Məhkəmə qərarları › İş №1(004)-178/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-178/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-178/2021 21.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X6 iştirakı ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri Yasamal rayonu, D.Bünyatzadə küçəsi, ev 14-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə günorta saatlarında, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Yasamal bazarı”nın arxa tərəfində, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə, təmiz çəkisi 0,410 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış, xx xxxxxx 2021-ci il tarixdə saat 19:10 radələrində Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, ünvan 1 ünvanın qarşısında saxlanılaraq, Yasamal RPİ-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman, ümumi təmiz çəkisi 0,410 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsi, ev 14-də qeydiyyatdadır və ailə üzvlərilə birlikdə həmin ünvanda yaşayır, subaydır, heç bir yerdə işləmir, orta təhsillidir, əvvəllər məhkum olunmamışdır, əvvəllər psixiatriya xəstəxanasında və narkoloji xəstəxanada müalicə almamışdır, həmin xəstəxanalarda qeydiyyatda deyildir. Təxminən 1 ildir ki, narkotik vasitə qəbul edir, narkotik vasitənin el dilində deyilən “kakos” növündən qəbul etmiş, kakosun tüstüsünü çəkməklə qəbul etmişdir. Narkotik vasitənin kakos növündən qəbul etməkdə məqsədi bədənində olan ağrılardır. xx xxxxxx 2021-ci il tarixdə günorta saatlarında yaşadığı məhəllədə olmuş, həmin vaxt bədəni ağramış, təcili narkotik vasitə qəbul etmək istəmişdir. Ona görə də piyada Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Yasamal bazarı adlanan yerə getmiş, bazarın arxa tərəfində tanımadığı, adını və yaşadığı yerini bilmədiyi şəxslə rastlaşmışdır. Həmin şəxsə bildirmişdir ki, ona təcili narkotik vasitə kakos lazımdır, bədəni ağrayır, həmin şəxs də ona demişdir ki, “nə qədər lazımdır”. O da həmin şəxsə demişdir ki, “bir bükümlük lazımdır”. Həmin şəxs də ona bildirmişdir ki, onda bir büküm narkotik vasitə olan kakos olmuşdur. O həmin şəxsə demişdir ki, “neçəyə satırsan”. Həmin şəxs də ona demişdir ki, “10 manata satıram”. O da həmin şəxslə razılaşmış, ona 10 manat pul verməklə, bir büküm narkotik vasitə kakosu almışdır, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamış, fikri də o olmuşdur ki, gedib axşam qəbul etsin. xx xxxxxx 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi ilə piyada hərəkətdə olduğu vaxt, ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşmış, özlərini ona təqdim etmişlər, o bilmişdir ki, ona yaxınlaşan polis əməkdaşlarıdır. Sonra onu polis əməkdaşları Yasamal RPİ-nə dəvət etmişlər, o da onlardan nə səbəbə onu polis bölməsinə aparmalarını soruşmuş, onlar ona demişlər ki, «bizdə sənin narkotik vasitə qəbul etməyin və üzərində gəzdirməyin barədə məlumat vardır, ona görə də bizimlə polis bölməsinə gəlməlisən». O polis əməkdaşları ilə Yasamal RPİ-nə getməyə etiraz etməmiş, birlikdə polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nə getmişlər. Həmin vaxt bir bükümdə narkotik vasitə onun üzərində olan qara rəngli cins şalvarın sağ yan cibində olmuşdur. O polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nə gəlmiş, orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, o dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə mütəxəssis dəvət edilmiş, video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişlər ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin, oda polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı, şəffaf selofan paketin içərisində olan bir ədəd bükümdə, el içində kakos adlanan narkotik vasitə vardır, o həmin narkotik vasitəni onlara təqdim edə bilər. Sonra o əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı, şəffaf selofan paketin içərisində olan bir ədəd bükümdə el içində kakos adlanan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Həmin şəffaf selofan paket açılarkən və baxış keçirilən zamanı, içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olması aşkar edilmiş və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş şəffaf selofan paketin içərisində olan narkotik vasitəyə bənzər kütləni xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu «Yasamal bazarı» adlanan yerin arxa tərəfində tanımadığı şəxsdən 10 manata almış və öz üzərində saxlamış, həmin narkotik vasitə el dilində kakos adlanan heroin olmuşdur, o həmin narkotik vasitədən başqa bir şəxsə satmamışdır. Əməlindən peşman olduğunu, səhvini başa düşdüyünü, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmuşdur, özü qəbul etmək üçün 10 manata almış, narkotik vasitənin çəkisinin nə qədər olmasını bilməmişdir. O üzərindən aşkar edilmiş narkotik vasitədən heç kimə satmamışdır. O üzəindən aşkar edilmiş narkotik vasitənin çəkisini bilməmiş, amma həmin narkotik vasitə büküm şəklində olmuş, ona görədə o ekspertizanın rəyində göstərilən çəki ilə razı olmuşdur. O polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayət və tələbi yoxdur. O həmin şəxsi tanımır, onun harada yaşamasını bilmir, lakin ilk gördüyündə həmin şəxs arıq bədənli, orta boylu, saçları qara rəngli, əynində göy rəngli gödəkcə, qara şalvar, qara idman ayaqqabısı olmuşdur. O həmin şəxsdən əvvəllər narkotik vasitə almamış, birinci dəfə idi ki, rastlaşmışdır. O hadisə vaxtı və hadisəyədək olan müddət ərzində ***-***-**-** saylı mobil nömrəsini istifadə etmişdir. Əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, epiletsiya xəstəliyinin, Hepatit C xəstəliyinin olmasını, atasının vəfat etməsini, xəstə anasına baxdığını, anasının yataq xəstəsi olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Hafiz oğlu ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, evlidir, əvvəllər məhkum olunmamışdır, ali təhsillidir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən etibarən tanıyır, onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavətləri olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Yasamal rayonu 11-ci Xrebtovi küçəsi ev 11-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə olunması və istifadəsi ilə məşqul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü bölmənin rəhbərliyinə məruzə edildikdən sonra, tərəfindən əməliyyat qrupu yaradılmış, əməliyyat qurupuna o rəhbərlik etmişdir, əməliyyat qrupuna bölmənin kiçik inspektoru, polis serjantı Şahid2 daxil edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs Cavab oğlunun olduğu yerin müəyyən edilməsi ilə əlaqədar tərəflərindən əməliyyat - axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında olmasını müəyyən etdikdən sonra, ona yaxınlaşmış, özlərini ona təqdim etdikdən sonra, onu Yasamal RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla Yasamal RPİ-nə gəlməyə etiraz etməmiş, onlar birlikdə Yasamal RPİ-nə gəlmişlər. Yasamal RPİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakı ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs xx xxxxxx 2021 -ci il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Yasamal bazarı”nm arxa tərəfində, tanımadığı şəxsdən 10 manata almış olduğu bir ədəd şəffaf selofan paketi bükümünə bükülmüş içərisində el içində «kakos» adı ilə qeyd olunan narkotik vasitə olan heroini əldə edərək üzərində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığını bildirərək, üzərində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf selofan paketi bükümünə bükülmüş içərisində narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin şəffaf sellofan paketin içərisinə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Həmin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd narkotik vasitəyə bənzər kütlə tərəflərindən götürülərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və bağlamanın üzəri AR DİN-nin 42 saylı möhürü ilə möhürlənmişdir. Bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üstündən aşkar edilmiş bükümün içərisində narkotik vasitə olan heroin olmasını, həmin bir ədəd bükümü xx xxxxxx 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Yasamal bazarf’nm arxa tərəfində, üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 10 manata almasını, üzərində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığını və gəzdirdiyini, narkotik vasitəni satış məqsədilə əldə etmədiyini, özünün istifadəsi üçün əldə etməsini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol tərəflərindən və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır, video çəkiliş sd diskə yazılaraq protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmədə dindirilmiş Şahid1 Hafiz oğlunun ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2021-ci il tarixli 6/364 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərlərində «...Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddə...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,410 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitədir-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2021-ci il tarixli 681 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasın nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Yasamal RİH MKTİB-nin 22 saylı MKİS-in xx.xx.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Yasamal rayonu D.Bünyadzadə küçəsi 14 saylı evdə anası 1959-cu il təvəllüdlü Cəvahir Rəhimova ilə birlikdə yaşayır. Ailə tərkibi 2 nəfərdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs atası X7 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli amblator kitabçadan çıxarışa əsasən Təqsirləndirilən şəxs anası Rəhimova Rəhimova 2-ci mərhələli hipertoniya xəstəliyi vardır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli 13 saylı uşaq poliklinikasının arayışına əsasən Təqsirləndirilən şəxs 13 saylı uşaq poliklinikasında mərkəzi sinir sisteminin üzvi xəstəliyi, epilepsiyaya bənzər qıcolma ilə dispanser qeydiyyatındadır. Uniklinika tibb müəssisəsinin xx.xx.2011-ci il tarixli tibbi müayinə sənədinə əsasən Təqsirləndirilən şəxs Hepatit C virusu aşkar edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını, narkomaniyadan müalicəyə ehtiyacının olmamasını, yuxarıda qeyd edilən xəstəliklərinin olmasını, ailə tərkibinini anası və özündən ibarət olmaqla xəstə anasına baxdığını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2021-ci il tarixdə tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da o, ibtidai istintaq dövründə 02 gün həbsdə qalmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən tutularkən “həbsdə” saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 26 gün (bir il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81,82 manat (səksən bir manat 82 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan qalıq çəkisi 0,360 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X8 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar