu aradan qaldırmalısan. Vecinə almayaraq gəzmək bu nə qədər doğrudur. Özü etmək istəyir əməliyyatı, yayda danışmışam deyir: Gəl səhvimi aradan qaldırım.” İnsan nə qədər axmaq ola bilər ki, yenidən gəlib simasını sənə həvalə edə bilər ki, düzəlt. 2 dəfə ekspertizada olmuşam ekspertizanın icra müddəti keçib hamı bilir sən, Sevinc Heydərova başqalarına edə bilərsən, sən mənə edə bilməzsən, mən səninlə sonuna qədər mübarizə aparacam. Bu videodakı çıxışında X6 tərəfindən Sevinc Heydərova cinayətkar simada cəmiyyətə və insanlara təqdim edilmişdir və bildirmişdir ki, onun simasına minlərlə insanlara zərəri Sevinc Heydərova vurmuşdur.Qeyd edir ki, Fərqanə Quliyevanın şikayəti əsasında Nəsimi prokurorluğunda araşdırma gedir və müvafiq ekspertiza təyin olunub və həmin şikayət üzrə araşdırmanın hansısa nəticəsi yoxdur və qanuni qüvvəyə minmiş məhkəmə qərarı, hökmü olmadan kimisə cinayətkar simada tanıtmaq Konstitusiyanın 63-cü maddəsi ilə qorunan təqsirsizlik prizumpsiyasını pozmuşdur və eyni zamanda yalan olduğunu bilə bilə böhtan xarakterli ifadələr işlədərək Sevinc Heydərovanın şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla böhtan atmaqla CM-nin 147.1-ci maddəsinə əsasən cinayət əməli törətmişdir və eyni zamanda bu video çıxışda kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında Sevinc Heydərovanın şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır bu əmələ görə CMnin 147.1-ci maddəsinə əsasən cinayət əməli törətmişdir. Göstərilənləri nəzərə alaraq X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə və mənəvi zərərin haqqı kimi X2 15000 manat pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X1 vəkili “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi bildirmişdir ki, X6 ilə barışmaq üçün məhkəmə prosesini təxirə salınmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X6 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən X3 müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X9 bildirmişdir ki, X6 və X4 arasında barışıq əldə olunacaqdır. Buna görə də həm tərəflər arasında barışıq əldə olunacağından, xüsusi ittihamçı şikayətindən imtina edəcəyinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və onun vəkili “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmə iclası barədə məlumatlandırılsa da, məhkəmə iclasına üzrlü səbəb göstərməyərək gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Həmin xüsusi ittiham qaydasında şikayət üzrə Yasamal Rayon Məhkəməsinin 1(004)-170/2025 saylı, 02 aprel 2025-ci il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmişdir. X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o X6 ilə barışmışdır və xüsusi ittiham qaydasında şikayətdən imtina edir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə), həmçinin CPM-nin 39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 311.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına yalnız aşağıdakı müstəsna hallarda yol verilir: 311.2.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda; 311.2.2. cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmamaq şərtilə böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihama məhkəmədə onun iştirakı olmadan baxılması barədə vəsatət qaldırdıqda. 311.3-cü maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə onun müdafiəçisinin məhkəmə iclasında iştirakı məcburidir. Beləliklə, xüsusi ittihamçı şikayətindən imtina etdiyindən, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxslə barışdığından, işin icraatına xitam verilməsini xahiş etdiyindən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılı olduğundan, bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməli olduğundan, cinayət təqibi xüsusi ittihamçının cinayət təqibindən imtina edənədək həyata keçirilməli olduğundan cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – X3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X9 oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X9 oğluna məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilsin. X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X9 oğluna məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar