Məhkəmə qərarları › İş №1(004)-179/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-179/2023

24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-179/2023 24.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili X10, Təqsirləndirilən şəxs: xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda (Nərimanov RPİ-nin inzibati binası) qeydiyyatda olmaqla, ünvan 4i rayonu, Q.Qarayev prospekti, ev 74, mənzil 9-da yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlandırılan ərazidə 20 manat pul ödəməklə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,502 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşımış, 12 noyabr 2022-ci il tarixdə saat 17:50 dəqiqədə Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri çərçivəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş, orada onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,502 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi 9 ünvanında qeydiyyatda olsa da hazırda ünvan 4i rayonu, Q.Qarayev prospekti, ev 74, mənzil 9da anası Zərifə ilə birlikdə yaşayır, subaydır, atası xəstəliyi ilə əlaqədar vəfat etmişdir. O, heç bir yerdə işləmir, 2013-cü il tarixdə qanunsuz balıq tutduğuna görə, 2014-cü il tarixdə isə xuliqanlıq etdiyinə və 2021-ci il tarixdə narkotik vasitə ilə saxlanıldığına görə məhkum olunmuşdur, iki ilə yaxındır narkotik vasitə olan heroindən istifadə edir. 12 noyabr 2022-ci il tarixdə saat 16 radələrində özünə narkotik vasitə olan heroin almaq məqsədilə Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlandırılan əraziyə gedib yol kənarında dayanmış üzdən tanıdığı, lakin adını bilmədiyi narkoman görünüşlü şəxsə yaxınlaşaraq narkotik vasitə olan heroinin olub-olmamasını soruşmuşdur. Həmin şəxs də narkotik vasitə olan heroinin olmasını öyrəndikdən sonra ona 20 manat pul verib şəxsi istifadəsi üçün bir ədəd bükümdə narkotik vasitə hesab olunan heroini həmin şəxsdən almış və bükümü əynində olan şalvarın sağ yan cibində qoyaraq oradan ayrılmışdır. Həmin gün yəni 12 noyabr 2022-ci il tarixdə saat 17:50 radələrində Yasamal rayonu, 1-ci Alatava küçəsi 120 saylı ünvanın qarşısında olanda ona iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib, ondan kim olduğunu soruşmuş və şəxsiyyət vəsiqəsinin təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu və üzərində heç bir sənədin olmadığını demişdir. Sonra həmin polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz əldə edilməsində və istifadəsində, dövriyyəsində şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 29cu PŞ-nin inzibati binasına getməyə dəvət etmişlər. O, etiraz etmədən həmin polis əməkdaşları ilə birgə Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmişdir. Xidməti otaqların birində təhqiqatçı tərəfindən hüquqlarının qorunması üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunacağını bildirmişlər. Bir qədər sonra onun hüquqlarını müdafiə etməsi üçün vəkil təqdim etmişlər və təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılacağı bildirilərək üzərində qanunsuz nə varsa təqdim etməyini xahiş etmişlər. O, da xx.xx.2022-ci il tarixdə Yasamal rayonu “Şamaxinka” adlanan ərazidən aldığı qəhvəyi rəngli tozşəkilli maddə olan bir ədəd bükümdəki heroini əynində olan şalvarın sağ yan cibindən çıxarıb könüllü olaraq təqdim edib masanın üzərinə qoymuşdur. Həmin hərəkətlər polis əməkdaşı tərəfındən mobil telefon vasitəsi ilə videokameraya çəkilirmiş. İçərisində heroin olan təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş və ondan bükümün içərisində olan maddənin nə olduğu soruşulmuşdur. O, da həmin maddənin narkotik vasitə olan heroin olduğunu, Şamaxinka adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını etiraf etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində aparılan şəxsi axtarış zamanı heç bir dəyərli əşya və pul əskinası aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş büküm bağlanılaraq zərfın içərisinə qoyulmuş, zərf bağlanaraq möhürlə möhürlənmiş və həmin zərfə o, digər iştirakçılarla birlikdə imza etmişdir. Daha sonra təhqiqatçı onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin olan zərfin ekspertizaya göndəriləcəyi bildirilərərk ondan izahat almışdır. O, izahatında üzərindən aşkar edilən maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını bir daha etiraf etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona heç bir fıziki və psixoloji zorun tətbiq edilmədiyini, narkotik vasitə olan heroini aldığı şəxsi üzdən tanıdığını, həmin şəxsin anket məlumatları və mobil telefon nömrəsi barədə heç bir məlumatının olmadığını, əvvəllər də həmin şəxsə yol kənarında yaxınlaşıb narkotik vasitə olan heroin aldığını, həmin şəxsin qara saçlı, arıq bədən quruluşlu, təxminən 30-35 yaşlarında və 165-170 sm boyu olan bir şəxs olduğunu, heç bir ruhi-əsəb və başqa xəstəliklərindən əziyyət çəkmədiyini, bunlarla əlaqədar olaraq heç yerdə qeydiyyatda olmadığını bildirmişdir. Əməlini etiraf etməsini və səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ 29-cu PŞ-də əməliyyat müvəkkili işləyir. 12 noyabr 2022-ci il tarixdə işlədiyi 29-cu PŞ-nə ünvan 1 ünvanda (Nərimanov RPİ-nin inzibati binasında) qeydiyyatda olan, ünvan 5 ünvanında yaşayan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, istifadəsi və üzərində daşınmasında, eləcə də həmin gün saat 17:30 radələrində narkotik vasitə ilə ünvan 7 ünvanın qarşısına gələcəyi barədə əvvəlcədən məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı 12 noyabr 2022-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilib müvafiq əmr hazırlanmış, əməliyyat qrupunun yaradılması haqqında protokol tərtib edilmiş və o, da həmin qrupa daxil edilmişdir. Daxil olan məlumatı yoxlamaq məqsədi ilə 12 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində o, iş yoldaşı Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 ilə birlikdə əməliyyat tədbirlərini keçirmək məqsədi ilə Yasamal rayonu, 1-ci Alatava küçəsi 120 saylı ünvanın qarşısına getmiş və orada 45-50 müddətində gözləmişlər. Həmin gün, yəni 12 noyabr 2022-ci il tarixdə saat 17:50 radələrində zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsin tək şəkildə onlara tərəf gəlməsini müşahidə etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs kimi bildikləri şəxsə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra şəxsiyyətini dəqiqləşdirmək üçün sonuncuya kim olması sualını vermiş və şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Əməliyyat məlumatı üzrə axtarılan şəxsi müəyyən etdiklərinə görə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə, həmin vasitəni əldə edib üzərində saxlamasına və istifadəsinə dair əvvəlcədən məlumatlı olduqlarını bildirmiş və üzərində şəxsiyyətini təsdiq edəcək sənəd olmadığı üçün sonuncuya Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün birlikdə 29-cu PŞ-nin inzibati binasına gəlmişlər. 12 noyabr 2022-ci il tarixdə inzibati binada təhqiqatçı Ruslan Əfəndiyevin xidməti otağında dəvət edilmiş vəkilin iştirakı ilə aparılmış videoçəkilişlə şəxsiyyəti bir daha müəyyən edilən xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda (Nərimanov RPİ-nin inzibati binası) qeydiyyatda olmaqla ünvan 4i rayonu, Q.Qarayev prospekti, ev 74, mənzil 9-da yaşayan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxararaq təqdim etmişdir. Həmin hərəkətlər mobil telefon vasitəsi ilə videokameraya çəkilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmişdir. Bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli maddə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin nə olduğu soruşulduqda sonuncu üzərindən aşkar edilən maddənin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə saat 16-17 radələrində Yasamal rayonu “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını etiraf etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən heç bir dəyərli əşya və pul əskinası aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm zərfə qoyularaq möhürlənmiş, həmin zərfə bütün iştirakçılarla bərabər o, da imza etmişdir. Daha sonra təhqiqatçı içərisində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd etmişdir. Təyin edilmiş müvafiq ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzindən rəy alındıqdan sonra məlum oldu ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,502 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroindir. Verilən suallara cavab olaraq Şahid1 ifadəsində, PŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatın daxil olmadığını, buna baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması ilə əlaqədar tədbirlər keçirilsə də bununla bağlı məlumatı əldə edə bilmədiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6519 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N° 169” dairəvi möhür əksi, “..2. (imza) Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,502 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 7837 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qediyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Cəfərov X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)- 335/2021 saylı hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Xəzər Raoyn Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 1500 manat cərimə cəzasının çəkilməmiş qalan 1250 manat hissəsi həmin hökmlə tamamilə birləşdirilməklə ona qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 1250 manat cərimə cəzası təyin edilmişdir. Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinin və Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsinin xx.xx.2022-ci il tarixli birgə qərar ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 5 ay 21 gün hissəsinə amnistiya tətbiq edilmiş, həmin Amnistiya qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad olunması, narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra, həyata keçirilməli olması qərara alınmışdır. İş materiallarında olan 17 Saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Cəfərov X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə və 1250 manat cərimə cəzasına məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə 17 saylı cəzaçəkmə müəssisəsindən cəzasının sonu ilə azad edilmişdir. Bununla da onun məcburi müalicəsi ləğv edilmədiyindən, faktiki olaraq Amnistiya qərarı əsasında deyil, cəzasını tam çəkiq qurtararaq xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilib. Onun üzərində məhkəmənin hökmü ilə təyin edilmiş və hazıradək çəkilməmiş qalan 1250 manat məbləğində cərimə cəzası da vardır. Bununla da Təqsirləndirilən şəxs çəkilməmiş həmin cəzası nəzərə alınmaqla, ona CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir Həmçinin o, məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 01 il 08 ay (bir il səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş qəti cəzanın çəkilməmiş qalan 1250 (min iki yüz əlli) manat cərimə cəzası hazırkı hökmlə təyin olunan cəza ilə tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq, 01 il 08 ay (bir il səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə və 1250 (min iki yüz əlli) manat cərimə cəzası təyin edilsin. Cərimə cəzası müstəqil icra edilsin. Azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 12 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 55 manat (əlli beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,452 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili X7 ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar