Məhkəmə qərarları › İş №1(004)-175/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-175/2024

20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-175/2024 20.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1973-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi 5-də qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, «Şamaxinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,506 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 22 iyul 2023-cü il tarixdə saat 10:30-da Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri çərçivəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,506 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. Bildirmişdir ki, tanımadığı şəxsdən narkotik vasitə almışdır, sonra Yasamal rayonuna gəlmişdir, Yasamal rayonunda tutulmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 22 iyul 2023-cü il tarixdə onlara əməliyyat məlumatı gəlmişdi ki, bir nəfər şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğuldur. Məlumat verən şəxs bildirmişdir ki, D.Bünyadzadə küçəsində bir nəfər şəxs verəcək, fiziki görünüşünü onlara təxmini təsvir etmişdir. Onlar bu şəxsi tanıyırlar, ilk deyil, bundan əvvəl də istintaqda olub. D.Bünyadzadə 113 ünvanında, səhər saat 10:00-11:00 radələrində onlar əməliyyat müvəkkili Şahid1lə birlikdə həmin yerdə növbədə dayanmışlar, şəxsin gəldiyini görmüşlər, yaxınlaşmışlar, özlərini təqdim etmişlər, şəxsin kim olduğunu soruşmuşlar, daha sonra həmin şəxsi Bölməyə dəvət etmişdirlər ki, şübhəli şəxs kimi narkotik vasitələrin dövriyyəsi ilə məşğuldur. Daha sonra polis bölməsində təhqiqatçının, vəkilin iştirakı ilə və videogörüntü ilə üzərinə baxış keçirmişlər, üstündən metamfetamin aşkarlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, hazırda Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində çalışır. 22 iyul 2023-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nə Bakı şəhəri, Yasamal rayonu ərazisində «Seymur» adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında işlədiyi Yasamal RPİ-nin 29-cu PŞnin digər əməkdaşı ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, əməliyyat qrupunun üzvləri ilə birlikdə «Seymur» adlı şəxsin müşahidə olunduğu ünvan 3 ünvanın qarşısında, saat 10 radələrində gələrək, orada əməliyyat mövqelərini seçərək, müşahidə apardıqda, həmin yerdə «Seymur» adlı şəxsin əməliyyat məlumatında bildirilmiş zahiri əlamətlərinə uyğun gələn şəxsi görüb ona yaxınlaşaraq, özlərini təqdim etmişdirlər. Həmin vaxt saxlanılan «Seymur» adlı şəxsdən özünü təqdim etməsini xahiş etdikdə, o özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və əməliyyat məlumatında bildirilmiş «Seymur» adlı şəxs olmasına əmin olaraq, Seymura narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə məlumatlarının olduğunu bildirib, üzərinə baxış keçirilməsi üçün Yasamal RPİ-nin 29-cu PŞ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək razılaşmış və oradan birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə əlaqədar vəkil dəvət olunmuş və Yasmal RPİ-nin 29-cu PŞ-nin inzibati otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya qeyri qanuni əşyalar varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, içərisində narkotik vasitəyə bənzər maddə kütləsini könüllü şəkildə çıxarıb masanın üzərinə qoymuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs şifahi sorğu aparılarkən, həmin bükümün içərisində narkotik vasitə olan “metanfetamin” olduğunu və üzərində aşkar olunmuş həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə “Şamaxinka” adlanan ərazidən üzlə tanıdığı, lakin adını bilmədiyi şəxsdən (kişidən) 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra, həmin büküm tərəflərindən qablaşdırılaraq götürülmüş və 169 nömrəli möhürlə möhürlənmişdir. Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılmış, protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 22 iyul 2023-cü il tarixli 3-16-16/2-6/3957 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №169” dairəvi möhür əksləri, “..Şübhəli ş. Təqsirləndirilən şəxs (imza)..” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,506 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7018 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 8 dəfə məhkum edilmişdir. Sonuncu dəfə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(006)-282/2018 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.2-ci maddələri ilə təqsirli bilinib 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün Azərbaycan Respublikası CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən onun əməli cinayətin residivi hesab olunmur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulmuş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilmiş, Yasamal rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da həmin müddətdə o, 02 gün həbsdə qalmışdır. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmiş, cinayət işi üzrə icraat təzələnmiş, sonradan xx.xx.2023-cü il tarixdə barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmış və MSY-dən azad edilmişdir. Bununla da həmin müddətdə 48 saatdan çox, yəni 03 günədək həbsdə saxlanılmışdır. Beləliklə o, ibtidai istintaq dövründə ümumilikdə 05 gün həbsdə olmuşdur. Bundan sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2024-cü il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 05 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 11 ay 25 gün (on bir ay iyirmi beş gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 21 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,456 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar