Məhkəmə qərarları › İş №1(004)-171/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-171/2020

25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-171/2020 25.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruBəhrəmova Fəridə Tofiq qızı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Haşimova (Muxtarova) Sona Həsrət qızı Təqsirləndirilən şəxs: xx.xx.1997-ci il, Gəncə şəhərində anadan olmuş, orta-ixtisas təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 mənzil 34 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsiilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialınaBakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 21:30 radələrində tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə birgə yaşadığı Zərərçəkmiş şəxs məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi küçəsi, 18 saylı binanın 64 nömrəli mənzildəki yataq otağında olan paltar dolabının siyirtməsindən 35 ədəd 20 manatlıq əskinaslardan ibarət 700 manat pulu gizli olaraq talayıb zərrçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 2 ay olar ki, müxtəlif ünvanlarda kirayə ev tutaraq yaşayır. Təxminən bir ay əvvəl «İnstaqram» sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Təxminən 3 gün əvvəl sonuncu kirayə yaşadığı evdən çıxdıqda Sonaya bu barədə məlumat vermişdir. Sona isə özünün tək yaşadığından darıxdığını söyləyərək onu müvəqqəti olaraq özünə yeni mənzil tapana qədər öz yanında yaşamasını təklif etmişdir. Buna görə də xx.xx.2020-ci il tarixdə Sonanın yaşadığı Yasamal rayonu, Xarici Dairəvi küçəsi, ev 18, mənzil 64 ünvanına köçmüş və Sona ilə birgə yaşamağa başlamışdır. xx.xx.2020-ci il tarixdə gecə saat 21:30 radələrində Sona çimmək üçün hamam otağına getdikdə və paltar dolabından dəyişmək üçün paltar götürdükdə o, dolabın siyirtməsində Sonanın pullar saxladığını görmüşdür. Sona hamam otağına girdikdən sonra o, paltar dolabındakı siyirtməni axtardıqda paltarların altında 35 ədəd 20 manatlıq əskinaslardan ibarət olan cəmi 700 manat pulun olmasını görmüşdür. O, təcili olaraq 500 manat borc ödəməli olduğundan həmin pulları oğurlamaq qərarına gəlmişdir. Buna görə də tələsik olaraq pulları götürüb, kənara atdığı paltarları yerinə qoymayaraq giriş qapısını açıq qoyaraq evi tərk etmişdir. Ertəsi gün, yəni xx.xx.2020-ci il tarixdə polis əməkdaşları onu taparaq 28-ci PB-nə gətirmişlər və o, etdiyi əməli etiraf edərək xərcləmədiyi 450 manat pulu, yəni 22 ədəd 20 manatlıq və iki ədəd 5 manatlıq əskinasları polis əməkdaşlarına təhvil vermişdir. Bu barədə onun iştirakı ilə protokol tərtib edilmiş və pullar polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs həmçinin əvvəllər heç zaman bu kimi əməllər törətməməsini və etdiyi əməldən peşman olmasını qeyd etmişdir. Əməlindən səmimi peşman olmasını, vurulmuş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin artıq ondan şikayət və tələbinin olmamasını və onunla barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən X1göstərdi ki,əvvəllər fimiliyası Muxtarova olmuşdur, lakin hazırda dəyişilərək Haşimova familiyasını daşıyır. İş üzrə göstərmişdir ki, təxminən bir neçə ay əvvəl «İnstaqram» sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. xx.xx.2020-ci il tarixdə Nəzrin onunla yazışmasında sonuncu kirayə qaldığı evdən çıxdığını, buna görə özünə ev axtardığını bildirdikdə o, özünə məxsus evdə tək yaşadığından Nəzrinə özünə ev tapana qədər müvəqqəti olaraq onunla birgə yaşamasını təklif etmişdir. Buna görə də həmin gün, yəni xx.xx.2020-ci il tarixdə Nəzrin onun yaşadığı Yasamal rayonu, Xarici Dairəvi küçəsi, ev 18, mənzil 64 ünvanına köçmüşdür. Nəzrin onun mənzilinə köçdükdən sonra onlar hər ikisi eyni yataq otağında yataraq eyni paltar dolabından istifadə etmişlər. xx.xx.2020-ci il tarixdə gecə saat 21:30 radələrində o, çimmək üçün hamam otağına getmiş və bir saatdan sonra, yəni saat 22:45 radələrində hamamdan çıxdıqda paltar dolabındakı paltarlannın döşəmənin üstünə atılmış vəziyyətdə olmasını, dolabın içində saxladığı 35 ədəd 20 manatlıq əskinaslardan ibarət cəmi 700 manat pulunun Nəzrin tərəfindən oğurlandığını və Nəzrinin giriş qapısını açıq vəziyyətdə qoyaraq evdən getməsini aşkar etmişdir. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə məlumat verib, Nəzrinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün ərizə ilə 28-ci PB-nə müraciət etmişdir.Təqsirləndirilən şəxsin ona vurduğu ziyan artıq ödənilmişdir, şikayət və tələbi yoxdur, onunla barışmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə,zərər çəkmişin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə islah işləri növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyə cinayət törətməsini, qadın olmasını, vurulmuş ziyanın ödəilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasınıcəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2020-ci il tarixdə tutularaq, hazırkı vaxtadək həbsdədir. Bununla da o, 17 gün həbsdə qalmışdır. İş üzrəmaddi sübut kimi tanınmış, 450 manat pulların qanuni sahibi olan zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1cimaddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il (bir il) müddətinə islah işləri cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxshəbsdə saxlanıldığı 17 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraqqazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09 ay 22 gün (doqquz ay iyirmi iki gün)müddətinə islah işləri cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. İş üzrə maddi sübut olan 450 manatın zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar