Məhkəmə qərarları › İş №1(004)-174/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-174/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-174/2025 07.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1990-cı ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 13-də qeydiyyatda olub Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 20, mənzil 19-da yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü işləyən, Göyçay rayonu, Şahsoltanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsi, döngə 14 nömrəsiz ünvanda yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 04 (dörd) ay 02 (iki) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 20 aprel 2024-cü il tarixdə saat təxminən 18:30 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia Rio” markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanında yerləşən vət. Zərərçəkmiş şəxs məxsus mənzilin qarşısında qurşadırılmış plastik konstruksiyalı dolabdan əmlakı ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 oğurluq cinayətinin törədilməsinə yönəlmiş, qrup üzvlərinin aralarında rol bölgüsünə dair razılaşdırılaraq planlaşdırılmış, öhdəsinə düşən hərəkətlərinə əsasən həmin binanın 3-cü mərtəbəsində dəhlizdə dayanıb, orada olan cinayət qrupun digər üzvünü siğortalayaraq ətrafı müşahidədə saxlamış, cinayət əlaqəsinə girib əİbir olmuş qrupun digər üzvü, aralarında rol bölgüsünə dair razılaşdırılaraq planlaşdırılmış, öhdəsinə düşən hərəkətlərinə əsasən həmin ünvanın 3-cü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus plastik konstruksiyalı saxlanc yeri hesab edilən dolabın kilidini açaraq qanunsuz daxil olub həmin dolabdan 500 ABŞ dolları dəyərində Azərbaycan manatına olan məzənnə ilə 850 manat təşkil edən 1 ədəd göy rəngli, “Samsoniti” markalı təkərli və tutacaqlı çamadanı (səyahət çantası) və 1 ədəd 300 ABŞ dolları dəyərində Azərbaycan manatına olan məzzənnə ilə 510 manat təşkil edən göy rəngli, 55x45x25 sm ölçülü, “Samsoniti” markalı təkərli və tutacaqlı çamadanı (səyahət çantası) gizli talayaraq Zərərçəkmiş şəxs ümumilkdə 800 ABŞ dolları dəyərində Azərbaycan manatına olan məzzənnə ilə 1360 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 aprel 2024-cü il tarixdə saat 15:00 radələrdə tanıdığı Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsində kirayə yaşadığı evə getmiş və Təqsirləndirilən şəxs2 demişdir ki, idarə etdiyin avtomobillə onu yaşadığı ünvana aparsın. O, da avtomobildə yanacağın az olduğunu və Nizami rayonunda yaşadığı ünvana aparıb çatdıra bilməyəcəyini demişdir. Ona Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsinə avtomobillə aparmasını orada qohumu yaşadığını və qohumundan pul alıb yanacaq pulu verəcəyini demişdir. Emil idarə etdiyi “Kia Rio” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə minib sürmüş və ünvan 6 ünvanının qarşısında avtomobili saxlatdırmışdır. Sonra o, avtomobildən düşmüş və Emilə demişdir ki, avtomobildə gözləsin. Emil isə demişdir ki, o gəlir ki, yanacaq pulu 10 manat versin. Avtomobildə onlarla birlikdə gələn X7 avtomobilin arxa oturacaqında əyləşmiş və avtomobildən düşməmişdir. O, binaya pilləkənlə qalxarkən Emil onun dalınca gəlmiş və ona demişdir ki, birinci mərtəbədə gözləsin, gəlir. lakin Emil əhəmiyyət verməyib dalınca gəlmiş və o binanın 3-cü mərtəbəsində Emilə demiıdir ki, gözləsin və o, pilləkənlə binanın zirzəmisinə düşüb arxa qapıdan çıxıb getmişdir. Emil isə binanın 3-cü mərtəbəsində qalmışdır. Sonra təxminən 2-3 saatdan sonra Emil onun mobil telefonuna zəng edib niyə ona yanacaq pulu vermədiyi və orada gözlətdirdiyini dedikdə ona qohumunun evdə olmadığından pul götürə bilmədiyini və buna görə ona deməyə utandığından mobil telefonu söndürüb çıxıb getdiyini demişdir. 2-3 gün Emilin mobil telefonuna zəng etsə də, mobil telefona zəng çatmamışdır. 01 may 2024-cü il tarixdə təxminən saat 16:00 radələrdə Emilin Binəqədi rayonu, Gülüstan qəsəbəsində kirayə yaşadığı evə getmiş, lakin Emil evdə olmamış və qaynı Fərid ilə evdə oturub söhbət etmişlər. Sonra evdən çıxıb gedəndə Fəridə demişdir ki, ona evə getməyə 5 manat pulu çatmır, ona hər hansı bir əşya versin ki, onu 5 manat əvəzinə taksidə saxlasın və səhər gətirib qaytarar. Fərid ona bir ədəd çamadan gətirib vermiş, o da taksi sifarişi vermişdir. Taksi gəldikdə çamadanı taksinin yük yerinə qoymuş və avtomobili ünvan 7 ünvanının qarşısında saxlatdirmışdır. Avtomobildən düşüb 5 manat taksiyə gediş haqqı vermiş, 5 manat pulu çatmadığı üçün çamadanı taksiyə girov qoymuşdur ki, 5 manat pulu 1-2 günə düzəldib qaytararkən, çamadanı götürəcəyimi demişdir. Taksi sürücüsü onunla razılaşmış və o düşüb evə getmişdir. O, dolabdan 2 ədəd çamadanları oğurlaması, həmin çamadanların dolabdan oğurlamasından məlumatı yoxdur. 01 mayda evə getdiyi həmin taksini “Bolt” sifarişi əsasında çağırmış, avtomobilin markası və dövlət qeydiyyat nişanını və həmin taksi sürücüsünün mobil telefonunu bilmir. Fəridin ona verdiyi həmin çamadanın oğurluq olduğunu bilməmişdir. ünvan 6 ünvanında yerləşən dolabdan 2 ədəd çamadanın oğurlanmasından məlumatı yoxdur. ünvan 6 ünvanda qohumu yaşamır və təsadüfən həmin ünvana avtomobili sürdürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, idarə etdiyi «Kia Rio» markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Nicat Qoçaliyevi bir ilə yaxındır ki, tanıyır, aralarında dostluq münasibəti olmuşdur. 20 aprel 2024-cü il tarixdə təxminən 15:00 radələrdə tanıdığı Təqsirləndirilən şəxs1 Binəqədi rayonunda kirayə yaşadığı ünvana gəlmiş və evin qarşısında onunla söhbət edərkən Yasamal rayonu ərazisində qohumu qaldığını və həmin evə aparmasını xahiş etmişdir. O, da idarə etdiyi «Kia Rio» markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə minmiş Nicat və tanıdığı Emil adlı şəxs də avtomobilə minmişlər. İdarə etdiyi avtomobili Nicat ünvan 6 ünvanının qarşısında saxlatdırmışlar. Emil avtomobildə qalmiş, o və Nicat isə avtomobildən düşmüşlər. Nicatla birlikdə binanın 3-cü mərtəbəsinə pilləkənlə qalxdıqca Nicat binanın blokunda olan dolabın qapısını açıb 1 ədəd təkərli səyahət çamadanını götürüb ona vermişdir ki, aparıb avtomobilinə qoyub gəlsin. O, da həmin 1 ədəd çamadanı ondan alıb aparıb avtomobilin yük yerinə qoyanda görmüşdür ki, çamadanlar iç-içədir və 2 ədəd çamadandır. Sonra binanın qarşısında avtomobildə Nicatı bir saata yaxın gözləmiş, lakin gəlmədiyi üçün avtomobili Binəqədi rayonu avtovağzalına sürüb avtovağzalda saxlamışdır. Evinə qonaq gəlmiş Emil adlı şəxsi taksiyə mindirib Yevlax rayonuna yola salmışdır. Sonra avtomobilə minib Binəqədi rayonunda kirayə yaşadığı ünvana sürmüşdür. Həmin tarixdə təxminən saat 22:00 radələrdə Nicat mobil telefonla ona zəng edib çamadanları gətirməsini dedikdə, o avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. 06 may 2024-cü il tarixdə Nicat kirayə yaşadığı ünvana gəlmiş və o evdə olmadığı vaxtı qaynı Şahid2 Nuşravan oğlundan 1 ədəd həmin çamadan götürüb taksiyə qoyub aparmışdır. Digər o, biri çamadan isə götürməmiş kirayə yaşadığı evdə qalmışdır. Nicat ona həmin 2 ədəd çamadanların qohumuna məxsus olduğunu demişdir. Sonra həmin çamadanları binanın blokunda dolabdan götürüb vermişdir ki, avtomobilimə qoyarsan, o da həmin çamadanları avtomobilinə qoymuşdur. Emil Rəcəbov isə həmin vaxtı avtomobildə oturub və avtomobildən düşməmişdir. Həmin çamadanları Nicat götürüb ona verib və çamadanların oğurluq olduğunu bilməmişdir. X3 rayonunda anadan olub və hal-hazırda harada yaşadığını bilmir. Həmin 2 ədəd çamadanlardan biri onun kirayə yaşadığı evdə, digəri isə X2 yaşadığı ünvandan takisiyə qoyub aparmışdır. İdarə etdiyi “Kia Rio” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil qohumu X4 məxsusdur və həmin avtomobili müvəqqəti sürmək üçün ona verib. Həmin avtomobili 2 aydır ki, etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları zərərçəkmiş şəxsin, həmçinin şahidlərin ifadələri, ekspert rəyi, CD diskdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 121-in 3-cü mərtəbədə yerləşən 14-cü mənzilində ailəsi ilə birlikdə yaşayır. Mərtəbənin dəhlizində olan plastik dolabda evin bəzi tez-tez istifadə olunmayan əşyalarını saxlayır. 01 may 2024-cü il tarixdə həmin dolaba baxarkən 2 ədəd «Samsoniti» markalı səyahət çantalarının yerində olmadığını aşkar etmiıdir. Dərhal evin çöl tərəfində quraşdırılmış müşahidə kamerasına baxış keçirmiş və görmüşdür ki, 2 nəfər tanımadığı şəxs xx.xx.2024-cü il tarixdə saat 18:20-18:30 radələrində binaya daxil olurlar, həmin 2 nəfər şəxsdən biri qeyd etdiyi dolabdan 2 ədəd «Samsoniti» markalı səyahət çantalarını götürüb getdiklərini müşahidə olunur. Qeyd etdiyi 2 ədəd «Samsoniti» markalı səyahət çantalarını, yəni biri nisbətən iri həcmli olmaqla təxminən 1 il yarım bundan əvvəl Türkiyədən iri çantanı 500 ABŞ dollarına (850 manata), digərini isə 300 ABŞ dollarına, (510 manata) almışdır, ümumilikdə ona 1360 manat maddi ziyan dəymişdir. Ona məxsus qeyd etdiyi səyahət çantalarını görsə tanıya bilər. Müşahidə kamerasında gördüyü şəxsləri isə tanımır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməsini, hazırda sonunculara qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun yeznəsidir. O, əvvəllər Binəqədi rayonu, Mədən küçəsində yaşayırmış. Yeznəsi Emil evdə olmuyanda bacısı uşaqlarla tək qalmasın deyə o, onlarda qalırmış. 01 may 2024-cü il tarixdə Emil evdə olmadığından o, bacısıgilə getmişdir. O, evdə olan zaman görmüşdür ki, dolabın üzərində iki ədəd səyahət çantası var imiş. Bu zaman o, bacısından soruşmuşdur ki, bu çantalar hardan əldə olunub. Bacısı isə ona bildirmişdir ki, həmin çantaları Emil gətirib və bildirib ki, guya zibillikdən tapmışdır. Bir qədər evdə olan zaman qapının döyüldyünü eşitmişdir. O, qapını açdıqda Nicatın gəldiyini görmüşdür. Ondan nə məsələ olduğunu soruşduqda Nicat ona evdə iki ədəd çanta olduğunu və həmin çantalardan birinin ona verməsini istəmişdir. O, bununla əlaqədar Emilə zəng eləmiş və Nicatın gəldiyini, çantanı istədiyini bildirmişdir. Emil ona problem olmadığını və həmin çantalardan birinin Nicata verməsini bildirmişdir. O, bundan sonra evin yataq otağına keçərək bir ədəd çantanı yəni arasında böyük olanı götürüb Nicata vermişdir. Nicat isə heç bir şey demədən çantanı götürüb getmişdir. Bundan sonra o, Nicatı görməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qaynıdır. 21 may 2024-cü ildə saat 23:00-da Emil ona zəng edərək Yasamal RPİ-nin 28-ci PŞ-də saxlanıldiğini bildirmişdir. O, dərhal polis şöbəsinə gəlmiş və məlum olmuşdur ki, Emil çanta götürməsi ilə bağlı saxlanılıb. O da Emilin həyat yoldaşı Zərnitaca zəng vurub çantanın onların evində olmasını soruşmuş, Zərnitac çantanın onlarda olduğunu dedikdə, O, Emilin Binəqədi rayonunda yaşadığı evə getmiş, Emilin evə qoyduğu həmin səyahət çantasını Zərnitacdan alıb, 28-ci PŞ-nə gətirərək təhvil vermişdir. Emilin həmin səyahət çantasını haradan gətirməsindən məlumatı yoxdur. Cinayət işinin 1-ci cild 124-cü vərəqəsində olan 23 may 2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 188-191-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 23 may 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 20-ci vərəqəsində olan 23 may 2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 32-39-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 1-ci cild 40-41-ci vərəqələrində olan 25 may 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 85-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 avqust 2024-cü il tarixli 9/6556 saylı ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatıına təqdim edilmiş 01 ədəd göy rəngli, təxminən 55x45x25 sm ölçülü, “Samsonite” markalı təkərli və tutacaqlı çamadanın (səyahət çantası) istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin aprel-may aylarında olan orta bazar qiyməti təxminən 300,00 manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 86-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 108-116-cı vərəqələrində olan 10 yanvar 2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, iş üzrə götürülmüş 01 (bir) ədəd «Samsoniti» markalı səyahət çantası və 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınmış, «Samsoniti» markalı səyahət çantası saxlanması üçün sahibinə geri qaytarılmış, CD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona vurulmuş ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmiş, hazırda sonunculara qarşı hər hansı şikayət, tələb və mülki iddiası yoxdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, video müşahidə ünvan 11 ünvanında giriş qapısının çəkilişi ilə başlayır, belə ki, 20 aprel 2024-cü il tarixdə saat 18:30-da iki nəfər kişi cinslı və iki nəfər qadının binanın dəhlizinə daxil olması görünür, saat 18:35-də isə binanın pilləkanından qara rəngli şalvar, açıq qəhvəyi rəngli köynək və gün eynəyı taxmiş bir nəfər şəxsin əlində bir ədəd səyahət çantası ilə pilləkandan aşağı düşərək getməsi müəyyən olunmuşdur. Cinayət işinin 1-ci cild 226-227-ci və 2-ci cild 44-63-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 iyul 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 2 il 8 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi AR CM-nin 67.1-ci maddəsi ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 02 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin 1-ci cild 222-225-ci və 2-ci cild 44-63-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 iyun 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 263-1.2 və 264-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.2, 66.4 və 67.5-ci maddələrinə əsasən qəti olaraq 03 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli hökmü ləğv edilərək Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsi ilə olan hissəsi üzrə cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsi ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, üzərində 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərarı ilə üzərində saxlanılmış nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın çəkilməmiş 04 (dörd) ay 02 (iki) günü Azərbaycan Respublikasının CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən həmin hökmlə təyin olunmuş cəzaya tamamilə birləşdirilməklə üzərində qəti olaraq 04 (dörd) ay 02 (iki) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, həmçinin şahidlərin ifadələri, ekspert rəyi, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla törətdikləri oğurluq cinayəti tamamilə sübuta yetirilmişdir. Onların əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2021-ci il təvəllüdlü Murad adlı 1 azyaşlı övladının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə məhkəmə hesab edir ki, hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökm ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin olunacaq cəza Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikasının CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş həmin iş üzrə məhkəməyədək icraat zamanı 18 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək 02 (iki) gün, hazırki cinayət işi üzrə 23 may 2024-cü il tarixdən 10 iyul 2024-cü il tarixədək 01 (bir) ay 18 (on səkkiz) gün, ümumilikdə isə 01 (bir) ay 20 (iyirmi) gün müddətində həbsdə saxlanılması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş 10 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən himayəsində xx.xx.2018-ci il təvəllüdlü inci Əlizadə və xx.xx.2015-ci il təvəllüdlü Emil Əlizadə adlı 2 azyaşlı uşağının olmasını, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə məhkəmə hesab edir ki, hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmü hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökm ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 04 (dörd) ay 02 (iki) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin olunacaq cəza Azərbaycan Respublikasının CM-nın 66.4 və 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə əlavə cəzanı tamamilə, əsas cəzanı isə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş həmin iş üzrə məhkəməyədək icraat zamanı 18 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək 02 (iki) gün, hazırki cinayət işi üzrə 23 may 2024-cü il tarixdən 25 may 2024-cü il tarixədək 02 (iki) gün, ümumilikdə isə 04 (dörd) gün müddətində həbsdə saxlanılması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş 10 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd «Samsoniti» markalı səyahət çantası saxlanması üçün sahibinə geri qaytarılması nəzərə alınmalı, digər maddi sübut olan 01 (bir) ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs1dan və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 cəza çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş həmin iş üzrə məhkəməyədək icraat zamanı 18 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək 02 (iki) gün, hazırki cinayət işi üzrə 23 may 2024-cü il tarixdən 10 iyul 2024-cü il tarixədək 01 (bir) ay 18 (on səkkiz) gün, ümumilikdə isə 01 (bir) ay 20 (iyirmi) gün müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmü ilə təyin olunmuş 04 (dörd) ay 02 (iki) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əlavə cəzanı tamamilə, əsas cəzanı isə qismən toplamaq yolu ilə ona 04 (dörd) ay 02 (iki) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş həmin iş üzrə məhkəməyədək icraat zamanı 18 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək 02 (iki) gün, hazırki cinayət işi üzrə 23 may 2024-cü il tarixdən 25 may 2024-cü il tarixədək 02 (iki) gün, ümumilikdə isə 04 (dörd) gün müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 04 (dörd) ay 02 (iki) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd «Samsoniti» markalı səyahət çantası saxlanması üçün sahibinə geri qaytarılması nəzərə alınsın. Digər maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdikləri 90 saata görə 300 (üç yüz ) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar