Məhkəmə qərarları › İş №1(004)-179/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-179/2020

25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-179/2020 25.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruBəhrəmova Fəridə Tofiq qızı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxx 1997-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, işləməyən, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə daircinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23:45-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan, X4 məxsus olan “Volkswagen Passat” markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə Tbilisi prospekti istiqamətində 40-50 km/saat sürətlə hərəkət edərkən eyni istiqamətdə 40 km/saat sürətlə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “Zongshen” markalı iki təkərli motosikleti Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 177 ünvanında yerləşən “Lider” TV-nin inzibati binasının qarşısında ötüb keçərkən “X5” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, eyni zamanda həmin qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.3 üfüqi nişanlanma xəttini kəsib keçməməli və hərəkət üçün təhlükə yaratmamalı olduğu halda, buna əməl etməmiş və hadisənin qarşısını almağa texniki imkanı olsa da ötməni tam başa çatdırmadan avtomobili sağa doğru manevr etdirərkən avtomobilinin sağ yan tərəfi ilə motosikletin sol yan tərəfinin (Zərərçəkmiş şəxs sol ayağını qoyduğu yerin) toqquşması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol iç topuğun oynaqdaxili sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsini törətdikdən sonra “X5” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat vermədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Volkswagen Passat” markalı, ** XF *** dövlət nömrə nişanlı avtomobil atası almış, lakin həmin avtomobil atası əmisi oğlu X3 adına sənədləşdirimişdir. Həmin avtomobili sürmək üçün olan etibarnamə əsasında idarə edir. Həmin avtomobili o, atası və əmisi idarə edir. Həmin avtomobili xx.xx.2016-cı ildə Baş Dövlət Yol Polis idarəsi tərəfindən verilmiş “B” kateqoriyalı AE 319666 nömrəli sürücülük vəsiqəsi ilə idarə edir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 23 radələrində həmin avtomobillə qohumları olan Anar Alıyevi yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, M.C.Cəfərov küçəsi, ev 10, mənzil 325-dən götürərək onu yaşadığı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında evlərinə düşürtmüş, sonra isə qayıdıb yaşadığı evə gedirmiş, idarə etdiyi “Volkswagen Passat” markalı,** XF *** dövlət nömrə nişanlı avtomobillə təxminən 40-50 km/saat sürətlə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə Tbilisi prospekti istiqamətində hərəkət edən zaman qarşıda motosikletin hərəkət etdiyini, həmin motosikletin yolun ortası ilə, yəni “Salyanski Kazarma” deyilən hərbi hissənin qarşısında gah sağa, gah da sola manevr edərək hərəkət etdiyini görmüş, həmin motosikleti idarə edən şəxs bir markasını və dövlət nömrə nişanını bilmədiyi avtomobilin və bir nəfər yolu keçən piyadanın üstünə doğru hərəkət etdiyini görmüş, onu ötüb keçmək istəmişdir ki, ondan uzaq olsun. Elə buna görə də avtomobilin uzaq işıqlarını yandırmaqla və xəbərdaredici siqnaldan istifadə etməklə onu ötüb keçmək istədiyini ona xəbər etmiş, həmin vaxt motosiklet yolun ortası ilə hərəkət edirmiş, buna görə də təxminən 1 metr məsafədə yolun qarşı tərəfdən gələn avtomobillərin yoluna keçməklə onu ötüb keçən zaman həmin motosiklet onun idarə etdiyi avtomobilin sağ arxa qapısı motosikletin sol yan tərəfinə dəydi, yəni motosikleti ötdükdən sonra geriyə öz hərəkət zolağına qayıdan zaman motosikletin sol yan tərəfindən vurmuş, motosiklet sağa və sola doğru manevr etdikdən sonra yola düzəlmiş, o isə onun yola düzəldiyini görüb ona heç nə olmadığını fikirləşib yoluna davam etmişdir. Həmin motosiklet gəlib onu keçərək getmiş və Ş.Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində, yəni “Çıraq” plazanın qarşısında olan işıqforda qırmızı işıq yandığı üçün dayanmış, həmin vaxt o isə idarə etdiyi avtomobillə gəlib həmin motosikletin sağ yan tərəfindən işıqforun qarşısında dayanmışdır. Həmin şəxs, yəni motosikleti idarə edən şəxs motosikletdən düşmüş və ona yaxınlaşmış, qapının şüşəsini aşağı endirmiş, həmin şəxs yaxınlaşaraq ilk olaraq qapını açmaq istəmiş, lakin qapılar bağlı olduğu üçün açılmamış, həmin şəxs heç bir söz demədən ona yumruq atmış, onun yumruğu sol çiyninə dəymiş, həmin vaxt işıqforun yaşıl işığı yanmış və o, avtomobili idarə edərək oradan uzaqlaşıb getmişdir, həmin şəxsin yumruğundan heç bir xəsarət almamış, məhkəmə tibbi ekspertizadan keçmək istəmir, həmin motosiklet yolun sol tərəfində olan hərəkət zolağının ortası ilə hərəkət edirmiş, həmin motosikleti yolun sol tərəfdən 1-ci zolağının ortasında avtomobilinin sağ yan tərəfi ilə vurmuş, hadisə yerini tərk etməyinin səbəbi isə ilk olaraq ona heç nə olmamasını fikirləşməyi, sonra isə həmin şəxsin onu vurmaq istəməsi olmuşdur. Həmin şəxsin xəsarət almasını bilməmiş, özü haqqında Kamrana xəbər vermədən hadisə yerindən çıxıb getmişdir. “Volkswagen Passat” markalı,** XF *** dövlət nömrə nişanlı avtomobil X3 adına olsa da avtomobil onundur, atası Əziz həmin avtomobili ona almış, sadəcə olaraq Nurunun adına rəsmiləşdirmiş, hadisə zamanı avtomobilin “Volkswagen Passat”markalı, ** XF *** dövlət nömrə nişanlı avtomobilin sağ arxa qapısı, sağ arxa qanadında olan zədələr isə hadisə günü, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 23 radələrində idarə etdiyi “Volkswagen Passat”markalı, ** XF *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində motosikletlə toqquşan zaman yaranmışdır. Avtomobilin həmin zədəyə görə təxminən 30 manat xərci vardır. Həmin maddi ziyan ona dəymişdir, Nuruya heç bir aidiyyəti yoxdur. Hadisədən sonra zərərçəkən şəxsə hərtərəfli köməklik göstərməsini, zərərçəkmiş şəxsə dəyən ziyanıtamamilə ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmasını və həmin hissədə cinayət təqibinə xitam verilməsini, CM-nin 264-cü maddəsi üzrə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Suşi Yasamal” restoranında kuryer işləyir, kuryerliyi özünə məxsus olan “Zongshen” markalı iki təkərli motosikletlə edir, həmin motosiklet “Zongshen” markalı, “Nama” modelli, moped tipli, 2019-cu il buraxılışlı, 48 sm/3 litr mühərrik həcmli olmuşdur. Həmin motosikletin sənədlərini itirdiyi üçün təqdim edə bilmir. Motosikletin mühərrik həcmi kiçik olduğu üçün dövlət nömrə nişanı alınmır, sadəcə olaraq istehsalçı şirkət tərəfindən sənəd verilir, həmin sənədi isə itirmişdir. Həmin motosikleti idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunmur. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 23:00 radələrində yaşadığı evdən çıxaraq Yasamal rayonunda yaşayan dayısıgilə getmiş, dayısıgilə özünə məxsus olan həmin “Zongshen” markalı iki təkərli motosikletlə getmiş, saat təxminən 23:45 radələrində idarə etdiyi “Zongshen” markalı iki təkərli motosikletlə təxminən 40 km/saat sürətlə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospekti istiqamətində hərəkət edirmiş, həmin yol 2 istiqamətlidir, hər iki istiqamətdə 2 hərəkət zolağı olmuşdur, o isə həmin motosikletlə Tbilisi prospekti istiqamətində hərəkət edən zaman yolun sağ tərəfindən 2-ci zolağında hərəkət edirmiş, həmin vaxt motosikletdə tək olmuş, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən “Lider” TV-nin inzibati binasının qarşısında, yəni Ş.Mehdiyev küçəsi ilə A.Abbasov küçəsinin kəsişməsində yerləşən işıqfordan təxminən 10 metr qarşıda markası və dövlət nömrə nişanını yadında qalmayan avtomobil qarşı tərəfdən gələn avtomobillərin yoluna çıxaraq onun idarə etdiyi “Zongshen” markalı motosikleti ötüb keçməyə başlamış, o isə hərəkət edirmiş, həmin avtomobil onun sol tərəfindən ötmə zamanı avtomobili onun idarə etdiyi motosiklet tərəfə, yəni sağa doğru hərəkət etdirmiş, yəni ötmə əməliyyatını bitirdiyini zənn edib öz yoluna qayıdan zaman həmin avtomobil sağ yan tərəfi ilə onun idarə etdiyi motosikletin sol ayaq qoymaq üçün olan ayaqlıqda olan sol ayağından vurmuşdur. Həmin vaxt möhkəm səs gəlmiş, sonra isə həmin şəxs avtomobil saxlamayaraq yoluna davam etmiş, motosikletlə sağa və sola doğru hərəkət edərək müvazinətini itirsə də sonradan tarazlığını düzəldib yoluna davam etmiş, həmin avtomobilin arxasınca hərəkət etmiş, həmin avtomobilə Yasamal rayonu Tbilisi prospektində yerləşən “İst petrol” yanacaq doldurma məntəqəsinin qarşısında işıqforun qırmızı işığında çatmış, motosikletdən düşüb həmin avtomobilin sürücüsünə sol tərəfdən yaxınlaşmış, ona nə etdiyini demiş, lakin həmin şəxs onu dinləmədi və işıqforun yaşıl işığı yanan kimi oradan uzaqlaşıb çıxıb getmişdir. Həmin vaxt o hiss etmişdir ki, sol ayağı möhkəm ağrıyır, buna görə yerə yıxılmış, sonra isə Dövlət Yol Polis əməkdaşları gəlmişlər, onu götürüb ilk olaraq 01 saylı X6, oradan isə Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparmışlar, orada ona məlum olmuşdur ki, onun sol ayağı sınmışdır. Həmin avtomobilin markası və dövlət nömrə nişanını görsə də ayağı ağrıdığı üçün yadında qalmamışdır. Həmin sürücünü görsə tanıyar. Avtomobilin isə boz rəngli olmuş, həmin avtomobilin sürücüsü özü haqqında heç bir məlumat verməmiş, yəni ona öz adını, soyadını, atasının adını, öz istifadə etdiyi mobil telefon nömrəsini, harada yaşamasını deməmiş, hadisə olduqdan sonra oradan uzaqlaşıb getmiş, onun arxasınca hərəkət edərək ona çatsa da, o, yenə avtomobili idarə edərək oradan uzaqlaşıb getmişdir. Hadisəyə qədər Təqsirləndirilən şəxs tanımamış, lakin hadisədən sonra Nadir polis əməkdaşları tərəfindən tutulduqdan sonra onun valideyni və qohumları onlara gəlmişlər, ona dəymiş maddi və mənəvi ziyanı ödəmişlər. Elə buna görə də ondan heç bir şikayəti və tələbi yoxdur. Hadisədən sonra Nadir idarə etdiyi avtomobillə onu ötüb getmiş, “İst Petrol” yanacaq doldurma məntəqəsinin yanında yerləşən işıqforun işığında ona çatmış, onu orada avtomobildən düşürmək istəmiş, lakin onu yumruqla vurmamış, Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen Passat” markalı, ** XF *** dövlət nömrə nişanlı avtomobili toqquşma baş verən an görmüş, həmin vaxt isə aralarında məsafə təxminən 1 metr olmuşdur. Təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbnin olmadığını bildirdi. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 234 saylı xx.xx.2020-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs sol iç topuğun oynaqdaxili sınığı küt əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə idarə etdiyi motosikletin avtomobillə toqquşması nəticəsində törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 8/382 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Volkswagen Passat” markalı, ** XF *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməkilə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərər çəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən: hərəkət üçün təhlükə yaranan “Zongshen” markalı motosikletin toqquşma yerindən olduğu məsafənin 15,2 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır; hərəkət üçün təhlükə yaranan anda “Zongshen” markalı motosikletin toqquşma yerindən olduğu məsafənin 15,2 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs hərəkətlərində «X5» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, məhkəmədə müəyyən edildi ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 40.4-cü maddəsinə əsasən şəxsin iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməli və həmin maddə üzrə cinayət təqibinə xitam verilməlidir. Bununla belə məhkəmə hesab edir ki, həmin maddə üzrə cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi ayrıca qərarla həll edilməli olduğundan, Yasamal Rayon Məhkəməsinin 1 (004) - 179/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə həmin hissədə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə isə hökm çıxarılmalıdır. Belə ki, təqsirləndirilən şəxshəmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsas-la-rı-nı nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarak-terinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təq-sirli bili-nən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsa-sən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edil--məli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsəəlavə cəza ilə yanaşı azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, cavan olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimat təmin edilməmişdir. xx.xx.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da o, ibtidai istintaq dövründə 02 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen Passat“ markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobil və zərər çəkmiş Zərərçəkmiş şəxs idarə etdiyi “Zongshen” markalı iki təkərli motosikletin məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılmasından ötrü müvafiq olaraq Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı,iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il (bir il) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 06 ay (altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı02 gün müddət ona təyin olunmuşcəzadan çıxılsın, üzərində qəti olaraq 05 ay 26 gün (beş ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınan “Volkswagen Passat“ markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Zongshen” markalı iki təkərli motosikletin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 70 manat (yetmiş manat)Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X1 ödənilmək üçün 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçina ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar