Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-174/2023 04.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri “Mərkəz” vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1962-ci ildə Qazax rayonu Qırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Qazax rayonu, Qırılı kəndində qeydiyyatında olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Gülçülük Savxozu, Sosial Binalar ev 2, mənzil 9-da yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Şahid vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxsı Azərbaycan Respublikası Dövlət Neft Şirkətində mühafizəçi kimi işə düzəldəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq 12 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən «Salutem Dermatoloji» klinikasının binasının yan tərəfində 1.500 (min beş yüz) manat və Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanından Kapital Bannk ASC-nin mobil tətbiqindən istifadə edərək onun göndərdiyi hesaba 14 sentyabr 2021-ci il tarixdə köçürdüyü 100 (yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 1.600 (min altı yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin avqust ayında həmkəndlisi Sübhan ona zəng edərək Afin adlı əvvəllər hərbidə birlikdə xidmət etmiş tanışı olduğunu və işə düzəlmək istədiyini eləcə də ona işə düzəlməsinə köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. Sübhana “görüşüb danışarıq” demişdir. Təxminən bir-iki gün sonra Afinlə “20 yanvar” adlanan ərazidə görüşmüşdür. Afin ona əvvəllər Müdafiə Nazirliyində mayor rütbəsində xidmət etdiyini, hazırda isə təqüddə olduğunu və işlə təmin olunmaq istəməsini demişdir. X5 Şirkətində tanıdığı vəzifəli şəxslərin olduğunu və onu həmin şirkətə mühafizəçi kimi işə düzəltmək mümkün olduğunu demişdir. Təxminən bir-iki gün sonra Afinlə yenidən görüşmüş və ona “Dövlət Neft Şirkətində mühafizəçi kimi işə qəbul olunması üçün 2.500 manat pul lazım olduğunu, 1.500 manat pulun əvvəldən veriləcəyini, işə düzəldikdən sonra isə 1.000 manat veriləcəyini” demişdir. Afin onunla razılaşmış və ona lazım olanda xəbər etməsini bildirmişdir. Təxminən 2021-ci ilin avqust ayının ortalarında Afinə zəng edərək 1.500 manat pulun verilməli olduğunu demişdir. Bundan sonra Afinlə Yasamal rayonu ərazisində Asan Xidmətin yaxınlığında görüşüb ondan 1.500 manat pulu almışdır. Afinə təxminən 2-3 ay ərzində işinin düzələcəyini demişdir. Bundan sonra özünün pula ehtiyacı yaranmış və Afindən aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra o Afindən əlavə 100 manat məbləğdə pul almış və həmin puluda şəxsi ehtiyacları üçün xərcləmişdir. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təxminən 2021-ci ilin avqust ayının əvvəllərində tanışı Sübhan ona zəng edərək ondan hal-əhval tutmuşdur. Söhbət əsnasında Sübhan ondan işləyibişləmədiyini soruşmuşdur. Sübhana hazırda işsiz olduğunu, lakin iş olsa işləmək istədiyini demişdir. Bundan sonra Sübhan ona Baris adlı tanışının olduğunu həmin şəxsin onu işə düzəlməkdə köməklik edə biləcəyini bildirmişdir. 10 avqust 2021-ci il tarixdə Sübhandan Barisinən “20 yanvar” adlanan ərazidə görüşüb çay içmişlər. Baris ona hansısa turizim şirkətində işlədiyini, müxtəlif vəzifəli şəxslərlə yaxın münasibətinin olduğunu demişdir. Baris onu Dövlət Neft Şirkətində aylıq maaşı 750-800 manat olan mühafizəyə işə düzəldə biləcəyini demişdir. Baris bunun müqablində ondan 3,500 manat pul istəmiş və işin 3 aya düzələcəyini bildirmişdir. X4 Şirkətində mühafizə işi üçün 3,500 manat pulun çox olduğunu bildirmişdir. Bundan sonra Baris kiminləsə mobil telefonla danışdıqdan sonra 2,500 manata düzələ biləcəyini demişdir. 12 avqust 2022-ci il tarixdə Baris ona zəng edərək pulu vermək lazım olduğunu bildirmişdir. O Barisə hazırda 1,500 manat pulu olduğunu bildirmişdir. Baris ona “indi 1,500 manat pulu ver iş düzəldikdən sonra qalanın verərsən" demişdir. Həmin günü Asan Xidmətin arxasında “Salutem Dermatoloji” klinikasının binasının yan tərəfində Barislə görüşüb sonuncuya 1,500 manat pul vermişdir. Təxminən 2021-ci ilin sentyabr ayının ortalarında Baris yenidən ona zəng edərək işi ilə bağlı təcili 800 manat pul lazım olduğunu bildirmişdir. 14 sentyabr 2021-ci il tarixdə yaşadığı məhəllədə olan zaman Birbank mobil tətbiqi vasitəsilə Barisin ona verdiyi kartına 101 manat pul göndərmişdir. Bundan sonra Barisə onun vəd verdiyi tarixə kimi zəng eləməmişdir. Onun işə düzəlməsi ilə bağlı verdiyi vəd başa çatdıqda ona zəng edərək işinin nə yerdə olmasını soruşmuşdur. Baris ona “narahat olma iki gün gözlə düzələcək” demişdir. Bundan sonra Baris müxtəlif bəhanlər gətirmiş, gah telefon nömrələrinə cavab verməmiş, gah da ki, telefonu söndürüb onunla görüşməmişdir. Barisin onu aldatmasını görüb ondan pulunu tələb etməyə başlamışdır. Lakin Barisin ondan aldığı pulu geri qaytarmayacağını başa düşüb Baris barəsində 29-cu polis şöbəsinə şikayət etmişdir. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 43-45-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2016-cı ilin oktyabr ayında ordudan tərxis olunduqdan sonra müxtəlif yerlərdə işləmişdir. 2018-ci ilin noyabr ayından isə "xxxx" MMC-də işləyir. "xxxx" MMC-də işləyən zaman tutduğu vəzifəsini dəyişməkdə həmyerlisi Baris ona köməklik etmişdir. Həmçinin ordudan tərxis olunduqdan sonra Bərdə rayonunda N saylı hərbi hissədə onunla bir yerdə xidmət etmiş mayor Zərərçəkmiş şəxs ilə də tez-tez görüşmüşdür. 2021-cı ilin avqust ayında Afinlə görüşdüyü zaman sonuncu ona “işə düzəlmək istədiyini, işə düzəldə bilən adam olarsa ona köməklik etməsini” bildirmişdir. Afinə “Baris adlı həmyerlisi olduğunu, özü görüşüb onunla söhbət etməsini, bəlkə işinə yaramasını” demişdir. Daha sonra Afin ondan Barisin nömrəsini götürüb görüşərək danışmışlar. Onların ikisinin arasında olan danışıqlar barədə məlumatı olmamışdır. Təxminən 2021-ci ilin dekabr ayında Afin ona Barisin ondan işə düzəlməsi üçün 1,600 manat pul aldığını lakin onu aldadadarq işə düzəltmədiyini, eləcə də onadan almış pulu geri qaytarmadığını demişdir. Bundan sonra Barislə mobil telefonla əlaqə saxlayaraq Afini aldatmasının səbəbini soruşmuşdur. Baris isə ona müxtəlif bəhanələr gətirmişdir. Daha sonra isə ondan Afinin pulunu qaytarmasını istəmişdir. Baris hər dəfə pulu qaytaracağını bildirsədə, gah onun telefonuna sonradan zəng çatmamış, gah da ki, telefon zənglərinə cavab verməmişdir. Baris Afinin pulunu qaytarmadığı üçün sonuncu Baris barəsində polisə şikayət etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və onların əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 18 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinin N.Hikmət küçəsi 66 ünvanında yerləşən «Salutem Dermatoloji» klinikasının binasının yan tərəfi olduğu müəyyən edilmiş, baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilərək götürülməmişdir. (i.v. 07-10) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)-993/2016 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelliyasiya Məhkəməsinin xx.xx.2017-ci iltarixli qərarı ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək cəzası 02 il, 05 aya endirilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə törətdiyi əməl Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Bakı Apelliyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilib cəzası 01 il, 02 aya endirilmiş və xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 22-23, 60-67) “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 01 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 105- 106) İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanının tamamilə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73-1ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CMin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-174/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-174/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver