Məhkəmə qərarları › İş №1(004)-179/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-179/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-179/2022 19.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu 14-cü ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 23 fevral 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,501 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 fevral 2022-ci il tarixdə saat 13:15 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nə gətirilmiş, PB-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,501 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 23 fevral 2022-ci il tarixdə səhər saatlarında o, Bakı şəhəri Yasamal rayon ərazisində yerləşən Nəsimi rayonu «Kubinka» adlanan əraziyə gedib 20 manat müqabilində narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitəni sonradan istifadə etmək məqsədi ilə əynində tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. ünvan 2 ünvanın qarışında keçərkən, polis əməkdaşları ona yaxınlaşıb, onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Orada onun üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O, da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofan paketə bükülmüş, bir büküm narkotik maddə olan heroini təqdim etmiş və narkotik vasitə heroin olmasını bildirmişdir. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 23 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nə dəvət olunmuşdur. Bölmədə onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, hüquq və vəzifələri izah olunmuşdur. X4 tərəfindən Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin təklifi qəbul edərək özü əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan paketə bükülmüş, bir bükümü könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içindəki maddə narkotik vasitə olan heroindir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Aşkar olunmuş həmin maddə zərfə qoyularaq möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci PB-nin CA-üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsindən və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş həmin bölmənin sahə inspektoru polis mayoru Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, onlar, əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 fevral 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi X3, Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları Şahid2, Şahid3 və Şahid1 iştirakları ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan paketə bükülmüş, kütləni könüllü çıxardıb təqdim edərək, həmin bükümün içindəki maddə narkotik vasitə olan heroinin olduğunu, narkotik vasitəni 23 fevral 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayon « Kubinka » adlanan ərazidə üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə kağız bükümü zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, səh. 31-32). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, o, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan paketə bükülmüş, kütləni könüllü çıxardıb təqdim edərək, həmin bükümün içindəki maddə narkotik vasitə olan heroinin olduğunu, narkotik vasitəni 23 fevral 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayon « Kubinka » adlanan ərazidə üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq möhürlənir, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/1128 nömrəli 24 fevral 2022-ci il tarixli ekspertiza rəyi ilə təsdiq edilir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №168” möhür əksi, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs...”və s. Sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,501 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına ( Siyahı İ) daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatına təqdim edilmiş təmiz çəkisi-0,501 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmalı,tədqiqatdan sonra sərf edilmiş-0,05 qram , qalıq isə -0,451 qram çəkidə qalan qalığının məhkəmə baxışınadək saxlanılması üçün Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 1, səh.39-42). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 fevral 2022-ci il tarixli “Əşyanı müddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatına təqdim edilmiş təmiz çəkisi-0,501 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra sərf edilmiş-0,05 qram , qalıq isə - 0,451 qram çəkidə qalan qalığının məhkəmə baxışınadək saxlanılması üçün Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 1, səh. 88-89). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 mart 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən « İphoneX » markalı mobil telefon vasitəsi ilə qeydə alnımış, 01 ədəd DVD diskinə köçürülmüş disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, səh.104-111). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator X1 117 saylı 05 mart 2022-ci il tarixli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixotimuluyatorların qəbul nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, səh. 124-125). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünrü ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır (cild 1, səh.101). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 23.02.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, səh. 21). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 fevral 2022-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cild 1, səh.84-85). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu 14-cü Nərimanov döngəsi ev 10 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarətinə vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 110 (yüz on) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus, tədqiqatdan sonra qalıq qalmış çəkisi 0,451 qram narkotik maddə - heroin məhv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-179/2022 saylı, 08.04.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23.02.2022-ci il tarixdən 25.02.2022-ci il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu 14-cü Nərimanov döngəsi ev 10 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polis nəzarətinə vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,451 qram narkotik maddə - heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar