Məhkəmə qərarları › İş №1(004)-172/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-172/2025

14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-172/2025 14.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:55 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü ildə Səudiyyə Ərəbistanında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmış şəxsin sağlamlığına az ağır zərər vurmaqla xəsarətlər alması ilə nəticələnən yol nəqliyyat hadisəsinə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni sürücülük hüququ olmadan idarə etdiyi “Mondial 125 MH” markalı, 99 F 816 dövlət qeydiyyat nömrə nişanlı motosikletlə 01 aprel 2024-cü il tarixdə saat 19:15 radələrində Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi ilə üzü “Musabəyov” abidəsi istiqamətində yolun hərəkət hissələrini bir- birindən ayıran qoşa xəttin üzəri ilə saatda 40/60 km sürətlə hərəkət edərkən, bu zaman həmin istiqamətdə hərəkət edən və yolun qanunla icazə verilən yəni yolun 1.11-ci nişanlanma xətti ilə əks istiqamətə dönmə əməliyyatı edən, “Mercedes-Benz C180” markalı **-XL-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısına çırpılaraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni 1.1-1.3 xətlərini kəsib keçmək qadağandır kimi tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq qanunun bu tələblərinə riayət etməyib yol hərəkətqaydalarını pozaraq ehtiyatsızlıqdan, idarə etdiyi “Mondial 125 MH” markalı, 99 F 816 dövlət qeydiyyat nömrə nişanlı motosikletlə, Zərərçəkmiş şəxs idarə etdiyi, “Mercedes- Benz C180” markalı **-XL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş və ehtiyatsızlıqdan sonuncuya sol mil sümüyünün yuxarı ucunun sınığı, sol saidin və sağ baldırının əzilmiş yaraları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2023-cü ilin dekabr ayında İsmixan adlı şəxsdən «Mondial» markalı 125 MH modelli 99 F 816 dövlət qeydiyyat nişanlı motosikleti almış, bir müddət təmirdə olandan sonra təxminən mart ayının əvvəllərində təmir başa çatdıqdan sonra həmin motosikleti götürüb kuryer işləməklə istifadə edirmiş, Sürücülük vəsiqəsi olmadığına görə motosikletin nömrə nişanını açıb evə qoymuş, nömrə nişansız idarə edirmiş. 01 aprel 2024-cü il tarixdə saat 19:30 radələrində həmin motosikleti idarə etməklə Yasamal rayonu Ə.Haqverdiyev küçəsi ilə Musabəyov adbidəsi istiqamətinə hərəkətin əksinə olaraq hərəkət istiqamətlərini ayıran qoşa xəttin üzəri ilə təxminən 40/60 km sürətlə idarə edib, Bu zaman həmin istiqamətdə sağ zolaqdan sola əks istiqmətə dönmək istəyən «Mercedes Benz» markalı avtomobiliin qoşa xəttin üzərində yola perpendikulyar vəziyyətdə dayanmış olduğunu görmüş və çatdırıb dayana bilmədiyindən motosikletin qarşı hissəsi həmin avtomobilin qabaq sol qapı hissəsinə çırpılmışdır. Nəticədə həm özü, həm də avtomobilin sürücüsü xəsarət almış və hadisə yerinə gələn təcili yardım hər ikisini KTM-ə aparmışdır. Məlum olmuşdur ki, özünün sağ bazu sümüyü sınmışdır. Motosikletin nömrə nişanını təqdim edəcəyini bildirmişdir. Hadisədən əvvəl idarə etdiyi motosiklet texniki cəhətdən saz vəziyyətdə olmuş və sərnişini olmamışdır. Hadisədən əvvəl heç bir spirtli içki və narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Qeyd etmişdir ki, həmin motosiklet faktiki olaraq ona məxsusdur, lakin hazırda da ilkin sahibinin adınadır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi cinayət əməlindən peşman olmasını, səmimi olaraq etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, eləcə zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, o «BC» dərəcəli sürücülük vəsiqəsi ilə “Mercedes Benz C180” markalı ** XL *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir, Həmin avtomobil dayısı X1. Lakin həmin avtomobili o dayısından aldığını və həmin avtomobili özünün idarə etdiyini bildirmişdir. 01 aprel 2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz C180» **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə saat 19:15 radələrində Yasamal rayonu Ə.Haqverdiyev küçəsi ilə üzü Musabəyov abidəsi istiqamətinə sol hərəkət cərgəsi ilə hərəkət edirmiş, həmin vaxt avtomobildə tək olmuş və avtomobili texniki cəhətdən tam saz vəziyyətdə imiş. Əks hərəkət zolağı ilə yolu ayıran qoşa xəttin onun tərəfdən qırıq-qırıq hissəsindən, yəni sola-geriyə manevr etməyə icazə verilən hissəsindən əks zolağa keçib əks istqamətdə hərəkət zolağına daxil olmaq üçün avtomobili dayandırmışdır ki, qarşıdan gələn avtomobilləri buraxıb sonra hərəkətini davam etdirsin. Avtomobilin qarşı az hissəsi əks hərəkt zolağına çıxmış vəziyyətdə. İfadəsinin sonunda zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tamamilə ödənilmişdir, onunla barışmışdır və hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, onun « ABC» dərəcəli sürücülük vəsiqəsi vardır. «Mondial» markalı 125 MİH modelli 99 F 816 dövlət qeydiyyat nişanlı motosikletin qeydiyyat şəhadətnaməsi onun adınadır. Belə ki, həmin motosiklet ona məxsus olmuşdur, lakin bir neçə il əvvəl o, həmin motosikleti baş etibarnamə ilə adını xatırlamadığı şəxsə satmışdır. Həmin şəxs də başqa şəxsə satmış və o, sonuncu dəfə İsmayıl adlı şəxsə baş etibarnamə vermişdir. Sonradan isə İsmayıl da bu ilin mart ayında həmin motosikleti Xalid adlı şəxsə satmışdır və ondan xahiş etmişdir ki Təqsirləndirilən şəxs adına baş etibarnamə versin. Lakin o, razılaşmamış və bildirmişdir ki, motosikleti onun adından birdəfəlik çıxarsınlar. Lakin onlar bunu etmədiklərinə görə verdiyi sonuncu etibarnaməni ləğv elətdirmiş və BDYPİ-nə ərizə ilə müraciət etmişdir ki, motosikleti axtarışa versinlər. Sonra isə ona məlum olmuşdur ki, Xalid 01 aprel 2024-cü il tarixdə həmin motosikletlə yol qəzası törətmişdir. O, cərimə medançasına gedərək motosikletin fotoşəkillərini çəkmişdir. Motosiklntin əzilməsi ilə bağlı heç kimə qarşı mülki iddiası yoxdur. Cinayət işinin ibtidai istintaqı zamanı dindirilmiş X6 məhkəmə iclasında elan edilmiş ifadəsindən müəyyən edilmişdir ki, 2022-ci ilin sonlarında o, Xanlar adlı şəxsdən “Mondial” markalı 125 MH modelli 99 F 816 dövlət qeydiyyat nişanlı motosikleti 1800 manata almışdır. Onun sürücülük vəsiqəsi olmadığından heç bir sənədləşmə işləri olmamışdır. O, həmin motosikleti yaxın məsafələrdə sürmək üçün idarə edirmiş. Bir müddət sonra o, motosikleti satmaq qərarına gəlmişdir. Həmin motosikleti o, 1500 manata Xalid adlı şəxsə satmışdır. Onunda sürücülük vəsiqəsi olmadığına görə heç bir sənədləşmə baş verməmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Xalid həmin motosikletlə hadisə törətmişdir. Bildirirəm ki, o, motosikleti pul alıb satmışdır. Buna görədə motosikleti əzilməsi ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Baxış aparılması haqqında” 1 aprel 2024-cü il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, Bakı şəhəri Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində baş vermiş, həmin yerdə yolun iki hərəkət istiqaməti, altı hərəkət zolağının olması müəyyən edilmişdir. (İ/V. 8-13). “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında” 1 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz C 180” markalı **-XL-*** dövlət qedyiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Qeyd olunan avtomobilə keçirilmiş baxış zamanı avtomobilin sol ön qapısında zədələr aşkar edilmişdir. 01 ədəd “Mercedes Benz C 180” markalı ** XL *** dövlət qedyiyyat nişanlı avtomobil sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılması nəzərə alınmışdır. (İ/V. 14-15). “Baxış keçirilməsi haqqında” 5 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mondial” markalı 125 MH modelli 99 F 816 dövlət qeydiyyat nişanlı motosikletə baxış keçriilmiş və baxış zamanı müəyyən edilmişdir ki, motosiklet qırmızı rənglidir və toqquşma nəticəsində ön hissəsi əzilərək yararsız hala düşmüşdür. 01 ədəd “Mondial” markalı 125 MH modelli 99 F 816 dövlət qeydiyyat nişanlı motosiklet sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılması nəzərə alınmışdır. (İ/V. 80-81). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 411 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol mil sümüyünün yuxarı ucunun sınığı, sol saidin və sağ baldırın əzilmiş yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. (İ/V. 37-39). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 120 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına KTM-də tərtib edilmiş tibbi sənəddə qeyd olunan xəsarət- “sağ bazu sümüyünün proksimal 1/3-nin qəlpəli, yerdəyişmiş, qapalı sınığı” küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. (İ/V. 34-36). 4 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, “Mercedes Benz 180 minik” markalı ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 ərizə ilə müraciət edərək avtomobilə dəymiş maddi ziyanla əlaqədar heç bir şikayət və tələbin olmadığını və cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmaq istəmədyini bildirmişdir. (İ/V. 76). Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən alınmış məktubdan görünür ki, xx.xx.2003-cÜ il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə (xx.xx.2033-cü il tarixədək etibarlı olan) BD 218429 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb. (İ/V. 56). Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən alınmış məktubdan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməyib. (İ/V. 57). Cinayət işi üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 31 iyul 2024-cü il tarixli 8/1590 saylı rəyindən görünür ki, 1) İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Benz C180 markalı ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. 2) İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Mondial 125 MH markalı 99 F 816 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü madddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (İ/V. 63- 66). BA278584 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mondial” markalı 125 MH mdelli 99 F 816 dövlət qeydiyyat nişanlı motosikletin mühərrikinin iş həcmi 125 kubdur. (İ/V. 47). “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin” 1 aprel 2024-cü il tarixli 2/17239 nömrəli protokolundan görünür ki, Zərərçəkmiş şəxs hadisədən əvvəl spirtli içki qəbul etməsi, alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilməmişdir. (İ/V 24). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V 82). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ/V 100-101). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V 116-117). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz 180» minik markalı, **-XL-*** dövlət nömrə nişanlı avtomobilin Nihad Kərimova, «Mondial» minik markalı, 99-F-816 dövlət nömrə motosikiletin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır. (İ/V 121-126). Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş zərər tamamilə ödənilmişdir və heç bir şikayət tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan ifadəsi, şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—ki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli 8/1590 saylı ekspertiza rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mondial 125 MH markalı 99 F 816 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tləbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10, 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış - 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, cinayət işi üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz 180» minik markalı, **-XL-*** dövlət nömrə nişanlı avtomobilin Nihad Kərimova, «Mondial» minik markalı, 99-F-816 dövlət nömrə motosikiletin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış «Mercedes Benz 180» minik markalı, **- XL-*** dövlət nömrə nişanlı avtomobilin Nihad Kərimova, «Mondial» minik markalı, 99-F- 816 dövlət nömrə motosikiletin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar