Məhkəmə qərarları › İş №1(004)-177/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-177/2021

23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-177/2021 23.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, o, 20 fevral 2020-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin qeydiyyat üzrə böyük inspektoru vəzifəsində işləyərkən qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə edərək özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 12 iyun 2020-ci il tarixli 4(004)-386/2020 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs Şahid5 həbsdən azad olunması və barəsində aparılan cinayət işinə xitam verilməsi üçün köməklik göstərilməsi barədə cinayətdən xəbərsiz tanışı Şahid2 vasitəsilə 2020-ci ilin iyun ayında özünə müraciət etmiş X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində çalışan ayrı-ayrı vəzifəli şəxslərlə yaxın əlaqələrinin olması, həmin əlaqələrindən istifadə etməklə vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun həbsdən azad olunmaqla barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmasına görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 25.000 (iyirmi beş min) manat məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək aldatmaqla Fəxriyyə Osmanovanın razılığını almaqla onunla sövdələşib, cinayətkar niyyətini həyata keçirərək özünün sürücüsü kimi təqdim etdiyi cinayətdən xəbərsiz Şahid6 və Şahid2 vasitəsilə Fəxriyyə Osmanovadan 29 iyun 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Molekul” adlı aptekdə 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini alıb, bundan sonra eyni niyyətlə, həmin məsələnin həlli üçün əlavə 23.000 (iyirmi üç min) manat pul vəsaitinin də qeyd edilən vəzifəli şəxsə rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək, Fəxriyyə Osmanovanın razılığını alıb sövdələşərək 30 iyul 2020-ci il tarixdə həmin aptekdə 23.000 (iyirmi üç min) manat pul vəsaitini sonuncudan Şahid6 və Şahid2 vasitəsilə almaqla, ümumilikdə 48.000 (qırx səkkiz min) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə ələ keçirib Fəxriyyə Osmanovaya xeyli miqdarda ziyan vuraraq dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Fəxriyyə Osmanovanı təhrik etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o nə əvvəlcə, nə də sonrakı dövrdə nə Ayselə, Fəxriyyəyə, nə Zaura, nə də başqa adama aldığı pulu kiməsə, yəni hansısa vəzifəli şəxsə verib, bu vasitə ilə işə xitam verilməsinə nail olacağını deməmişdir. Bu istintaqı aparan şəxsin ona psixoloji təzyiqi nəticəsində belə yazılıb. Müstəntiqlər ona “onlar da belə yazıb, sən pulu kiməsə vermisən, onlar düz deyir, sən də onlara uyğun danışmalısan, belə məsləhətdir” formasında təzyiq edir, onu həbs edəcəkləri ilə hədələyirdilər. O tutulmamaq üçün müstəntiqlərin hədəsinə tabe olub, ifadəsini onların dediyi kimi vermişdir. Həqiqətdə isə, o Elşənin işinə şəxsən özünün kömək edəcəyini demiş və onlarda pulu hansısa vəzifəli şəxsə verəcəyi ilə bağlı fikir yaratmışdır. Özü Penitensiar sistemdə işləmiş və bu fakt onlara kifayət etmişdir. Aysel ona əvvəlcə 2020-ci ilin iyun ayının axırlarında, təxminən 25-dən sonra zəng edərək Elşənlə bağlı məlumat verib, onu İstintaq təcridxanasında “tapşırmağını” xahiş etmişdir. Ayselin xətrinə Təcridxanaya zəng edib, Elşənlə maraqlanmış və öyrənmişdir ki, o, ilk gündən təcridxanadakı ən yaxşı kameralardan birindədir. Bu səbəbdən də, Elşənlə bağlı təcridxana əməkdaşlarından heç bir xahiş etməmişdir. Ayselə, Elşənin ilk gündən yaxşı vəziyyətdə olan kamerada olduğunu demişdir. Bu hadisədən bir müddət əvvəl, 60 min manat borcu yaranmışdır. Pulu verdiyi adam ölkəni tərk etdiyi üçün, borc onun boynunda qalmışdır. O bu vəziyyətdən çıxmalı olmuşdur ki, iş yerinə şikayət göndərilməsin. Ailəsinə bu barədə deməmiş və özü çıxış yolu axtarmışdır. Bu səbəbdən də, yalnız pul tapmağa fokuslanmışdır. Bir müddət sonra Eləşənin dostu Şahid3 ona zəng edərək, Elşənin işi ilə bağlı məsləhət almaq istədiyini demişdir. O isə ona daha doğru məsləhəti istintaqı aparan orqanın rəhbərliyinin verə biləcəyini, onun orada tanışının olmadığını bildirmişdir. Zaur sırf onun köməyinə ehtiyac olduğunu, qarşılığında istədiyi qədər pul verə biləcəklərini bildirmişdir. O, pul qarşılığında kömək etməyini xahiş edəndə, bu vasitə ilə borcunu ödəyəcəyini düşünərək, “özüm sizə xəbər edərəm” demişdir. Onun hansısa istintaq orqanı rəhbərliyində heç bir tanışı olmamışdır. Fikirləşmişdir ki, Elşənin işini aparan müstəntiqdən zabit yoldaşı kimi iş barədə məlumat alıb, bunlarla danışsa daha inandırıcı olar. Lakin bu barədə istintaq aparan şəxs, yaxud başqası ilə danışmamışdır. Borc məsələsi onu sıxırdı deyə, təxminən 10 gün sonra Ayselə zəng edib, Elşənin işi barədə məlumat almışdır. Aysel işlə vəkilin məşğul olduğunu demişdir. Daha heç nə deməmişdir. Bu danışıqdan bir müddət sonra Aysel ona zəng edib, Elşənin işinə kömək etməyini xahiş etmişdir. O işlə maraqlanmaq üçün bir neçə gün vaxt istəmişdir. Bununla bağlı təcridxana ilə əlaqə saxlayıb Elşənin hansı maddələrlə məhkum olunduğunu öyrənmiş, işlə bağlı qısa məlumat almışdır. Özü də Penitensiar xidmət əməkdaşı olduğu üçün, ona məlumat vermişdirlər. Təxminən 3-4 gün sonra Ayselə zəng edib, Elşənin işinə kömək edə biləcəyini, bu məqsədlə ona 23000 manat pul verilməsini bildirmişdir. Ona demişdir ki, Elşəni istintaqa hansı formada ifadə verməsi barədə “başa salacam” və bu formada istintaqın gedişinin dəyişməsinə nail olacaq, nəticədə isə işə ya xitam veriləcək, ya da maddə yüngülləşəcək. Düşünmüşdür ki, iş barədə hüquqşünas tanışlarından məlumat alıb, Elşənə necə ifadə verməsini öyrədər. Aysel onu dinlədikdən sonra, işlə müdiri Fəxriyyənin məşğul olduğunu bildirib, onunla məsləhətləşəcəyini demişdir. Elə həmin gün də, ona zəng edib Fəxriyyənin razı olduğunu bildirmişdir. O tanış taksi sürücüsü Rəvan vasitəsilə 23000 manatı götürüb, borcuna yönəltmişdir. Pulu alsa da, öz problemləri ilə başı qarışıq olduğundan heç bir hüquqşünasdan bu işlə bağlı məsləhət almamışdır. 20-25 gün sonra Aysel və Fəxriyyə ona zəng edib, Elşənin işinin sırf xitam olunması barədə xahiş etmişdilər. O yenə də işi öz üzərinə götürməkdən ehtiyat edərək, onlara istintaqı aparan orqanın rəhbərliyinə müraciət etmələrini tövsiyə etmişdir. Çünki elə bir əlaqəsi, tanışı olmamışdır. Bu formada danışıqları yekunlaşmışdır. Danışıqdan sonra o, öz borcuna görə yenidən Elşənin adamlarından pul ala bilmə imkanının olduğunu düşünərək, təxminən 2 gün sonra Ayselə zəng etmişdir. Ona Elşənin işinə xitam verilməsinə nail olacağını və bu səbəbdən 25000 manat pul vermələrini bildirmişdir. Aysel, Fəxriyyə və Zaurla danışıb ona xəbər edəcəyini demişdir. Bir neçə gün sonra isə pulun hazır olduğunu bildirmişdir. Onlara işi hansı qaydada həll edəcəyi ilə bağlı heç bir izahat verməmiş, “mən buranın işçisiyəm, özüm bilirəm necə həll edəcəyəm” formasında cavab vermişdir. Onlardan Rəvan vasitəsilə 25000 manatı alıb, yenə də borcuna yönəltmişdir. Düşünmüşdür ki, vəziyyətdən çıxandan sonra, onların pulunu qaytarar və bunun üçün zaman qazanmaq lazımdır. Odur ki, onlara müxtəlif tarixlərdə işi düzəldəcəyi barədə vədlər verib, bir müddət vaxt uzatmışdır. Sonra onlar heç bir iş görmədiyinə görə pulu geri istəmişdirlər və vəziyyət bu yerə gəlmişdir. Onların pulunu tam həcmdə qaytarmışdır. O Zaurla, Aysellə, yaxud Fəxriyyə ilə danışıqlarında, onlara aldığı pulu hansısa vəzifəli şəxslərə verəcəyi və bu yolla məqsədə çatacaqları ilə bağlı heç nə deməmişdir. Bunlar yalan məlumatlardır. Həqiqət budur ki, o işi şəxsən özünün həll edəcəyini bildirmişdir. İnanmışdır ki, adlarını çəkdiyi şəxslər də həqiqəti etiraf edəcəklər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayında işlədiyi “Molekul” adlı aptekin müdiri X3 əvvəllər işlədiyi aptekin müdiri Şahid5 “Tramadol” adlı dərmanı, həkimin təyinatı olmadan qanunsuz olaraq satdığına görə X7 tərəfindən cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilməsini ona demişdir. Daha sonra söybət əsnasında Elşənə həmin cinayət işinə köməklik etmək üçün adam axtardığını bildirmişdir və bu zaman onun ağlına anasının dayısı nəvəsi Təqsirləndirilən şəxs gəlmiş, çünki həmin vaxt Əbülfət Ədliyyə Nazirliyində işləyirdi. Fəxriyyə ilə olan söybətdən sonra o Əbülfətə zəng edərək Elşəni cinayət işi barəsində məlumat vermişdir. Bundan sonra Əbülfət onunla Elşənin işi ilə bağlı maraqlanmağa başlamış və ona Elşənin həbsdən azad etmək üçün vəzifəli tanışlarının olduğunu, onların vasitəsilə Elşənə köməklik edə biləcəyini demiş, o isə bu barədə Fəxriyyə məlumat vermişdir. Bir müddətdən sonra Fəxriyyə ona Əbülfətin təklifi ilə Zaurla məsləhətləşdiyini və Əbülfətin Elşənin həbsdən çıxmasına köməklik etməsini xahiş etmiş, o isə Fəxriyyənin dediklərini Əbülfətə demişdir. Bir neçə gündən sonra Əbülfət ona zəng edərək 25.000 müqabilində Elşənin ittiham olunduğu maddənin daha yüngül maddəyə tövsif edə və ona şərti məhkum etmə cəzası təyin etdirə biləcəyini demişdir. Bundan sonra o bu bərədə Fəxriyyə və Zaura məlumat vermiş, sonuncular isə bu barədə Elşənin qohumlarına demişlər. Bundan bir neçə gün sonra Elşənin dayısı və dayısı arvadı onun işlədiyi aptekə gələrək 25.000 manat məbləğində pul vəsaitini ona vermişlər. O bu barədə Əbülfətə məlumat vermiş və 29.06.2020-ci il tarixdə özünü Əbülfətin sürücüsü kimi təqdim edən, adını bilmədiyi şəxs onun işlədiyi ünvan 2 ünvanında yerləşən “Molekul” aptekə gələrək kağıza bükdüyü vəziyyətdə olan 25.000 manat pul vəsaitini ondan götürmüşdür. Bundan sonra o Əbülfətlə əlaqə saxlamış və sonuncu ona pulun özündə olduğunu bildirmişdir. Bundan təxminən 1 ay sonra Təqsirləndirilən şəxs onunla yenidən əlaqə saxlayaraq Elşənin işinin xitam olunması üçün daha 23.000 manat pul vəsaitinin lazım olduğunu bildirmiş, o da Əbülfətin dediklərini yenə Fəxriyyəyə demişdir. Bundan sonra Fəxriyyə, Zaur və Elşənin bir neçə dostları işin xitam olunması üçün tələb olunun 23.000 manat pulu düzəltmişlər. Onlar həmin pulu düzəldəndən sonra yenə eyni qaydada pulu onun işlədiyi aptekdə ona vermişlər. Bundan sonra o Əbülfətə zəng edərək bu barədə məlumat vermiş və 30.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs sürücüsü yenə aptekə gələrək 23.000 manat pulu təkrarən ondan götürmüş və pulu Əbülfətə çatdırmışdır. Həmin pul Əbülfətə çatdıqdan sonra sonuncu ona zəng edərək pulun özündə olduğunu bildirmişdir. Bundan uzun bir müddət keçdikdən sonra Əbülfətin onlara köməklik etmədiyini görmüşlər və Əbülfətə vermiş olduqları pulları geri tələb etmişlər. Əbülfət ilk öncə 5 gün ərzində pulları geri qaytaracağını bildirsə də, həmin pulları müxtəlif bəhanələr gətirərək geri qaytarmamışdır. Bundan sonra Əbülfət onlardan 1 həftə, daha sonra 10 gün vaxt istəmiş, onlar yenə gözləmişlər, lakin Əbülfət həmin pulu onlara qaytarmamışdır. Yekun olaraq bildirmişdir ki, istintaq gedişi dövründə Təqsirləndirilən şəxs tərəfindən onlardan alınmış 48.000 manat məbləğində pul tam olaraq qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, dostu Şahid5 2020-ci ilin iyun ayında “Tramadol” adlı dərmanı, həkimin təyinatı olmadan qanunsuz olaraq satdığına görə, X7 tərəfindən cinayət məsuliyyətinə cəlb olunaraq, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra Şahid5 ondan kömək istəmiş, o da ümumi tanışları olan Fəxriyyə Osmanovaya bu barədə məlumat vermişdir. Fəxriyyə bu barədə özünə məxsus aptekdə satıcı işləyən Aysel adlı işçiyə danışmış, Aysel isə bununla bağlı Fəxriyyəyə bildirmişdir ki, onun Ədliyyə Nazirliyində Təqsirləndirilən şəxs adlı qohumu işləyir və onun əlaqələri geniş olduğundan Şahid5 köməklik göstərə bilər. Bundan sonra Elşənin həbsdən azad olunması üçün Aysel vasitəsilə Əbülfətə müraciət etmək qərarına gəlmişlər. Aysel Əbülfətə müraciət etdikdən sonra Əbülfət bu işi yoluna qoyacağını və Elşəni həbsdən azad etdirəcəyini bildirmişdir. Təxminən bir neçə gündən sonra Əbülfət Aysellə danışaraq Elşənin məsələsini aidiyyatı qurumlarla danışdığını və işin həll oluna biləcəyini demiş, işin həll olunması üçün isə 25.000 manat pul vəsaitinin verilməli olduğunu və Elşənin ittiham olunduğu maddənin daha yüngül maddəyə tövsif ediləcəyini və şərti məhkum etmə cəzası təyin ediləcəyini bildirmişdir. Bu barədə Aysel ona və Fəxriyyəyə dedikdən sonra onlar Əbülfətin təklifi ilə razılaşmışlar. Bundan sonra Elşənin ailə üzvləri ilə bu barədə danışmışlar və onlarda Əbülfətin bu təklifi ilə razılaşmışlar. Təxminən 2 gündən sonra Elşənin qohumları Fəxriyyə Osmanovaya məxsus Aptekə 25.000 manatı gətirmişlər. 29.06.2020-ci il tarixdə özünü Təqsirləndirilən şəxs sürücüsü kimi təqdim edən şəxs Fəxriyyə Osmanovaya məxsus ünvan 2 ünvanında yerləşən “Molekul” adlı aptekə gələrək Ayseldən Şahid5 cinayət məsuliyyətindən azad olunması üçün 25.000 manat pulu götürüb Təqsirləndirilən şəxs çatdırmışdır. Növbəti ay Əbülfət Fəxriyyə ilə əlaqə saxlayaraq bildirmişdir ki, Şahid5 işi ağırdır və işin xitam olunması üçün əlavə olaraq 23.000 manat pul verilməlidir. Bundan sonra o, Fəxriyyə və Elşənin bir neçə dostları 23.000 manat məbləğində pulu yığmışlar və həmin vəsaiti Əbülfətə çatdırmaq üçün Ayselə vermişlər və bu barədə Əbülfətə məlumat vermişlər. 30.07.2020-ci ildə özünü Əbülfətin sürücüsü kimi təqdim edən şəxs “Molekul” adlı aptekə gələrək Ayseldən təkrarən 23.000 manatı alaraq Əbülfətə çatdırmışdır. Bir müddət keçdikdən sonra Əbülfətin onlara heç bir köməklik etmədiyini başa düşmüşlər və ona verdikləri 48.000 manat məbləğində olan pulu geri tələb etmişlər. Lakin Əbülfət ilk öncə 5 gün ərzində pulları geri qaytaracağını bildirsə də, həmin müddətdə pulları geri qaytarmamışdır. Bundan sonra əlavə olaraq 1 həftə, sonra isə 10 gün vaxt tələb etsə də, pulu geri qaytarmamışdır. Bundan sonra 20.09.2020-ci il tarixdə təxminən 15:00 radələrində Səməd Vurğun küçəsində yerləşən adını xatırlamadığı kafedə Təqsirləndirilən şəxsla görüşmüş və orada Əbülfət öz əlyazması ilə yazıb bildirmişdir ki, bu işə görə götürmüş olduğu 48.000 manat pulu 30.09.2020-ci il tarixdə qaytaracaq, lakin buna baxmayaraq həmin tarixdə qeyd edilən məbləğdə pulu qaytarmamışdır. Yekun olaraq bildirmişdir ki, istintaq gedişi dövründə Təqsirləndirilən şəxs onlardan aldığı 48.000 manat məbləğində pul tam olaraq qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2012-ci ildən Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. O, Xətai rayonu, Babək prospekti 10a ünvanında yerləşən “Babək-Plaza”nın qarşısında daimi dayanaraq öz şəxsi avtomobililə taksi kimi sərnişin daşınmasını həyata keçirir. 2017-ci ildən Xətai rayonu, Babək prospekti 10a ünvanında yerləşən “Babək-Plaza”nın qarşısında onun taksi xidmətindən mütəmadi olaraq istifadə edən Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Əbülfətin dediyinə görə “Babək-Plazanın” yaxınlığında yaşayırmış. 2020-ci ilin iyun ayında Əbülfət ona zəng edərək xahiş etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Molekul” adlı aptekə gedib orada əczaçı işləyən Aysel adlı xanımdan pulu götürsün və həmin pulu Xətai rayonu, Babək prospekti 10a ünvanına çatdırsın. O həmin vaxt sürdüyü **-MR-*** dövlət qeydiyyat nömrə nişanlı “Lada-Priora” markalı avtomobili ilə Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 15 ünvanında yerləşən “Molekul” adlı aptekə gedərək Aysel adlı əczaçıdan vərəqə bükülü vəziyyətdə pulu götürmüş və Xətai rayonu, Babək prospekti 10a ünvanında yerləşən binanın qarşısına gələrək həmin pulu Təqsirləndirilən şəxs çatdırmışdır. Əbülfət pulu saydıqdan sonra götürmüş və göstərdiyi xidmətə görə ona 10 manat pul vermişdir. 2020-ci ilin iyul ayında Əbülfət özü ona zəng edərək təkrarən həmin aptekdəki Aysel adlı əczaçıdan pul götürməyini xahiş etmişdir. O yenə həmin aptekə gedərək Aysel adlı əczaçıdan vərəqə bükülü vəziyyətdə olan pulu götürmüş və Xətai rayonu, Babək prospekti 10a ünvanında yerləşən binanın qarşısına gələrək həmin pulu Əbülfətə vermişdir. Əbülfət pulu sayıb ondan götürüb, göstərdiyi xidmətə görə yenə ona 10 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5 ilə yaxındır ki, tanıyır və həmin vaxtdan dostluq edir. 2020-ci ilin oktyabr ayının 1-də dostu Əbülfət onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirmişdir. Həmin gün Əbülfətlə şəhərdə görüşmüş və görüş vaxtı ona Zaur adlı şəxsə 48.000 manat borcu olduğunu bildirərək Zaurla görüşüb vaxt almağını ondan xahiş etmişdir. Həmin vaxt Əbülfət ona bildirmişdir ki, Zaurla digər dostları da görüşmüş, lakin heç biri Zaurdan vaxt ala bilməmişdir. Əbülfətin bu sözlərindən sonra o, da Zaurla görüşmək üçün pul vəsaitinin lazım olduğunu bildirmişdir, çünki, həmin vaxta qədər Zaura borcundan heç bir məbləğdə pul qaytarılmamışdır. Bundan sonra onlar Əbülfətlə birlikdə qərara gəlmişlər ki, Zaurla görüşə gedəndə borcun 3.000 manatını qaytarsınlar. Ondan bir- iki gün sonra Əbülfət yenə onunla görüşmüş və ona 3.000 manat pul vermişdir. Əbülfət pulu ona Zaura olan borcunun bir hissəsini qaytarmaq üçün vermişdir. O da pulu götürüb Zaurla Bakı şəhəri, Xətai rayonunun ərazisində görüşmüş və 3.000 manat pulu ona qaytarıb yerdə qalan borc üçün vaxt almışdır. Bundan sonra Əbülfət yenə ona iki dəfə 3.000 manat, bir dəfə 2.500 manat vermiş və o da həmin pulları Zaura qaytarmışdır. Ümumilikdə, Zaura 11.500 manat məbləğində pul qaytarmışdır. O Zaura pulu qaytararkən öyrənmişdir ki, Əbülfətin Zaura qaytarılmalı olduğu pul tanımadığı bir nəfər həbsdə olan şəxsin işinə köməklik edilməsi üçün alınmışdır. O bu barədə Əbülfətdən soruşanda, Əbülfət bunu təkzib etmiş və Zaurla aralarında olan pul məsələsinin borc olduğunu bildirmişdir. Bundan sonra o Zaurla görüşməmiş və əlaqə saxlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 12 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN Bakı Metropolitenində Polis Şöbəsinin İstintaq qrupu tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində 13 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İstintaq təcridxanasına qəbul olunduqdan sonra karantinə alınmış, 4 gün müddətində karantində qaldıqdan sonra onu 8-ci korpusun 25-ci kamerasına yerləşdirmişlər. Təqsirləndirilən şəxs tanımır, hər hansı münasibəti olmamışdır. Əbülfət barədə araşdırma getdikdən sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs onun cəlb olunduğu maddənin daha yüngül maddəyə tövsif ediləcəyi vədi ilə ümumilikdə 48.000 manat pul vəsaitini Fəxriyyə Osmanovadan, Şahid3 və Şahid2 almışdır. İş üzrə şahid qismində göstərilmiş X3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 57-60-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2007-ci ildən “GSK” şirkətinin meneceri vəzifəsində işləyir, şirkəti dərman preparatlarının satışı ilə məşğul olur. Bundan əlavə özünə məxsus “Zeytun” adlı aptekidə var. “GSK” şirkətində iş yoldaşı olmuş Şahid5 2020-ci ilin iyun ayında “Tramadol” adlı dərmanı, həkimin təyinatı olmadan qanunsuz olaraq satdığına görə X7 tərəfindən cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla əlaqədar olaraq ümumi tanışları Şahid3 onunla əlaqə saxlayaraq, Şahid5 həbs olunmasını bildirmiş və Elşənin onlardan köməklik istədiyini bildirmişdir. Bundan sonra o, bu barədə işçisi Şahid2 danışmış və Elşənə kömək lazım olduğunu bildirmişdir. Həmin vaxt Aysel ona Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Təqsirləndirilən şəxs adlı qohumunun işlədiyini və ona müraciət edə biləcəyini bildirmişdir. Bundan sonra X6 saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında qaldığı kameranın yaxşılaşdırılması üçün köməklik istəmiş, Əbülfət isə Elşənə köməklik edə biləcəyini bildirmişdir. Təxminən 1-2 gündən sonra Əbülfət Aysellə əlaqə saxlayaraq Elşənin kamerasının dəyişdirilməsinə görə 5.000 (beş min) manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra o və Elşənin ətrafında olan dostları 5.000 (beş min) manatı toplamışlar. Daha sonra Əbülfət həmin pulu gəlib onun yaşadığı evdən götürmüşdür. Bundan bir neçə gün sonra Elşən onlarla telefon vasitəsilə əlaqə saxlamış və kamerasının dəyişdirildiyini bildirmişdir. Əbülfət bu işin öhdəsindən gəldiyinə görə ona inamları yaranmışdır. Ona görə də onlar Elşənin həbsdən azad olunması üçün yenidən Aysel vasitəsilə Əbülfətə müraciət etmək qərarına gəlmişlər. Çünki, Əbülfət Elşənin hansı səbəbdən tutulduğu barədə məlumatlı olmuşdur. Aysel Əbülfətə müraciət etdikdən sonra Əbülfət bu işi yoluna qoyacağını və Elşəni həbsdən azad etdirəcəyini bildirmişdir. Təxminən bir neçə gündən sonra Əbülfət Aysellə danışaraq Elşənin məsələsini aidiyyatı qurumlarla danışdığını və işin həll oluna biləcəyini demişdir. Əbülfət işin həll olunması üçün 25.000 manat pul vəsaitinin verilməli olduğunu demişdir. Həmin vaxt onlara bildirmişdir ki, Elşənin ittiham olunduğu maddə daha yüngül maddəyə tövsif ediləcək və ona şərti məhkum etmə cəzası təyin ediləcək. O və Zaur bu barədə Elşənin qohumlarına demişlər. Bir neçə gündən sonra Elşənin tanımadığı qohumları ona məxsus aptekə gələrək 25.000 manat məbləğində pul vəsaitini gətirmişlər və pulu Ayselə təqdim etmişlər. Həmin vaxt o, aptekdə olmamışdır. 29.06.2020-ci il tarixdə özünü Təqsirləndirilən şəxs sürücüsü kimi təqdim edən, adını bilmədiyi, istifadəsində ***-***-**-** saylı mobil nömrəsi olan şəxs ona məxsus ünvan 2 ünvanında yerləşən “Zeytun” şəbəkəsinin “Molekul” aptekə gələrək işçisi Ayseldən 25.000 manat pul vəsaitini götürmüş və həmin pulu Təqsirləndirilən şəxs çatdırmışdır. Həmin pul Təqsirləndirilən şəxs çatdıqdan sonra Əbülfət Ayselə zəng edərək pulun onda olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs Aysellə yenidən əlaqə saxlayaraq Elşənin işinin xitam olunması üçün daha 23.000 manat pul vəsaitinin lazım olduğunu bildirmiş və Aysel də Əbülfətin dediklərini ona demişdir. Bundan sonra o, Zaur və Elşənin bir neçə dostları işin xitam olunması üçün 23.000 manat pulu düzəltmişlər. Onlar həmin pulu düzəldəndən sonra yenə pulu aptekdə Ayselə vermişlər. 30.07.2020-ci il tarixdə Təqsirləndirilən şəxs sürücüsü yenə aptekə gələrək 23.000 manat pulu təkrarən götürmüşdür və pulu Əbülfətə çatdırmışdır. Həmin pul Təqsirləndirilən şəxs çatdıqdan sonra Əbülfət Ayselə zəng edərək pulun özündə olduğunu bildirmişdir. Bir müddətdən sonra Əbüləftin onlara köməklik etmədiyini görmüşlər və vermiş olduqları pulları geri tələb etmişlər. Əbülfət ilk öncə 5 gün ərzində pulları geri qaytaracağını bildirsə də, həmin pulları müxtəlif bəhanələr gətirərək geri qaytarmamışdır. Bundan sonra Əbülfət onlardan 1 həftə, daha sonra 10 gün vaxtı istəmişdir. Onlar yenə gözləmişlər, lakin Əbülfət pulu onlara qaytarmamışdır. Əlavə olaraq bildirmişdir ki, o, qadın olduğu üçün tez-tez bu barədə Əbülfətlə son vaxtlar danışmayaraq Əbülfətlə əsas olaraq Şahid3 danışmışdır. Sonuncu 10 günü tələb edəndə isə Təqsirləndirilən şəxs öz xətti ilə 48.000 manat verməli olduğunu yazmış və orada pulu işə görə götürdüyünü qeyd etmişdir. Həmin əlyazmanı da ərizəsinə əlavə etmişdir. Pulun qismi Əbülfətin tanışı Orxan adlı şəxs vasitəsi ilə qaytarılmışdır. Həmçinin, X3 ifadəsində bildirmişdir ki, Əbülfətə birbaşa özü pul verməmiş, pulu işçisi Aysel Elşənin cinayət işinin xitam olunması və azadlığa çıxması üçün iki dəfəyə, yəni 25.000 manat birinci dəfə, 23.000 manat pulu isə ikinci dəfə özünə məxsus aptekdə Əbülfətin sürücüsünə vermişdir. Pulun isə Əbülfətə çatdırıldığını özü Ayselə zəng edərək təsdiqləmişdir. Əbülfət həmin pulu tanışı olan vəzifəli şəxslərə verəcəyini bildirmiş və işi onların vasitəsilə həll edəcəyini demişdir. Lakin, Əbülfət həmin şəxs barədə onlara hər hansı bir söz deməmişdir. Həmçinin, Əbülfət həmişə həmin adamın adını çəkməyəcəyini də bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təqsirləndirilən şəxs tərəfindən verilmiş 20.09.2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs “X4 işinə görə” aldığı 48000 manat pulu 30.09.2020-ci il tarixdə Şahid3 qaytarmağı öhdəsinə götürmüşdür. (i.v. 14) “Diskə baxış keçirilməsi haqqında” 30 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı 1-ci disk “HP” markalı kompüterə yerləşdirilmiş, açılan zaman diskin içərisində “Aysel” adlı fayl olduğu müəyyən edilmişdir. Həmin fayl açıldıqda 13 ədəd “WhatsApp” yazışmalarının “Screenshot” vasitəsilə çəkilmiş fotoşəkillərinin olduğu görünür. Həmin yazışmalara baxış keçirilərkən Təqsirləndirilən şəxs Şahid2 ilə Şahid5 işinin düzəlməsi ilə bağlı yazışmaları, həmçinin Əbülfətə verilmiş pul vəsaitinin ondan geri istənilməsi barədə yazışmaların olması müəyyən olunur. Bundan sonra 2-ci disk «HP» markalı kompüterə yerləşdirilmiş, açılan zaman diskin içərisində 2 ədəd “Whatsapp” yazışmalarının “Screenshot” vasitəsilə çəkilmiş fotoşəkillərinin olduğu görünür. Həmin yazışmalara baxış keçirilərkən Təqsirləndirilən şəxs X3 ilə Şahid5 işinin dayandırılması ilə bağlı yazışmaların, həmçinin Əbülfətə verilmiş pul vəsaitlərinin geri istənilməsi barədə yazışmaların olması müəyyən olunur. Bundan sonra 3-ci disk «HP» markalı kompüterə yerləşdirilmiş, açılan zaman diskin içərisində 3 ədəd “WhatsupApp” yazışmalarının “Screenshot” vasitəsilə çəkilmiş fotoşəkillərinin olduğu görünür. Həmin yazışmalara baxış keçirilərkən Təqsirləndirilən şəxs Şahid3 ilə aralarında pulun Əbülfətdən geri alınması ilə bağlı yazışmaların olması görünür. (i.v. 37-54) X3 tərəfindən verilmiş 15.12.2020-ci il tarixli ərizədən görünür ki, 01.10.2020-ci il tarixdə Ədliyə Nazirliyinin Pentensiar Xidmətinin əməkdaşı Təqsirləndirilən şəxs barəsində vermiş olduğu şikayət ərizəsini geri götürmək istəyir. Belə ki, Təqsirləndirilən şəxs ona dəymiş olan ziyan 48000 manat pul vəsaitini qaytarmışdır. Hazırda ondan heç bir şikayət və tələbi yoxdur. (i.v. 70) 22 dekabr 2020-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Şahid3 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 77-83) 23 dekabr 2020-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, X3 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 84-90) 24 dekabr 2020-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Şahid2 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 91-97) “Diskə baxış keçirilməsi haqqında” 27 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, disk açılan zaman diskin içərisində 4 ədəd fayl olduğu müəyyən edilir və həmin fayllar 1. **********67 sms.txt 2. **********67 txt 3. Abunechiler.xls 4. Antena.x adlandırılmışdır. Fayllar açılmışdır. Faylın içərisində qeyd edilən nömrələrə gələn və gedən sms və zənglərin siyahısı, anten məlumatları vardır. Fayllara baxış zamanı X1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aralarında 28.07.2020-ci il tarixdə 1141 saniyə, 31.07.2020-ci il tarixdə 728 saniyə, 10.08.2020-ci il tarixdə 410 saniyə, 132 saniyə, 109 saniyə, 11.08.2020-ci il tarixdə 169 saniyə, 39 saniyə, 330 saniyə, 693 saniyə, 12.08.2020-ci il tarixdə 1263 saniyə, 199 saniyə, 13.08.2020-ci il tarixdə 74 saniyə, 851 saniyə, 17.08.2020-ci il tarixdə 16 saniyə, 127 saniyə, 18.08.2020-ci il tarixdə 61 saniyə, 19.08.2020-ci il tarixdə 141 saniyə, 176 saniyə, 20.08.2020-ci il tarixdə 34 saniyə, 58 saniyə, 21.08.2020-ci il tarixdə 66 saniyə, 28 saniyə, 49 saniyə, 107 saniyə, 100 saniyə, 24.08.2020-ci il tarixdə 13 saniyə, 728 saniyə, 25.08.2020-ci il tarixdə 290 saniyə, 165 saniyə, 179 saniyə, 697 saniyə, 26.08.2020-ci il tarixdə 124 saniyə, 15 saniyə, 31.08.2020-ci il tarixdə 526 saniyə, 02.09.2020-ci il tarixdə 900 saniyə, 99 saniyə, 09.09.2020-ci il tarixdə 527 saniyə, 11.09.2020-ci il tarixdə 234 saniyə, 12.09.2020-ci il tarixdə 1672 saniyə, 13.09.2020-ci il tarixdə 277 saniyə telefon danışıqlarının olması müəyyən olunur. (i.v. 120) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 20.02.2020-ci il tarixli 181/7 nömrəli əmrinə əsasən ədliyyə leytenantı Təqsirləndirilən şəxs 22 fevral 2020-ci il tarixdən Penitensiar xidmətin Maliyyə-iqtisadiyyat idarəsinin uçot və hesabatın təşkili şöbəsinin böyük inspektoru vəzifəsindən azad edilib, həmin Xidmətin 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin böyük inspektoru vəzifəsinə təyin edilmişdir. (i.v. 140) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14.04.2021-ci il tarixli 219/7 nömrəli əmrinə əsasən penitensiar xidmətin 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin böyük inspektoru (qeydiyyat üzrə) ədliyyə baş leytenantı Təqsirləndirilən şəxs “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 40.1.1-ci maddəsinə müvafiq olaraq (öz arzusu ilə) tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 06 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs whatsapp yazışmalaının surətləri və həmin yazışmaları özündə əks etdirən 3 ədəd CD disk, Təqsirləndirilən şəxs öhdəlik götürməsi ilə bağlı öz əlyazması ilə yazmış olduğu vərəqə və "xxxx" MMC-nin məktubuna əlavə edilmiş 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs etirafedici ifadəsi, şahidlərin ifadələri, üzləşdirmədə dindirmə istintaq hərəkətləri, Təqsirləndirilən şəxs öz əlyazması ilə yazmış olduğu iltizam vərəqəsi, telefon danışıqlarına baxış keçirilməsi haqqında protokol, habelə digər zəruri istintaq hərəkətləri işin obyektiv hallarına uyğun olduğu üçün sübut kimi tanınmışdır. (i.v. 147-164) Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bildiyini göstərsə də, məhkəmə bu ifadələrə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 11 iyun 2015-ci il tarixli qərarının 36-cı bəndinin tövsiyyələrində göstərilir ki, «dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. İzah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4 maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə - beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-nin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 122) 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Ədliyyə baş leytenantı Təqsirləndirilən şəxs 1987-ci ildə anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, 2009-cu ildə Odlar Yurdu Universitetinin Maliyyə-kredit fakültəsini bitirmişdir və hal-hazırda DİN-nin Polis Akademiyasının qiyabi 5-ci kursunu davam etdirir. 20.07.2017-ci ildən ədliyyə orqanlarında qulluq edən, 22.02.2020-ci il tarixdən 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin böyük inspektoru (qeydiyyat üzrə) vəzifəsinidə təyin edilmişdir. Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində özünü müsbət cəhətdən, bacarıqlı, işgüzar bir əməkdaş kimi göstərmişdir. Ona həvalə edilmiş tapşırıqları vaxtında və bacarıqla yerinə yetirir. Xidməti fəaliyyətində daima yeniliklərə can atır, təşəbbüskarlıq göstərir. Peşə hazırlığını artırmaq üçün müntəzəm olaraq öz üzərində çalışır. Cəzaların icrası Qanunvericiliyinin tələblərini, çalışdığı xidmət sahəsini tənzimləyən əmr və normativ hüquqi aktları bilir, gündəlik işində bacarıqla tətbiq edir. Təqsirləndirilən şəxs böhranlı vəziyyətdə soyuqqanlıdır, cəsarətli hərəkət etməyi və müstəqil olaraq qərar çıxarmağı bacarır, təşkilatçılıq qabiliyyətinə malikdir, intizamlı əməkdaşdır. Xidmətdə yol verdiyi nöqsan və çatışmamazlıqlarla əlaqədar ona tutulan iradları normal qəbul edir, verilən tövsiyyələrdən düzgün nəticə çıxarır. Təqsirləndirilən şəxs xidmət etdiyi kollektivdə hörmətə malikdir, rəftarında nəzakətlidir, yoldaşlarına qarşı qayğıkeşdir. Qanunvericiliyə riayət edir, Dövlətimizə sədaqətlidir. Öz davranış və bacarıq qabiliyyəti ilə kollektivin əməkdaşlarına nümunə göstərir. Fiziki cəhətdən sağlamdır, xidməti sirri qorumağı bacarır. Qüvvədə olan cəzası yoxdur. (i.v. 141) “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 183-185) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 46.2-ci maddəsində deyilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Şərh edilənlərə əsasən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəza növü əlavə cəza kimi təyin edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CMin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 178.2-ci və 312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, CM-in 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəza növü əlavə cəza kimi təyin edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış 4 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək CM-in 178.2.3 və 178.2.4 maddəsi ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7.000 (yeddi min) manat məbləğində cərimə cəzasına və CM-in 32.4,312.1-ci maddəsi ilə 8.000 (səkkiz min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq, əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12.000 (on iki min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 4 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar