Məhkəmə qərarları › İş №1(004)-177/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-177/2022

21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-177/2022 21.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Füzuli rayonu İşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5-də yerləşən, “X11” yataqxanası, ev 26 nömrəli ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam» qətimkan təsbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 26 oktyabr 2021-ci il tarixdə saat 22:15-də “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “Ravon Nexia R3” minik markalı, Az **-BZ-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti ilə metronun “20 Yanvar” stansiyası istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında ”Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni, sürücü daim dəyişən yol şəraitinə nəzarət etməli, qarşısında nizamlanmayan piyada keçidi ilə piyadanın yolu keçməkdə olmasını nəzərə alaraq avtomobili keçidə çatmadan dayandırmalı, piyadaya yol verməli, piyadanın yolun hərəkət hissəsini boşaltmasını gözləməli və hərəkətin təhlükəsizliyinin təmin olunmasına əmin olduqdan sonra hərəkətə başlamalı bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 78V nömrəli ünvanın qarşısında yerləşən piyada keçidində yolu sağdan sola doğru keçən piyada X6 idarə etdiyi “Ravon Nexia R3” minik markalı, Az **-BZ-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya ağır kəllə beyin travması, baş-beyin toxumasının əzilməsi, baş beyinin qişaları altına qansızmalar, sağ alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı, üz-skelet sümüklərinin, sağ oturaq və qaşıq sümüklərinin, sağ incik sümüyünün, sağ mil sümüyünün sınıqları, sol dirsək oynağının çıxığı, sağ baldırın və sol qaşüstü nahiyənin əzilmiş yaraları, ağ ciyərlərin pnevmaniyası, baş beyinin travmatik ödəmi kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Ü.X.Cəfərovun 14 fevral 2022-ci il tarixdə müalicə aldığı 1 Saylı X10 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 26.10.2021-ci il tarixdə, saat təxminən 22:10 radələrində idarə etdiyi “Ravon Nexia R3” minik markalı, **-BZ-*** dövlət nömrə nişanlı avtombil ilə Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsindən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospektinə daxil olaraq həmin dairədən Zərdabi prospekti ilə metronun “20 Yanvar” stansiyası istiqamətinə doğru, üç zolaqlı yolun sağdan üçüncü zolağı ilə təxminən saatda 50-60 km/saat sürətlə sağında olan avtomobillərlə paralel şəkildə hərəkət etmişdir. Təxminən saat 22:15-də qeyd etdiyi yol ilə hərəkətdə olan zaman yolun ortasında olan piyada keçidinə çatmağına təxminən 4-5 metr məsafə qalmış yanında onunla paralel hərəkət edən avtomobilin qarşısında piyada keçidinin üzərində bir nəfər şəxsin orta iti sürətlə yolu keçərək artıq onun idarə etdiyi avtomobilin qarşısında olduğunu görmüşdür. Piyadaya çatmağına təxmini 4-5 metr qalmış həmin şəxsi vurmamaq üçün avtomobilin tormoz əyləcinə basaraq tormozlama etmiş və avtomobili az miqdarda sağa doğru hərəkət etdirən zaman avtomobilinin ön sol tərəfi ilə yolu kəçən həmin piyadanı vurmuşdur. Zərbədən sonra həmin piyada fırlanaraq yerin asfalt örtüyünün üzərinə düşmüşdür. Bundan sonra o dərhal avtomobilini saxlayıb həmin yerə yaxınlaşmış və həmin şəxsi orta yol ayrıcının bardurunun yanında yerdə uzanmış vəziyyətdə görmüşdür. Daha sonra isə o ətrafa toplaşmış şəxslərin köməkliyi ilə həmin şəxsi idarə etdiyi avtomobilə yerləşdirib dərhal “Respublika” xəstəxanasına çatdırmışdır. Ülvi Cəfərov uzun müddət müalicə olunmağına baxmayaraq 14 fevral 2022-ci il tarixdə X10 ölmüşdür. Yekun olaraq o əməlindən peşman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət hadisəsi törətdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X1 ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, mərhum X8 onun oğludur. 26 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Bakı şəhəri Yasamal rayonu, Zərdabi prospekti 81 ünvanında hərəkətdə olarkən oğlu Ülvi Cəfərovu piyada keçidi ilə yolu keçərkən vurmuşdur. Oğlu avtomobillə vurulması nəticəsində ağır dərəcəli bədən xəsarəti almış və koma vəziyyətinə düşmüşdür. Lakin həkimlər tərəfindən olunan bütün tədbirlərə baxmayaraq oğlu Ülvi Cəfərov almış olduğu xəsarətlərdən 14 fevral 2022-ci il tarixdə 1 saylı X10 vəfat etmişdir. Hadisəni törətmiş Təqsirləndirilən şəxs, oğlu Ülvi Cəfərov sağikən bütün müalicə xərclərini qarşılamış, lazım olan maddi və mənəvi ehtiyaclarını tamlıqla ödəmiş, bundan başqa oğlu Ülvi Cəfərov rəhmətə getdikdən sonra da həmçinin Təqsirləndirilən şəxs bütün maddi və mənəvi ehtiyaclarını qarşılamışdır. Buna görə də iş üzrə hər-hansı bir şikayəti və tələbi olmamışdır. Son olaraq təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim edərək, təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, X5 «Ravon Nexia» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurma hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 78V nömrəli ünvanın qarşısında, “Qələbə” dairəsindən metronun “20 Yanvar” stansiyası istiqamətində 3 zolaqlı, paralel, birtərəfli, orta yol ayrıcı olan yolun üzərində çəkilmiş piyada zolağında baş verməsi müəyyən edilmişdir. (i.v. 6-11) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 27.10.2021-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 2/31035 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:41-də ayıq vəziyyətdə olmuşdur. (i.v. 14) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” 28.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi «Ravon Nexia» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin ön hissəsinə piyadanın vurulması nəticəsində zədələrin olması müəyyən edilmişdir. (i.v. 15-20) 06.03.2014-cü il tarixli AE seriyalı 803159 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücüdür.(i.v. 21) BB seriyalı 150290 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Ravon Nexia R3” markalı “sedan” tipli **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. (i.v. 21) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 04 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 06.03.2014-cü ildə (06.03.2024-cü ilədək etibarlı olan) AE 803159 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürüülük hüquqnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v. 38) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYP-nin Siqnal İLİİ-nin 5 nömrəli cərimə meydançasına ünvanlanmış 05 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, cinayət işi üzrə yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi «Ravon Nexia R3» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən həmin avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. (i.v. 39) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X12 01.12.2021-ci il tarixli, 262 saylı ekspert rəyindən görünür ki, X5 adına təqdim olunmuş tibbi sənədə əsasən onun almış olduğu xəsarətlər – ağır dərəcəli baş-beyin toxumasının əzilməsi ilə müşayiət olunmuş kəllə tağı və əsası sümüklərinin, üz-skelet sümüklərinin sınıqları, sağ oturaq və qaşıq sümüklərinin, sağ incik sümüyünün sınığı, sağ mil sümüyünün qəlpəli sınığı sol dirsək oynağının çıxığı, bədənin səthinin çoxsaylı sıyrıntıları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 26.10.2021-ci il tarixdə, piyada qismində olarkən hərəkətdə olan avtomaşının hissələrinin dəyməsindən törənməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. (i.v. 44-47) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/3025 saylı, 15 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, “Ravon Nexia” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbacan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsini tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 50-53) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X12 02.03.2022-ci il tarixli, 18 saylı ekspert rəyindən görünür ki, X5 adına RKX-da, MKX-da və KTM-da tərtib edilmiş xəstəlik tarixlərində qeyd edilir ki, o, 26.10.2021-ci il tarixdə RKX-ya cox ağır, huşsuz vəziyyətdə gətirilmiş, 27.10.2021-ci il tarixdə MKX-ya köçürülmüş, orada trepanasiya, hematomanın boşaldılması əməliyyatı icra olunmuş, ona “Avtoqəza, Politravma, açıq, ağır kəllə beyin travması, beyin əzilməsi, beyin qanaması, diffuz beyin ödemi, döş və qarının küt travması, çanaq sümüklərinin, sol bazu sümüyü, sağ mil-dirsək sümüklərinin sınığı, dekompressiv treponasiya əməliyyatından sonrakı vəziyyət” diaqnozu qoyulmuş, 04.11.2021-ci il tarixdə həddən artıq ağır vəziyyətdə KTM-ya köçürülmüş, 14.02.2022-ci il tarixə kimi onun müalicəsi davam etdirilmiş, ona göstərilən intensiv, reanimasion tədbirlərə baxmayaraq koma vəziyyətindən çıxmamış, KTM-da 14.02.2022-ci il tarixdə saat 14:20-də bioloji ölüm baş vermişdir. Son klinik diaqnoz: Politravma, açır, ağır kəllə beyin travması, sağ allın-təpə- gicgah sümüklərinin qəlpəli sınıqları, baş beyinin ağır dərəcəli əzilməsi, sol bazu sümüyünün, sağ qalça və oturaq sümüklərinin sınığı, kraniotomiya əməliyyatından sonrakı vəziyyət. 2.Vət.X5 meyitinin məhkəmə-tibbi müayinəsinəsi zamanı aşkar edilmiş və onun adına tərtib edilmiş xəstəlik tarixlərində qeyd olunan xəsarətlər - ağır kəllə beyin travması, başbeyin toxumasının əzilməsi,baş beyinin qişaları altına qansızmalar, sağ alın-təpə-giçgah sümüklərinin kəllə əsasına keçən xətti sınığı, üz- skeleti sümüklərinin,sağ oturaq və qasıq sümüklərinin,sağ incik sümüyünün ,sağ mil sümüyünün sınıqları, sol dirsək oynağının çıxığı, sağ baldırın və sol qaşüstü nahiyyənin əzilmiş yaraları. Ağciyərlərin pnevmaniyası, baş beyinin travmatik ödemi. 3.Yuxarıda qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan, yol-nəqliyyat hadisəsi zamanı piyada qismində olarkən, hərəkətdə olan avtomaşının vət. X6 vurması nəticəsində, avtomaşının hissələrinin və yer örtüyünün təsirindən törənə bilərdi, törənmə müddəti,onun RKX-ya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 26.10.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, ümumilikdə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərəvurma əlamətlərini daşıyır, ölümün başvermə səbəbi ilə bilavasitə əlaqəlidir. 4.Sol diz oynağı nahiyyəsində, sol aşıq-baldır oynağı nahiyyəsində, sağ və sol sağrı nahiyyəsində olan yaralar, köhnə yataq yaralarıdır. Ölümün başvermə səbəbi ilə əlaqəsi yoxdur. 5.Vət.X5 ölümünə səbəb, almış olduğu yuxarıda qeyd olunan, travmalar nəticəsində inkişaf etmiş baş-beyinin travmatik kəskin ödemi olmuşdur. Ölüm, KTM-da 14.02.2022-ci il tarixdə saat 14:20-də baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi də təsdiq edir. 6.Vət.X5 meyitində aşkar edilmiş xəsarətlər, bədənin müxtəlif nahiyyələrində yerləşdiyindən onun ilk zərbəni hansı nahiyyədən alması barədə fikir söyləmək mümkün olmadı. 7.Vət.X5 meyitinin bədəni üzərində sürtünmə və təkər izləri aşkar olunmadı. 8.Vət.X5 xəsarət almasından uzun müddət keçdiyindən, onunmeyitindən, məhkəməkimyəvi müayinə üçün qanın götürülməsi məqsədə müvafiq olmamışdır. Onun adına RKXda və MKX-da tərtib edilmiş xəstəlik tarixlərində xəstəxanaya daxil olarkən sərxoş vəziyyətdə olub-olmaması barədə qeydiyyat yoxdur. (i.v. 84-92) AZ-İİ № 219105 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 14.02.2022ci il tarixdə dəqiqləşdirilməmiş fəaliyyət zamanı ölmüşdür. (i.v. 84) Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 02 mart 2022-ci il tarixli qərardan görünür ki, X3 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (i.v. 96-97) “Sübutların qiymətləndirilməsi haqqında” 07 mart 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu, Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxsin hüquqi varisi X1 ifadəsi, məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyinin Yasamal rayon şöbəsinin verdiyi 02.03.2022-ci il tarixli, 18 №-li rəyi, məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 15.12.2021-ci il tarixli 8/3025 №-li rəy, DİN-in BDYPİ-in Qeydiyyat- İmtahan Şöbəsindən daxil olmuş 04.11.2021-ci il tarixli 016-130820 №-li məktubu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 27.10.2021-ci il tarixli 2/31035 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktı toplanmış iş materialları ilə təsdiq olunduğundan sübut növü kimi qiymətləndirilmişdir. İş üzrə yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon Nexia” minik markalı, Az **-BZ-*** dövlət qeydiyyat nişanlı qeydiyyat nişanlı avtomobillər üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən həmin avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. (i.v. 134-140) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 30.10.2021-ci və 28.01.2022-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (i.v. 29, 67) “Qətimkan tədbiri seçilməsi haqqında” 04 mart 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seşilmişdir. (i.v. 131) X3 tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cəza təyin olunarkən nəzərə alınması xahiş edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş səxsin hüquqi varisinə dəymiş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, onunla rarışmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq (CM-58.3), habelə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Ravon Nexia R3” markalı “sedan” tipli **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; İş üzrə mülki iddia yoxdur, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Maddi sübut “Ravon Nexia R3” (minik) markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar